Məhkəmə qərarları › İş №2(107)-1238/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1238/2020

01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1238/2020 01.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X9 iclas katibliyi və İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dаir mülki iş üzrə çıxarılmış Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(016)-128/2020 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh X4 qarşı – cavabdehdən 62.000 manat məbləğində maddi ziyanın, 20.000 manat məbləğində mənəvi ziyanın, 30.000 manat məbləğində əldən çıxmış faydanın, həmçinin 30 manat dövlət rüsumunun, ümumilikdə 112.030 manat məbləğində pulun alınıb ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(016)-128/2020 nömrəli (hakim N.Misirzadə) qətnaməsi ilə İddiaçı cavabdeh X4 qarşı cavabdehdən 62.000 manat məbləğində maddi ziyanın, 20.000 manat məbləğində mənəvi ziyanın, 30.000 manat məbləğində əldən çıxmış faydanın, həmçinin 30 manat dövlət rüsumunun, ümumilikdə 112.030 manat məbləğində pulun alınıb ona verilməsi barədə iddiasının rədd edilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X5 təxminən 1995-ci ildən Günel kimi tanımışdır. Qızxanım ailəsi ilə birlikdə onunla qonşuluqda yaşamışdır. Qızxanım Garayeva təxminən 2011-ci ildən Mərkəzi Univermaqda işə başlamış, onunla söhbət edərkən univermaqda qızıl və brilyant satışı ilə məşğul olduğunu, hətta mağazanın da özünə məxsus olduğunu bildirmişdir. 2013-cü ilin yay aylarında Qızxanım evlərinə gələrək ondan 10.000 (on min) manat pul istəmişdir ki, qızıl alış-satışında pula ehtiyacı var. Ona inanıb 7.000 (yeddi min) manat pul vermiş, bundan təxminən 1 ay sonra Qızxanım 7.000 (yeddi min) manatı ona geri qaytarmış və qazanc olduğunu deyib əlavə olaraq 200 manat da vermişdir. Qızxanım həmişə onunla söhbət zamanı işlərindən danışarkən qızıl və brilyant satışından yaxşı qazanc əldə etdiyini demiş, hətta dövriyyədə 300.000 manat dəyərində qızıl və brilyant əşyalarının olduğunu söyləmişdir. 2014-cü ilin fevral ayında Qızxanım yenə onun evinə gəlib kimlərəsə qızıl əşyalar satdığını, ancaq həmin adamların hələ pulunu vermədiklərini, buna görə də işinin zəiflədiyini və dövriyyədə qızıl əşyalarının az olduğundan qazancının azalmasını söyləyib ondan külli miqdarda pul tapmağını istəmiş, əgər pul verərsə qazancının yarısını da ona verəcəyini demişdir. Həmin vaxt bacısı Vüsalə onlarda olmuş və Qızxanımın dediklərini eşitmişdir. Bacısı Qızxanıma cavab olaraq bu barədə fikirləşəcəyini demiş, sonra isə Qızxanıma pul verməyə razılaşmışdır. Bu məqsədlə ona bacısı Nuriyyə 32.000 (otuz iki min) manat, Vüsalə isə 30.000 (otuz min) manat pul vermişdir ki, Qızxanıma versin. 2014-cü ilin fevral ayının sonlarında yaşadığı evdə cavabdeh X4 bacısı Vüsalənin yanında 62.000 (altmış iki min) manat pul vermişdir. Cavabdeh Qızxanım Garayeva təxminən 1-2 ay müddətində pulu geri qaytaracağı və qazancın yarısını da onlara verəcəyini vəd etmişdir. 2014-cü ilin mart ayında Qızxanımın pulu qaytarmadığım görüb ondan pulu istədikdə narahat olmamağını və yaxın vaxtlarda qaytaracağını bildirmişdir. Lakin söz verdiyi vaxtdan uzun müddət keçməsinə baxmayaraq onu müxtəlif bəhanələrlə aldatmağa başlamışdır. Belə olduğu halda məcbur olub ərizə ilə Binəqədi rayon Polis İdarəsinə müraciət etməli olmuşdur. İdarədə bir neçə dəfə araşdırma aparılsada hər dəfə ona mülki qaydada məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə sübutları sadalamaqla kifayətlənmiş, sübutları əlaqələndirməmiş, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydınlaşdırılmamış, heç bir araşdırma aparmadan, qanunun tələblərini kobud şəkildə pozmaqla, fərziyyələrə əsaslanmaqla qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, cavabdehə pulu 2014-cü ilin fevral ayında vermişdir. Qızıl alveri ilə məşğul olduğundan həmin məbləği dövriyyəni davam etdirmək üçün vermişdir. Həmin vaxtlar da cavabdeh Türkiyə Respublikasına gedib-gəlmişdir. Cavabdeh aldığı məbləği bir-iki aya qaytaracağına söz versə də, qaytarmamışdır. Lakin bütün bunlara baxmayaraq Ağsu Rayon Məhkəməsi əsassız qətnamə qəbul etmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o 2014-cü il tarixdə Cavabdeh vermiş olduğu pulu geri ala bilmir. Bununla bağlı ayrı-ayrı vaxtlarda polis orqanlarına müraciət də etmişdir. Lakin birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etməklə onun iddiasını təmin etməmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin mövqeyi düzgün deyil. Odur ki, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdehməhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh həmçinin istifadəsində olan 055 6288986 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işəcavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iddiaçının nümayəndəsinin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(016)-128/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2016-cı il tarixli qərarından görünür ki, İddiaçı 2014-cü ilin fevral ayının sonlarında Günel adı ilə tanıdığı Qızxanım Garayevaya qızıl-zinət əşyaları alıb alverini genişləndirmək üçün verdiyi 62000 manat pul məbləğini qaytarmaması barədə Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2019-cu il tarixli qərarından görünür ki, İddiaçı 2014-cü ildə X2 qazanc əldə edəcəklərini vəd edib aldatmaqla yaşadığı evdə 62.000 manat pulunu alıb ona qarşı dələduzluq etməsi barədə Binəqədi Rayon Prokurorluğuna ərizə ilə müraciət etmişdir. Araşdırma dövründə X1 izahatının alınması mümkün olmamış, İddiaçı onun Türkiyə Respublikasında olduğunu bildirməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar, eləcədə X2 xx.xx.1980-ci ildə Ağsu rayon Novcü icra nümayəndəliyində tərtib edilmiş doğumu haqqında akt qeydində soyadının, adının və ata adının dəyişdirilməsi barədə məlumat aşkar edilməmişdir. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 43-cü Polis Bölməsi tərəfindən məhkəməyə ünvanlanan məktublarla həmin bölməyə İddiaçı və X3 müraciətlərinin daxil olmaması qeyd edilmişdir. Apelyasiya icraatı zamanı Binəqədi RPİ-n xx.xx.2020-ci il tarixli, 059-26913 nömrəli məktubun məzmunundan göründüyü kimi Binəqədi RPİ-n İstintaq şöbəsində İddiaçı ərizəsi əsasında araşdırılması aparılmış 818/14 saylı rədd materialı qanunvericiliklə nəzərdə tutulmuş saxlama müddəti keçdiyindən məhv edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasındakı yaranmış münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması–öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında öhdəlik hüquq münasibətlərindən irəli gələn münasibətlər yarandığından iddiaçının tələbi də məhz öhdəlik (müqavilə) hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (MM-in 740-cı maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə də, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 372.2-ci maddəsinin tələbinə görə də, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 373.2-ci və 373.3-cü maddələrinin tələblərinə görə müqavilə tələbləri üzrə, həmçinin vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il müəyyən edilmişdir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar həmin Məcəllə ilə müəyyənləşdirilir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə xx xxxx 2005-ci il, R.Salamovun şikayəti üzrə xx xxxxxxx 2007-ci il, X.Xəlilovun şikayəti üzrə xx xxxxxx 2009-cu il tarixli Qərarları və s.). İddia müddətinin ötürülməsinə dair cavabdehin ərizəsi olmadığı halda proses iştirakçıları bütün prosessual hüquqlardan, o cümlədən maddi anlamda iddia hüququndan istifadə edirlər. Cavabdeh isə passiv müdafiədən, konkret olaraq ya müddətin ötürülməsinə dair ərizədən, yaxud iddiaya etirazdan istifadə edə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair xx xxxxxx 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci il sentyabrın 1-nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda iddia müddəti anlayışının tətbiqi ilə bağlı həmçinin aşağıdakıları da qeyd etmişdir: «Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı». Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, qeyd olunan mübahisəyə iddia müddəti tətbiq edilməli olduğundan artıq iddiaçı həmin hüququnu itirmişdir. Çünki hazıki iş üzrə iddia müddətinin bərpa olunmasını (kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər) təsdiq edən hallar iş materialları ilə təsdiq olunmur. Kəsici müddətlərdən fərqli olaraq iddia müddətinin tətbiq edilməsi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunur. İş materiallarının 45-ci səhifəsindəki ərizədən də göründüyü kimi cavabdeh iddia müddətinin tətbiq olunması ilə bağlı məhkəməyə yazılı müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Apelyasiya şikayətinin dəlillərinə də hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Birincisi ona görə ki, iddiaçı özü apelyasiya şikayətində qeyd olunan məbləğin cavabdehə 2014-cü ilin fevral ayında 1-2 ay müddətə verdiyini, lakin cavabdeh tərəfindən həmin müddət ərzində qaytarılmadığını, bundan bir neçə vaxt sonra həmin ilin noyabr ayında polis orqanına müraciət etdiyini, lakin bu müddət ərzində məhkəmə müdafiəsindən istifadə etmədiyini bildirmişdir. İkincisi, iş materiallarının 33-cü səhifəsindəki “cinayət işinin rədd olunması barədə” xx.xx.2016-cı il tarixli qərarın surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı ərizəsi əsasında toplanmış HK-510 saylı yoxlama materialı üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, həmin qərardan prokurorluq orqanına və ya məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Lakin iddiaçı yenə də müəyyən olunmuş müddəti ötürərək həmin qərardan da 3 il müddət keçdikdən sonra, yəni xx xxxxxx 2019-cu il tarixdə (məhkəmə dəftərxanasında xx.xx.2019-cu ildə qeydiyyata alınmışdır) məhkəməyə müraciət etmişdir. Beləliklə də buradan da göründüyü kimi iddiaçı artıq həmin vaxtdan öz hüququnun pozulduğunu bilirdi. Bu səbəbdən də iddiaçı tərəfin apelyasiya şikayətində göstərdiyi dəlillər artıq məhkəmə kollegiyası tərəfindən inandırıcı və ağalbatan görünmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi, iddiаnın təmin оlunmаsı və yeni qətnаmə qəbul edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla iddiaçıya münasibətdə dəyişdirilə bilməz. Şərholunanlaraəsasən vəMülkiProsessualMəcəllənin 382, 384.0.1, 392, 393 və 405cimaddələrinirəhbərtutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(016)-128/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar