Məhkəmə qərarları › İş №2(107)-1238/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1238/2023

07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1238/2023 07.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cаvаdоvа Günаy İsmаyıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcun qaytarılması tələbinə dair” kiçik iddialara dair işlər üzrə Yevlax Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tаrixli, e-2(039)-1904/2023 saylı qətnaməsindən cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə yazılı icraat qaydasında baxılmışdır. I. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış ********* saylı 20 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 18 aya, illik 31% ödəmək şərti ilə 2,200 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. İddiaçı ASC və Cavabdeh2 arasında bağlanmış 20 fevral 2015-ci il tariхli, 360006975/ZM nömrəli zaminlik müqaviləsi ilə sonuncu, kredit müqaviləsi üzrə öhdəliklərin icrasına zəmanət vermişdir.

3. Kredit və zaminlik müqavilələrinə əlavə sazişlərdən müəyyən olunur ki, kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır.

4. Maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2015-ci il tarixli müqavilə üzrə 218.68 ABŞ dolları əsas, 110.81 ABŞ dolları faiz borcu var, 823.43 ABŞ dolları cərimə hesablanmış, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 31.44 ABŞ dolları faiz borcu var.

5. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən 218.68 ABŞ dolları əsas, 110.81 ABŞ dolları faiz, 823.43 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 31.44 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 40.14 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir.

II. Birinci instansiya məhkəməsində icraat

6. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki halları ilə əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, müqaviləyə əsasən kredit Borcalana “Əsas vəsaitin artırılması” məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə “Cavabdeh1” vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN müəyyən edilməmişdir (İnternet Vergi İdarəsinin portalından çıxarış qoşmaya əlavə edilmişdir). Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli R120/15 saylı Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 2,082.17 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2017-ci il tarixinədək uzadılmışdır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 02 saylı Əlavə Sazişlərə əsasən Kredit restrukturizasiya edilmişdir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 1,668.95 ABŞ dolları hesablanmışdır. Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən 1 USD = 1.40 AZN məzənnəsi əsas götürməklə qəbul edilmişdir. Kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********329 saylı, xx.xx.2023-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 1,184.36 ABŞ dolları təşkil edir. Bundan 218.68 ABŞ dolları əsas, 110.81 ABŞ dolları faiz, 823.43 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 31.44 ABŞ dolları faiz borcu təşkil edir.

7. Birinci instansiya məhkəməsi iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.

8. Yevlax Rayon Məhkəməsinin (hakim Toğrul Əliyev) 26 iyul 2023-cü il tаrixli, e- 2(039)-1904/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə 218.68 ABŞ dolları əsas, 110.81 ABŞ dolları faiz borcu, 123.43 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra hesablanmış 31.44 ABŞ dolları faiz borcu, cəmi 484 (dörd yüz səksən dörd) ABŞ dolları 36 (otuz altı) sent ödəniş gününə məzənnə üzrə manatla, habelə 40 (qırx) manat, 14 (on dörd) qəpik dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, qalan hissədə iddia təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkənməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 470.1, 472.1 və 739.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

10. Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 Yevlax Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tаrixli, e-2(039)-1904/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

11. Cavabdehlərin nümayəndəsi və vəkili apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə maddi hüquq normalarını pozmuşdur. Belə ki, məhkəmə tələbə sadələşdirilmiş icraatı qaydasında baxmış, onların qeyd olunan hallardan xəbəri olmamışdır. Ödədikləri 218,60 ABŞ dolları eynilə yerində qalmışdır. Halbuki onlara 2200 ABŞ dollarında kredit verilmiş, onlar həmin kredit müqaviləsi üzrə borcu vaxtı-vaxtında ödəmişlər. Məhkəmə qərar qəbul edərkən iddiaçının maliyyə arayışını əsas götürərək onun iddiasını təmin etmişdir. Onların məhkəmə qərarından xəbəri olmamışdır. Prosesdə iştirak etməmişlər. Çünki proseslərdən xəbəri olsaydı, maliyyə arayışına etiraz edərək əsas borcun düzgün hesablanmadığını, bu səbəbdəndə digər xərclərin də həmin əsas borca münasibətdə uyğunlaşmadığını səhv qərar verildiyini məhkəmənin nəzərinə çatdıra bilərlər. Çünki onların banka heç bir borcu qalmamışdır. Məhkəmədən mühasibatlıq ekspertizasının keçirilməsini və ekspert qarşısında əsas borcun düzgün qeyd edilməsini, həmçinin əsas borcun düzgün qeyd edilmədiyini və digər borcların sənədləşdirilməsinin düzgün formalaşdırılmadığını bildirirərdirlər. Məhkəmə əsas borcu və faiz borcunu düz hesablamamış, cərimə borcu olaraq 123 ABŞ dolları yazılmaqla bu məbləğ çox yazılaraq hazırkı çətin vəziyyətlərini daha da ağırlaşdırmışdır. Bu səbəbdəndə hesab edirlər ki, digər ödəmələrdə düzgün hesablanmamışdır. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tаrixli, e-2(039)- 1904/2023 saylı qətnaməsini ləğv edərək iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

13. Məhkəmə kollegiyаsı Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 394-1.3-cü mаddəsinə əsаsən işə yаzılı icrааt qаydаsındа, yəni məhkəmə iclаsı keçirilmədən və tərəflər izаhаtlаrı dinlənilmək üçün çаğırılmаdаn, tərəflərin təqdim etdiyi iş mаteriаllаrındа olаn sənədlər əsаsındа bаxmışdır.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

14. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

15. İş üzrə cavabdehlərin nümayəndəsi və vəkili apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

16. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır.

19. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

20. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

21. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

28. Maddə 394-1.1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir.

29. Maddə 394-1.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər.

30. Maddə 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

31. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

34. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tаrixli, e-2(039)-1904/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

37. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

38. Müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış ********* saylı 20 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 18 aya, illik 31% ödəmək şərti ilə 2,200 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ASC və Cavabdeh2 arasında bağlanmış 20 fevral 2015-ci il tariхli, 360006975/ZM nömrəli zaminlik müqaviləsi ilə sonuncu, kredit müqaviləsi üzrə öhdəliklərin icrasına zəmanət vermişdir. Kredit və zaminlik müqavilələrinə əlavə sazişlərdən müəyyən olunur ki, kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır.

39. İş materialında olan maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2015-ci il tarixli müqavilə üzrə 218.68 ABŞ dolları əsas, 110.81 ABŞ dolları faiz borcu var, 823.43 ABŞ dolları cərimə hesablanmış, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 31.44 ABŞ dolları faiz borcu var.

40. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən qənaətini belə əsaslandırmışdır ki, mövcud sübutlarla Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə üzərilərinə götürdüyü öhdəliklərin lazımınca icra edilməməsi nəticəsində borcun yaranması təsdiq olunur. Qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, Cavabdeh2 zamin olaraq yaranmış borca görə birgə məsuliyyət daşıyır. Əsas və faiz borcunun düzgün hesablanmadığı müəyyən edilməmiş, cavabdehlər buna etiraz etməmişlər.

41. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaətini əsaslı sayır.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.

43. Şərh olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır.

44. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehin iddia ərizəsinə əlavə etdiyi sənədlər də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün yetərli deyildir.

45. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun

47. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

48. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

49. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tаrixli, e-2(039)-1904/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

50. Hazırkı mülki iş üzrə mübahisələndirilən məbləğ beş min manatdan az olduğuna görə iş üzrə çıxarılmış qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tаrixli, e-2(039)-1904/2023 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar