Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1239/2024 05.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı borc tələbinə dair mülki iş üzrə (Açar sözlər: Kredit öhdəliyi, iddia və kəsici müddətlər) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı borc tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-1047/2024 nömrəli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - "xxxx" ASC borc tələbinə dair kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət edərək, cəmi 3534,87 (üç min beş yüz otuz dörd manat səksən yeddi qəpik) manat borc olmaqla bundan 2114,13 (iki min bir yüz on dörd manat on üç qəpik) manat əsas borc, 1111,60 (bir min bir yüz on bir manat altmış qəpik) manat faiz borcu, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 309,14 (üç yüz doqquz manat on dört qəpik) manat faiz borcunun və iş üzrə ödənilmiş 55.35 (əlli beş manat otuz beş qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan "NBC Bank” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 06 fevral 2018-ci il tarixli 09/1009/DİK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 26% (iyirmi altı) faiz dərəcəsi ilə 3656 (üç min altı yüz əlli altı) manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh3 və Cavabdeh1 ilə bank arasında 06 fevral 2018-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3.1.5-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə və məhkəməyə müraciət etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********31 saylı xx.xx.2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 3534,87 (üç min beş yüz otuz dörd manat səksən yeddi qəpik) manat təşkil edir. Bundan 2114,13 (iki min bir yüz on dörd manat on üç qəpik) manat əsas borc, 1111,60 (bir min bir yüz on bir manat altmış qəpik) manat faiz borcu və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 309,14 (üç yüz doqquz manat on dört qəpik) manat faiz borcu təşkil edir.
3. Cavabdeh2 etirazını onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək cəmi 3534,87 (üç min beş yüz otuz dörd manat səksən yeddi qəpik) manat borc olmaqla bundan 2114,13 (iki min bir yüz on dörd manat on üç qəpik) manat əsas borc, 1111,60 (bir min bir yüz on bir manat altmış qəpik) manat faiz borcu, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 309,14 (üç yüz doqquz manat on dört qəpik) manat faiz borcunun və iş üzrə ödənilmiş 55.35 (əlli beş manat otuz beş qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı ilə aralarında olan müqavilə 06 fevral 2018-ci ildə rəsimləşdirilmişdir. Müqavilənin müddəti 36 ay nəzərdə tutulmuşdur. Aralarında olan müqavilə münasibətləri 2021 -ci ilin fevral ayında bitmişdir. İddiaçı tərəf müqavilənin sonundan 3 il sonra məhkəməyə müraciət etməklə iddia müddətini keçirmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 73-cü maddəsinə əsasən Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il nəzərdə tutulmuşdur. Eyni məcəllənin 82-ci maddəsinin birinci yarım bəndinə əsasən iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. İddiaçı iddia ərizəsinə hesabdan çıxarış əlavə edərək onun tərəfindən 04 mart 2024-cü ildə 10 manat ödəniş edildiyi göstərilmişdir. Onun həmin ödənişdən ümumiyyətlə məlumatı olmamışdır. Əgər onun ödəniş etmək imkanı olsa idi keçən müddət ərzində hər ay ödəniş edər və borcu bağlayardı. Həmin ödənişin edilməsində məqsəd iddiaçı tərəfindən ötürülmüş müddətin axımını bərpa etməkdir. Bu səbəbdən də, məqsədli şəkildə ona qarşı belə bir oyun qurulmuşdur. Bu hal öz-özlüyündə cinayət faktıdır. İş materiallarından mübahisəsiz olaraq göründüyü kimi iddiaçı iddia müddətini ötürmüşdür. Yuxarıda yazılanları nəzərə alaraq, iddiadan imtina (iddia tələbinin rədd edilməsi) barəsində qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehin iddiaya etirazına etirazını onunla əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən ünvanlanmış etiraz ərizəsindən görünür ki, o, iddia müddətinin tətbiqi barədə ərizəyə etiraz edərək bildirmişdir ki, hesabdan çıxarış məlumatlarından göründüyü kimi borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etməklə xx.xx.2024-cü il tarixdə ödəniş etməklə iddia müddətinin axımı kəsilmişdir. Müddətin kəsilməsi tərəfin iradəvi xarakterli hərəkəti ilə bağlı olmuşdur. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 noyabr 2018-ci il tarixli qərarında qeyd edilir ki, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: - müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; - borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri isə müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması halları dedikdə: - borcun qismən ödənilməsi; - əsas borc üzrə faizin köçürülməsi; - kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Bundan əlavə Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009cu il tarixli və s. qərarlar). Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq geniş və aydın şəkildə izah vermişdir. Tərəflərindən hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müracət edilərkən iddia müddəti ötürülməmişdir
5. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(075)-1047/2024 nömrəli qərardadına əsasən iddiaçı "NBC Bank” Açıq Səhmdar Cəmiyyətinın cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı "NBC Bank” ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdir, lakin iddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron ərizə göndərərək, mülki işə iştirakı olmadan baxıb qərar qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 izahat verərək göstərmişdir ki, "NBC Bank” ASC ilə onun arasında xx.xx.2018-ci il tarixli, 09/1009/DİK saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən ona 36 (otuz altı) ay müddətinə illik 26 (iyirmi altı) faiz dərəcəsi ilə 3656 (üç min altı yüz əlli altı) manat kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi Cavabdeh3 və Cavabdeh1 ilə iddiaçı arasında zaminlik müqaviləsi imzalanmışdır. Əvvəllər borcunu ödəmiş lakin sonradan borcu ödəməyə maddi imkanı olmadığından ödəniş etməmişdir. xx.xx.2024-cü il tarixdə edilmiş ödəniş də özü tərəfindən ödənilməmişdir. Eyni zamanda o kredit müqaviləsi üzrə iddia müddətinin bitdiyini bildirmiş və iddia müddəti tədbiq edilməklə iddiaçının iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
8. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
9. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin və Cavabdeh3 və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
10. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-1047/2024 nömrəli qətnaməsi ilə (hakim E.Vəliyev) Ləğv prosesində olan "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı "borcun tutulması” tələbi barədə iddiası rədd edilməsi, iş üzrə ödənilmiş 55.35 (əlli beş manat otuz beş qəpik) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixli 09/1009/DİK nömrəli kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən iddiaçı Cavabdeh2 illik 36 (otuz altı) ay müddətinə illik 26 (iyirmi altı) faiz dərəcəsi ilə 3656 (üç min altı yüz əlli altı) manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi xx.xx.2018-ci il tarixdə Cavabdeh3 və Cavabdeh1 ilə iddiaçı arasında zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı cavabehlərdən müştərək qaydada əsas borc üzrə cəmi 3534,87 (üç min beş yüz otuz dörd manat səksən yeddi qəpik) manat borc olmaqla bundan 2114,13 (iki min bir yüz on dörd manat on üç qəpik) manat əsas borc, 1111,60 (bir min bir yüz on bir manat altmış qəpik) manat faiz borcu, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 309,14 (üç yüz doqquz manat on dört qəpik) manat faiz borcunun və iş üzrə ödənilmiş 55.35 (əlli beş manat otuz beş qəpik) manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını xahiş edir. Cavabdeh isə iddia müddəti tədbiq edilməklə iddia tələbinin rədd edilməsini xahiş edir.
12. Məhkəmə həmçinin müəyyən etmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 09/1009/DİK nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 kredit üzrə götürdüyü borcu 36 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Bu isə müqavilə üzrə son ödəmə tarixinin xx.xx.2021-ci il tarixi kimi müəyyən edilməsi deməkdir və saziş üzrə müəyyən edilmiş həmin müddət başa çatmışdır. İddiaçı isə hazırki iddia ərizəsi ilə məhkəməyə qeyd edilən müqavilə üzrə yaranmış borcun son ödəmə müddətinin bitdiyi vaxtdan üç ildən çox müddət keçdikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır;
13. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit razılaşmasından irəli gələn iddia müddəti üç il təşkil etdiyindən iddiaçı həmin müddəti üzrsüz səbəbdən ötürmüş, cavabdeh isə iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir.
14. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının iddia tələbində qeyd olunan 06 fevral 2018-ci il tarixli 09/1009/DİK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 26 (iyirmi altı) faiz dərəcəsi ilə 3656 (üç min altı yüz əlli altı) manat verilmiş və cavabdeh tərəfindən borc 2021-ci ilin fevral ayının 6-dək qaytarılmalı olmuş, lakin həmin tarixədək qaytarılmamış və iddiaçı bu müddət ərzində məhkəmə müdafiəsindən istifadə etməmişdir. Beləliklə də iddiaçı artıq həmin vaxtdan öz hüququnun pozulduğunu bilmişdir. Bu səbəbdən də iddiaçı tərəfin iddiasında göstərdiyi dəlillər iddianın təmin olunması üçün əsas ola bilməz və məhkəmə tərəfindən inandırıcı və ağlabatan görünmür.
15. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia tələbi iddia müddəti ötürüldüyünə görə rədd edilmədir.
16. Məhkəmə işin faktiki halları ilə bağlı işdə olan sənədlərə uyğun dəyərləndirmə apararaq qeyd etmişdir ki, hazırki işdə üç illik iddia müddəti keçmişdir. Belə ki, cavabdeh tərəfin etirazının əsası kimi sonuncu ödəniş tarixi kimi 01 mart 2024-cü il tarixini götürsək də, onda belə qənaət hasil olur ki, sonuncu ödəniş iddia müddətini kəsən hərəkətlər kimi qiymətləndirilə bilməz. Çünki həmin hərəkətlər iddia müddəti (06 fevral 2021-ci il - 06 fevral 2024-cü il tarixdə) ərzində deyil, həmin müddət başa çatdıqdan sonra (01 mart 2024-cü il tarixdə) baş vermişdir.
17. Məhkəmə qeyd etmişdir ki, borcun qaytarılması müddəti 06 fevral 2024-cü il tarixdə bitirdi. Ödənişin xx.xx.2024-cü il tarixdə edilməsi nəzərə alınsa həmin ödənişin üç illik müddətin keçməsindən sonra (üç illik müddət 06 fevral 2024-cü il tarixdə bitirdi) edilməsi aşkar edilir. Nəzərə almaq lazımdır ki, borcun etirafına dair hərəkətlər iddia müddəti ərzində icra edildikdə Mülki Məcəllənin 380.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun olaraq iddia müddətinin axımı kəsilir, müddət keçdikdən sonra edilmiş ödənişlər artıq bitmiş müddəti bərpa edə bilməz.
18. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş materiallarında olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh2 müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu ildə 583.51 manat ödədikdən sonra 4 ildən artıq müddət keçdikdən sonra yəni xx.xx.2024-cü il tarixdə 10 manat ödənişi hansı məqsədlə nə üçün etdiyi müəyyən edilməməklə, ümumiyyətlə ödənişin cavabdeh tərəfindən edilməsi belə məhkəmə iclasında öz təsdiqini tapmamışdır.
19. Məhkəmə qeyd etmişdir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur.
20. İddiaçı mövcud iddia ərizəsi ilə xx.xx.2024-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia müddətinin axımının xx.xx.2021-ci il tarixdən hesablanmağa başlaması nəzərə alındıqda, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, göstərilən əsas və əlavə tələb (zamin) üçün qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürmüşdür. Bu səbəbdən iddia tələbi rədd edilməlidir.
21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 372.1, 372.2, 373.2, 373.3, 375.1, 375.2, 377.1, 377.2, 380, 442, 448.1, 739.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
22. Qətnamədən narazı qalan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən аpellyаsiyа şikayəti verilmişdir.
23. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razı deyillər. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi ilə bağl nəticəyə gələrkən borclunun mənafeyini üstün tutmaqla, kreditorun qanunla qorunan maraqlarını nəzərə almamışdır. Nəticədə əsassız qətnamə qəbul edərək mübahisəni mahiyyəti üzrə düzgün həll etməmişdir.
24. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından görünür ki, 06 fevral 2018-ci il tarixli 09/1009/DİK nömrəli kredit müqaviləsi üzrə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etməklə xx.xx.2024-cü il tarixdə ödəniş etməklə iddia müddətinin axımı kəsilmişdir. Göründüyü kimi, müddətin kəsilməsi tərəfin iradəvi xarakterli hərəkəti ilə bağlı olmuşdur.
25. Lakin birinci instansiya məhkəməsi iş materiallarına əlavə edilmiş sübutları (hesabdan çıxarış məlumatlarını) araşdırmadan yalnız iddia müddətinin keçməsinə əsaslanaraq tələbin təmin edilməməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmənin gəldiyi bu nəticəni əsaslı hesab etmək olmaz. Məhkəməyə müraciət etmək hüququnun məzmununa, mənasına görə iddia müddətinin tətbiq edilməsi barədə ərizənin verilib- verilməməsindən asılı olmayaraq məhkəmə iddiaya mahiyyəti üzrə baxmalıdır. Yəni məhkəmə işin hallarını araşdırıb, sübutları qiymətləndirməklə hərtərəfli proses aparmalıdır. Lakin birinci instansiya məhkəməsi verilmiş sübutlar üzrə heç bir araşdırma aparmadan, iddia ərizəsinə əlavə edilmiş sənədləri öz qətnaməsində sadalamaqla kifayətlənmiş, əlavə edilmiş sənədlərə heç bir hüquqi qiymət vermədən qeyd edilən maddi hüquq normasının tələbini pozmaqla düzgün olmayan nəticəyə gəlmişdir.
26. Belə ki, birinci intansiya məhkəməsi heç bir sübuta əsaslanmadan ödənişin məhz iddiaçı tərəfindən ödənildiyi qənaətinə gələrək yuxarıda qeyd edilən nəticəyə gəlmişdir. Halbuki, iddiaçı cavabdehin borcu etiraf etməsini göstərən sübutu məhkəməyə təqdim etsədə, cavabdeh bunun əksini olaraq ödənişin onun və yaxud digər borclu şəxslər tərəfindən ödənilməməsini təsdiq edən hər hansısa bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.
27. Birinci instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız cavabdeh tərəfindən irəli sürülən fikirləri və cavabdehin heç bir sübuta əsaslanmayan ərizəsinə istinad etməklə iddianı rədd etmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Hesab edirlər ki, cavabdehin ödənişdən xəbərdar olmadığını bildirməsi haırkı iş üzrə iddia müddətinin tətbiq edilməsi üçün hüquqi əsas yaratmır. Birinci instansiya məhkəməsi pulun iddiaçının özü tərəfindən ödənilməsinə inanmış, bu inam onda sübut növü kimi qəbul edilərək, yuxarıda qeyd edilən əsassız nəticəyə gəlmişdir. Ödəniş tarixlərini və iş üçün zəruri olan digər sənədlərin hamısını ətraflı təhlil etdikdə tam aydın olur ki, məhkəmə iddia tələbinin rədd edilməsi barədə düzgün hüquqi nəticəyə gəlməmişdir.
28. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Şəki Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(075)-1047/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
30. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə göndərdiyi ərizəsində məhkəmə iclasında üzürlü səbəblərdən iştirak edə bilmədiklərindən apellyasiya şikayətinə onların iştirakları olmadan baxılaraq, şikayətin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də cavabdehlər gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3-cü maddəsinə əsasən, vaxt aşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 474.1. Əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 512. Birgə borclulardan biri barəsində müddətin axımının dayandırılmasının və ya xitamının digər borclular barəsində qüvvəsi yoxdur. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Qərar:
32. Konstitusiya Məhkəməsinin Plenumunun «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarı
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
34. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Apellyator Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-1047/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından tam düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə tam ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini tam diqqətə almamışdır.
38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
39. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi üçün əsas deyildir.
40. Kollegiyanın iclasında müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixli 09/1009/DİK nömrəli kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən iddiaçı Cavabdeh2 36 ay müddətinə illik 26 faiz dərəcəsi ilə 3656 manat kredit vermişdir. Kredit müqaviləsinin təminatı kimi xx.xx.2018-ci il tarixdə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 ilə iddiaçı "xxxx" ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı cavabehlərdən müştərək qaydada əsas borc üzrə cəmi 3534,87 manat borc olmaqla bundan 2114,13 manat əsas borc, 1111,60 manat faiz borcu, AR MMnin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 309,14 manat faiz borcunun və iş üzrə ödənilmiş 55.35 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını xahiş edir. Cavabdeh isə iddia müddəti tədbiq edilməklə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 09/1009/DİK nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 kredit üzrə götürdüyü borcu 36 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Yəni xx.xx.2018-ci il tarixli 09/1009/DİK nömrəli kredit müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə başa çatmışdır. İddiaçı isə hazırki iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir.
41. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 ilə yanaşı digər cavabdehlər olan zaminlər Cavabdeh3 və Cavabdeh1 qarşı hissədə də borc tələbinə dair iddiasının təmin edilməməsinə dair gəldiyi nəticə ilə razılaşsa da apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin mübahisəni mahiyyəti üzrə düzgün həll etməməsinə dair dəlili ilə qismən razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı hissədə maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
42. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir.
43. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər.
44. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir.
45. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).
46. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.
47. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır.
48. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.
49. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər.
50. MPM-in 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
51. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
52. Konstitusiya Məhkəməsinin Plenumunun «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarında hüquqi mövqeyi aşağıdakı kimi olmuşdur; İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.
53. Baxılan işdə məhkəmə hər üç cavabdehə qarşı yönəlmiş iddia tələbini kredit alan borclu Cavabdeh2 verdiyi ərizə əsasında iddia müddətinin keçməsi ilə əlaqədar rədd etmişdir.
54. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
55. Normanın məzmunundan göründüyü kimi, zaminliyin verildiyi müddət bir qayda olaraq müqavilədə göstərilməlidir. Qanun, bunun göstərilməməsi imkanını nəzərdə tutsa da, müddətin göstərilmədiyi təqdirdə zaminliyin xitamı üçün konkret müddətlər müəyyən etmişdir. Bu müddətlər, zaminliyin bağlı olduğu əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il və ya əsas öhdəliyin icrası müddəti göstərilmədiyi, müəyyənləşdirilə bilmədiyi, yaxud tələbetmə məqamı ilə müəyyənləşdirildiyi halda zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi dövrdür. Həmin müddətlər keçdikdə zaminliyə qanuna əsasən xitam verilir.
56. Qanunvericilikdə zaminliklə bağlı müddətin keçməsi halı üçün kəsici müddətlər müəyyən edildiyi, həmin müddətin keçməsi ilə bağlı iddiaçının zaminə qarşı tələb hüququna xitam verildiyi halda, həmin münasibətə əlavə olaraq iddia müdətinə dair normaların tətbiqi qanunvericiliyin tələblərinə ziddir. Hansı ki, kəsici müddətlərdən fərqli olaraq iddia müddətləri bir qayda olaraq tələb hüquqlarına aiddirlər. İddia müddətinin keçməsi tələb hüququnun özünü deyil, bu hüququn məhkəmə vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanını aradan qaldırır.
57. Kollegiya qeyd edir ki, müqavilədən irəli gələn üç illik (MM, maddə 373.2) iddia müddətinin axımı başlandığı vaxtdan həm də zaminliyə xitam verilməsi üçün qanunla müəyyən edilmiş (MM, maddə 477.0.4) bir və ya iki illik müddətin axımı hesablanır. Dolayısı ilə, (əgər tərəflər başqa qayda razılaşdırmamışlarsa) iddia müddəti keçənədək zaminliyə kəsici müddətin bitməsinə görə xitam verilir və zaminə münasibətdə kreditorun tələb hüququ aradan qalxır.
58. Hazırkı iş üzrə iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 09/1009/DİK nömrəli kredit müqaviləsinə əsasən öhdəliyin icra müddəti xx.xx.2021-ci il tarixə kimi müəyyən edilmiş və zaminlərə qarşı iddia irəli sürmək üçün bir illik müddət xx.xx.2022-ci il tarixində bitmişdir.
59. Göründüyü kimi hazırki iş üzrə zaminliyə qanuna əsasən xitam verilmiş və iddiaçının zaminlərə qarşı tələb hüququ aradan qalxmış, buna müvafiq olaraq zaminlər kreditor qarşısında öhdəliyi olan borclu vəziyyətlərindən çıxmışlar.
60. Lakin məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh2 qarşı hissədə birinci instansiya məhkəməsinin iddia müddətini tətbiq etməklə iddianı rədd etməkdə yanlış mövqedən çıxış etməsinə dair dəlilləri ilə razılaşmır.
61. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin 06 fevral 2018-ci il tarixli 09/1009/DİK nömrəli kredit müqaviləsi üzrə borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər etməklə xx.xx.2024-cü il tarixdə ödəniş etməklə iddia müddətinin axımının kəsilməsi, lakin birinci instansiya məhkəməsinin iş materiallarına əlavə edilmiş sübutları (hesabdan çıxarış məlumatlarını) araşdırmadan yalnız iddia müddətinin keçməsinə əsaslanaraq tələbin təmin edilməməsi barədə düzgün olmayan nəticəyə gəlməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan iddiaçı "NBC Bank” ASC ilə Cavabdeh2 ilə arasında bağlanmış xx.xx.2018-ci il tarixli 09/1009/DİK nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh2 36 (otuz altı) ay müddətinə illik 26 (iyirmi altı) faiz dərəcəsi ilə 3656 (üç min altı yüz əlli altı) manat kredit verilmişdir.
62. İşdə olan "xxxx" ASC-nin təqdim etdiyi hesabdan çıxarışdan görünür ki, Cavabdeh2 hesabına sonuncu dəfə xx.xx.2024-cü il tarixdə kredit üzrə 10 manat gecikdirilmiş borc ödənilmişdir.
63. Kollegiya qeyd edir ki, kredit müqaviləsinin müddətinin xx.xx.2021-ci il tarixdə başa çatması, xx.xx.2021-ci il tarixdən 3 illik, yəni xx.xx.2024-cü il tarixədək iddia müddətinin axımının kəsilməsinin müəyyən edilməməsi, beləliklə 3 illik iddia müddətinin keçməsi, cavabdeh tərəfindən 10 manat ödənişin isə iddia müddətinin keçməsindən sonra, yəni xx.xx.2024-cü il tarixdə həyata keçirilməsi iddia müddətini axımını kəsən hərəkət kimi qiymətləndirilə bilməz. Çünki həmin hərəkət iddia müddəti ərzində deyil, həmin müddət başa çatdıqdan sonra baş vermişdir.
64. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli Qərarına əsasən kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrıayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər.
65. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir.
66. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir.
67. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur.
68. Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür.
69. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir.
70. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
71. Qeyd edilənlərə görə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-1047/2024 nömrəli qətnaməsi qismən, yəni iddianın cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı rədd edilmiş hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı "borcun tutulması” tələbinə dair iddiası rədd edilməli, qətnamə iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin аpellyаsiyа şikayətinə münasibətdə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır.
72. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-1047/2024 nömrəli qətnaməsi qismən, yəni iddianın cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı rədd edilmiş hissəsində ləğv edilsin. Həmin hisssədə yeni qətnamə qəbul edilsin. İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı "borcun tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamə iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin аpellyаsiyа şikayətinə münasibətdə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.