Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1241/2021 30.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının (həcminin) artırılması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli 2(014)- 616/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli 2(014)-616/2021 nömrəli qətnaməsi ilə (hakim Famil Nəsibov) iddia qismən təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyirinə iki uşağın saxlanılması üçün tutulan alimentin miqdarının artırılması, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 26 sentyabr 2005-ci il tarixdə anadan olmuş X7 və 30 aprel 2013-cü ildə anadan olmuş X5 18 yaşına çatana qədər onların saxlanılmaları üçün İddiaçı xeyrinə hər ay hər uşaq üçün 130 manat, cəmi 260 manat (iki yüz altmış manat) alimentin tutulması, Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı alimentin miqdarının (həcminin) artırılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahlarından 26 sentyabr 2005-ci il tarixdə anadan olmuş X7 və 30 aprel 2013-cü ildə anadan olmuş X1 üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün 210 manat, cəmi 420 manat miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin iclasında iddianı müdafiə edərək bildirmişdir ki, birgə nikahlarından anadan olmuş uşağın saxlanılması üçün Ağdaş Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh fərdi əməklə məşğul olduğu üçün gəliri kifayət qədərdir. Uşaqlar böyüdükcə tələbatı artır. Məhkəmə qətnaməsi ilə qət edilmiş aliment məbləği uşaqların normal inkişafına, sağlam şəraitdə böyüdülməsinə vaxtıvaxtında müayinə və müalicə olunmasına yetmir. Buna görə də alimentin miqdarının artırılmasına ehtiyacı vardır. Odur ki, iddia əsaslı olduğu üçün iddianın təmin edilməsi və cavabdehdən hər ay hər uşağın saxlanılması üçün 210 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi X2 birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, cavabdeh heç bir yerdə işləmir. Maddi imkanı tələb olunan alimenti ödəməyə uyğun deyil. Həmçinin cavabdehin sağlamlıq durumu da yerində deyildir. Ağdaş Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli qətnaməsi ilə qət edilmiş 200 manat alimenti ödəməkdə çətinlik çəkir. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnamədən narazı qalan Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçı onun işsizliyini, himayəsində azyaşlı övladının olmağını, əlilliyini, ailəli olmağını və maddi vəziyyətini nəzərə almadan şişirdilmiş tələb irəli sürmüş, məhkəmə isə aliment miqdarını 60 manat artıraraq iddianı qismən təmin etmişdir. Hazırda o, həmin məbləği tam olaraq ödəmək iqtidarında deyil. Hazırda işsizdir. Bu səbəbdən də həmin qərar ilə razı deyil. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli 2(014)-616/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, aliment miqdarının hər uşaq üçün 110 manat müəyyən olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları İddiaçı və Cavabdeh məhkəmə iclasının baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətlərin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli 2(014)-616/2021 nömrəli qətnaməsi mübahisələndirilən - hər ay hər uşaq üçün 130 manat, cəmi 260 manat (iki yüz altmış manat) alimentin tutulmasının hər uşaq üçün 20 manat olmaqla cəmi iki üşaq üçün artırılmış 40 manata aid hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Ağdaş Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 02 sentyabr 2019-cu il tarixdən başlayaraq 26 sentyabr 2005-ci ildə anadan olmuş X7 və 30 aprel 2013-cü ildə anadan olmuş X5 18 yaşına çatana qədər saxlanılmaları üçün İddiaçı xeyrinə hər ay hər uşaq üçün 100 manat, cəmi 200 (iki yüz) manat aliment tutulması, Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Ailə məcəlləsinin 75.1, 75.4, 78, 100.2 və 112.1ci maddələrinə, Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa, Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə, Uşaq hüquqları haqqında Konvensiyanın 27ci maddəsinə və Azərbaycan Respublikasının Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli plenum qərarına istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla alimenti ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 1 yanvar 2021-ci ildən uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən edilmişdir. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşaq hüquqları haqqında Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli plenum qərarından görünür ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməli, iş üzrə tərəflərin maddi və ailə vəziyyəti, hər iki valideynin uşaqlarını saxlamağa borclu olması, uşaqların mənafeyi və 2021-ci il üçün uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu nəzərə alınaraq cavabdehdən iddiaçının xeyrinə uşaqlar 18 yaşına çatana qədər onların saxlanılması üçün hər ay hər uşaq üçün 130 manat aliment tutulmalıdır. İddiaçının ödəməkdən azad edildiyi 20 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət mədaxilinə keçirilməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli Plenum Qərarı nəzərə alınaraq aliment qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli 2(014)-616/2021 nömrəli qətnaməsi mübahisələndirilən - hər ay hər uşaq üçün 130 manat, cəmi 260 manat (iki yüz altmış manat) alimentin tutulmasının hər uşaq üçün 20 manat olmaqla cəmi iki üşaq üçün artırılmış 40 manata aid hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli 2(014)-616/2021 nömrəli qətnaməsinin mübahisələndirilən - hər ay hər uşaq üçün 130 manat, cəmi 260 manat (iki yüz altmış manat) alimentin tutulmasının hər uşaq üçün 20 manat olmaqla cəmi iki üşaq üçün artırılmış 40 manata aid hissəsində dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1241/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1241/2021
30.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver