Məhkəmə qərarları › İş №2(107)-1244/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1244/2021

13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1244/2021 13.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və X3 qarşı “pul” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(051)-434/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı, cavabdehlər Cavabdeh2 və X2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və X3 qarşı 11229 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb verilməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin artırılması barədə ərizə təqdim edərək cavabdehlərdən 15.357 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (i/m səh.42). Mingəçevir Şəhər Məhkəməsinin (hakim N.Paşayev) 01 aprel 2021-ci il tarixli, 2(051)- 434/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və X1 müştərək qaydada 5394 (beş min üç yüz doxsan dörd) manat məbləğində pul alınaraq İddiaçı verilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 10.50 manatı (30 manatın 35%) hissəsi cavabdehlər Cavabdeh2 və X1 alınıb İddiaçı verilməsi, dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı, cavabdehlər Cavabdeh2 və X2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Mingəçevir şəhəri H.Əliyev prospekti 42 ünvanında yerləşən “Zümrüd” adlı mağazada qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olur. Cavabdehlərlə uzun müddət alış-veriş etdiyi üçün sonunculara inanaraq onlara 2019-cu ilin yanvar ayından başlayaraq qızıl-zinət əşyalarını nisyə satmışır. Həmin vaxt cavabdehlər könüllü olaraq borcu hissə-hissə qaytaracaqları barədə qəbz yazmış, lakin borcun bir qismi Pərvizin əmək haqqı kartından ödənildikdən sonra, cavabdehlər qalan borcu qaytarmaqdan imtina etmişlər. O dəfələrlə cavabdehlərdən borcun qaytarılmasını tələb etsə də, sonuncular onunla razılaşmayaraq qalıq borcu ödəməkdən imtina etmişlər. Bu səbəbdən məhkəməyə müraciət emək məcburiyyətində qalmışdır. Qeyd edir ki, cavabdehlərə ilkin olaraq 24.2 qram sep, 17.3 qram komplekt, 25.93 qram olan qızılı cəmi dəyəri 3320 manata, 70 qram çəkidə qızıl əşyası dəyəri 5600 manat, sonra 29.05.2019-cu il tarixdə yenidən cavabdehlərə 19.59 qram “Bismark” Moskva sepi, 25.76 qram İtaliya komplekti, 9.75 qram sırf qızıldan boyunbağ, 7.09 qram bilərzik, 8.11 qram “Kobra” boyunbağısı, 7.21 qram qızıl sırğa, həmin vaxt qızılların cəmi qramı 77.51 qram olub dəyəri 6208 manat təşkil etmişdir. Bir müddət sonra, yəni 04.06.2019-cu il tarixdə yenidən cavabdehlərə cəmi 29.9 qram olan, cəmi dəyəri 2400 manat olan qızıl-zinət əşyaları və əlavə olaraq 15.55 qram komplekt, 4.8 qram qolbağ, 10.4 qram sırğa nisyə satmışdır. Qızıl zinət əşyaları 585 əyyarlı olmuşdur. Cavabdehlər ona olan cəmi 19.228 manat borcdan hissə-hissə 7999 manat ödəmiş, qalan borcu ödəməkdən imtina etmişlər. Odur ki, 11229 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı 11.03.2021-ci il tarixdə iddia ərizəsinin dəqiqləşdirilməsi və tələbin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində məbləğləri qeyd etmədiyini bildirərək qızılların qiymtəinin, 70 qram x 72 manat =5040 manat; 72.51 qram x 72 manat = 5580 manat; 29.9 qram x 80 manat = 2400 manat, 30.03 qram x 72 manat = 2162 manat, 2400 manat köhnə borcdan qalıq, 6.43 qram x 69 manat = 450 manat, 69.68 qram x 80 manat = 5575 manat, 9.37 qram x 80 manat = 750 manat olmaqla cəmi 24157 cavabdehlərin borcu olduğunu və həmin borcdan 8999 manatın cavabdehlər tərəfindən ödənildiyini, lakin hazırda cavabdehlərin 15352 manat borcunun ödənilməmiş qaldığını göstərmişdir: Ona görə də, məhkəmədən 15357 manat pulun cavabdehlərdən alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(051)-434/2021 saylı qətnaməsini qismən əsassız və qanunsuz hesab edir. Belə ki, o, cavabdehləri uzun müddətdir ki, mağazasından qızıl-zinət əşyalarının alıcıları kimi tanımışdır. Onlarla münasibəti normal olduğu üçün o, cavabdehlərə 2019-cu ilin yanvar ayından başlayaraq qızıl-zinət əşyalarını nisyə satmağa başlamışdır. Cavabdehlər həmin vaxt borcun qaytarılması barədə qəbz yazaraq imzaları ilə təsdiq etmişlər. Eyni zamanda da Pərviz Məmmədzadə ona əmək haqqı kartını verərək, borcu hər ay həmin kartdan çıxmağını bildirmişdir. Borcun bir qismi əmək haqqından ödənildikdən sonra, cavabdehlər qalan borcunu ödəməkdən imtina etmişlər. O, qalan borcunun qaytarmalarını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədən narazıdırlar və bildirirlər ki, onların İddiaçı heç bir borcu yoxdur. Qeyd edirlər ki, iş üzrə iddiaçı bir neçə dəfə iddia tələbini dəqiqləşdirərək müxtəlif miqdarda iddialar qaldırmışdır. Bir neçə dəfə eyni əşyaları təkrar məbləğə daxil edərək onlara qarşı iddia irəli sürmüşdür. Mingəçevir Şəhər Məhkəməsinin 01 aprel 2021-cu il tarixli, 2(051 )-434/21 saylı qətnaməsini iddianın təmin olunan hissəsində ləğv edilməsini, iddianın tam rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı özü tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, cavabdehlər mütəmadi olaraq ondan nisyə qaydada qızılzinət əşyası götürmüşdür. Aralarında olan etimada görə cavabdehlərə inanmış və xeyli məbləğdə olan qızıl-zinət əşyasını nisyə qaydada vermişdir. Cavabdehlər borcun bir hissəsini qaytarsalar da, 15.357 manat qalıq borcu qaytarmaqdan imtina edirlər. Bununla bağlı cavabdehlər qəbzlərə də imza etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddiasının tam təmin olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər (o cümlədən vəkili) məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətləri qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, əvvəlki və yeni araşdırılmış hallar üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasındakı yaranmış münasibətlər üzrə düzgün nəticəyə gəlməmişdir. Mülki işə əlavə olunmuş qəbzlərdən (i/m səh. 2-5) görünür ki, X4 və Cavabdeh2 İddiaçı müxtəlif vaxtlarda borcunun olması barədə qəbzlərə imza etmişlər. İş materiallarının 5-ci səhifəsində olan sonuncu “qəbzin” məzmunundan görünür ki, X7 Əliyevadan 70 qr qızıl götürməsi müqabilində kartının sonuncuya verməsi, İmarət Məmmədov 5575 manat borcun qalması, daha sonra yenidən İddiaçı 2400 manat dəyərində 29.9 qram qızıl və bundan sonra əlavə olaraq 15.55 qram komplekt, 4.08 qram qolbaq və 10.4 qram sırğa barədə qəbzə imza etmişlər. (Qəbz 29.05.2019-cu il və 04 iyunda imzalanmışdır) Azərbaycan Respublikası Mingəçevir şəhəri “xxxx” MMC tərəfindən verilmiş 30.03.2021-ci il tarixli 47 nömrəli rəyindən görünür ki, hal-hazırda 583 əyyarlı Rusiya istehsalı olan qızılın alış qiyməti 70-75 manat, satış qiyməti 80 manat dəyərindədir. Rusiya, Türkiyə və İtaliya istehsalı olan 585 əyyarlı qızılın alış qiyməti 85 manat, satış qiyməti 90 manat dəyərindədir. İtaliya istehsalı olan 750 əyyarlı qızılın alış qiyməti 90 manat, satış qiyməti 100-110 manat dəyərindədir. 583 əyyarlı və 585 əyyarlı lom qızıl əşyalarının qiyməti 60 manat dəyərindədir. 750 əyyarlı lom qızıl əşyalarının alış qiyməti 80 manat dəyərindədir. Qızıl zinət əşyalarının qiymətləndirilməsi hazırki dünya birja bazarlarına uyğun qaydada qiymətləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdehlər öz xətti ilə qəbz yazıb iddiaçıya verməklə üzərinə öhdəlik götürsə də, buna əməl etməmiş və belə olan halda öhdəliyin icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 442-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı olsa da, iddia tələbinin tam təmin və ya rədd edilməsi üçün əsaslı deyil. Kollegiya apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. 1.Cavabdehlər özləri iddiaçıdan nisyə şəkildə qızıl-zinət əşyası aldığını və sonda 5575 manat borclarının qaldığını, bundan sonra əlavə 2400 manat dəyərində nisyə qızıl dəsti götürdüyünü etiraf etməklə qəbzə imza etmişlər (i/m səh.5).

2. İş materiallarında olan birinci instansiya məhkəməsinin iclas protokolundan (səh. 51) müəyyən edilir ki, cavabdehin nümayəndəsi 29.05.2019-cu il tarixdə nisyə alınan cəmi 5575 manat dəyərində olan qızılın və 04.06.2019-cu il tarixdə nisyə alınan 2400 manat dəyərində qızıl-zinət əşyalarına görə 7975 manat borcun olduğunu bildirmiş, lakin həmin borcdan 8999 manat pul ödənildiyini, sonda cavabdehlərin borcunun qalmadığını qeyd etmişdir.

3. cavabdeh tərəf iddiaçıya olan borcundan bir hissəsini ödədiyini, hesablamasına görə borcunun qalmadığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, öz dəlillərini formal mülahizələrlə əsaslandırmağa çalışmışdır.

4. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə tərəflər, həmçinin digər şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün ya müqavilə, ya da sadə formalı qəbzə imza etməklə iradə ifadələrini təsdiq edirlər. Bu kimi müqavilələri və ya qəbzləri imzalayan zaman isə könülülü olaraq müqavilənin (qəbzin) şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin, sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada iş üzrə cavabdehlər tərəfindən imzalanmış sonuncu qəbz əslində mahiyyət etibarı ilə də iddiaçıdan nisyə qaydada qızıl-zinət əşyasının alınmasının elementlərini əks etdirir. Ona görə də, məhz bu prizmadan yanaşdıqda, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmək olmaz.

5. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticənin, yəni 5394 manat məbləğinin məntiqi ardıcıllığını da tuta bilmir. Çünki birinci instansiya məhkəməsi iş materiallarına əlavə edilmiş qəbzlərdəki rəqəmlərə istinad edərkən öz mövqeyini tam açıqlamamış, sonuncu qəbz üzrə 5575 manat borcun qalmasına, bundan sonra əlavə olaraq 2400 manat dəyərində nisyə qızıl-zinət əşaysının götürlməsinə, eləcə də cavabdeh tərəfin məhkəmə iclasında bunu mübahisələndirməməsinə xüsusi əhəmiyyət verməyərək hazırki qənaətə gəlmişdir. Məhkəmə bu məbləği təmin edərkən nəyə istinad etməsi sual doğurur. Bundan əlavə cavabdeh tərəf 8999 manat ödəniş etdiyini bildirsə də, bunu sonuncu qalıq borclardan, yəni 5575 manat qalıq borcdan və əlavə götürülmüş 2400 manat dəyərində qızılzinətdən sonra ödənildiyini sübuta yetirə bilməmişdir. Çünki iddiaçı özü də 7999 manatın ödənildiyi inkar etmir, lakin həmin ödənişdən sonra qalan borcu mübahisələndirir. Kollegiya sonda iş materiallarına əlavə edilmiş 2-4 səhifəsindəki qəbzlərə münasibət bildirərək qeyd edir ki, əvvala həmin vərəqlərdəki imza cavabdehlərə məxsus olsa da belə, mahiyyətindən görünür ki, bu daha çox haqq-hesab aparılmaya dəlalət edir. Çünki göründüyü kimi həmin vərəqlərdə olan yazı və rəqəmlər müxtəlif olmaqla, aydın və başa düşülən deyil, hətta əksər yazıların üzərindən “ Z və X” işarələri çəkilmişdir. Belə olan halda kollegiya hesab edir ki, iş materiallarının 5-ci səhifəsindəki “qəbz” istisna olmaqla, həmin “qəbz”lər kifayət qədər şübhə doğurduğundan iddiaçının xeyrinə mötəbər sübut kimi qiymətləndirilə bilməz.

6. kollegiya qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Mülki Prosessual Məcəllənin 385-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmədiyindən apellyasiya şikayətləri qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(051)-434/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməli, cavabdehlərdən 7975 manat (5575+2400) pul alınaraq İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, kollegiya belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumu da ödənilmiş tələbin məbləğinə münasib bölünməlidir. Yəni ödənilmiş 30 manat dövlət rüsumunun 15.58 manatı cavabdehə qalan hissəsi isə iddiaçıya adi edilməlidir (7975x30:15357=3.44).

Qət etdi:

Apellyasiya şikayətləri qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(051)-434/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və X1 müştərək qaydada 7975 (yeddi min doqquz yüz yetmiş beş) manat və 15.57 manat dövlət rüsumunun əvəz alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar