Məhkəmə qərarları › İş №2(107)-1249/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1249/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1249/2021 28.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, iddiaçı "xxxx" Bank ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı ASC "xxxx" Bankının Cavabdeh qarşı “13.11.2014-cü il tarixli **********35914№-li Kredit müqaviləsi üzrə borc məbləğinin borc alandan tutulması haqqında” tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(024)-219/2021 nömrəli qətnaməsindən iş üzrə iddiaçı ASC "xxxx" Bankı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı "xxxx" ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 13.11.2014-cü il tarixli **********35914 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısında 9 500 (doqquz min beş yüz) ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcu, 25 472,78 (iyirmi beş min dörd yüz yetmiş iki ABŞ dolları 78 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə 13.11.2018-ci il tarixədək illik 19 % (on doqquz faiz) dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borcu, 13.11.2018-ci il tarixindən 19.02.2021-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) faiz dərəcəsi ilə hesablanmış 3382,50 (üç min üç yüz səksən iki ABŞ dolları 50 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, 01.04.2020-ci il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 17 023,59 (on yeddi min sıfır iyirmi üç ABŞ dolları 59 sent) ABŞ dolları təşkil edən penya, cəmi 55 378,87 (əlli beş min üç yüz yetmiş səkkiz ABŞ dolları 87 sent) ABŞ dolları məbləğində pul vəsaiti və 19.02.2021-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 10 (on) manat və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 30 (otuz) manat məbləğində çəkilmiş xərclər Cavabdeh İddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin (hakim M.Qarayev) 30 mart 2021-ci il tarixli, 2(024)- 219/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 13.11.2014-cü il tarixli **********35914 №-li kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC "xxxx" Bankı qarşısında 9 500 (doqquz min beş yüz) ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borc, 25 472,78 (iyirmi beş min dörd yüz yetmiş iki ABŞ dolları 78 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə 13.11.2018-ci il tarixədək illik 19 % (on doqquz faiz) dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borcu, 100 (bir yüz) ABŞ dolları məbləğində penya, cəmi 35072,78 (otuz beş min yetmiş iki dollar 78 sent) ABŞ dolları və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 10 (on) manat və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 30 (otuz) manat məbləğində çəkilmiş xərclərin Cavabdeh alınaraq iddiaçı ASC "xxxx" Bankının xeyrinə verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan iddiaçı "xxxx" ASC apellyasiya şikayəti vermişdir. işin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) ASC "xxxx" Bankı ilə Cavabdeh (Borc alan) arasında bağlanmış 13.11.2014-cü il tarixli **********35914 №-li Kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən borc alana 48 (qırx səkkiz) ay müddətinə, illik 19 % (on doqquz) faiz ödəmək şərtilə 40 000 (qırx min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Borc alanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə ipoteka qoyanlar Cavabdeh, X6, X7, X9 və X11 arasında ümumi birgə mülkiyyət hüququ əsasında onlara məxsus olan Qax şəhəri, Molla Cuma küçəsində yerləşən 0,05 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan 2 mərtəbəli, 4 otaqlı, 212,2 kv.m ümumi, 104,4 kv.m yaşayış, 107,8 kv.m yardımçı sahədən ibarət 14 saylı fərdi yaşayış evinin ipoteka qoyulması barədə 13.11.2014-cü il tarixli **********35914/ip №-li İpoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə Bank “Kredit müqaviləsi üzrə İddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarma haqqında” iddia tələbi ilə Qax Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 11 dekabr 2018-ci il tarixli 2(024)-24/2018 №-li qətnaməsi (bundan sonra “Qətnamə” adlandırılacaq) ilə Bankın iddiası qismən təmin edilmişdir. Belə, ki, Qətnamə ilə 13.11.2014-cü il tarixli **********35914/ip №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və cavabdehlər Cavabdeh, X2, X3, X4 və X8 ümumi birgə mülkiyyət hüququ əsasında məxsus Qax şəhəri, Molla Cuma küçəsində yerləşən 0,05 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan 2 mərtəbəli, 4 otaqlı, 212,2 kv.m ümumi, 104,4 kv.m yaşayış, 107,8 kv.m yardımçı sahədən ibarət 14 saylı fərdi yaşayış evinə (bundan sonra “Fərdi yaşayış evi” adlandırılacaq) ilkin satış qiyməti 80 000 (səksən min) manat müəyyən edilməklə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və 13.11.2014-cü il tarixli **********35914 №-li Kredit müqaviləsi üzrə borc alan Cavabdeh iddiaçı ASC "xxxx" Bankı qarşısında 39 679,89 (otuz doqquz min altı yüz yetmiş doqquz ABŞ dolları 89 sent) ABŞ dolları məbləğində əsas borcunun, 13.11.2018-ci il tarixədək əsas borc məbləğinə illik 19 % (on doqquz faiz) dərəcəsi ilə hesablanmış 25 367,22 (iyirmi beş min üç yüz almış yeddi ABŞ dolları 22 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borcunun, 13.11.2018-ci il tarixdən 27.11.2018-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 21% (iyirmi bir faiz) dərəcəsi ilə hesablanmış 326,67 (üç yüz iyirmi altı ABŞ dolları 67 sent) ABŞ dolları məbləğində əldən çıxmış fayda (zərər), 27.11.2018-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış 1000 (bir min) ABŞ dolları məbləğində penyanın, cəmi 66 373,78 (altmış altı min üç yüz yetmiş üç ABŞ dolları 78 sent) ABŞ dolları məbləğində pul məbləğinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manatın və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 16 (on altı) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən tutularaq Banka ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsindən həmin qətnamənin ləğv edilməsini xahiş etmişdi. Şəki Apellyasiya Məhkəməsinin 03 iyul 2019-cu il tarixli qətnaməsilə apellyasiya şikayəti təmin edilmədən, Qətnamə isə dəyişdiriləmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında "xxxx" MMC (bundan sonra “Hərrac təşkilatçısı” adlandırılacaq) tərəfindən keçirilmiş hərraclarda Fərdi yaşayış evi satılmadığından onun alınması Banka təklif edilmiş və Bank buna öz razılığını bildirmişdir. Yaşayış sahəsinin alqı-satqısı Hərrac təşkilatçısı və Bank tərəfindən imzalanmış Hərracın yekunları haqqında Y-247/1 Nə-li protokol və Bank ilə Hərrac təşkilatçısı arasında 13 dekabr 2019-cu il tarixdə bağlanmış Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Əmlakın alqı-satqısı barədə müqaviləyə uyğun olaraq əmlakın son satış qiyməti 51 000 (əlli bir min) manat məbləğində müəyyən edilmişdir. İpoteka predmeti qismində çıxış edən əmlakın ödənilməmiş borc müqabilində Bankın balansına keçməsinə baxmayaraq, Cavabdehin Kredit müqaviləsi üzrə İddiaçı qarşısında 9 500 (doqquz min beş yüz) ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcu, kreditin qaytarılma müddətinin bitdiyi 13.11.2018-ci il tarixinədək hesablanmış və ödənilməmiş 25 472,78 (iyirmi beş min dörd yüz yetmiş iki ABŞ dolları 78 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə Cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanan penya da ödəməlidir. Lakin Bankın daxili qərarına əsasən Kredit müqaviləsi üzrə penyanın hesablanması 01.04.2020-ci il tarixdən etibarən Borc alanın xeyrinə dayandırılmışdır. Beləliklə, 01.04.2020-ci il tarixinə bu məbləğ 17 023,59 (on yeddi min sıfır iyirmi üç ABŞ dolları 59 sent) ABŞ dolları təşkil edir. İpoteka predmeti hesabına İddiaçının tələbi ödənilmədiyinə görə «İpoteka haqqında» Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 47.5-ci maddəsinə əsasən İddiaçının tələbinin ödənilməyən hissəsini borc alanın başqa əmlakından almaq hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə Cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə İddiaçı tərəfindən Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anma qədər müqavilə qüvvədə sayılır. Konstitusiya məhkəməsi yuxarıda qeyd edimiş əsaslardan çıxış edərək daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək, göstərir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.” Bundan əlavə, müvafiq qərarda qeyd olunur ki, “Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.” Qeyd olunana əsasən Bank kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni 13.11.2018- cu il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə verildiyi 19.02.2021-ci il tarixə kimi faizlər formasında əldən çıxmış faydanın hesablanmasında yuxarıda göstərilmiş faiz dərəcəsini (illik 5%) əldə rəhbər tutmağı əsaslı hesab edir. Müvafiq hesablanma aparıldıqdan sonra kreditin qaytarılma müddətinin bitdiyi tarixdən (13.11.2018-ci il) iddia ərizəsinin məhkəməyə verildiyi tarixədək (19.02.2021-ci il) tarixədək olan dövr üçün müvafiq məbləğ 3 382,50 (üç min üç yüz səksən iki ABŞ dolları 50 sent) ABŞ dolları təşkil edir. Konstitusiya məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 09 iyul 2009-cu il tarixli qərarında ifadə olunmuş (25-ci abzas) hüquqi mövqeyinə görə borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması kreditorla borclu arasında müqavilə münasibətlərinə xitam verilməsinə səbəb olmur. Konstitusiya məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 09 iyul 2009cu il tarixli qərarda gəldiyi nəticəyə görə məhkəmə qətnaməsi qəbul olunmasına qədər əsas borc məbləği ödənilmədikdə, həmin məhkəmə qətnaməsində öhdəliyin tam icra olunması gününədək adi və cərimə faizlərinin hesablanmalı olduğunun göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Konstitusiya məhkəməsinin yuxarıda qeyd edilmiş hüquqi mövqelərini nəzərə alaraq hesab edirik ki, hazırki iddia ərizəsinin məhkəməyə verildiyi 19.02.2021-ci il tarixdən etibarən iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin Cavabdehdən İddiaçının xeyrinə tutulması barədə İddiaçının irəli sürdüyü iddia tələbləri əsaslı və qanunvericiliyin tələblərinə uyğundur və buna görə də məhkəmə qətnaməsində öz müsbət həllini tapmalıdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı ASC "xxxx" Bankı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hesab edirik ki, Məhkəmənin yuxarıda qeyd edilən qətnaməsi maddi və prosessual hüquq normalarının kobud pozulması ilə qəbul olunmuşdur, buna görə də həmin qətnamənin qismən ləğv edilməsinə və Bankın iddia tələblərinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. İlk növbədə qeyd etmək istəyirlər ki, məhkəmə Kredit müqaviləsi üzrə kreditin qaytarılma müddətinin bitdiyi tarixdən (13.11.2018-ci -il)fiddiaya ərizəsinin məhkəməyə verildiyi (19.02.2021-ci il) tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 3 382,50 (üç min üç yüz səksən iki ABŞ dolları 50 sent) ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın), həmçinin 19.02.2021-ci ildən tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan əldən çıxmış faydanın cavabdehdən tutulması hissələrində Bankın iddiasını təmin etməməsi barədə öz mövqeyini əsaslandırmamışdır. İkinci növbədə birinci instansiya məhkəməsinin Qətnamədə hər hansı əsas göstərmədən illik 15% dərəcəsi ilə hesablanmış 17 023,59 ABŞ dolları məbləğində penyanın 100 (bir yüz) ABŞ dolları məbləğində müəyyən etməsinə dair mövqeyinə münasibət bildirmək istəyirlər. Belə ki, apellyasiya instansiyası məhkəməsinin nəzərinə çatdırmaq istəyirlər ki, Cavabdeh ilə ASC "xxxx" Bankı arasında bağlanmış Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən Borc alan əsas borc məbləğinin ödənilməsi müddətlərini pozduqda Kreditora vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 15 % faiz dərəcəsi ilə hesablanan penya ödəməyi öz öhdəsinə götürmüşdür. Müvafiq hesablamalar aparıldıqdan sonra 01.04.2020-ci il tarixinə bu məbləğin məhz 17 023,59 (on yeddi min iyirmi üç ABŞ dolları 59 sent) ABŞ dolları olması barədə iddiaçı tərəfindən məhkəməyə müvafiq sübut (borc arayışı) təqdim olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi hər hansı əsas göstərmədən həmin məbləği azaltmışdır. Üçüncü növbədə qeyd etmək istəyir ki, birinci instansiya məhkəməsi tərəfindən rədd olunmuş iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə hesablanacaq faizlərin cavabdehdən tutulması barədə Bankın tələbi Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 09 iyul 2009-cu il tarixli qərarına əsaslanır. Qeyd edilənlərə əsasən Qax Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(024)-219/2021 nömrəli qətnaməsinin qismən ləğv edilməsini, iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini, apellyasiya şikayətinin verilməsinə görə 15 (on beş) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə edərək, sonda apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, hər ay 200-300 manat civarında ödəniş edir. Ona görə də bank tərəfindən ödənişlər üçün vaxt verilməsini xahiş edir. Cavabdeh sonda ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı qətnamədən verdiyi apellyasiya şikayətində qətnamənin iddianın təmin olunmayan hissəsini mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, e-2(037)-644/2020 nömrəli qətnaməsi qismən ləğv edilməlidir. Mülki işin materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; İddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh oğlu arasında bağlanmış 13.11.2014-ci il tarixli **********35914 №-li kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 48 (qırx səkkiz) ay müddətinə, kreditdən istifadəyə görə illik 19 % (on doqquz faiz) ödənilməsi şərtilə, 40 000(qırx min) ABŞ dolları məbləğində kredit verilmişdir. 30.10.2020-ci il tarixli 221 saylı xəbərdarlıqdan görünür ki, ASC "xxxx" Bankı tərəfindən Cavabdeh kredit müqaviləsi üzrə borclarını ödəmələri tələb olunmuş, borclarını ödəməyəcəkləri təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Arayışından görünür ki, Cavabdeh 13.11.2014-cü il tarixli **********35914 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısında 9 500 (doqquz min beş yüz) ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcu, 25 472,78 (iyirmi beş min dörd yüz yetmiş iki ABŞ dolları 78 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə 13.11.2018-ci il tarixədək illik 19 % (on doqquz faiz) dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borcu, 13.11.2018-ci il tarixindən 19.02.2021-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) faiz dərəcəsi ilə hesablanmış 3382,50 (üç min üç yüz səksən iki ABŞ dolları 50 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, 01.04.2020-ci il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 17 023,59 (on yeddi min sıfır iyirmi üç ABŞ dolları 59 sent) ABŞ dolları təşkil edən penya, cəmi 55 378,87 (əlli beş min üç yüz yetmiş səkkiz ABŞ dolları 87 sent) ABŞ dolları məbləğində cərimə borcu vardır. Azərbaycan Respublikası DİN-nin BPMQİ-nin MAPS şöbəsinin verdiyi 28.01.2021ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. 19.02.2021-ci il tarixli ********* saylı qəbzdən görünür ki, iddiaçı ASC"xxxx" Bankı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməsi üçün 30 manat ödəniş etmişdir. Apellyasiya icraatı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyul 2021-ci il tarixli, 9/4866 nömrəli ekspert rəyindən görünür ki, hesabdan çıxarış məlumatları və "xxxx" Bank ASC ilə Cavabdeh arasında bağlanmış 13 noyabr 2014-cü il tarixli, **********35914 saylı Kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh banka olan borcu aşağıdakı kimi müəyyən olunur: o cümlədən; Müqavilə müddətinin sonuna yəni 13.11.2018-ci il tarixədək əsas borc üzrə - 40.000.01 ABŞ dolları faiz borcu üzrə - 25344.12 ABŞ dolları 13.11.2018-ci il tarixdən 19.02.2021-ci il tarixinə illik 5%-lə əsas borc üzrə - 9500.01 ABŞ dolları faiz borcu üzrə - 29.204.40 ABŞ dolları Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən "xxxx" Bank ASC ilə Cavabdeh arasında bağlanmış **********35914 saylı Kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla müqavilə müddətindən sonra 5% tətbiq edilirsə, həmin dövrdən sonra cərimə faiz dərəcəsi hesablanmır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış 13.11.2014-cü il tarixli kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qismən əsaslı olmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən- yəni iddianın təmin olunmayan 13.11.2018-ci il tarixdən 19.02.2021-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5 faiz dərəcəsi ilə hesablanmış 3382.50 ABŞ dolları məbləği hissədində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, apellyasiya icraatı zamanı verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyul 2021-ci il tarixli, 9/4866 nömrəli ekspert rəyindən görünür ki, 13 noyabr 2014-cü il tarixli, **********35914 saylı Kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh banka olan borcu müqavilə müddətinin sonuna yəni 13.11.2018-ci il tarixədək əsas borc üzrə - 40.000.01 ABŞ dolları, faiz borcu üzrə - 25344.12 ABŞ dolları; 13.11.2018-ci il tarixdən 19.02.2021-ci il tarixinə illik 5%-lə isə əsas borc üzrə - 9500.01 ABŞ dolları, faiz borcu üzrə - 29.204.40 ABŞ dolları təşkil edir. Ekspert rəyindən göründüyü kimi 13.11.2018-ci il tarixdən 19.02.2021-ci il tarixədək illik 5%-lə faiz borcu - 29.204.40 ABŞ dolları təşkil edir ki, bunun da 25.344.12 ABŞ dolları kreditdən istifadəyə görə 13.11.2018-ci il tarixədək olan borcdur. Deməli, hesablanmış faiz borcunun qalan hissəsi, yəni 3860.28 (29.204.40-25344.12=3860.28) ABŞ dolları illik 5%-i təşkil edir. Kollegiya qeyd edir ki, baxmayaraq ki, ekspert rəyində 13.11.2018-ci il tarixdən 19.02.2021-ci il tarixədək illik 5%-lə faiz borcu 3860.28 ABŞ dolları təşkil edir, iddiaçı Bank isə 3382.50 ABŞ dolları tələb etmişdir. Ona görə də kollegiya hesab edir ki, illik 5%lə hesablanmış faiz borcu iddia tələbindən kənara çıxmamaq şərtilə iddia ərizəsində qoyulan məbləğdə, yəni 3382.50 ABŞ dolları həcmində təmin olunmalıdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyul 2021-ci il tarixli, 9/4866 nömrəli ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. Məhkəmə kоllegiyаsı bu qərаrа gəldi ki, qeyd оlunаn məhkəmə xərci Cavabdehn аid edilməli və məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100 manat ondan alınaraq Dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesаbа ödənilməlidir. Apelyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətdə qeyd olunan dəlillər qətnamənin əsas borca münasibətdə dəyişdirilməsinə səbəb olsa da, ümumilikdə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Azərbaycan Respublikası MPM-in 385.1 və 385.1.2-ci maddələrinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Qax Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(024)-219/2021 nömrəli qətnaməsi qismən- yəni iddianın təmin olunmayan 13.11.2018-ci il tarixdən 19.02.2021-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5 faiz dərəcəsi ilə hesablanmış 3382.50 ABŞ dolları məbləği hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi bu hissədə təmin edilməlidir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən edilsin. Qax Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(024)-219/2021 nömrəli qətnaməsi qismən- yəni iddianın təmin olunmayan 13.11.2018-ci il tarixdən 19.02.2021-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5 faiz dərəcəsi ilə hesablanmış 3382.50 ABŞ dolları məbləği hissəsində” ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi bu hissədə təmin edilsin. 13.11.2018-ci il tarixdən 19.02.2021-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5 faiz dərəcəsi ilə hesablanmış 3382.50 ABŞ dolları (ümumilikdə 38.455.28 ABŞ dollar olmaqla) Cavabdeh alınaraq iddiaçı "xxxx" Bank ASC-yə ödənilsin. İş üzrə 100 manat Cavabdeh alınaraq Dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə iş də iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar