Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1251/2025 24.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Kredit öhdəliyi, əsas və faiz borcları) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X6 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8 oğlunun katibliyi ilə, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı «X5» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, e-2(039)- 416/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı «X5» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixli ərizəni imzalamaqla «X5» Açıq Səhmdar Cəmiyyətinin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli bank xidmətlərinin təqdim edilməsinə dair ümumi ofertanın şərtləri ilə tanış olduğunu və onun şərtləri ilə razı olduğunu təsdiq etmişdir. İddiaçı bank tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2023-cü il tarixində 35 ay müddətinə illik 27,6 faiz ödəmək şərti ilə 1600 manat məbləğində kredit verilmişdir. Ümumi oferta müqaviləsinin 5.7.15-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyintanı uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə iddiaçı banka 1600 manat əsas borcu, 161.13 manat faiz borcu, cəmi 1761.13 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor öz tələbini məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı bank tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə istinad edərək, Cavabdeh «X5» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1600 manat əsas borcu, 161.13 manat faiz borcu, cəmi 1761.13 (bir min yeddi yüz altmış bir manat on üç qəpik) manat borcun və 38.02 (otuz səkkiz manat iki qəpik) manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı «X5» Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, işə iddiaçı bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
5. Məhkəmə işə iddiaçı bankın nümayəndəsinin və cavabdehin iştiarkları olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Yevlax Rayon Məhkəməsinin (hakim Qalib Paşayev) 17 aprel 2025-ci il tarixli, e-2(039)- 416/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 1600 manat əsas borcu, 161.13 manat faiz borcu, cəmi 1761.13 (bir min yeddi yüz altmış bir manat on üç qəpik) manat borc, 37.62 (otuz yeddi manat altmış iki qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı «X5» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir.
7. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli ərizəni imzalamaqla «X5» Açıq Səhmdar Cəmiyyətinin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli bank xidmətlərinin təqdim edilməsinə dair ümumi ofertanın şərtləri ilə tanış olduğunu və onun şərtləri ilə razı olduğunu təsdiq etmişdir. İddiaçı bank tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2023-cü il tarixində 35 ay müddətinə illik 27.8 faiz ödəmək şərti ilə 1600 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və nəticədə iddiaçı banka hazırkı borcu yaranmışdır. Tələb edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Buna görə də iddiaçı bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
8. Məhkəmə hesab etmişdir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir.
9. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və kredit müqavləsi üzrə yaranmış borc ondan tutularaq iddiaçı Banka ödənilməlidir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5, 14.2.1, 385.1, 386.1, 442, 445.1, 445.2.1, 462.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən narazı qalan Cavabdeh apellyаsiyа şikаyəti vermişdir.
12. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən kredit borcunun ona ümumiyyətlə aidiyyatı yoxdur. O, qeyd olunan kredit məbləğini ümumiyyətlə götürməmişdir. Bununla belə iddiaçı “Unibank" ASC ona qarşı tam əsassız olaraq yuxarıda qeyd olunan iddianı qaldırmışdır. Məhkəmə isə heç bir əsas olmadan iddianı təmin edərək iddiaçının xeyrinə qeyd olunan borc məbləğinin ödənilməsi barədə qətnamə qəbul etmişdir.
13. Göründüyü kimi məhkəmə tərəfindən qəbul edilmiş bu qətnamə ilə birbaşa olaraq onun hüquqları pozulmuşdur.
14. Odur ki, apellyаsiyа şikаyətinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, e-2(039)-416/2025 nömrəli qətnamənisinin ləğv edilməsini xahiş etmişdir.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçı "xxxx" KB ASC apellyasiya şikayətinə qarşı yazılı etirazında Cavabdeh Yevlax Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, e-2(039)-416/2025 nömrəli qətnaməsindən verdiyi аpellyаsiyа şikayətinin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, e-2(039)-416/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddiaçı «X5» Açıq Səhmdar Cəmiyyətinin ona qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin izahatında məhkəmə kollegiyasının iclasında dinlənilmiş iddiaçı bankın əməkdaşı ilə apardığı telefon danışığındakı bankdan aldığı kreditin kartından götürülməsi barədə səs yazılarının ona aid olduğunu göstərmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Yevlax Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, e-2(039)-416/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş iddiaçı "xxxx" KB ASCnin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
21. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
24. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
25. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
26. Cavabdeh apellyasiya şikayətində Yevlax Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, e-2(039)-416/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
29. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə «X5» Açıq Səhmdar Cəmiyyətinə ərizə ünvanlamaqla həmin bankın rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli bank xidmətlərinin təqdim edilməsinə dair ümumi ofertanın şərtləri ilə tanış olduğunu və onun şərtləri ilə razı olduğunu təsdiq etmişdir. İddiaçı bank tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2023-cü il tarixində 35 ay müddətinə illik 27.8 faiz ödəmək şərti ilə 1600 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və nəticədə iddiaçı banka hazırkı borcu yaranmışdır.
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassızdır.
31. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin mübahisələndirilən kredit borcunun ona ümumiyyətlə aidiyyatının olmaması, onun qeyd olunan kredit məbləğini ümumiyyətlə götürməməsi, məhkəmənin heç bir əsas olmadan iddianı təmin etməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan bank xidmətlərinin təqdim edilməsinə dair dair xx.xx.2021-ci il tarixli ümumi ofertadan görünür ki, «X5» Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 408 və 409-cu maddələrinə əsasən bank xidmətlərini özündə cəmləşdirən ümumi ofertanı rezident fiziki şəxslərə təqdim edir.
32. İşdə olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh həmin ərizəni imzalamaqla «X5» Açıq Səhmdar Cəmiyyətinin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli bank xidmətlərinin təqdim edilməsinə dair ümumi ofertanın şərtləri ilə tanış olduğunu, onun şərtləri ilə razı olduğunu təsdiq etmişdir.
33. İşdə olan arayışdan görünür ki, Cavabdeh iddiaçı banka 1600 manat əsas borcu, 161.13 manat faiz borcu, cəmi 1761.13 (bir min yeddi yüz altmış bir manat on üç qəpik) manat borcu vardır.
34. Həmçinin məhkəmə kollegiyasının iclasında iddiaçı bankın əməkdaşları ilə cavabdeh arasında aparılmış telefon danışıqlarının dinlənilməsi zamanı həmin danışıqlardan iddiaçı bankın cavabdehin kart hesabına 1600 manat kreditin köçürüldüyü, lakin aldığı kreditin ona məlum olmayan şəkildə kartından çıxarılması barədə cavabdeh tərəfindən banka məlumat verilməsi müəyyən edilmişdir.
35. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
36. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, e-2(039)- 416/2025 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, e-2(039)-416/2025 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.