Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1252/2021 23.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi Hacı-X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə və üçüncü şəxs "xxxx" Açıq tipli Səhimdar Cəmiyyətinə qarşı “mənzildən istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(024)-205/2021 nömrəli qətnaməsindən iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" X7 Səhmdar Cəmiyyətinin 30 oktyabr 1996-cı il tarixli 139 nömrəli əmrinə əsasən ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüquqularının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qax Rayon Məhkəməsinin (hakim M.Qarayev) 29 mart 2021-ci il tarixli, 2(024)- 205/2021 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyətinin 30 oktyabr 1996-cı il tarixli 139 nömrəli əmrinə əsasən yaşamaq üçün verilmiş ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququ tanınması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi apellyasiya şikayəti vemişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" X10 Cəmiyyəti tərəfindən 30 oktyabr 1996-cı il tarixdə həmin kombinatda işlədiyi üçün ona bir otaqlı mənzil verilmişdir. Həmin məzil 1996-cı il tarixdən özünün istifadəsindədir. Sözügedən mənzlin abadlaşdırılması üçün təmir işləri aparmışdır. Uzun müddət həmin mənzildə yaşadığı üçün həmin mənzilə istifadə hüququnun və bu hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi zərurəti yaranmışdır. Bu səbəbdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək, istifadə hüquqlarının qeydiyyata alınmasını xahiş etmiş, lakin hazırki vaxtadək müraciəti cavablandırılmamışdır. X8 Kombinatının 30 oktyabr 1996-cı il tarixli 139 əmri ilə ünvan 1 ünvanında yerləşən evdə yaşamağa razılıq əldə edilmişdir. Həmin razılıq əsasında 1996-cı il tarixdən sözgüedən mənzildə mübahisəsiz yaşayır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, iş üçün əhəmiyyətli hesab edilən hallar sübut olunmadığından Qax Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(024)-205/2021 saylı qətnaməsi ləğv olunmalıdır. Belə ki, "xxxx" ASC-nin 30.10.1996-cı il tarixli, 139 nömrəli əmri ilə Kombinatın balansında olan yataqxana kimi istifadə edilən ünvan 2 ünvanında yerləşən evdə iddiaçıya yaşamağa razılıq verilmişdir. Hazırki mübahisədə iddiaçının sözügedən mənzili özəlləşdirmək hüququ yoxdur. Özəlləşdirmə hüququ olmadığı halda, istifadə hüququnun da tanınması qeyri-mümkündür. Bundan başqa, 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Göründüyü kimi, mənzil sahəsinə köçmək üçün əsas kimi əmr yox, order nəzərdə tutulmuşdur. Bundan əlavə, iddia, iddiaya cavab verməli olmayan şəxsə verildiyi halda, məhkəmə prosessual hüquq normalarının tələblərini pozmaqla qətnamə qəbul etmişdir. Belə ki, DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrində nəzərdə tutulan hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Həmçinin istifadə hüququnun tanınması yox, istifadə hüququnun qeydiyyata alınması məsələsi mübahisənin predmeti olsa idi, cavabdeh qismində DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi çıxış edə bilərdi. qeyd edilənlər əsasən Qax Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(024)-205/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi X2 oğlu apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, sözügedən mübahisəli yaşayı otağı cavabdehə "xxxx" ASC-nin 30.10.1996-cı il tarixli, 139 nömrəli əmri ilə yaşamaq üçün verilmişdir. Hazırki mübahisədə iddiaçının sözügedən mənzili özəlləşdirmək hüququ yoxdur. Özəlləşdirmə hüququ olmadığı halda, istifadə hüququnun da tanınması qeyri-mümkündür. Mənzil sahəsinə köçmək üçün əsas kimi əmr yox, order olmalıdır. Bundan əlavə, iddia, iddiaya cavab verməli olmayan şəxsə qarşı verilmişdir. Belə ki, DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrində nəzərdə tutulan hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Odur ki, apellyasiya şikayətinin təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli yaşayış otağı ona "xxxx" ASC tərəfindən 1996-cı ildə verilmişdir. Hesab edir ki, həmin yaşayış otağı artıq ona məxsusdur. Odur ki, Qax rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qəbul olunmuş qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Qax Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(024)-205/2021 nömrəli qətnaməsi ləğv edilməlidir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; AZE № 08638491 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1-də qeydiyyatdadır. "xxxx" X10 Cəmiyyətinin 30 oktyabr 1996-cı il tarixli 139 nömrəli Əmrindən görünür ki, Kombinatın balansında olan yataqxana kimi istifadə edilən bir otaqlı mənzil kombinatın xadiməsi İddiaçı yaşamaq üçün verilmişdir. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsaslı olmaqla, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. 1.Məhkəmə kollegiyasının iclasında işin faktiki hallarından müəyyən edildi ki, ünvan 2 ünvanında yerləşən mübahisəli yaşayış otağı "xxxx" ASC-nin 30.10.1996-cı il tarixli, 139 nömrəli əmri ilə Kombinatın balansında olan yataqxana kimi iddiaçıya yaşamağa verilmişdir.
2. Kollegiya bildirir ki, DƏDRX-in Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatını qanunvericiliklə nəzərdə tutulmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrində nəzərdə tutulan hüquq müəyyənedici sənədlər əsasında aparır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun; 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
3. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (məhz mübahisə predmeti olan yaşayış otağı ilə bağlı), qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun olmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır Beləliklə kollegiya belə qənaətə gəlir ki, DƏDRX-nin 12 saylı Əİ hazırki tələb üzrə cavabdehlik daşımağa hüququ olmayan orqan olduğundan, iddia tələbi həmin orqana qarşı təmin edilə bilməz. Göründüyü kimi birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış, hazırkı mübahisə üzrə maddi hüquq normalarını səhv təfsir etməklə işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0 və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qax Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(024)-205/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə və üçüncü şəxs "xxxx" Açıq tipli Səhimdar Cəmiyyətinə qarşı “mənzildən istifadə hüququnun tanınması” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov