Məhkəmə qərarları › İş №2(107)-1255/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1255/2024

10.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1255/2024 10.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Alimentin artırılması) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-859/2024 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları Müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş 22 sentyabr 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşınadək saxlanılması üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməklə və 60 manat mediasiya rüsum xərclərinin Cavabdeh tutulması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 17 iyun 2010-cu ildə rəsmi nikah münasibətinə daxil olub ailə qurmuş və onların birgə nikahlarından 22 sentyabr 2010-cu ildə X7 adlı uşaqları doğulmuşdur. Lakin Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(033)-577/2017 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında bağlanılmış 17 iyun 2010-cu il tarixli 851 nömrəli nikah qeydi pozulması, tərəflərin birgə nikahından 22 sentyabr 2010-cu ildə anadan olmuş X5 anası İddiaçı himayəsində saxlanılması, Cavabdeh 22 sentyabr 2010-cu ildə anadan olmuş X5 yetkinlik yaşınadək saxlanılması üçün xx.xx.2017-ci il tarixdən hesablanmaqla hər ay 136 manat sabit pul məbləğində alment İddiaçı xeyrinə tutulması, qətnamə alimentin tutulması hissəsində dərhal icra edlməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(107)- 366/2019 saylı qətnaməsi ilə 22 sentyabr 2010-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 154 manat olmaqla sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Apellyasiya Məhkəməsi həmin vaxt qətnaməsini belə əsaslandırmışdır ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın məktəbli yaşında olmaqla təlabatlarının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumun uşaqlar üçün 154 manat məbləğində müəyyən edilməsini, cavabdehin əmək qabiliyyətli olmasını, tərəflərin ailə və maddi vəziyyətlərini, eləcə də diqqətəlayiq olan hallar nəzərə alınmalıdır. Daha sonra Zaqatala Raryon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(033)-668/2021 saylı qətnaməsi ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edildiyindən Cavabdeh 22 sentyabr 2010-cu il təvəllüdlü X7 üçün tutulmalı olan alimentin həcmi artırılaraq 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Hazırda o, X7 ilə birlikdə Bakı şəhəri, Xəta rayonu R.Əliyev küçəsi ev 9 mənzil 35-də, Cavabdeh isə Zaqatala şəhəri, A.Qardaşov küçəsi ev 15-də yaşayır. X7 Bakı şəhəri üzrə E.Yəhyayev adına 56 nömrəli orta məktəbdə oxuyur. Bundan başqa artıq on dörd yaşı olan övladı X7 yaşadıqları ünvan üzrə orta məktəbdən əlavə, fiziki və tədris hazırlığı üzrə kurslara getməkdədir və bunların həyata keçməsi üçün tərəfindən xeyli vəsait xərclənməkdədir. Ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Cavabdeh tərəf məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti xaricində, uşağın gələcək inkişafı, dünya görüşünün, təhsinin, sağlamlığının, sosial həyatının inkişafı üçün heç bir təşəbbüs göstərmir, əksinə bunlara maneələrin törədilməsi üçün bütün vasitələrdən istifadə edir. Uşağın bütün qayğısını ehtiyacını tamamilə o çəkir, böyüdükcə uşaqda atasına qarşı tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də görə o, "aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda məhkəməyə müraciət edilənədək qanunverciliyin tələblərinə riayət olunması məqsədilə aliment məbləğinin artırılması ilə bağlı tərəfindən cavabdehin ünvanına mediasiya prossesinin tətbiqi barədə təklif göndərilmiş və daha sonra isə Azərbaycan Respublikası Mediasiya Şurasına müraciət edilmişdir. Mediator tərəfindən xx.xx.2024-cü ildə təşkil edilmiş mediasiya prossesində lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh X3 iştirak etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Mediasiya prossesinin nəticəsinə uyğun olaraq Mediator tərəfindən xx.xx.2024-cü il tarixli MŞŞ/MT018/2024-00878 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Hazırkı yaşayış səviyyəsini, "Yaşayış minimumu haqqında” ARQ-nin müddəalarını, onun maddi vəziyyətini, həmçinin uşağın mənafeyini, onun layiqli, firəvan yaşayış səviyyəsi, təlimtərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini, mnimal təlabatların getdikcə artmasını nəzərə alaraq, cavabdehdən tutulan alimentin məbləği artırılaraq X7 üçün 235 manat sabit pul məbləği müəyyən edilməlidir. X2 təlim tərbiyə xidmətləri üçün uşağın Bakı şəhərində onun yanında yaşaması, uşağın təlim tərbiyəsndə yalnız ananın iştirakı və ehtiyaclarını qarşılamasını, atanın uşağın heç bir təhsil sosial həyatında iştirak etməməsini nəzərə alaraq müəyyən edilmiş 235 manat cavabdehdən tutulmalıdır.

Birinci instansiya məhkəməsində icraat;

3. İddiaçı 26 avqust 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq mülki işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-859/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Zaqatala Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(033)-668/2021 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə 22 sentyabr 2010-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün sabit pul məbləğində tutulan 175 (bir yüz yetmiş beş) manat miqdarda alimentin məbləğinin artırılması, 22 sentyabr 2010-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay bir uşaq üçün 200 (iki yüz) manat miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi, Cavabdeh ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 (altmış) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflərin ümumi uşaqları olan 22 sentyabr 2010-cu il təvəllüdlü X7 iddiaçının himayəsindədir və uşağın saxlanması üçün artan tələbat iddiaçının cavabdehdən aldığı bir uşağa görə 175 manat miqdarında aliment məbləği ilə ödənilə bilmir və həmin aliment miqdarı uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən azdır. Bundan başqa, həmin aliment miqdarı məhkəmə tərəfindən 2021-ci ildə, yəni uşağın müvafiq olaraq 11 yaşı olarkən təyin edilmişdir. Hazırda isə uşaq 14-cü yaşdadır və ötən müddət ərzində uşağın artan tələbatındakı dəyişiklik, o cümlədən onun geyimi, qidalanması, təhsili və tibbi kimi xərcləri də özündə ehtiva edən əlavə zəruri məsrəfləri yaranmışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

8. Məhkəmə uşağın saxlanması üçün artan tələbatının cavabdeh tərəfindən ödənilən bir uşaq üçün 175 manat məbləğində alimentlə ödənilə bilməməsi barədə iddiaçının arqumentləri ilə razılaşmış və hesab etmişdir ki, aliment məbləğinin bir uşaq üçün 200 manata artırılması uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətedici hesab edilə bilər.

9. Alimentin hesablanması vaxtı ilə bağlı məhkəmə qeyd etmişdir ki, alimentin artırılmış miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.2, 78.1, 112.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Rеspublikası Qanununun 5, 13-cü maddələrinə, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli Qərarına, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli Qərarına, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa 8.1, 8.1.2, 9.1.2, 9.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessesual Məcəlləsinin 14.2, 77.1, 82.3, 119.1, 119.2, 112.1.6, 217.4, 233.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a)Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.

12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırkı mübahisəli qətnaməsində məhkəmə qeyd olunan əvvəlki məhkəmə aktlarında məhkəmələrin mövqelərini, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin kimi cavabdehin də həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağır məktəbli yaşında olmaqla təlabatlarının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumun uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsini, cavabdehin əmək qabiliyyətli olmasını, tərəflərin ailə və maddi vəziyyətlərini, eləcə də diqqətəlayiq olan hallar nəzərə almamışdır.

13. Bildirir ki, artıq on dörd yaşı olan övladı X7 yaşadıqları Bakı şəhərində orta məktəbdən əlavə, fiziki və tədris hazırlığı üzrə kurslara getməkdədir və bunların həyata keçməsi üçün tərəfindən xeyli vəsait xərclənməkdədir. Ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Cavabdeh tərəf məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti xaricində, uşağın gələcək inkişafı, dünya görüşünün, təhsinin, sağlamlıqlarının, sosial həyatının inkişafı üçün heç bir təşəbbüs göstərmir, əksinə bunlara maneələrin törədilməsi üçün bütün vasitələrdən istifadə edir. Uşağın bütün qayğısını ehtiyacını tamamilə iddiaçı çəkir, böyüdükcə uşaqlarda atasına qarşı tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna görə də görə iddiaçı “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

14. Bundan əlavə birinci instansiya məhkəməsi alimentin qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmsı hissədə də qənaəti düzgün olmamış və məhkəmənin mövqeyi heç bir maddi norma ilə əsaslandırılmamışdır. Məhkəmə ailə qanunvericiliyin tələblərinə əsasən alimentin mediasiya üçün müraciətin tarixi olan xx.xx.2024-cü ildən hesablanmasını nəzərə almalı və buna uyğun qərar qəbul etməli idi. Çünki iddiaçı tərəf alimentin məbləğinin artırılması ilə bağlı tədbirlər görmüş, tərəfi mediasiya prossesinin tətbiqinə dair təkliflə xəbərdar etmiş, mediasiya icraatı aparmış, lakin cavabdeh tərəf bütün bu tədbirlərdən boyun qaçırmışdır. Həminin mülki iş üzrə çıxarılan qətnamənin nəticəsindən asılı olaraq maraqlı tərəfin şikayətləri üzrə məhkəmə çəkişmələrinin süni şəkildə uzadılması ilə nəticələnir ki, bu zaman növbəti ilin yaşayış minimumun artırıldığı məbləğdən tərəfin isifadə etməsi məhdudlaşır və belə bir situasiyada əziyyət çəkən uşaq və onu saxlayan valideyin olur. Ona görə də alimentin hesablanmasının qətnamənin qanuni qüvvəyə mindikdən sonra başlanılması tamamilə əsassızdır. Məhkəmə alimentin mediasiya üçün müraciətin tarixi olan xx.xx.2024-cü ildən hesablanmasını nəzərə almalı idi.

15. Məhkəmə aliment məbləğinin 200 manat həcmində müəyyən etməsini heç bir halda əsaslandırmamışdır. Məhkəmə aliment məbləğinin qətnamənin qanuni qüvvəsini aldıqdan sonra hesablanmasını heç bir halda əsaslandırmamışdır. İddiaçı və övladının Bakı şəhərində yaşamaları nəzərə alınmaqla alimentin məbləği Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumun uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməli idi.

16. Odur ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(033)- 859/2024 saylı qətnaməsinin qismən-22 sentyabr 2010-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay bir uşaq üçün 200 (iki yüz) manat miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılmaqla 22 sentyabr 2010-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh mediasiya üçün müraciət tarixi olan 14 may 2024-cü il tarixdən başlayaraq hər ay bir uşaq üçün 235 (iki yüz otuz beş) manat miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsinin qət edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı məhkəmə kollegiyasına elektron qaydada göndərdiyi ərizəsində məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin tam təmin edilməsini xahiş etsə də, cavabdeh gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.

20. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-cı maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

21. BMT-nin 20 noyabr 1989-cu il tarixli «Uşaq hüquqları haqqında» Konvensiyasının; 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır.

22. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi»nin; 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır.

23. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun; 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosail, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

24. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı: Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd olunan qərarında məhkəmə sonda belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

28. Apellyator Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(033)-859/2024 saylı qətnaməsinin qismən-22 sentyabr 2010-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay bir uşaq üçün 200 (iki yüz) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılmaqla 22 sentyabr 2010-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh mediasiya üçün müraciət tarixi olan 14 may 2024-cü il tarixdən başlayaraq hər ay bir uşaq üçün 235 (iki yüz otuz beş) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsinin qət edilməsini xahiş etsə də iddianın təmin edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmamışdır.

29. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın rədd edilmiş və alimentin tutulmasının hansı tarixdən hesablanmalı olması hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas yoxdur.

31. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

32. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından olan 22 sentyabr 2010-cu il təvəllüdlü X7 iddiaçının himayəsindədir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(033)-668/2021 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahlarından doğulmuş 22 sentyabr 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılaraq, 175 manat məbləğində qət edilmişdir. Uşağın böyüdükcə tələbatlarının artdığını əsas gətirən iddiaçı Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e- 2(033)-668/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq 235 manat pul məbləğində müəyyən edilməsini xahiş etmişdir.

33. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas təşkil etmirlər.

34. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumun uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsinin, cavabdehin əmək qabiliyyətli olmasının, tərəflərin ailə və maddi vəziyyətlərinin nəzərə alınmamasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, 2024-ci il üçün uşaqlar üçün müəyyən edilmiş 235 manat aliment məbləğini nəzərdən keçirdikdə müəyyən etmək olur ki, birinci instansiya məhkəməsi alimentin məbləğini hər ay üçün 200 manat məbləğində qət etməklə əslində hər iki tərəfin mənafeyini nəzərə almışdır. Belə ki, uşaqların zəruri tələbatları, minimum ehtiyacları hər iki valideyn tərəfindən qarşılanmalıdır.

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin alimentin qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmsı hissəsində qənaətinin düzgün olmaması, məhkəmənin ailə qanunvericiliyin tələblərinə əsasən alimentin mediasiya üçün müraciətin tarixi olan xx.xx.2024-cü ildən hesablanmasını nəzərə almaqla buna uyğun qərar qəbul etməli olmasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli, 8-2/2016 №-li Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən aliment məbləği müəyyən edilərkən uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlimtərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyi nəzərə alınaraq uşağın saxlanması üçün 200 manat alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz.

37. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır.

38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi alimentlə bağlı iddia tələbini qismən təmin etməkdə düzgün nəticəyə gəlmişdir.

39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-859/2024 nömrəli qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-859/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar