Məhkəmə qərarları › İş №2(107)-1256/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1256/2020

09.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1256/2020 09.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X6 iclas katibliyi İddiaçı (bundan sonra iddiaçı), Cavabdeh (bundan sonra cavabdeh) və onun vəkili X3 iştirakı ilə Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının verdiyi apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Oğuz Rayon Məhkəməsində cavabdehə qarşı iddia qaldıraraq, 2015 - 2019-cu illər üçün vurulmuş zərərə görə 150.000 (bir yüz əlli min) manat məbləğində pul vəsaitinin birdəfəlik və Oğuz rayon dövlət notariat kontorunda xx xxxx 2010-cu il tarixdə bağlanmış “Birgə fəaliyyət haqqında” müqavilənin qüvvədə olduğu müddətdə hər ay üçün 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin (hakim K.Süleymanov) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında birgə fəaliyyət haqqında xx xxxx 2010-cu il tarixli təsis müqaviləsi bağlanmış və Oğuz rayon dövlət notariat kontorunda təsdiq edilmişdir. Həmin müqaviləyə əsasən birgə balıqçılıq təsərrüfatının yaradılması razılaşdırılmışdır. Təsərrüfatdan gəlir əldə edilməyə başlanandan sonra cavabdeh həmin müqavilənin şərtlərini pozaraq, ona ziyan vurmuş və əldə edəcəyi gəlirdən onu məhrum etmişdir. Həmin müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən yerinə yetirilmədiyindən və birgə fəaliyyət qaydaları pozulduğundan, o, cavabdehə qarşı vurulmuş zərərə görə pul tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, cavabdeh tərəfindən də xx xxxx 2010-cu il tarixli təsis müqaviləsinin etibarsız hesab edilməsi və sair tələblərlə məhkəməyə müraciət edilmişdir. Həmin məhkəmə mübahisələri üzrə son məhkəmə qərarı Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsidir. Qeyd edilən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehdən onun xeyrinə 132.500 manat pulun tutulması qət edilmişdir. Həmin pul məbləği 2010-cu ilin 5 ayı və 2011-2014-cü illərdə vurulmuş zərərə görə pul məbləğidir. Cavabdehin xx xxxx 2010-cu il tarixli təsis müqaviləsinin etibarsız hesab edilməsi və sair tələbləri isə təmin edilməmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə birgə fəaliyyət haqqında xx xxxx 2010-cu il tarixli təsis müqaviləsinə uyğun olaraq həmin müqavilənin şərtlərinin pozulmasına görə 2010-cu ilin 5 ayı və 2011-2014-cü illər üçün 132.500 manat maddi zərər məbləği müəyyən edilmişdir. Qeyd olunan təsis müqaviləsi hazırda da qüvvədədir. Bu səbəbdən 2015 - 2019-cu illər üçün cavabdehdən hər ay üçün 2500 manat olmaqla, cəmi 150.000 manat məbləğində pul vəsaiti tutularaq ona ödənilməlidir. Bundan əlavə, xx xxxx 2010-cu il tarixdə bağlanmış “Birgə fəaliyyət haqqında” müqavilənin qüvvədə olduğu müddətdə də hər ay üçün 2500 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq ona ödənilməlidir. Ona görə də o, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Qeyd olunan əsaslara görə 2015 - 2019-cu illər üçün vurulmuş zərərə görə 150.000 manat məbləğində pul vəsaitinin birdəfəlik və Oğuz rayon dövlət notariat kontorunda xx xxxx 2010-cu il tarixdə bağlanmış “Birgə fəaliyyət haqqında” müqavilənin qüvvədə olduğu müddətdə hər ay üçün 2500 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənimlə Cavabdeh arasında Oğuz rayon dövlət notariat kontorunda xx xxxx 2010-cu il tarixdə “Birgə fəaliyyət haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən birgə balıqçılıq təsərrüfatı fəaliyyətinin yaradılması razılaşdırılmışdır. Təsərrüfatda gəlir əldə etməyə başlanandan sonra Cavabdeh həmin müqavilənin şərtlərini pozaraq mənə ziyan vurmuş və əldə edəcəyi gəlirlərdən məni məhrum etmişdir. Həmin müqavilə üzrə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyindən, birgə fəaliyyət qaydaları pozulduğundan tərəfimdən cavabdehə qarşı “vurulmuş ziyana görə pul tələbi” iddiası ilə məhkəməyə müraciət edilmişdir. Eyni zamanda cavabdeh tərəfindən təsis müqaviləsinin etibarsızlığı və s. tələblə məhkəməyə müraciət edilmişdir. Həmin məhkəmə mübahisələrinin son aktı Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2( 107)-304/2018 saylı qətnaməsidir. Qəbul edilmiş və qanuni qüvvəsini almış Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2018ci il tarixli 2( 107)-304/2018 saylı qətnaməsi ilə Cavabdeh mənim xeyrimə (aylıq 2500 manat olmaqla 2010-cu ilin 5 ayı və 2011-2014-cü illərə görə) 132,500 manat məbləğində vəsaitin tutulması qət edilmişdir. Cavabdeh tərəfindən xx xxxx 2010-cu il tarixli təsis müqaviləsinin etibarsızlığı və s. tələblə bağlı qaldırılmış iddialar isə təmin edilməmiş və qətnamələr qanuni qüvvəsini almışdır. xx xxxx 2010-cu il tarixli təsis müqaviləsi hal-hazırda da qüvvədədir. Bundan başqa, tərəflər arasında əvvəllər baş tutmuş və hal-hazırda qanuni qüvvədə olan Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(107)-304/2018 saylı qətnaməsi mövcuddur. Məhkəmə qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin (Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.) tələblərini kobud sürətdə pozmuşdur. Belə ki, iş materiallarında mövcud olan xx xxxx 2010-cu il tarixli təsis müqaviləsini (halhazırda qüvvədədir), Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(107)- 304/2018 saylı qətnaməsini (prediyusal qüvvəyə malikdir), Oğuz rayon Xalxal kənd icra nümayəndəliyinin və Xalxal bələdiyyəsinin müvafiq arayışlarını (təsərrüfatın hal hazırda faktiki olaraq cavabdeh tərəfindən idarə olunmasını əks etdirir), internet resuslarından əldə edilmiş məlumatları, o cümlədən səs yazılarını (cavabdeh özünün faktiki idarəçi olması və təsərrüfatın hal-hazırda fəaliyyət göstərməsi barədə etirafları) görməzdən gələrək fərziyyələrə əsaslanan qətnamə qəbul edilmişdir. Digər tərəfdən, məhkəmə qanunvericilik maddəsini, daha dəqiq desək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsini (Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.) şərh etməyi, hansı halların ona aid edilib hansı halların ona aid edilmədiyi bildirməyi özünə borc bilmiş, bununla da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin səlahiyyətlərini yerinə yetirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarını tətbiq etməli olduğu halda tətbiq etməmiş, tərəflər arasındakı faktiki halları yenidən sübut etməyə çalışmışdır. Ən əsas məhkəmə qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin, öhdəliklərlə bağlı maddələrinin, mülki hüquq pozuntuları adlanan 59-cu fəslin maddələrinin tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməli, Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında İddiaçı bildirmişdir ki, iddiaçı olaraq cavabdehə qarşı qardırmış olduğu işlə bağlı kifayət edən sübutları Oğuz Rayon Məhkəməsinə təqdim etmişəm. Yəni qanuni qüvvədə olan təsis müqaviləsi, qanuni qüvvəsini almış məhkəmə qərarları, cavabdehin Konstitusiya məhkəməsinə müraciət etməsinə dair Konstitusiya Məhkəməsinin xitam qərarı, Qumlaq və Xalxal kənd bələdiyyələrinin arayışları, cavabdehin öz ağzından qeyd olunmuş və açıq-aşkar efirə verdiyi “bura mənimdir” şəkilindəki video-görüntüləri kimi sübutları kifayət edəcək dərəcədə məhkəməyə təqdim edilmişdir. Hər şey göz qabağındadır.10 ildir ki, cavabdehlə aramızda məhkəmə çəkişmələri davam edir, cavabdeh də 50 faizi mənə məxsus olan təsərrüfatı işlədərək gəlir əldə edir. Mən isə qıraqda qalmışam. Təsis müqaviləsi aramızda olan razılaşma ləğv olunana qədər qüvvədə qalmalıdır. Müqavilə özbaşına qüvvədən düşə bilməz. Təsis müqaviləsi məhkəmə qararları ilə qüvvədə saxlanılmışdır. Yalnız biz ikimiz razılaşaraq notariusda həmin müqaviləni ləğv edə bilərik. Cavabdeh mənimlə razılaşmanı əldə etmək üçün 50 faiz olan payımı mənə verməlidir. Ekspert 1,2 ha torpaq sahəsində olan təsərrüfatı qiymətləndirməli və həmin məbləğin yarısı mənə verilməlidir. Məhkəmə başlayanda mən cavabdehə təklif etmişəm ki, mən pulunu verim sən çıx get, ya da ki, sən pulumu ver mən gedim. 150 min dollarla bağlı cavabdeh iddia qaldırmış, iddiası rədd edilmiş, bununla bağlı məhkəmə qətnaməsi qanuni qüvvəyə minmişdir. Cavabdehin mənə 150 min manat məbləğində borcu var idi, həmin borcu mənə qaytardı. Həmin pulun bu işə aidiyyəti yoxdur. Ona gorə də Oğuz Rayon Məhkəməsinin qətnaməsini ləğv edərək iddia tələbimin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında Cavabdeh bildirmişdir ki, iddiaçı iddia edir ki, 1,2 ha torpaq sahəsinin yarısı mənimdir. Oğuz Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Oğuz rayonunun Xalxal kəndi ərazisindən dövlət ehtiyatı fondu torpaqlarından 1,2 hektar torpaq sahəsi 15 il müddətinə mənim icarəmə verilmişdi. Həmin torpağın ekspert tərəfindən qiymətlərindirilməsinə gəlincə, iş materiallarında təsərrüfatın qiymətləndirilməsi barədə sənəd var, 2011-ci ildə ekpert təsərrüfata 96 min manat qiymət qoymuşdur. İddiaçı məndən təsərrüfatın yarısını tələb etsə də, bütün məhkəmələrdə onun təsərrüfata bir qəpik qoymadığı sübuta yetirilmişdir. Sadəcə müqavilə qüvvədə qalıb. Təsərrüfatın qiyməti 96 min manatdırsa, iddiaçı məndən maksimum 50 minə qədər pul tələb edə bilərdi. 2015-ci ildə bir qrup birləşib, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə məndən şikayət edib, məndən 200, 300 min pul tələb etməyə başladılar. Mənə və ailəmə 25 gün ərzində əzab verdilər. Həmin idarədə mənə bildirdilər ki, sən iddiaçıya 150 min manat pul ver, onun səndən iddia və tələbi olmayacaq. Çətinliklə bu məbləgi yığıb iddiaçıya vermişəm, o isə vəkilim və müstəntiqin iştirakı ilə mənə qarşı heç bir iddiasının olmayacağı barədə protokola qol çəkib. Ailəmdən narahat olduğum üçün bu pulu vermişəm. Bundan sonra iddiaçı sözünə əməl etmədi, yenidən mənə qarşı 132.500 manat tələbi ilə iddia qaldırdı. İndi nə üzlə məndən pul tələb edir. İddiaçı ilə tanışlığım 2008-ci ildə baş tutmuşdu. İddiaçı balıqçılıq üzrə mütəxəssis olduğunu bildirmiş və mənə balıqçılıq təssərüfatının inkişaf etdirilməsində köməklik edəcəyini vəd etmişdir. Mən 1,2 hektar torpaq sahəsini 15 il müddətinə icarəyə götürərək icarəyə götürdüyüm torpaq sahəsinin bir hissəsində arıçılıq təsərrüfatı yaratmaq üçün 15 ədəd arı pətəyini yerləşdirməyə və orada yaşamasına iddiaçıya icazə vermişəm. 2010-cu ildə imkanımın çatmadığını görüb iddiaçı ilə birgə fəaliyyət haqqında müqavilə bağlamışam. İddiaçı özü müqaviləni tərtib etmişdi. Mən də imza atmışam ki, gələcəkdə qurulası təsərrüfatın bütün xərcləri 50 faiz olmaqla ziyanı və xeyiri üçün iddiaçını özümə şərik götürürəm. Müqavilənin mahiyyəti budur. Hal-hazırda bu təsərrüfatla mənim heç bir əlaqəm yoxdur. X4 Oğuz rayon Qumlaq bələdiyyəsinə aid olan ərazidən 3,0 hektar torpaq sahəsini xx xxxx 2014-cü il tarixli müqavilə əsasında balıqçılq və turizm mərkəzi yaratmaq məqsədi ilə icarəyə götürmüş və hazırda da icarəyə götürdüyü həmin torpaq sahəsində sahibkarlıq fəaliyyəti göstərir. Mən işləmirəm, sağlamlığım buna imkan vermir. Hərdən yay aylarında istirahət mərkəzlərində nəzarətçi işləyirəm. Biz faktiki olaraq birgə fəaliyyət göstərməmişik. 2013-cu ildə Oğuz Rayon İcra Hakimiyyəti tərəfindən müqaviləyə xitam verildi, yəni torpaq məndən alındı, çünki təsərrüfat işləməyib, heç bir fəaliyyətimiz olmadığına görə təsərrüfat ləğv olundu. 2014-cü ildə də vergi faəliyyətim tamamilə dayandırılb. Mənim bu təsərrüfatda 2013-cü ildən fəaliyyətim olmayıb. İddiaçının təsərrüfatın fəaliyyəti ilə bağlı internet səhifələrindən və digər sosial şəbəkələrdən əldə olunduğunu iddia etdiyi məlumatlarla bağlı bildirirəm ki, mən 2015 və 2016-cı illərdə qeyd olunan balıqçılıq təsərrüfatında mövsüm zamanı müddətli əmək müqaviləsi ilə işçi kimi işləmişəm. Mən həmin təsərrüfatın aparıcı işçilərindən biri hesab edildiyimdən, təsərrüfata gələn müştərilərlə bağlı yaranmış hər hansı problemi həll etməyimdə qeyri-adi heç bir şey yoxdur və bu zaman yaranmış mübahisəyə son qoymaq üçün “təsərrüfat mənimdir” ifadəsini də işlətmiş ola bilərəm. Ona görə də apelyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili və nümayəndəsi Nizami Abasov çıxış edərək apelyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdehin Oğuz Rayon İcra Hakimiyyətinə müraciəti əsasında Oğuz Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 2008-ci il tarixli 204 saylı sərəncamına əsasən Oğuz rayon Xalxal kəndinin ərazisindəki dövlət ehtiyatı fondu torpaqlarından 1,2 hektar torpaq sahəsi balıqçılığın inkişafı üçün 15 (on beş) il müddətinə onun icarəsinə verilmişdir. Oğuz Rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı əsasında cavabdehə icarəyə götürdüyü torpaq sahəsində balıqçılıq təsərrüfatı yaratmaq üçün yardımçı binaların tikintisinə icazə verilmişdir. Qeyd olunan torpaq sahəsində balıqçılıq təsərrüfatı yaradılmış və 2009-2010-cu illərdə cavabdeh iddiaçı ilə həmin təsərrüfatda birgə fəaliyyət göstərmişdir. Tərəflər arasında xx xxxx 2010-cu il tarixdə Oğuz Rayon Dövlət Notariat Kontorunda təsis müqaviləsi adı ilə bağlanmış müqavilədə cavabdehin icarəsində olan torpaq sahəsində yenidənqurma və ya qurulacaq balıqçılıq təsərrüfatı üçün lazımi işlərin aparılmasından ötrü (ziyan və xeyir daxil olmaqla) 50 % pulunu alıb iddiaçını özünə şərik qəbul etdiyi, həmçinin, Oğuz rayonu Mollalı kəndi ərazisindən keçən çayın ətrafında icarəyə götürülən torpaq sahəsində yaradılacaq balıqçılıq təsərrüfatına ortaqlığa davam ediləcəyi qeyd edilmişdir. Müqavilə bağlandıqdan qısa müddət sonra tərəflər arasında narazılıq yaranmış və hər iki tərəf müxtəlif tələblərlə məhkəməyə müraciət etmişlər. Bundan sonra onların təsərrüfatdakı birgə fəaliyyətinə faktiki olaraq son qoyulmuşdur. Tərəflərin müxtəlif məzmunlu tələbləri ilə əlaqədar müvafiq məhkəmə qərarları qəbul edilmiş və bu məhkəmə qərarları qanuni qüvvəyə minmişdir. İddiaçı cavabdeh tərəfindən onun təsərrüfata girişinə maneçilik törədilməsəydi, bu gün də həmin təsərrüfatda işləyib gəlir əldə edə biləcəyini, cavabdehin onu bu gəlirdən məhrum etdiyini bildirərək hazırda cavabdehdən 2015 - 2019-cu illər üçün vurulmuş zərərə görə 150.000 (bir yüz əlli min) manat məbləğində pul vəsaitinin birdəfəlik və Oğuz Rayon Dövlət Notariat Kontorunda xx xxxx 2010-cu il tarixdə bağlanmış “Birgə fəaliyyət haqqında” müqavilənin qüvvədə olduğu müddətdə hər ay üçün 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsini tələb edir. İddiaçı öz iddia tələbinin əsası kimi onunla cavabdeh arasında bağlanmış və Oğuz Rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş xx xxxx 2010-cu il tarixli “Birgə fəaliyyət haqqında” təsis müqaviləsinə və Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə istinad edir. Cavabdeh iddia tələbinə etirazlarının əsası olaraq qeyd edir ki, mübahisə predmeti olan təsərrüfat 2013-cü ilin aprel ayından onun sahibliyindən çıxmış və torpaq sahəsi də ondan geri alınaraq icarə müqaviləsinə xitam verilmişdir. Onun adına olan VÖEN də 2014-cü ildə bağlanmışdır və hazırda həmin təsərrüfatın sahibi başqa bir şəxsdir. İddiaçı 2013-cü ildə öz təşəbbüsü ilə təsərrüfatdakı əmlaklarını götürərək həmin təsərrüfatı tərk etmişdir. Onun hazırda iddiaçının qarşısında hər hansı öhdəliyi olmadığına görə onun maddi zərər məbləği kimi pul tələbinə dair hazırki iddiasını əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd olunan hüquq normasının məzmunundan göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş yalnız o faktlar başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir ki, həmin faktların gələcəkdə bir daha araşdırılmasına, sonradan yarana biləcək digər hallara hüquqi qiymət verilməsinə və yenidən sübut edilməsinə hər hansı ehtiyac qalmır. Hazırda iddiaçı öz iddia tələbinin əsası kimi yalnız onunla cavabdeh arasında bağlanmış və Oğuz Rayon dövlət notariat kontorunda təsdiq edilmiş xx xxxx 2010-cu il tarixli təsis müqaviləsinə və Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə istinad edir. İş materiallarından da göründüyü kimi, həqiqətən də, tərəflərin xx xxxx 2010-cu il tarixli təsis müqaviləsi bağladıqları və bu müqavilənin hazırda da ləğv edilmədiyi, iddiaçının 2010-2014-cü illər ərzində təsərrüfatdan əldə edə biləcəyi gəlirin miqdarının hər ay üçün 2500 manat miqdarında olması Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunmuş hal olmaqla, məhkəmə həmin halları hazırda da sübuta ehtiyacı olmayan və hazırki məhkəmə iclasında mübahisələndirilə bilməyəcək faktlar kimi qəbul edir. Ancaq iddiaçının mübahisələndirilən təsərrüfatdan 2010-2014-cü illər ərzində hər hansı miqdarda gəlir əldə edə biləcəyinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilməsi, həmin qətnamə ilə müəyyən olunmuş halın sonrakı dövrlərdə də illər boyu davamlı olaraq, hətta təsərrüfat faktiki olaraq fəaliyyət göstərmədiyi və ya təsərrüfatın subyekti dəyişdiyi halda da, həmin miqdarda gəlirin əldə ediləcəyini mütləq fikir kimi deməyə əsas vermir. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, hər bir sahibkarlıq obyektinin fəaliyyəti davam edən münasibətlərdən yaranan bir proses olub həmin fəaliyyətlə əlaqədar əldə oluna biləcək gəlirin və ya təsərrüfat subyektlərinin məruz qala biləcəyi zərərin miqdarının davamlı olaraq hər zaman dəyişməsi mümkündür. Təsərrüfatdan əldə edilə biləcək gəlir təsərrüfat subyektlərinin dəyişməsi, iqtisadi böhran, təsərrüfatın fəaliyyətinin təşkili və ya tərəflərin iradəsindən asılı olmayan digər səbəblərdən hər zaman dəyişə bilər və bu halda əldə edilən gəlirin də artıb-azalması labüddür. Tərəflər arasında olan ortaqlıq münasibətləri sənəd üzərində davam etmiş olduğu halda belə, bu hal həmin münasibətlərin təsərrüfatdan gəlir əldə edilməsi istiqamətində də əvvəlki qaydada, eyni tərzdə və stabil şəkildə davamlı olaraq qalması kimi qiymətləndirilə bilməz. Məhz bu səbəbdən də hazırki vəziyyətdə iddiaçının dəlillərinə hüquqi qiymət verərkən hazırda qüvvədə olan xx xxxx 2010-cu il tarixli təsis müqaviləsinə və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə istinad edilməklə, qətnamənin əhatə etdiyi dövrdən sonrakı müddət üçün də təsərrüfatdan əldə edilə biləcək gəlirin miqdarına yenidən qiymətləndirilməyə və sübut edilməyə ehtiyacı olmayan fakt kimi yanaşmaq düzgün deyildir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən təsərrüfatdan əldə edilə biləcək gəlirin əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş miqdarı hazırki iş üçün preyudisial qüvvəyə malik olan fakt kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində nəzərdə tutulan, bir məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və yenidən sübuta ehtiyacı olmayan hal kimi qəbul edilə bilməz. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı öz iddia tələbinin əsası kimi yalnız onunla cavabdeh arasında bağlanmış və Oğuz rayon dövlət notariat kontorunda təsdiq edilmiş xx xxxx 2010-cu il tarixli “Birgə fəaliyyət haqqında” təsis müqaviləsinə və Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə istinad etməklə və məhkəməyə digər hər hansı sübut təqdim etməməklə, onun öz iddia tələbinin əsası kimi istinad etdiyi iki haldan heç biri eyni tərəflərin iştirak etdiyi başqa məhkəmə prosesində mübahisə predmeti olmayıb həmin halların yenidən sübut edilməsinə ehtiyac olmasa da, məhkəmə hesab edir ki, iddiaçının öz iddia tələbinin əsası kimi istinad etdiyi bu hallar onun hazırki iddia tələbinin də yalnız adı çəkilən təsis müqaviləsində və əvvəlki məhkəmə qətnaməsində qeyd olunan hallar əsas götürülməklə təmin olunması üçün yetərli hesab edilə bilməz. Məhkəmə tərəflərin dəlillərini müqayisəli şəkildə araşdıraraq və qeyd olunan prosessual hüquq normalarının tələbləri ilə əlaqəli şəkildə təhlil edərək qərara gəlir ki, iddiaçının cavabdehdən 2015 - 2019-cu illər üçün vurulmuş zərərə görə 150.000 (bir yüz əlli min) manat məbləğində pul vəsaitinin birdəfəlik və Oğuz rayon dövlət notariat kontorunda xx xxxx 2010-cu il tarixdə bağlanmış “Birgə fəaliyyət haqqında” müqavilənin qüvvədə olduğu müddətdə hər ay üçün 2500 (iki min beş yüz) manat məbləğində pul məbləğinin tutulmasına dair hazırki iddia tələbi, həmin iddia tələbinin məhkəmə araşdırması zamanı sübuta yetirilməməsi əsası ilə təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticə ilə razılaşır və əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən, mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması mülki qanunvericiliyin prinsipləri kimi çıxış edir. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Cavabdehin vəkili Nizami Abbasovun sorğusu əsasında məhkəməyə təqdim edilmiş Oğuz RİH başçısının və Oğuz rayon Xalxal ərazi nümayəndəliyinin məktubu, Oğuz RİH başçısının xx xxxxx 2013-cü il tarixli 42 nömrəli və xx xxxx 2014-cü il tarixli 73 nömrəli sərəncamlarından çıxarışlar, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış, X2 ilə Oğuz rayon Qumlaq bələdiyyəsi arasında bağlanmış xx xxxx 2014-cü il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsi, Qumlaq və Xalxal bələdiyyələrinin 18 və xx xxxxxx 2019-cu il tarixli aktlarından, habelə cavabdehin məhkəmə kollegiyasında verdiyi izahatından görünür ki, Oğuz rayonunun Xalxal kəndində 2008-ci ildə Oğuz RİH başçısının xx xxxxxxxx 2008-ci il tarixli 204 saylı sərəncamı ilə icra hakimiyyətinin mülkiyyətinə aid olan 1,2 ha torpaq sahəsində icarə müqaviləsi əsasında Qəbələ rayonunun Həmzəli kənd sakini Cavabdeh balıqçılıq təsərrüfatı yaratmış və o 2013-cü ilə qədər həmin müqavilə əsasında təsərrüfat fəaliyyət göstərmiş və həmin təsərrüfata Cavabdeh şəxsən rəhbərlik etmişdir. Lakin Oğuz RİH başçısının xx xxxxx 2013-cü il tarixli 42 nömrəli sərəncamına əsasən, təsərrüfatın əvvəlki sahibi Cavabdeh ilə Oğuz RİH arasında olan icarə müqaviləsinə xitam verilmişdir. 2014-cü ildə Oğuz rayonunun Xalxal kəndində balıqçılıq və turizm mərkəzi yaratmaq məqsədi ilə Qumlaq bələdiyyəsinə aid olan 3 ha torpaq sahəsini Qəbələ rayon sakini X2 xx.xx.2014-cü il tarixli müqavilə əsasında uzunmüddətli icarəyə götürmüşdür. Oğuz RİH başçısının xx xxxx 2014-cü il tarixli 73 nömrəli sərəncamı ilə “Xalxal kəndi ərazisində Xalxal farel balıqçılıq və şəlalə istirahət mərkəzi” kompleksinin layihələndirilməsinə icazə verilmiş, yeni hüquqi şəxs yaradılmış və indiyədək təssərrüfat fəaliyyət göstərir. Həmin təsərrüfata X2 rəhbərlik edir. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə razılaşa bilmir və hesab edir ki, tərəflər arasında xx xxxx 2010-cu ildə bağlanmış birgə fəaliyyət haqqında təsis müqaviləsinin təsisçilərdən birinin iradəsinin ziddinə olaraq sonsuza qədər davam etməsi, Mülki Məcəllənin qeyd olunan prinsipləri ilə uzlaşmır. Əgər o da nəzərə alınsa ki, cavabdeh hazırda mübahisəli təsərrüfatda çalışmır və faktiki olaraq təsərrüfatın sahibi başqa şəxsdir və bundan əvvəl iddiaçının eyni tələbi üzrə cavabdehdən 132.500 manatın alınıb iddiaçıya verilməsi qət olunub, onda apelyasiya tələbinin əsaslı olması qənaətinə gəlmək olmur. Şərh olunanlara əsasən, apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi kifayət qədər araşdırma aparmış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin hallarına uyğun olmuşdur. Apelyasiya şikayətinin dəlilləri əsaslı deyil və təmin oluna bilməz. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 88-ci maddəsi). «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə xx xxxx 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. «Qаvаzov Bolqаrıstаnа qаrşı» iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəldiyindən və qətnamənin ləğv edilməsi üçün qanuni əsaslar olmadığından, apelyasiya şikayəti təmin edilməməli və iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar