Məhkəmə qərarları › İş №2(107)-1257/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1257/2025

26.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1257/2025 26.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, qüvvə) X1 (sədrlik edən və məruzəçi), X2 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli, 2(039)-2227/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə eyni icra nümayəndəliyində yaşayırlar. Qırx ildən çox valideynləri ailəvi dostluq etmiş, bir-biri ilə gediş-gəlişli və mehriban olmuşlar. Ağsaqqal, ağbirçəklərdən sonra bu dostluğu onlar davam etdirərək birbirinə əmioğlu deyərək 30 ildən çoxdur ki, dostluq edirlər. Dostu ondan istər az, istər çox məbləğdə pul istəsə heç vaxt imtina edə bilməzdi. Dostu xx.xx.2022-ci il tarixdə ona zəng vuraraq onunla təcili görüşməyi xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə axşamtərəfi saat 6:30-da onlara gəlmiş və 1 saat söhbətdən sonra ona 40 000 manat dəyərində borca düşdüyünü, borcu ödəməli olduğunu, kömək etməsini demişdir. Söhbət əsnasında cavabdeh ona yaşadıqları evdən başqa kənddə və Bakı şəhərində əlavə evlərinin olduğunu, satıb borcu qaytarmağa imkanı olduğunu, yəni 40 000 (qırx min) yeni Azərbaycan manatını ona verəndən sonra yemək süfrəsində əyləşən vaxt cavabdeh özü könüllü olaraq aldığı pula görə yazılı borc müqaviləsi yazacağını demişdir. Dostu Cavabdeh geniş məzmunlu borc müqaviləsi yazaraq aldığı borc pulun faizsiz olduğunu, borcun ödənişində hansısa yersiz mübahisə yaratmayacağını, əgər yaradarsa öz dəsti xətti ilə yazıb doğruluğunu imzası ilə təsdiq etdiyi borc müqaviləsinə əsasən borcun ödənişi qanuni yolla məhkəmə vasitəsi ilə öz həllini tapacağını göstərmişdir. Borc müqaviləsində Cavabdeh tərəfindən borc ödənişi qurtaranda İddiaçı şəxsi imzası ilə ödəniş haqda qəbzi və yaxud da öz dəsti xətti ilə yazdığı borc müqaviləsinin əsli onda yoxdursa borc ödənilməmiş sayılır yazılmışdır. Bu sözlərdən sonra heç bir sorğu-suala və şərhə ehtiyyac qalmır. Cavabdeh öz dəsti xətti ilə yazdığı borc müqaviləsində özü könüllü qeyd etmişdir ki, borc müqaviləsini yazmağa onu heç kəs məcbur etməyib, ehtiyacı olduğu üçün özü könüllü yazmış, borc müqaviləsinin onun tərəfindən yazılmasının doğruluğunu öz imzası ilə təsdiq edir. Dostu Cavabdeh borcun qaytarılmasını mübahisələndirib məhkəmə həddinə çatdırmayacağını öz dəsti xətti ilə yazdığı geniş məzmunlu borc müqaviləsində qeyd etdiyinə baxmayaraq, cavabdeh ondan qaçdığından və tez-tez telefon nömrələrini dəyişdiyindən məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh borc müqaviləsində yazdığı tarixdən iki il keçməsinə baxmayaraq bu günə kimi borcu ödəməmişdir. Dəfələrlə onun yaşadığı ünvana getmiş, hər dəfə borcunu ödənişinə söz versə də, onu aldatmışdır. Borc müqaviləsinin və iddia ərizəsinin MM-nin tələblərinə uyğun hazırlanmasına riayət etmişdir. Belə ki, MM-nin 740.2-ci maddəsinə görə borc üç min manatdan çox olarsa borc müqaviləsi yazılı formada olmalıdır. Yazılan borc müqaviləsində qeyd etdiyi maddəyə tam riayət edərək, borc müqaviləsini yazılı almışdır. Yazılan borc müqaviləsindən məlum olur ki, cavabdeh onun yaşadığı ünvana gəlmiş və ondan xahiş edərək borc istəmişdir. 2024-cü ilin aprel ayında o (iddiaçı) cavabdehdən aldığı borcu istəyəndə cavabdeh onu şantaj edərək aidiyyatı olmayan dövlət orqanlarına şikayət verməyə başlamışdır. Halbuki, borcun faizsiz alınması və borcun vaxtında qaytarılması ədalətli və qanuni yolla məhkəmə tərəfindən tələbkarın xeyrinə həll olunacağın öz yazdığı borc müqaviləsində yazmışdır. Cavabdeh faizsiz borc müqavləsini təsdiqləyən tutarlı dəlil sübutu onun könüllü videodisk çəkilişinə girməsidir. Cavabdeh aldığı borc pulun o qədər alınmaında və yaxud ödənilməsində hansı bəhanələri etsə əsas odur ki, borc müqaviləsinin əsli ondadır (iddiaçı) və ödəniş haqda heç bir sübutu və yaxud onun (iddiaçı) tərəfindən təsdiqlənmiş qəbzi yoxdur. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.1, 740.2, 529.3, 385.1-ci maddələrinə istinad edərək, Cavabdeh 40 000 (qırx min) manat məbləğində borc pulun və 210 (iki yüz on) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Yevlax Rayon Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli, 2(039)-2227/2025 nömrəli qətnaməsi ilə (hakim Qalib Paşayev) iddianın təmin edilməsi, Cavabdeh 40 000 (qırx min) manat borc pul və 210 (iki yüz on) manat dövlət rüsumu alınıb İddiaçı verilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 329.2, 385.1, 390.1, 425.1, 445.2.1, 739.1, 739.2, 740.1 və 740.2-ci maddələrinə istinad etmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşdə olan sadə yazılı formada tərtib edilmiş xx.xx.2022-ci il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 40 000 (qırx min) manat faizsiz olaraq borc almışdır.

6. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, hesab edir ki, məhkəmə hazırki iş üzrə obyektiv qərar qəbul etməmişdir. Belə ki, məhkəmə iddiaçının ona 4000 manat verdiyi halda formal heç bir rəsmi orqan tərəfindən təsdiqlənməmiş müqavilə əsasında 40000 manat borc aldığı qənaətə səhvən gəlmişdir. Məhkəmənin nəzərinə həmin məbləğin 4000 manat olmasını, həmin pulun faizlə verilməsini bildirsə də məhkəmə işin bu hallarını araşdırmamışdır. Halbuki, iddiaçının eyni xaraketrli əməllərə görə cinayət məsuliyyətinə cəlb edilməsi hamı üçün məlumdur. Həmçinin hesab edir ki, həmin əqd (müqavilə) onu aldatmaq yolu ilə yazıldığından həmin əqd etibarsızdır. Qanunvericiliyə uyğun olaraq da etibarsız əqd bağlandığı gündən etibarsızdır və hüquqi qüvvəsi yoxdur. Bundan başqa həmin müqavilə xx.xx.2022-ci il tarixdə bağlanmağına baxmayaraq, iddiaçı pulu tam olaraq tələb edir və tərəfindən ödəniş olunmadığını bildirir. Bu da iddiaçının 3 illik iddia müddətinin keçməsini təsdiq edir. İşə baxan məhkəmə tərəfindən iddia müddəti belə tətbiq edilməmiş və bununla bağlı məndən ərizə alınmamışdır. Göründüyü kimi, məhkəmə onun qanunla qorunan mülkiyyət hüququnu pozaraq əsassız qətnamə çıxarmışdır.

8. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli, 2(039)- 2227/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər kollegiyanın iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üc min manatdan coxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakcısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

13. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

16. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

17. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

18. Cavabdeh Yevlax Rayon Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli, 2(039)- 2227/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh 05 fevral 2022-ci il tarixdə İddiaçı 40000 (qırx min) manat borc almış, lakin öhdəliyini yerinə yetirməmiş, aldığı pulu iddiaçıya qaytarmamışdır. Buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabdeh iddaçıdan aldığı borc pulu qaytardığını, həmin pulu faizlə aldığını, aldığı pula görə hər ay faiz ödədiyini, 05 fevral 2022-ci il tarixli borc müqaviləsini aldanaraq yazdığını, iddiaçıdan 40000 (qırx min) manat deyil, 4000 (dörd min) manat aldığını göstərsə də, həmin halları təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında cavabdeh 05 fevral 2022-ci il tarixli borc müqaviləsinin onun tərəfindən yazıldığını və imzalandığını təsdiq etmişdir.

21. Cavabdeh apellyasiya şikayətində qeyd etdiyi iddia müddətinin tətbiq edilməsi ilə bağlı dəlilinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlili əsassızdır.

22. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən Müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. İşdə olan tərəflər arasında bağlanmış sadə yazılı formada borc müqaviləsi xx.xx.2022ci il tarixində tərtib edilmişdir. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2024-cü il tarixində birinci instansiya məhkəməsinə müraciət etmişdir. Məhkəmə kollegiyası borc müqaviləsinin xx.xx.2022-ci il tarixində tərtib edildiyini, Müqavilə tələbləri üzrə iddia müddətinin üç il təşkil etdiyini və iddiaçının xx.xx.2024-cü il tarixində birinci instansiya məhkəməsinə müraciət etdiyini nəzərə alaraq hesab edir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət etdiyindən iddia müddəti ötürülməmişdir.

23. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

24. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli, 2(039)-2227/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli, 2(039)-2227/2025 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar