Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1260/2021 30.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(039)-49/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(039)-49/2021 nömrəli qətnaməsi ilə (hakim Günay Cavadova) iddia təmin edilmiş, Cavabdeh 2000 (iki min) manat məbləğində pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manatın İddiaçı xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyəri olan 126 manat pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 SFİFT Bik: CTREAZ 22) hesabına keçirilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 2000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh 25.09.2018-ci il tarixində, bir ay müddətinə qaytarmaq şərti ilə 2000 manat borc pul vermiş və cavabdeh pulu alması barədə qəbz yazaraq onu imzalamışdır. Dəfələrlə borcun qaytarılması barədə cavabdehə müraciət etsə də, cavabdeh borcu qaytarmaqdan imtina etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh iddia ərizəsinin dəlillərinə etiraz edərək, iddiaçı tərəfindən təqdim edilmiş qəbzin ona aid olmadığını və onun tərəfindən imzalanmadığını bildirərək, məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh apellyasiya şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Yevlax Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(039)-49/2021 nömrəli qətnaməsi ləğv edilməlidir. Belə ki, o, bu iddia tələbi ilə razılaşmır, iddiaçıdan 2000 manat borca pul almış və artıqlaması ilə hamısını vaxtında ödəmişdir. İddiaçı məhkəmədə onun qəbz yazaraq öhdəlik götürdüyünü bildirmişdir, lakin o, o qəbzi iddiaçının anasının adına yazmışdır və borcu da iddiaçının anasına ödəmişdir, iddiaçı həmin borcu ondan ona görə tələb edir ki, başqa bir tanışına qızıl zinət əşyasını zaloq kimi qoymuş, ancaq geri ala bilməmişdir. Razılaşdıqları 2000 manat pulun hamısını iddiaçının anasına şəxsən qaytarmışdır. Onun adından olan iltizamlar da iddiaçının anasından aldığı həmin 2000 manat pul üçün qol çəkdiyi iltizamlardır . Alınan borc bir müddət sonra artıqlaması ilə qaytarılmışdır. Bunu təsdiq edəcək şahidlər də var. Əlavə olaraq işin faktiki hallarının daha dəqiq araşdırılmasını və ədalətli qərar verilməsini xahiş edir. Qeyd edilən iddia tələbi ilə məhkəmədə etirazını bildirsə də, xanım hakim ekspret rəyini əsas gətirərək etirazının əsassız olduğunu bildirmişdir. Daha sonra yaşadığı ünvanda olmamış. Bir müddət sonra icra şöbəsindən Elmidar adlı icra məmuru onu şöbəyə dəvət edərək borcun ödənilməli olduğunu bildirmişdir. O isə öz növbəsində bununla razılaşmadığını və yuxarı instansiya məhkəmələrinə bu barədə şikayət verəcəyini bildirib. Daha sonra Yevlax Rayon Məhkəməsinə müraciət edərək qəbul edilən qətnamənin surətinin ona verilməsini xahiş edib. Hesab edir ki, işə baxan məhkəmə bütün bu işin həqiqi hallarını nəzərə almamış, ədalətsiz qətnamə qəbul etmiş, nəticədə onun vəziyyətini olduqca ağırlaşdırmışdır. Göründüyü kimi, işə baxan məhkəmə qeyd etdiyi iş üçün əhəmiyyətli olan işin həqiqi hallarını tam və ətraflı araşdırmamış və düzgün qiymətləndirməyərək özünün qanunsuz qətnaməsini çıxarmaqla onun vəziyyətini ağırlaşdırmış və qanunla qorunan hüquqlarını pozmuşdur. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(039)-49/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsə də, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməməli, İş üzrə Yevlax Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(039)-49/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmalıdır. İş materialında olan Cavabdeh tərəfindən 25.09.2018-ci il tarixdə yazılmış qəbzdən görünür ki, cavabdeh iddiaçıdan 2000 manat borc pul almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02.12.2020-ci il tarixli 4/951 saylı rəyindən görünür ki, 25.09.2018-ci il borc qəbzində olan imza Cavabdeh tərəfindən icra olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442 və 739-cu maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı ortaya çıxmışdır ki, iddiaçı cavabdehə 2000 manat məbləğində pul vermiş, Cavabdeh 2000 manat məbləğində pulu iddiaçıya qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh qəbzin ona aid olmadığını və onun tərəfindən imzalanmadığını bildirsə də, bununla bağlı məhkəməyə sübut təqdim etməmiş və bununla da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 2000 manat məbləğində pul tutulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apellyasiya qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(039)-49/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apellyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apellyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(039)-49/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1260/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1260/2021
30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver