Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1261/2023 14.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “avtomobilə dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Avtomobilə dəymiş ziyan-pul tələbi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilə dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(024)-131/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları
1. İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh avtomobilinə dəymiş maddi ziyana görə 4600 manat və ödənilmiş 66 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə Qax rayonu, Qapıçay kəndi ərazisində özünə məxsus olan iribuynuzlu heyvanı günün qaranlıq vaxtı xüsusi olaraq ayrılmayan yerdə nəzarətsiz buraxmış və nəticədə idarə etdiyi “Mersedes-Benz Sprinter yük” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmış, bunun nəticəsi olaraq iribuynuzlu heyvan avtomobilə dəymiş və idarə etdiyi nəqliyyat vasitəsinə ciddi ziyan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Qax rayon Polis şöbəsinin DYPB- nın əməkdaşları tərəfindən inzibati araşdırma aparılmış və Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Qax rayon Məhkəməsinə göndərilmişdir. Qax rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 3(024)-450/2022 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsi ilə təqsirli bilinərək, 80 (səksən) manat məbləğində inzibati cərimə edilmişdir. İşin hallarından göründüyü kimi, avtomobilə dəymiş ziyan Cavabdeh təqsirli hərəkəti nəticəsində baş vermişdir. Buna görə hesab edir ki, Cavabdeh avtomobilimə dəymiş ziyanı ödəməlidir. Yol-nəqliyyat hadisəsi zamanı “Mersedes-Bcnz Sprinter yük” markalı, **-ST-*** dövlət nömrə nişanlı avtomobilin sıradan çıxmış ehtiyat hissələrinin alınması və bərpası üçün ümumilikdə 4600 (dörd min altı yüz)manat vəsait tələb olunur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh avtomobilinə dəymiş maddi ziyana görə 4600 (dörd min altı yüz) manatın və ödənilmiş 66 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil X5 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərmişdir ki, iddiaçının göstərdiklərini əsassız hesab edir. İddiaçıya dəymiş ziyanı ödəməyə onun maddi imkanı yol vermir. Onun yaşamaq üçün evi yoxdur. İddianı qəbul etmir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(024)-131/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh İddiaçı məxsus “Mercedes Sprinter” markalı, **-ST-*** qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə 4500 (dörd min beş yüz) manat və ödənilmiş 66 (altmış altı) manat dövlət rüsumu, cəmi 4566 (dörd min beş yüz altmış altı) manat pulun alınıb İddiaçı verilməsi, iş üzrə 50(əlli) manat ekspertiza xərcinin Cavabdeh alınaraq (Büdcə təsnifatının kod-142595, büdcə səviyyəsinin kodu-3, SAP(XİİS) hesabı, adı-X2, kodu 210005, VÖEN **********, Müxbir hesab-Az 41NABZ**********00003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN **********, Hesab- AZ34GCTRE********************) hesaba köçürülməsi qət edilmişdir.
6. Məhkəmə müəyyən etmişdir ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh Qax rayonu, Qapıçay kəndi ərazisində özünə məxsus olan iribuynuzlu heyvanı günün qaranlıq vaxtı xüsusi olaraq ayrılmayan yerdə nəzarətsiz buraxmış və nəticədə İddiaçı idarə etdiyi “Mersedes-Benz Sprinter yük” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin həmin heyvanı vurması nəticəsində nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Cavabdeh həmin heyvanı nəzarətsiz buraxdığı üçün Qax Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 3 (054)-450/2022 nömrəli qanuni qüvvəyə minmiş qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın xx.xx.2023-cü il tarixli 9/1614 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, nəzəri hesablama yolu ilə iş materiallarında xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “X6” markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci hadisə baş verən tarixə təxminən 4500 (dörd min beş yüz) manat təşkil etmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına, işin faktiki hallarına və tərəflərin izahatlarına hüquqi qiymət verərək və keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyini mötəbər sübut kimi qiymətləndirərək hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus “X6” markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəyməsi nəticəsində iddiaçıya 4500 (dörd min beş yüz) manat ziyan dəyməsi sübuta yetirilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, iş materiallarını nəzərdən keçirib, iddiaçının etibarnamə üzrə nümayəndəsi vəkilinin və cavabdehin izahatlarını dinləyərək məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan təmin edilməlidir.
9. Məhkəmə hesab etmişdir ki, bundan başqa iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 66 (altmış altı) manat dövlət rüsumu ödəmişdir. Həmin məbləğ də cavabdehdən alınıb iddiaçıya verilməlidir. Eyni zamanda 50 (əlli) manat ekspertiza xərci cavabdehdən alınıb müvafiq hesaba ödənilməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 26, 60-cı maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 1097.1-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 217.4, 218.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli və “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008- ci il tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, həmin qətnamədən narazıdır, həmin qətnamə bir sıra maddi və prosessual hüquq pozuntusu ilə qəbul edilmişdir və ona görə də ləğv olunmalıdır. O, apellyasiya şikayətinə avtomobilin hadisədən sonrakı şəkillərini əlavə edir. Həmin şəkillrdən görünür ki, avtomobilə dəymiş zərər 4500 (dörd min beş yüz) manat ola bilməz. O, məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/1614 nömrəli rəyi ilə razılaşmır. Ona görə iş üzrə onların iştirakı ilə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilməli və 2011-ci il buraxılışlı “X6” markalı **- ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir və bərpa xərci yenidən müəyyən olunmalıdır. Həmçinin o, apellyasiya şikayətinə hadisə baş verən zaman orada olaraq hadisəni görmüş şahidlərin şəxsiyyət vəsiqələrini əlavə edir və onların şahid kimi məhkəmə iclasında dindirilməsini xahiş edir. Belə ki, o, hadisə vaxtı heyvanları yolda nəzarətsiz buraxmamışdır, əksinə iki nəfər əllərindəki yanar fənərlərlə yolda gələn avtomobollərə xəbərdarlıq işarəsi verərək ehtiyatllı olmalarını bildirmişlər. Ancaq 2011-ci il buraxılışlı “X6” markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yaşayış məntəqəsində avtomobili elə yüksək sürətlə idarə etmişdir ki, o heç cür hadisənin qarşısını ala bilməzdi. Hətta hadisədən sonra o avtomobili hadisə yerindən təxminən 300 metr aralıda ancaq saxlaya bilmişdir. Yol-nəqliyyat hadisəsinin baş verdiyi yer yaşayış məntəqəsidir və yaşayış məntəqqəsinin girişində 5.22 yol nişanı və hər 200 metrdən bir isə yolda heyvan çıxa biləcəyi barədə 1.24 xəbərdarlıq nişahları quraşdırılmışdır. Sürücü nə həmin nişanlara məhəl qoymamış, nə də yaşayış məntəqəsi daxilindəki hərəkət rejiminə əməl etməyərək onun heyvanını vurub öldürmüşdür. Hansı ki, həmin heyvan onun ailəsinin yeganə dolanışıq mənbəyi olmuşdur. “X6” markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı ona vurduğu ziyanı ödəmək əvəzinə ondan avtomobilinin təmiri üçün pul tələb edir və Qax Rayon Məhkəməsi heç bir araşdırma aparmadan, şahidləri dindirmədən hansısa maraq xatirinə ancaq yol polisinin yazdığı protokolu əsas götürüb ədalətsiz bir qətnamə çıxarmışdır. Bildirir ki, o, savadsız bir çobandır, nə yazmaq nə də oxumaq bilmir. Yol polisi onun bu vəziyyətindən istifadə edərək onu aldadıb həmin protokola imza etdirib və 80 manat cəriməni ödəsə sürücünün onun heyvanını alıb verəcəyinə onu inandırıb. O da ona inanıb dediklərini etmiş və nəticədə bu günkü vəziyyətə düşmüşdür.
13. Məhkəmə işə baxarkən cavabdehin verdiyi ifadəni və təqdim etdiyi sübutları nəzərə almamış, işin faktiki halları araşdırılmadan qətnamə qəbul edilmişdir.
14. Odur ki, Qax Rayon Məhkəməsinin 2(024)-131/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını, Qax Rayon Məhkəməsinin 2(024)-131/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və İddiaçı ona qarşı “avtomobilə dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı və iddiaçının vəkili məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1110-cu maddəsinin tələbinə görə heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
20. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
23. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
24. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
25. Cavabdeh Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(024)-131/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etsə də, iddianın ona qarşı rədd edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın Cavabdeh qarşı təmin edilmiş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
28. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədənkənar olmaqla iki növdə olur. İkinci növ ziyan vurma nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır. Hazırki işdə də məhkəmə iddiaçının əmlakına zərər dəyməklə cavabdehin onun qarşısında “delikt-müqavilədənkənar” məsuliyyət yarandığı qənaətinə gəlmişdir.
29. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir. Bu iddianın maddi hüquqi əsasını Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələri təşkil edir ki, birinci instansiya məhkəməsi də mübahisənin həllinə həmin maddi hüquq normalarını tətbiq etmiş, apellyasiya instansiya məhkəməsi də bu mövqe ilə razılaşır.
30. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə Qax rayonu, Qapıçay kəndi ərazisində özünə məxsus olan iribuynuzlu heyvanı günün qaranlıq vaxtı xüsusi olaraq ayrılmayan yerdə, yəni asfalt yolda nəzarətsiz buraxmış, İddiaçı idarə etdiyi “Mersedes-Benz Sprinter yük” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin həmin heyvanı vurması nəticəsində nəqliyyat vasitəsi əzilmiş və sahibinə maddi ziyan dəymişdir. Cavabdeh həmin heyvanı nəzarətsiz buraxdığı üçün Qax Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 3 (054)-450/2022 nömrəli qanuni qüvvəyə minmiş qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində cərimə edilmişdir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/1614 nömrəli rəyi ilə 2011-ci il buraxılışlı “X6” markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərcinin hadisə baş verən tarixə təxminən 4500 manat təşkil etməsi müəyyən edilmişdir.
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır.
32. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün yaşayış məntəqəsində avtomobili yüksək sürətlə idarə etməsinə, yol-nəqliyyat hadisəsinin baş verdiyi yaşayış məntəqqəsinin girişində 5.22 yol nişanı və hər 200 metrdən bir isə yolda heyvan çıxa biləcəyi barədə 1.24 xəbərdarlıq nişanlarının quraşdırılmasına dair dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsinə əsasən Bu Məcəllənin 338.4-338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir.
33. Həmin Məcəllənin 338.5.1-ci maddəsinə görə mal-qaranın yolda nəzarətsiz qoyulmasına, Həmin Məcəllənin 338.5.2-ci maddəsinə əsasən isə mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə görə məhz mal sahibinin məsuliyyət daşıması nəzərdə tutulmuşdur.
34. İş materiallarında olan Qax Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 3 (054)-450/2022 nömrəli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 80 (səksən) manat məbləğində cərimə edilmişdir. Beləliklə məhz Cavabdeh heyvanı nəzarətsiz qoyması, Cavabdeh oğlunun təqsiri nəticəsində İddiaçı maddi ziyan dəyməsi müəyyən edilmişdir. Həmin hadisə üzrə iddiaçının idarə etdiyi nəqliyyat vasitəsinin sürətinin müəyyən edilmiş həddən yüksək olması, yaşayış məntəqqəsinin girişində və daxilində yol nişanlarının quraşdırılması mal-qaranın yolda nəzarətsiz qoyulmasına və yaxud da mal-qaranın asfalt və sement-beton örtüklü yolla nəzarətsiz şəkildə ötürülməsinə görə məsuliyyəti istisna etmir.
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin avtomobilə dəymiş zərərin 4500 manat təşkil edə bilməməsi, təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilməsi, 2011-ci il buraxılışlı “X6” markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir və bərpa xərcinin yenidən müəyyən olunmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətinin bu dəlilləri də əsassızdır.
36. Belə ki, mülki işin obyektiv, hərtərəfli və tam araşdırılması məqsədilə birinci instansiya məhkəməsinin 09 fevral 2023-cü il tarixli qərardadı ilə məhkəmə-əmttəşünaslıq ekspertizası təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
37. İş materiallarında olan 18 may 2023-cü il tarixli 9/1614 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “X6” markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4500 manat müəyyən edilir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
39. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətində göstərdiyi yanaşmaları ilə razı olmadığını qeyd edərək, bildirir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslı deyildir.
40. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(024)-131/2023 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
41. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(024)-131/2023 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.