Məhkəmə qərarları › İş №2(107)-1262/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1262/2021

30.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1262/2021 30.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Yelax Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli 2(039)-237/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Yelax Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli 2(039)-237/2021 nömrəli qətnaməsi ilə (hakim Günay Cavadova) iddiа qismən təmin edilmiş, Füzuli Rayon Məhkəməsinin 21.06.2016-cı il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq, 12.05.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, dəyişdirilən aliment məbləğinin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, ödənilməli olan dövlət rüsumunun əvəzi – 30 (otuz) manatın Cavabdeh dövlət büdcəsi xeyrinə tutulması qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması haqqında iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Füzuli Rayon Məhkəməsinin 21 iyun 2019ci il tarixli qətnaməsi ilə cavabdehdən 12.05.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilən alimentin miqdarının artırılaraq hər ay 200 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə ailəli olmuş və ailəli olduqları dövrdə Ayişə adlı uşaqları anadan olmuşdur. Füzuli Rayon Məhkəməsinin 21 iyun 2019-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı anadan olmuş 12.05.2013-cü il təvəllüdlü X1 atası olması faktının müəyyən edilməsi, 12.05.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 21.06.2019-cu il tarixdən başlayaraq cavabdehdən hər ay 50 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Halhazırda uşağın saxlanılması üçün o, cavabdehdən qanunla müəyyən edilmiş yaşayış minimumunu təmin edə biləcək məbləği tələb edir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə cavabdehin qeydiyyatda olduğu ünvana göndərilmiş məhkəmə bildirişi “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh apellyasiya şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, müəyyən olunan aliment miqdarı ilə razı deyil. Qətnamədə məhkəmənin aliment miqdarına dair gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmir. Hazırda işləmir, qazancı və gəliri yoxdur, məcburi köçkün olmaqla hazırda İmişli Rayon Yeni Bəhrəmtəpə qəsəbəsində yerləşən məcburi köçkün düşərgəsində yaşayır və uzun müddətdir ki ərazi məşğulluq mərkəzində qeydiyyatda durmağına baxmayaraq heç bir işlə təmin edilməmişdir. Nuranədən başqa iki azyaşlı uşağı var. O, hazırda ailəlidir. Onun 28.07.2014-cü il tarixdə anadan olmuş X3 və 10.06.2020-ci il tarixdə anadan olmuş X4 adlı iki uşaği var. O, uşağını çox istəyir, onu iddiaçı ona verərsə hər an götürərək saxlamağa, himayəsinə götürməyə, onun üzərində valideylnlik borcunu yerinə yetirməyə hazırdır. Ancaq hazırkı vəziyyətdə 130 manat aliment ödəməyi mümkün deyil. O istəmir ki, alimentin ödənilməsi ilə bağlı problem yaransın. İddiaçı aliment vermək imkanının məhdud olmasını yaxşı bilir və qəsdən problem yaratmaq istəyir. Heç əvvəlki qətnamə üzrə alimenti vaxtında ödəyə bilmir və müəyyən qədər borcu yaranmışdır. Ona görə də, Yelax Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli 2(039)-237/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, müəyyən edilmiş 130 manat aliment miqdarını azaldaraq hər ay 60 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları İddiaçı və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Yelax Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli 2(039)-237/2021 nömrəli qətnaməsində səhvən Füzuli Rayon Məhkəməsinin 21.06.2016-cı il tarixli qətnaməsi kimi yazılmış qətnamənin qəbul olunma ili 2016-cı ildən 2019-cu ilə dəyişdirilməli, qətnamə mübahisələndirilən artırılmış məbləğdə alimentin hər ay tutulmalı olan 70 manata aid hissəsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Füzuli Rayon Məhkəməsinin 2(064)-932/2019 saylı, 21 iyun 2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı anadan olmuş 12.05.2013-cü il təvəllüdlü X1 atası olması faktı müəyyən edilmiş və 12.05.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 50 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının 17və 34-cü maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56, 75.1 və 112.1-ci maddələrinə, “Аzərbаycаn RespublikasıАilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına və “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8- 2/2016 №li Qərarına istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əasən nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər “Аzərbаycаn RespublikasıАilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8- 2/2016 №li Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki halda tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan 12 may 2013-cü il təvəllüdlü X1 yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər bir valideyinin uşaqları saxlamağa borclu olduqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qismən təmin edilməklə, Fizuli Rayon Məhkəməsinin 21 iyun 2019-cu il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq 12 may 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən dövlət büdcəsi xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduqları halda bunu etmədiklərindən onların göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyasını araşdırmaları zamanı müəyyən edilmişdir ki, Füzuli Rayon Məhkəməsinin 21 iyun 2019-ci il tarixli qətnaməsinin qəbul olunma ili səhvən 2016-cı il kimi yazılmışdır. Həmçinin, Füzuli Rayon Məhkəməsinin 21 iyun 2019-ci il tarixli qətnaməsi ilə 12.05.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 21.06.2019-cu il tarixdən başlayaraq cavabdehdən hər ay 50 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmiş, İddiaçı hazırki iş üzrə iddiasında alimentin məbləğinin artırılaraq hər ay üçün 200 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. Yelax Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli 2(039)-237/2021 nömrəli qətnaməsi ilə alimentin məbləği artırılaraq hər ay üçün 130 manat müəyyən edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verməmişdir. Cavabdeh verdiyi apellyasiya şikayətində alimentin məbləğinin hər ay 60 manat olaraq müəyyən edilməsini xahiş etmişdir. Buradan görünür ki, Cavabdeh müəyyənləşdirilmiş 130 manat aliment məbləğinin 70 manata aid hissəsini mübahisələndirmişdir. Həmin məbləğ bir il üçün (70x12) 840 manat olmaqla qanunla müəyyən edilmiş 2000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Yelax Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli 2(039)-237/2021 nömrəli qətnaməsində səhvən Füzuli Rayon Məhkəməsinin 21.06.2016-cı il tarixli qətnaməsi kimi yazılmış qətnamənin qəbul olunma ili 2016-cı ildən 2019-cu ilə dəyişdirilməli, qətnamə mübahisələndirilən artırılmış məbləğdə alimentin hər ay tutulmalı olan 70 manata aid hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apellyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apellyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yelax Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli 2(039)-237/2021 nömrəli qətnaməsində səhvən Füzuli Rayon Məhkəməsinin 21.06.2016-cı il tarixli qətnaməsi kimi yazılmış qətnamənin qəbul olunma ili 2016-cı ildən 2019-cu ilə dəyişdirilsin. Qətnamə mübahisələndirilən artırılmış məbləğdə alimentin hər ay tutulmalı olan 70 manata aid hissəsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar