Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1263/2021 01.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” Yevlax Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(039)-153/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hakim Günay Cavadova) 16 mart 2021-ci il tarixli, 2(039)-153/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh1 4000 (dörd min) manat məbləğində pul İddiaçı xeyrinə tutulması qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 10000 (on min) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2018-ci ilin iyun ayında cavabdehlərdən ev almış, yəni onlara məxsus olan Yevlax şəhərində yerləşən evi 4000 manat əvvəlcə, sonra isə 6000 manat verməklə almışdır. Cavabdehlər övladlarının işi ilə bağlı evlərini satdıqlarını, bu səbəbdən onlara pul lazım olduğunu bildirmişdir. O, qızıl-zinət əşyaraını sataraq əvvəlcə 4000 manat pulu gətirib cavabdehlərə, yəni dayısına və onun yoldaşına vermişdir. Bundan sonra 1 ay ərzində əlavə 6000 manat pulu nağd olaraq vermişdir. O, evin satılması ilə bağlı məsələni müzakirə edəndə, cavabdehlər onu hər dəfə aldadaraq yaxın vaxtlarda alqı-satqını rəsmiləşdirməyə hazır olacaqlarını bildirmişlər. O, cavabdehlərə vermiş olduğu 10000 manat pulun qaytarmasını istəyir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 iddianı qismən qəbul edərək bildirmişdir ki, o, arvadı Cavabdeh2 məxsus evi bacısı qızı Ülviyəyə satmaq fikrinə gəlsə də, arvadı Mənzər buna razı olmamış və ona görə də iddiaçı ilə alqısatqı müqaviləsi bağlaya bilməmişdir. O, həqiqətən iddiaçıdan 4000 manat pul almışdır. Amma iddiaçı tərəfindən ona 6000 manat pul verilməmişdir. İddiaçı 4000 manat pul borclu olduğunu bildirərək iddianın qismən təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddiaçı tərəfindən ona hər hansı məbləğdə pul verilməmişdir. Eyni zamanda o, özünə məxsus evin satılması ilə bağlı iddiaçı ilə razılığa gəlməmişdir. Ona qarşı irəli sürülən tələb tamamilə əsassızdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Yevlax Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(039)-153/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştiarkçılarının dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmədə bu iddianın şər və böhtan olması tam müəyyən olunmuşdur. Lakin, buna baxmayaraq guya Cavabdeh1 etiraf etmişdir ki, onun İddiaçı 4.000 manat borcludur. Halbuki o, Ülviyyə Hüseynovadan heç vaxt 4.000 manat pul almamış və ona ev satmamışdır. Məsələ əslində aşağıdakı kimidir: onun qohumu olan Sevda Novruzova və onun qızı Ülviyyə Hüseynova sözün əsl mənasında rekertlik edirlər. Ülviyyə guya Ağdam rayonunda ibtidai sinif müəlliməsidir. Lakin o, tamam başqa bir peşə ilə məşğul olur. O, hazırda da peşəkar rekert-müəllim kimi tanınır. Anası sələmə pul verməklə insanları çətin duruma salır və bir çox insanlar onların bu qara işinin nəticəsində həm maddi olaraq, həm də mənəvipsixioloji olaraq çox ağır duruma düşürlər. Hətta həmin rekert-müəlliməni sələmçi anası güc kimi istifadə etməklə, ağır maddi və mənəvi-psixioloji yük altına saldıqları insanları faizi ödəyə bilməyəndə döyür və əmlakına ziyan da vururlar. Bu cür hadisəni o, onların da başına gətiriblər. Onlara da güya qohum olan Sevda onun (Cavabdeh1) oğlu Nicata 4 il əvvəl sələmə 4000 manat verib və faizi olaraq 20 min manata qədər faiz alıb. Sonra Nicat artıq imkanı olmadığından 4-5 ayı faiz ödəyə bilməyib, ona görədə Nicata basqın edib onun avtomaşının zədələyiblər. Bu barədə Nicat şikayətçi oldu. Yevlax rayon polis şöbəsində təhqiqatçı Vüsal Hüseynov araşdırma aparıb. Polisin qərarında açıq göstərilib ki, onların pul alış-verişi oğlu Nicatla olub. Bununla da nəzərə çatırmaq istəyir ki, X1 mənə qarşı iddiası tam əsassızdır. Göstərilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul olunaraq iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, 2017-ci il tarixdə oğlu Nicat tərəfindən bibisi Ülviyyə Hüseynovadan 4000 manat sələmə pul almışdır. Həmin borcu 2 il ödədikdən sonra ödəyə bilmədiyindən onlar onun ailəsinə hücum edib döyüblər. Yevlax Rayon Polis şöbəsində Ülviyyə Hüseynova sələmə pulu Nicata verdiyini qeyd etsədə məhkəməyə o, cavabdeh qismində çağırılmışdır. O və arvadı heç yerdə işləmirlər. Lakin həmin borcun hissə hissə ödənişinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnаməsinin ləğv və iddianın rədd edilməsini xahiş etdi. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə İddiaçı lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayəti üzrə işə idiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən tərəflərin izahat və çıxışlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(039)-153/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı iddia edir ki, Cavabdeh2 məxsus evin ona satılması barədə cavabdehlərlə razılıq əldə olunmuş və bunun müqabilində cavabdehlərə 10000 manat pul vermişdir. Cavabdeh1 isə buna etiraz edərək bildirir ki, evin satılması barədə onunla iddiaçı arasında razılıq əldə olunsa da, arvadı Mənzərin bundan xəbəri olmamış və razılaşma müqabilində iddiaçıdan 4000 manat pul almışdır. Cavabdeh2 isə ümumiyyətlə evin satılması barədə iddiaçı ilə razılığa gəlmədiyini və iddiaçıdan hər hansı məbləğdə pul almadığını bildirmişdir. Yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddianın qanuni əsasını Mülki Məcəllənin 1092.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi 26.07.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddiaçı cavabdehlərə vermiş olduğu pulun 10000 manat təşkil etməsini sübut edə bilmir. Sübuta söykənməyən dəlil isə əsaslı hesab edilmir. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesаb etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 4000 (dörd min) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək Cavabdeh1 4000 (dörd min) manat məbləğində pulun alınıb İddiaçı verilməsini (qaytarılmasını) qət etməkdə haqlı olmuş, işin müəyyən olunmuş halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Ona görə də məhkəmənin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir. MPM-in 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(039)-153/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(039)-153/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Hazırkı qətnamədən tələbləri təmin olunmamış işdə iştirak edən şəxslər qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1263/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1263/2021
01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver