Məhkəmə qərarları › İş №2(107)-1264/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1264/2021

22.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1264/2021 22.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə çıxarılmış Yevlax Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(039)-411/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15 fevral 2012-ci il təvəllüdlü X4 və 01 fevral 2011-ci il təvəllüdlü X5 adlı övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün Yevlax Rayon Məhəkəməsinin 27 avqust 2019-cu il tarixli 2(039)-1402/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılması, hər ay hər uşağın saxlanılması üçün 170 manat olmaqla, 340 manat məbləğində alimentin tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə izahat ünvanlayaraq, İddiaçı iddiasını qəbul etmir. Özü heç bir yerdə işləmir, aliment borcu 1060 manatdır, onu da bağlaya bilmir. Qətnamə (alimentin təyin olunması ilə bağlı) çıxandan sonra vəziyyətində heç bir dəyişiklik baş vermədiyini bildirirərək, iddianın rədd edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(039)-411/2021 nömrəli (hakim R.Əlizadə) qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli 2(039)-1402/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılması, Cavabdeh 15 fevral 2012-ci il təvəllüdlü X4 və 01 yanvar 2011-ci il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşılarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 140 manat alimentin İddiaçı xeyrinə tutulması, artırılmış məbləğdə alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 20 (iyirmi) manat dövlət rüsumunun alınaraq, Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh Yevlax Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(039)-411/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Birgə nikahlarından X4 və X5 adlı iki övladları olmuşdur. Ailə münasibətləri baş tutmadığından aralarında olan nikah Yevlax Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuş, uşaqlar onun yanında saxlanılmış və uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər bir uşaq üçün 130 manat aliment tutularaq ona verilməsi qət edilmişdir. Hazırda aliment uşaqların saxlanılması üçün kifayət etmir. Belə ki, uşaqların tələbatları artıb. Özü heç bir yerdə işləmir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə çıxarılarkən bir sıra maddi və prosesual hüquq normaları pozulmuşdur. Hakim qətnamə çıxararkən nəzərə almamışdır ki, o, heç bir yerdə işləmir və keçmiş aliment üzrə borcu 1060 manatdır. Bununla bağlı onun haqqında 2 dəfə inzibati təqdimat olmuşdur. Axırıncı dəfə onun haqda 10.02.2021-ci il tarixli qərar ilə AR İXM-nin 528.1 -ci maddəsinə nəzərdə tutulan inzibati xəta törətməyə görə 10 gün müddətinə inzibati həbs tətbiq olunmuşdur. Qeyd edilənlərə əsasən Yevlax Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(039)-411/2021 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin dəyişdirilməsinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; AZ-l 330735 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh X9 ilə olan nikahı ləğv edilmişdir. Yevlax RPŞ-si tərəfindən 09 may 2016-cı il tarixdə verilmiş AZE seriyalı 11597618 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X5 01 yanvar 2011-ci il tarixdə Yevlax rayonu, Tanrıqulular kəndində anadan olmuş, Yevlax rayonu, Tanrıqulular kəndində qeydiyyatdadır. Yevlax RPŞ-si tərəfindən 09 may 2016-cı il tarixdə verilmiş AZE seriyalı 11597605 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X4 15 fevral 2012-ci il tarixdə Yevlax rayonu, Tanrıqulular kəndində anadan olmuş, Yevlax rayonu, Tanrıqulular kəndində qeydiyyatdadır. AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxx 1993cü il tarixdə anadan olmuşdur. Yevlax Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli 2(039)-1402/2019 saylı qətnaməsinin surətindən məlum olur ki, iddiaçı X9 ilə Cavabdeh arasında Yevlax rayon Qeydiyyat şöbəsində qeydə alınmış 01 fevral 2011-ci il tarixli, 35 saylı nikah qeydi pozulması; nikah pozularkən tərəflərin birgə nikahlarından olmuş 15 fevral 2012-ci il təvəllüdlü X4 və 01 yanvar 2011-ci il təvəllüdlü X5 adlı uşaqlar iddiaçı X3 himayəsində saxlanılması; Cavabdeh 27 avqust 2019-cu il tarixdən başlayaraq, 15 fevral 2012-ci il təvəllüdlü X1 və 01 yanvar 2011-ci il təvəllüdlü X2 18 yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 130 manat, cəmi 260 manat məbləğində aliment iddiaçı X3 xeyrinə tutulması qət edilmişdir. X7 Publik Hüquqi şəxsin 20 saylı ərazi Məşğulluq Mərkəzi filialı tərəfindən 05 fevral 2021-ci il tarixdə verilmiş, **********5 saylı arayışından məlum olur ki, Cavabdeh adına 05 fevral 2021-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi qeyd olunmamışdır. Yevlax rayon İcra və Probasiya şöbəsi tərəfindən 02 fevral 2021-ci il tarixdə verilmiş, 08 saylı arayışından məlum olur ki, Cavabdeh Yevlax Rayon Məhkəməsinin 2(039)- 1402/2019 saylı, 27.08.2019-cu il tarixli icra sənədinə əsasən 1060 manat aliment borcu yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri və əsassızdır və qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Əvvəla, cavabdehin göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin, apellyasiya şikayətində göstərdiyi, o cümlədən onun heç bir yerdə işləməməsi və aylıq sabit gəlirinin olmaması ilə bağlı dəlillər onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin da valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. İkincisi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir, lakin məhkəmə qaydasında müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsini tərəflərin ailə və maddi vəziyyətində yaranmış dəyişikliklə şərtləndirilməsi zəruri və vacib elementlərdəndir. . Apellyasiya instansiya məhkəməsi sonda xüsusilə vurğulayır ki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi hər iki valideynin valideyn kimi borcu və vəzifəsi olduğundan onların hər ikisinin həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı tələbini təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işdən görünür ki, cavabdeh alimentin artırılması tələbi ilə bağlı hissədən şikayət vermişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçı üçün hər ay hər uşaq üçün 130 manat, cəmi 260 manat aliment tutulması barədə məhkəmə qətnaməsi mövcud idi və hazırda o, həmin alimentin hər uşaq üçün 170 manat məbləğində artırılmasını tələb edir. Deməli iddiaçının hazırkı tələbinin məbləği 80 (170-130=40x2=80) təşkil edir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırkı işdə iddianın illik qiyməti 960 manat təşkil edir. Mülki Prosessual Məcəllənin 404.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilər. Kollegiya belə qənaətə gəlir ki, tələb olunan alimentin məbləğinin bir illik ödəməsi 2000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(039)-411/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar