Məhkəmə qərarları › İş №2(107)-1268/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1268/2020

18.06.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1268/2020 18.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və X1 ibarət tərkibdə, X2katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «yaşayış evində maneələrin aradan qaldırılması» tələbinə dair mülkiiş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)- 56/2020nömrəli qətnaməsindən Cavabdehtərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, onun istifadəsində olan Mingəçevir şəhəri, 4 saylı Uşaq bağçasında onun otağının pəncərəsinin qarşısında Cavabdeh tərəfindən yaranmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-56/2020 nömrəli (hakim Ə.Hüseynov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı istifadəsində olan Mingəçevir şəhəri, 4 saylı Uşaq baxçasında onun otağının pəncərəsinin qarşısında Cavabdeh tərəfindən çəkilmiş pərdənin (bez parçası) götürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayətləri verərək, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-56/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Ağdam rayonundan məcburi köçkündür. Tək-tənha qadındır, heç kimi yoxdur. Atası Böyük Vətən Müharibəsu iştirakçısı olmuş və şəhid olmuşdur. O, 4 saylı yarımçıq uşaq bağçasında məskunlaşıb. Bir neçə dəfə qaçqınlar üçün salınmış ev üçün müraciət etsə də ona ev verilməmişdir. Məskunlaşdığı otağın 7 metr uzunluğu, 7 metr eni vardır. Cavabdeh onun qonşusudur. O, lazımsız əşyaları ilə onun pəncərəsinin qarşısını tutur, qoymur ki, onun otağına təmiz hava gəlsin. Pəncərənin qarşısına isə əlinə nə keçsə qoyur və bu da onun otağına pis qoxunun gəlməsinə səbəb olur. O yaşlı adamdır, 77 yaşı var. Müalicələrlə yaşayır. Təmiz hava almalıdır, yoxsa boğulur. Buna isə cavabdeh pəncərəsi ilə mane olur. O, bu barədə bir neçə dəfə başqa qurumlara müraciət etsə də, heç bir tədbir görülməmişdir. Ona görə də məhkəməyə müraciət edərək, onun istifadəsində olan Mingəçevir şəhəri, 4 saylı Uşaq bağçasında onun otağının pəncərəsinin qarşısında Cavabdeh tərəfindən yaranmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, o və ailə üzvləri Kəlbəcər rayonunun Zar kəndindən məcburki köçkündür. 5 ilə yaxındır ki, onlar Mingəçevir şəhəri, 4 saylı uşaq bağçasında məskunlaşıblar. Məskunlaşdıqları ilk gündən etibarən iddiaçı ona qarşı qanunsuz hərəkətlər etməklə onu və ailə üzvlərini bezdirir, dəfələrlə onu təhqir etmiş və döymüşdür. Bu isə onun əsəblərinə pis təsir edərək, xəstəliyini şiddətləndirir, sağlamlığına təhlükələr yaradır. Bildirir ki, o İddiaçı qorxub öz evinin içərisindən pərdə taxıb ki, onlara sataşmasın, nalayıq hərəkətlər edib oni qıcıqlandırmasın və münaqişə yaratmasın. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)- 56/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-56/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında apelyasiya şikayətinin əsassız olduğunu bildirdi və Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-56/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Apelyasiya şikayətləri qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). MPM-in 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətlərinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından,cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işdə iştirak edən tərtəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-56/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işə əlavə olunmuş AR Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət komitəsinin Mingəçevir şəhər bölməsinin arayışından görünür ki, İddiaçı həqiqətən erməni təcavüzü nəticəsində yaşayış yerini tərk etmiş, Mingəçevir şəhərində müvəqqəti məskunlaşmışdır. Hal-hazırda 4 saylı yarımçıq uşaq bağçasında qeydiyyatdadır. İşə əlavə olunmuş AR vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1942-ci il tarixdə Ağdam rayonu, Boyəhmədli kəndində anadan olmuşdur. İşə əlavə olunmuş AR vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1986-cı il tarixdə Kəlbəcər rayonu, Zar kəndində anadan olmuşdur. İşə əlavə edilmiş Mənzil Təsərrüfatı və Abadlaşdırma idarəsinin xx.xx.2019-cu il tarixli 474 №-li məktubundan görünür ki, İddiaçı yaşadığı 4 saylı uşaq bağçasında otağın arxa hissəsindəki pəncərənin qarşısı Cavabdeh tərəfindən tutulmuşdur. Bununla bağlı Mingəçevir Şəhər Məhkəməsinin nümayəndəsi Yusif Qasımlı və MT və Aİ-nin baş mühəndisi Ramis Hüseynov tərəfindən həmin ünvana baxış keçirilmişdir. Baxış zamanı Cavabdeh yaşadığı otağın qarşı hissəsinə bez parça çəkildiyini müşahidə olunmuşdur. Həmin yerə Cavabdeh tərəfindən çəkilmiş bez parça İddiaçı yaşadığı otağın pəncərələrinə maneə törətmir, yalnız işıqlanmanın qarşısını alır. İşə əlavə olunmuş Ambulator, stasionar xəstənin tibb kartasından çıxarışın surətindən görünür ki, Cavabdeh MSS-nın üzvi xəstəliyi nəticəsində uzun gedişli depressiv-paranoid pozuntu, nəzərə çarpan davamlı psixopatabənzər davranışı və başverən qıcolma tutmaları diaqnozu ilə Mingəçevir Şəhər Ruhi dispanserində xx.xx.2017cu il tarixdən xx.xx.2018-ci il tarixə qədər müalicə almışdır. Öyrənilən işdən bəlli olur ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM-in) 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. MM-in 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Apelyasiya şikayətində göstərilmiş dəlillərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, göstərilmiş dəlillər əsassızdır. Belə ki, öyrənilən işdən aydın olur ki, birinci instansiya məhkəməsi mövcud mübahisənin obyektiv araşdırılması məqsədi ilə iş üzrə mütəxəssis təyin edilməsi haqqında qərardad çıxarmış, həmin qərardadın icrası ilə bağlı mübahisəli evə baxış keçirilmiş və bununla bağlı işə əlavə edilmiş Mənzil Təsərrüfatı və Abadlaşdırma idarəsinin xx.xx.2019-cu il tarixli 474 №-li məktubundan görünür ki, həmin ünvana baxış keçirilmiş, baxış zamanı Cavabdeh yaşadığı otağın qarşı hissəsinə bez parça çəkildiyi müşahidə olunmuş, həmin yerə Cavabdeh tərəfindən çəkilmiş bez parça İddiaçı yaşadığı otağın pəncərələrinə maneə törətməsə də, işıqlanmanın qarşısını aldığı qənaətinə gəlinmişdir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətlərinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi onun apelyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlərəsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçünəsas yoxdur. Ona görə də apelyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq və MPM-in 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Cavabdeh tərəfindənverilmiş apelyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-56/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar