Məhkəmə qərarları › İş №2(107)-127/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-127/2023

26.01.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-127/2023 26.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə (Açar sözlər: maneələrin aradan qaldırılması, maddi hüquq nörmasının düzgün tətbiq edilməməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1727/2022 saylı, 30 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, onun istifadəsində olan Mingəçevir şəhəri, 4 saylı Uşaq bağçasında onun otağının qarşısında Cavabdeh tərəfindən yaranmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Ağdam rayonundan məcburi köçkündür. Tək-tənha qadındır. O, 4 saylı yarımçıq uşaq bağçasında məskunlaşıb. Artıq 80 yaşı var. Cavabdeh onun qonşusudur. O, lazımsız əşyaları ilə pəncərəyə çəkilmiş dəmir hasarla cavabdeh tərəfindən tamamilə bağlanmışdır. Otağa hava daxil olmur. Yaşlı və xəstədir. Təmiz hava olmayanda boğulur. Odur ki, onun istifadəsində olan Mingəçevir şəhəri, 4 saylı Uşaq bağçasında onun otağının pəncərəsinin qarşısında Cavabdeh tərəfindən yaranmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(051)-1727/2022 saylı qətnaməsi (hakim E.Cəbrayılzadə) ilə iddianın təmin edilməsi, İddiaçı istifadəsində olan Mingəçevir şəhəri, 4 saylı Uşaq bağçasında onun otağının qarşısında Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılması qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(051)56/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı olan iddiası qismən təmin olunmuş, İddiaçı istifadəsində olan Mingəçevir şəhəri, 4 saylı Uşaq bağçasında onun otağının pencərəsinin qarşısında Cavabdeh tərəfindən çəkilmiş pərdə (bez parçası) götürülmüşdür. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri istifadə hüququ və qonşuluq münasibətləri ilə bağlı yaranan mülki mübahisədir. İş materiallarından görünür ki, iddiaçı məcburi köçkündür və 4 saylı uşaq bağçasında məskunlaşmışdır və ona verilmiş otaqdan və onun qarşısında olan seyvandan maneəsiz sahiblik və istifadə hüququ vardır. Lakin qonşusu Cavabdeh tərəfindən yaradılmış maneələr, yəni lazımsız, istifadəyə yararsız əşyalarla doldurulduğundan və seyvanın ətrafı ön hissədən iki metr hündürlüyündə dəmir təbəqəylə və sağ tərəfdən pərdə ilə tutulduğundan onun otağının qarşısında olan seyvandan istifadəni mümkünsüz etmiş və otağının işıqlandırılmasının qarşısını almaqla iddiaçıya maneələr yaratmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə qeyd edir ki, əvvəllər eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmuşdur. Belə ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(051)-56/2020ci il tarixli qətnaməyə əsasən İddiaçı istifadəsində olan Mingəçevir şəhəri, 4 saylı Uşaq bağçasında onun otağının pəncərəsinin qarşısında Cavabdeh tərəfindən çəkilmiş pərdə (bez parçası) götürülmüşdür. İcra məmurunun xx.xx.2020-ci il tarixli qərarı ilə Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(051)-56/2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Lakin işin hallarından göründüyü kimi, əvvəlki əsaslar yenidən yarandığından məhkəmədə eyni tərəflər arasında, eyni predmet barəsində və ya eyni əsaslarla üzrə mübahisəyə baxıla bilər. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı öz tələbində haqlıdır. Belə ki, eyvanın ətrafı ön hissədən iki metr hündürlüyündə dəmir təbəqəylə və sağ tərəfdən pərdə ilə tutulduğundan, eləcə də içəri lazımsız, istifadəyə yararsız əşyalarla doldurulduğundan iddiaçının otağının işıqlandırılmasının qarşısını aldığından, həmçinin eyvanın istifadəsini mümkünsüz hesab etdiyindən həmin pərdə və iki metr hündürlüyündə dəmir təbəqə götürülməli, eyni zamanda seyvandan lazımsız və istifadəyə yararsız əşyalar çıxarılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 152.6, 157.4, 157.8, 158.2, 170.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 218.1-ci maddələri əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsi tərəfindən çıxarılmış xx.xx.2022-ci il tarixli, 2(051)1727/2022 saylı qətnaməni əsassız sayır. Qətnamə qəbul olunarkən Mülki Prosessual Məcəllənin və Mülki Məcəlləsinin tələbləri pozulmuş, məhkəmə qanuna əsaslanmayan qətnamə qəbul etmişdir. Qətnamə heç bir qanuna əsaslanmamış və şəxsi mülahizələri əsasında çıxarılmışdır. Qətnamədə maddi və prosessual hüquq normaları pozulmuşdur. Lakin sözügedən pozuntulara qiymət verilməsi əvəzinə əsassız olan qətnaməsi əsaslandırmağa çalışmışdır. Sözügedən qətnamə hərhansı ekspert və ya mütəxəssiz rəyinə deyil qanuna əsaslanmayan daxili inamına əsaslanmışdır. Halbuki qanunvericilik buna başqa cür yanaşır və qanunvericiliyə söykənən hakimin daxili inamı əsasında qətnamə çıxarılmasını ehtiva edir. Lakin sözügedən bizə aid işdə qanunvericilik demək olar tətbiq edilməmiş lakin formal mülahizələr yazılmışdır. Məhkəmə əvvəl çıxarılmış və artıq aradan qaldırılmış mübahisəli qətnaməni əsas götürməsi görünür. Halbuki əvvəlki qətnamədə olan hallar hazırda yoxdur. İddiaçı hər dəfəsində bu cür iddia qaldırmaqla əsassız iddiasını əsaslandırmaq istəyir. Lakin məhkəmə onun işğaldan azad olunmuş qeydiyyat ünvanı olan Kəlbəcər rayonunda olmağından istifadə edib bu cür əsassız qətnamə çıxarmışdır. İddiaçı guya onun aynasının qarşısına lazımsız əşyaların yığılmasını, onun pəncərəsinə gün işığının düşməməsini və təmiz havanın otağa girməməsini bildirir. Lakin bu absurtdur və tam olaraq böhtandır. İddiaçının verdiyi iddia heç bir sübutla öz əksini tapmasa da məhkəmə birtərəfli olaraq qətnamə çıxarmışdır. Onun tərəfindən təqdim olunmuş foto şəkillərdən görünür ki, o sözügedən ərazini mətbəx kimi istifadə edir. Həmin yerdə su, qaz peçi və digər mətbəxt əşyaları var. Həmin əraziyə sahibsiz heyvanların girişinin qarşısının alınması üçün eyvanın dəmir barmaqlıqlarının arasını bağlamışıq. Kənar şəxslərin onların evin içinin görməməsi, eyvanın istifadəsinin mümkün etmək üçün və çöl heyvanlarının mətbəxə girişinin qarşısının alınması üçün müəyyən dərəcədə oraya pərdə çəkmişik. İddiaçı haqsız olaraq onun evinə guya hava girməməsini bildirir. Lakin həmin eyvana hava girir və işıq düşür. Yuxarıda qeyd etdiyi kimi həmin mane deyilən lövhə yalnız kənar şəxslərin və heyvanların girişinin qarşısını almaqdan ötrüdür. Bundan əlavə iddiaçının sözügedən eyvana heç vaxt çıxışı olmamışdır. O qanunsuz olaraq qapı açmaqla həmin eyvana giriş yaratmış və bundan sonra onun qanuni istifadəsində olan və mətbəxt kimi istifadə etdiyi ərazidən istifadə etməyinə suni formada maneə olur. Məcburi köçkün olmağı onları qanunlarımızın kobut pozulmasına səbəb olmamalıdır. Əksinə cənab Prezident də öz çıxışlarında bildirdiyi kimi məcburi köçkünlərin həyat şəraiti yaxşılaşmalıdır. Lakin əksinə məhkəmələr bu cür süni formada himayəsində 3 uşaq olmasına məhəl qoymadan bu cür maneələr yaradırlar. Bundan əlavə iddiaçının aynası ilə sözügedən pərdə və lövhə arasında 3 metr məsafə var. Bu məsafə yetərincədir və havalandırmanın qarşısı alına bilməz. Onun mənzilinə də hava həmin yerdən girir və normal havalandırma vardır. Məhkəmənin bu cür qətnamə çıxarılmasına əsas verən mütəxəssiz rəyi və ya ekspert rəyi iş materiallarında və qətnamədə göstərilməmişdir. Lakin o, düşünür ki, bu cür işlərdə ekspert rəyi mütləqdir və rəyin alınması lazımdır. Avropa insan hüquqları məhkəmələrinin və yerli qanunvericilik aktlarında mülkiyyət hüquqlarının toxunulmaz olması və mülkiyyət hüquqlarının qanunla qorunması qeyd edilsə də məhkəmə buna diqqət yetirməmiş və öz mülahizələri əsasında qətnamə çıxarmışdır. Qeyd edilənləri nəzərə alaraq, o, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-1727/2022 saylı qətnaməsini ləğv edib yeni qətnamə çıxarılmasını, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsi Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-1727/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsi, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)- 1727/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(051)-1727/2022 saylı qətnaməsinin tamamilə ləğv edilməsini, yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılmamış, işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-1727/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya hesab edir ki, apellyasiya şikayəti əsaslı, iddia tələbi isə əsassızdır. Məhkəmə kollegiyasının iclasında, eyni zamanda məhkəmə kollegiyası tərəfindən həyata keçirilən yerli baxış nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh aid yaşayış yeri bir otaqlı olmaqla iddiaçının istifadə etdiyi otaqla qonşudur. Cavabdehin istifadə etdiyi otağa giriş yalnız mübahisə olunan eyvandan keçir. İddiaçı aid yaşayış yerinin giriş hissəsi isə binanın digər tərəfində yerləşir. Yəni cavabdehin istifadə etdiyi eyvan iddiaçının hər hansı bir formadə hüquqlarına toxunmur. Cavabdeh aid giriş hissəsi iddiaçıya heç bir maneəçilik törətmir. Cavabdeh sözügedən ərazini mətbəx kimi istifadə edir və iddiaçının aynası ilə sözügedən pərdə və lövhə arasında 3 metr məsafə var. Bu məsafə yetərincədir və havalandırmanın qarşısı alına bilməz. Eyni zamanda qeyd edilən pərdə və lövhə yerdən təqribən bir metr hündürlükdədir. Ona görə də kollegiya hesab edir ki, şikayətin dəlilləri əsaslı, iddia tələbi isə əsassızıdır. Kollegiya daha sonra qeyd etməyi lazım bilir ki, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan suiistifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılmamış, işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-1727/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-1727/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı istifadəsində olan Mingəçevir şəhəri, 4 saylı Uşaq bağçasında onun otağının qarşısında Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar