Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-127/2025 30.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı daşınmaz əmlak obyektinin qanunsuz sahiblikdən geri alınması, sahibliyin pozulmasına yönəlmiş qanunazidd hərəkətlərə son qoyulması və maddi zərərin ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: qeyri-yaşayış sahəsinin qanunsuz sahiblikdən geri alınması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlak obyektinin qanunsuz sahiblikdən geri alınması, sahibliyin pozulmasına yönəlmiş qanunazidd hərəkətlərə son qoyulması və maddi zərərin ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(025)-426/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı Qəbələ şəhəri, M.Abıyev küçəsində yerləşən “Qəbələ RLS” adlanan Hərbi şəhərcik ərazisində yerləşən 1 mərtəbəli, 197,2 kv/m sahəsi olan qeyri-yaşayış sahəsinin Cavabdeh qanunsuz sahibliyində olmasını iddia etməklə sonuncunun həmin qeyri-yaşayış sahəsindən çıxarılmasını tələb edir. xx.xx.2023-cü il tarixli 3941 saylı Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında İcarə müqaviləsi ilə AR İN ƏMDX-nin xx.xx.2023-cü il tarixli 188 saylı Sərancamına əsasən Qəbələ rayon İcra hakimiyyətinin balansında olan Qəbələ şəhəri, M.Abıyev küçəsində yerləşən 1 mərtəbəli, 197,2 kv/m qeyri-yaşayış binası (registr nömrəsi: **********9-000) xidmət məqsədilə aylıq icarə haqqı 260,0 manat olmaqla xx.xx.2023- cü il tarixdən xx.xx.2024-cü il tarixədək İddiaçı istifadəsinə verilmişdir. İcarə müqaviləsinə müddəti bitdikdən sonra xitam vermək və ya dəyişdirmək haqqında İcarəçinin (İddiaçı) ərizəsi olmadıqda müqavilə nəzərdə tutulmuş eyni müddət və eyni şərtlərlə uzadılmış hesab edilir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh qarşı daşınmaz əmlak obyektinin qanunsuz sahibdən geri alınması, sahibliyin pozulmasına yönəlmiş qanunazidd hərəkətlərə son qoyulması və maddi zərərin ödənilməsi tələbi barədə iddia qaldıraraq Qəbələ şəhəri, M.Abıyev küçəsində yerləşən 1 mərtəbəli, 197,2 kv/m qeyri-yaşayış sahəsinin (registr nömrəsi: **********9-000) cavabdehin qanunsuz sahibliyindən geri alınaraq ona təhvil verilməsi, əmlakdan istifadə hüququnu həyata keçirməsinə maneçilik törədən qanunsuz hərəkətlərə son qoyulması və ödənilmiş 1250,0 manat icarə haqqı əvəzində müvafiq məbləğin tutularaq xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, Qəbələ şəhəri, M.Abıyev küçəsində yerləşən “Qəbələ RLS” adlanan Hərbi şəhərcik ərazisində yerləşən ticarət məntəqəsində 1978-ci ildən 1991-ci ilədək mağaza müdiri vəzifəsində işləmiş və SSRİ dağıldıqdan sonra Rusiya Federasiyasına məxsus 30765 saylı Hərbi hissə komandirinin razılığı ilə şəhərçik ərazisində budka qoyaraq ticarətlə məşğul olmuşdur. 2008-ci ildə Hərbi hissə komandirin razılığı ilə budkanın yerində 1 mərtəbəli, 197,2 kv/m sahəsi olan qeyri-yaşayış sahəsi tikərək 2012-ci ilədək fərdi qaydada sahibkarlıq fəaliyyətini davam etdirmişdir. Cavabdeh mağazada satıcı işləmiş, bütünlüklə mal tədarükü və satışı, ödəmələr və işlərin görülməsi onun şəxsi məsuliyyəti ilə icra edilmişdir. Rusiya Federasiyasına məxsus olan 30765 saylı Hərbi hissə Qəbələ rayonu ərazisindən köçürüldükdən sonra mağaza binası Qəbələ rayon İcra hakimiyyətinin balansına verilmiş və fəaliyyətini dayandırmışdır. 2023-cü ildə həmin binanı Qəbələ rayon İcra hakimiyyətindən icarəyə götürmüş və ayda 260,0 manat icarə haqqını vaxtı vaxtında ödəmişdir. Lakin Cavabdeh mağazanın açarlarının onda qalmasından istifadə edərək binanı zəbt etmiş və qapıları bağlı saxlayaraq istifadə edilməsinə imkan verməmişdir. Ona görə də, icarə hüququ ilə əldə etdiyi Qəbələ şəhəri, M.Abıyev küçəsində yerləşən 1 mərtəbəli, 197,2 kv/m qeyri-yaşayış sahəsinin Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq ona təhvil verilməsi, əmlakdan istifadə hüququnu həyata keçirməsinə maneçilik törədən qanunsuz hərəkətlərə son qoyulması və ödənilmiş 1250,0 manat icarə haqqı əvəzində müvafiq məbləğin tutularaq xeyrinə ödənilməsi haqqında iddia qaldırmışdır..
4. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, 1994-cü ildə o, Rusiya Federasiyasına məxsus 30765 saylı Hərbi hissə komandirinin razılığı ilə Qəbələ şəhəri, M.Abıyev küçəsində yerləşən “Qəbələ RLS” adlanan Hərbi şəhərcik ərazisində budka qoyaraq İddiaçı ilə birlikdə şərikli ticarətlə məşğul olmuş və əldə olunan qazanc aralarında bərabər qaydada bölünmüşdür. 2005-ci ildə İddiaçı “Gilan” şirkətində rəhbər vəzifə tutması ilə əlaqədar ondan ayrılmış və Hərbi şəhərcik ərazisində fəaliyyətini dayandırmışdır. 2006-cı ildə o, Hərbi hissə komandirin razılığı ilə budkanın yerində 1 mərtəbəli, 197,2 kv/m sahəsi olan qeyri-yaşayış sahəsi tikərək 2012-ci ilədək fərdi qaydada sahibkarlıq fəaliyyətini davam etdirmişdir. Həmin müddətdə bütünlüklə mal tədarükü və satışı, ödəmələr və işlərin görülməsi onun şəxsi məsuliyyəti ilə icra edilmiş, İddiaçı mağazanın fəaliyyətində heç bir iştirakı olmamışdır. Rusiya Federasiyasına məxsus olan 30765 saylı Hərbi hissə Qəbələ rayonu ərazisindən köçürüldükdən sonra mağaza binası Qəbələ rayon İcra hakimiyyətinin balansına verilmiş və fəaliyyətini dayandırmışdır. Həmin binanın istifadə hüququnu əldə etməkdən ötrü Qəbələ rayon İcra hakimiyyətinə müraciət etmiş, lakin sənədlər hazır olmadığından hələlik rəsmiləşdirə bilməmişdir. İddiaçı həmin qeyri yaşayış binası üzərində hüquqları olmadığı artıq məhkəmə qaydasında müəyyən edilmiş və aralarında yaranmış mübahisə onun xeyrinə həll edilmişdir. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir.
5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, İddiaçı Qəbələ rayon İcra hakimiyyətinin balansında olan Qəbələ şəhəri, M.Abıyev küçəsində yerləşən 1 mərtəbəli, 197,2 kv/m qeyri-yaşayış sahəsi üzərində mülkiyyətçi ilə bağlanan İcarə müqaviləsi əsasında xx.xx.2023-cü il tarixdə sahiblik və istifadə hüququ əldə etmişdir. Cavabdeh həmin əmlak üzərində hər hansı əsasla hüquq əldə etməsi müəyyən edilməmişdir.
6. Məhkəmə hesab etmişdir ki, Qəbələ rayon İcra Hakimiyyətinin balansında olan Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında xx.xx.2023-cü il tarixli 3941 nömrəli İcarə müqaviləsi əsasında İddiaçı istifadəsinə verilmiş Qəbələ şəhəri, Muxtar Abduyev küçəsində, 1 mərtəbəli tikilidə ( registr nömrəsi: **********9-000) yerləşən ümumi sahəsi 197,2 kv/m olan qeyri-yaşayış binası Cavabdeh qanunsuz olduğundan geri alınmalı və İddiaçı dəymiş 1250,0 manat məbləğində maddi zərər Cavabdeh hesabına ödənilməlidir.
7. Qəbələ Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(025)-426/2024 nömrəli qətnaməsi ilə (hakim Ülvi Qənbərov) iddia təmin olunmuş, Qəbələ rayon İcra Hakimiyyətinin balansında olan Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında xx.xx.2023-cü il tarixli 3941 nömrəli İcarə müqaviləsi əsasında İddiaçı istifadəsinə verilmiş Qəbələ şəhəri, Muxtar Abduyev küçəsində, 1 mərtəbəli tikilidə (registr nömrəsi: **********9-000) yerləşən ümumi sahəsi 197,2 kv/m olan qeyri-yaşayış binası Cavabdeh qanunsuz sahibliyindən geri alınıb İddiaçı təhvil verilməsi, Cavabdeh 1250,0 (min iki yüz əlli) manat və 100,0 (yüz) manat dövlət rüsumu alınıb İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 14, 152, 157, 158, 164 və 700-cü maddələrinə istinad etmişdir.
9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: xx.xx.2023-cü il tarixli 3941 saylı Dövlət əmlakının ( qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında İcarə müqaviləsi xx.xx.2023-cü il tarixli Təhvil-təslim aktı
10. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Qəbələ şəhərində yerləşən AR İN ƏMDX-nin Qəbələ Ərazi şöbəsinin müdiri X1 və İddiaçı xx.xx.2023-cü il tarixdə “Təhvil-təslim aktı”nı imzalayanda, yaxşı bilirdilər ki, obyekt 30 ildir ki, onun istifadəsindədir və 09 sentyabr 2023-cü il tarixdə onların heç biri obyektdə olub “təhvil-təslim” etməmişlər. 1994-cü ildən indiyə kimi onun istifadəsində olan və hal-hazırda da qapılarının açarları ancaq onda olan obyekti İddiaçı faktiki olaraq təhvil götürmədiyi halda, yəni istifadə etmədiyi əmlaka görə hansı məqsədlə 6 ay ərzində 1250 manat “icarə haqqı” ödəmişdir? Və ona bu barədə heç kim tərəfindən heç bir məlumat, xəbərdarlıq nə şifahi, nə də yazılı olaraq bildirilməmişdir ki, əgər həmin obyekti tərk etməsə, ondan pul tələb olunacaqdır. Eyni iddiaçının – İddiaçı, eyniməzmunlu iddia ilə - Qəbələ şəhəri-2 hərbi şəhərcikdə (əvvəlki ünvan A.Vasilyev küçəsi) yerləşən qeyri yaşayış sahəsindən, eyni cavabdeh – Cavabdeh barəsində və hətta eyni məhkəməyə - Qəbələ rayon məhkəməsinə təkrar müraciət etmiş olduğu iddia ərizəsi məhkəmə tərəfindən təmin oluna bilməz. (e- 2(025)921/2022 nömrəli iş üzrə iddia ərizəsinin surətini məhkəməyə təqdim etmişdir). Ona görə ki, İddiaçı eyni məzmunlu iddia tələbi Qəbələ rayon Məhkəməsinin e-2(025)921/2022 nömrəli iş üzrə 26 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir.
12. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(025)- 426/2024 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə izahat verərək qanuni qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırki iş üzrə mübahisəli daşınmaz əmlakın balans saxlayıcısı Qəbələ Rayon İcra Hakimiyyəti, mülkiyyətçisi isə Əmlak Məsələləri Dövlət Xidmətidir. Balans saxlayıcısının razılığı alınmaqla daşınmaz əmlak icarəyə verilmişdir. Balans saxlayıcısının razılığı alınması barədə sənədlər onda yoxdur.
16. İddiaçı və Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirilirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsasını təşkil edir. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5-ci maddəsinə əssən ......,vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 162-ci maddəsinə əsasən əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. 676.0.3-cü maddəsinə əsasən üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları kirayəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmamalı və ya bu istifadəni istisna etməməlidir. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əssən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 708.3-cü maddəsinə əsasən icarəyə verilən torpağın qüsurları və üçüncü şəxslərin torpağa iddialarının və hüquqlarının olması üçün icarəyə verənin məsuliyyətinə, habelə icarəçinin həmin qüsurlar nəticəsində əmələ gələn hüquq və vəzifələrinə bu Məcəllənin 676 və 677-ci maddələrinin göstərişləri müvafiq surətdə tətbiq edilir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
19. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
20. Cavabdeh Qəbələ Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(025)- 426/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehlərə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehlərin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.
22. Hazırki işin mübahisə olunmayan halları aşağıdakı kimidir. İddiaçı Qəbələ şəhəri, M.Abıyev küçəsində yerləşən “Qəbələ RLS” adlanan Hərbi şəhərcik ərazisində yerləşən 1 mərtəbəli, 197,2 kv/m sahəsi olan qeyri-yaşayış sahəsinin Cavabdeh qanunsuz sahibliyində olmasını iddia etməklə sonuncunun həmin qeyri-yaşayış sahəsindən çıxarılmasını tələb edir. 17 iyun 2022-ci ildə İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və əmlakdan istifadəyə törədilən maneələrə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ona məxsus Qəbələ şəhəri, 2 hərbi şəhərcikdə (əvvəlki ünvan A.Vasiliyev küçəsi) yerləşən qeyri-yaşayış sahəsindən və həmçinin ona məxsus Qəbələ rayonu, Mirzəbəyli kəndində fındıq emalı zavodunun qarşısında yerləşən 2 ədəd dəmir köşkdən istifadəsinə maneələrə son qoyulması, həmin əmlakların boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin e-2(025)-921/2022 nömrəli, 26 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Abbas Əliyev) iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Həmin iş işə apellyasiya və kassasiya qaydasında bir neçə dəfə baxılmış, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1369/22 nömrəli, 26 dekabr 2022ci il tarixli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-1834/2023 nömrəli qərarı və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-820/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qətnaməsi qəbul edilmişdir. Nəticədə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)- 4349/2023 nömrəli qərarı ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə müəyyən edilmişdir ki, həm hərbi şəhərcikdə yerləşən qeyri-yaşayış sahəsinin, həm də fındıq zavodunun qarşısında yerləşən köşklərin mülkiyyətçi (qanuni sahib) olduğunu iddia edən iddiaçı bu əmlaklara mülkiyyət hüququnu və ya qanuni sahibliyini təsdiq edən müvafiq hüquq müəyyənedici sənədi məhkəmələrə təqdim etməmişdir. Həmin əmlaklar üzərində iddiaçının hüququnun olması iş materialları ilə təsdiq olunmur. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirilən əmlaklarla bağlı hazırki iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Əvvəlki işdən fərqli olaraq hazırki iş üzrə iddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixli 3941 saylı Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında İcarə müqaviləsini təqdim etmişdir. Həmin müqavilə ilə AR İN ƏMDX-nin xx.xx.2023-cü il tarixli 188 saylı Sərancamına əsasən Qəbələ rayon İcra hakimiyyətinin balansında olan Qəbələ şəhəri, M.Abıyev küçəsində yerləşən 1 mərtəbəli, 197,2 kv/m qeyri-yaşayış binası (registr nömrəsi: **********9-000) xidmət məqsədilə aylıq icarə haqqı 260,0 manat olmaqla xx.xx.2023- cü il tarixdən xx.xx.2024-cü il tarixədək İddiaçı istifadəsinə verilmişdir. İcarə müqaviləsinə müddəti bitdikdən sonra xitam vermək və ya dəyişdirmək haqqında İcarəçinin (İddiaçı) ərizəsi olmadıqda müqavilə nəzərdə tutulmuş eyni müddət və eyni şərtlərlə uzadılmış hesab edilir. Kollegiya əvvəla qeyd edir ki, hazırki iş üzrə iddia tələbinin əsası dəyişdiyindən yuxarıda göstərilən məhkəmə qərarının mövcud olmasına baxmayaraq hazırki işə mahiyyəti üzrə baxılmalıdır.
23. Birinci instansiya məhkəməsi iddianın qanuni əsası kimi Mülki Məcəllənin 152, 157 və 158-ci maddələrinə istinad etmişdir. Kollegiya əvvəlcə MM-in 157 və 158-ci maddələri ilə bağlı qeyd edir ki, həmin normalar mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilməsini və mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququnun da əmlak hüququ sayılmasını nəzərdə tutur və bundan sonrakı maddələr sahibliyin müdafiəsinə dair qaydaları tənzimləyir. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Başqa sözlə, sahiblik bir əşya üzərində əməli (faktiki) hakimiyyəti iradəvi olaraq ələ keçirmiş və bunu itirməmiş olmaqdır. Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək və ya iradəsi xaricində başqa biri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın sahibi sayılır. Sahibliyin verilməsi isə digər şəxsin əşya üzərində faktiki hakimiyyətinin təmin edilməsi, yəni əşyanın onun birbaşa - vasitəsiz sahibliyinə verilməsi və ya əşyaya vasitəli sahibliyinin təmin edilməsi ilə mümkün olur. Beləliklə, sahibliyin müdafiəsinə dair normaların tətbiq edilməsi üçün iddiaçının əşyanın (ilkin qazanma və ya sahibliyin verilməsi nəticəsində) sahibi olması və bu vəziyyətin cavabdeh tərəfindən özbaşınalıqla pozulması müəyyən edilməlidir. Başqa sözlə, əşyaya sahibliyi əldə etməmiş şəxs sahibliyinin pozulmasına istinad edə bilməz. Hazırkı işə mahiyyəti üzrə baxmış məhkəmə iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinin sahibi olmasını, yəni həmin əşyanın onun sahibliyinə verilməsini müəyyən etməmişdir.
24. Birinci instansiya məhkəməsinin tətbiq etdiyi MM-in 157.2-ci maddəsi isə öz əşyasından məhrum olan və ya məhrumetmə olmadan qəsdə məruz qalan mülkiyyətçinin hüquqlarının qorunması ilə bağlı vindikasiya və neqator iddialarını nəzərdə tutur. Vindikasiya və ya neqator tələbin təmin olunması üçün iddiaçı əşyanın mülkiyyətçisi, cavabdeh isə əşyanın sahibi olmalı, yaxud onun tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməli, habelə cavabdehin sahibliyi və ya müdaxiləsi qanunsuz olmalıdır. Bu normalara söykənən tələbin haqlı sayılması üçün həmin ünsürlərin hər biri müəyyən edilməlidir. Başqa sözlə, iddiaçının bildirdiyi hallar (və işin müəyyən edilən halları) göstərilən dispozisiya şərtləri ilə uzlaşdıqda iddia əsaslı sayıla və təmin edilə bilər. Onlardan biri aşkar olunmadıqda sonrakı ünsürlərin araşdırılmasına gərək qalmadan həmin normaya söykənən iddia rədd olunmalıdır.
25. Bununla belə sözügedən normaların tətbiqinin MM-in 157.8-ci maddəsi ilə əlaqəli şəkildə nəzərdən keçirilməsi mümkündür. Bu maddəyə əsasən, mülkiyyət hüququnun müdafiəsinə dair hüquqlar mülkiyyətçi olmasa belə, əşyaya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla sahiblik edən şəxsə də mənsubdur. Qanunverici, MM-in 157.8-ci maddəsində məhz məhdud əşya hüquqlarını (servitut, tikintiyə vərəsəlik hüququ və s.) tam əşya hüququ olan mülkiyyət hüququ ilə eyni səviyyədə qoruma altına almışdır. Bununla da, məhdud əşya hüququna sahib olan şəxs, MM-in 157-ci maddəsinə istinad etməklə öz hüququnu hər kəsə qarşı qoruya bilər. Hazırkı işdə cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılmasını tələb edən iddiaçının hər hansı məhdud əşya hüququna malik olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda, iddianın MM-in 157.8-ci maddəsi ilə təmin edilməsi qanuni və əsaslı yanaşma sayıla bilməz. Kollegiya onu da vurğulayır ki, daşınmaz əmlakın icarəsi müqaviləsindən irəli gələn, müddətli icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin hüququn məhdud əşya hüququ sayılmasına əsas verə bilməz. Belə ki, qanunda nəzərdə tutulanlardan (girov, servitut, uzufrukt və s.) başqa məhdud əşya hüquqları təsis edilə bilməz (“numerus clausus” - məhdud say prinsipi). Nəzərə alınmalıdır ki, daşınmaz əmlaka icarə hüququ dövlət reyestrində qeydiyyat anından deyil, icarə müqaviləsinin bağlandığı vaxtdan yaranır, reyestrdəki qeydiyyat isə vicdanlı üçüncü şəxsləri qorumaq üçün aparılmaqla açıqlayıcı funksiyanı yerinə yetirir.
26. Beləliklə, işin müəyyən edilmiş hallarından aydın olur ki, iddiaçının tələbi AR İN Əmlak Məsələləri Dövlət Xidməti ilə bağladığı xx.xx.2023-cü il tarixli 3941 saylı Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında İcarə müqaviləsinə əsaslanır. Yəni, iddiaçının qeyri-yaşayış sahəsinə dair icarə hüququ həmin müqavilədən irəli gələn tələb hüququdur. Bu hüquq üçüncü şəxslərə qarşı deyil, müqavilə tərəfinə qarşı irəli sürülə bilər. İcarəyə verən tərəfindən müqavilə öhdəliyi icra edilməklə qeyri-yaşayış sahəsinin iddiaçının sahibliyinə verilməsi isə işdən görünmür. Belə ki, hələ 2022-ci ildə məhkəməyə verilmiş bu qətnamənin 22-ci bəndində göstərilmiş iddia tələbi üzrə işə baxılarkən qəbul olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-1834/2023 nömrəli qərarında müəyyən edilmişdir ki, hazırda barəsində tələb irəli sürülən qeyri-yaşayış sahəsinin və 2 ədəd köşkün cavabdehin sahibliyində olması işin mübahisəsiz halıdır. Göründüyü kimi, hələ həmin vaxtdan mübahisəli qeyri-yaşayış sahəsi faktiki olaraq Cavabdeh tərəfindən istifadə olunur və onun sahibliyindədir. İddiaçı AR İN Əmlak Məsələləri Dövlət Xidməti ilə bağladığı xx.xx.2023-cü il tarixli 3941 saylı Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında İcarə müqaviləsi bağlamasına baxmayaraq, cavabdehin həmin əmlaka sahibliyinə son qoyulmamışdır. xx.xx.2023-cü il tarixli 3941 saylı icarə müqaviləsi ilə Əmlak Məsələləri Dövlət Xidməti faktiki olaraq üçüncü şəxsin sahibliyində olan əmlakı iddiaçıya icarəyə vermişdir. Hətta, həmin vaxt da əmlak cavabdehin sahibliyində qalmış, faktiki olaraq iddiaçının sahibliyinə verilməmişdir. İddiaçı ilə icarə müqaviləsini bağlayan Əmlak Məsələləri Dövlət Xidməti və daşınmaz əmlakın balansında olduğu göstərilən Qəbələ Rayon İcra Hakimiyyəti kollegiya tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Qəbələ Rayon İcra Hakimiyyətinin məhkəmə kollegiyasının sorğusuna verdiyi 28 yanvar 2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, ünvan 3 ünvanında yerləşən 1 mərtəbəli, 197.2 kv/m qeyri-yaşayış binasının sənədləri barədə Qəbələ Rayon İcra Hakimiyyətində heç bir məlumat yoxdur. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmə sorğusuna cavab olaraq müvafiq icarə müqaviləsi və təhvil-təslim aktının təsdiq edilmiş surətləri təqdim edilmişdir. Müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli 3941 saylı İcarə müqaviləsi AR İN ƏMDX-nin rəis müavini E.Yusubov tərəfindən imzalanmışdır ki, AR İN ƏMDX-nin ünvanı olaraq Bakı şəhəri H.Əliyev prospekti 139 göstərilmişdir. Müqaviləyə təhvil-təslim aktının əlavə olunduğu qeyd edilir. Hansı ki, təhvil təslim aktı müqavilə ilə eyni - xx.xx.2023-cü il tarixdə Qəbələ şəhərində tərtib edilmiş və Qəbələ Ərazi Şöbəsinin müdiri X2 tərəfindən imzalanmışdır. Təhvil-təslim aktında təhvil verilən əmlakın eyniləşdirici xüsusiyyətləri qeyd edilməmişdir. Kollegiya qeyd edir ki, Bakı şəhərində Əmlak Məsələləri Dövlət Xidməti ilə müqavilə bağlandığı gün eyni zamanda Qəbələ şəhərində Əmlak Məsələləri Dövlət Xidmətinin Qəbələ ərazi şöbəsindən əmlakın təhvil alınması real olaraq mümkün deyildir. Cavabdeh də apellyasiya şikayətində əmlakın onun tərəfindən istifadə edildiyini, həmin əmlakda heç bir təhvil-təslim aparılmadığını, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən icarə müqaviləsi barədə ona heç bir məlumat verilməməklə əmlakdan çıxmasının tələb edilmədiyini vurğulamışdır. Halbuki, Mülki Məcəllənin 708 və 676-cı maddələrinin tələbinə görə üçüncü şəxslərin icarəyə verilən əmlaka hər hansı hüquqları və ya iddiaları həmin əmlakin icarəçi tərəfindən istifadəsinə mane olmamalı və ya bu istifadəni istisna etməməli idi. Göründüyü kimi, Əmlak Məsələləri Dövlət Xidməti İddiaçı ilə bağladığı icarə müqaviləsi üzrə öhdəliklərini qanuna uyğun şəkildə icra etməmişdir ki, bununla bağlı yaranan tələb hüququ da Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı yaranmışdır.
27. Hazırkı işdə isə iddia cavabdeh olaraq müqavilənin tərəfi (icarəyə verən) Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı deyil, üçüncü şəxs olan cavabdehə qarşı qaldırılmışdır. Əmlak Məsələləri Dövlət Xidməti işdə tərəf olsa da, cavabdeh olmadığından ona qarşı hər hansı tələb təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 54-cü maddəsinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə prosessual hüquq normalarının pozuntusuna yol vermiş, hazırki iddiaya cavab verməli olmayan şəxslərə qarşı qaldırılmış iddianı təmin etmişdir.
28. İddia tələbinin iddiaçı tərəfindən qeyri-yaşayış sahəsi üçün ödənilmiş icarə haqlarının cavabdehdən tutulmasına dair hissəsinə gəldikdə kollegiya qeyd edir ki, eyni səbəblərdən iddia həmin hissədə də əsassızdır. Belə ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Mülki Məcəllənin 676-cı maddəsinə əsasən bütün kirayə müddəti ərzində kirayəyə verən üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları kirayəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmaması və ya bu istifadəni istisna etməməsi üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 677.1.1 və 677.1.4-cü maddələrinə görə əmlak kirayəsi müqaviləsinin predmeti olan əşyanın bu Məcəllənin 676-cı maddəsinin tələblərinə uyğun gəlməməsi kirayəçiyə aşağıdakı hüquqi müdafiə vasitələrini tətbiq etmək hüququ verir: əgər müqaviləyə uyğunsuzluğu nəticəsində əşya məhv olarsa və ya onun müqavilə üzrə müəyyənləşdirilmiş istifadəyə yararlığı azalarsa, əşyanın yararlığının itdiyi müddət üçün kirayəçi kirayə haqqını ödəməkdən azad edilir... əgər kirayəçi kirayəyə götürdüyü əşyanı tamamilə və ya qismən müqavilə üzrə istifadəyə müəyyənləşdirilmiş müddətdə almırsa və ya əşya ondan götürülürsə və ya əhəmiyyətli dərəcədə pisləşirsə, kirayəyə verən isə gecikdirməyə yol verirsə, kirayəçi xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər... 700.3-cü maddəyə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Göründüyü kimi, hazırki halda, iddiaçı ilə icarəyə verən arasında icarə müqaviləsi üzrə icarəyə verənin öhdəlikləri tam yerinə yetirilməmişdir və bunun nəticəsində iddiaçının icarə haqqını ödəməmək və ya müqaviləni ləğv etmək hüquqları vardır. Bu tələblər də hazırki cavabdehə deyil, icarəyə verənə qarşı qaldırıla bilər. Ona görə də, hazırki iddia tələbi təmin edilə bilməz.
29. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Qəbələ Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(025)-426/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlak obyektinin qanunsuz sahiblikdən geri alınması, sahibliyin pozulmasına yönəlmiş qanunazidd hərəkətlərə son qoyulması və maddi zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(025)-426/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı daşınmaz əmlak obyektinin qanunsuz sahiblikdən geri alınması, sahibliyin pozulmasına yönəlmiş qanunazidd hərəkətlərə son qoyulması və maddi zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Dövlət rüsumu olaraq ödənilmiş 100,0 (yüz) manat İddiaçı özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.