Məhkəmə qərarları › İş №2(107)-1273/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1273/2021

13.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1273/2021 13.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, İddiaçı, onun vəkili Vəkil1 (vəkil sonuncu prosesdə iştirak etmir), Cavabdeh Aliosman oğlunun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh Aliosman oğluna qarşı "dəymiş ziyanın ödənilməsi və əldən çıxmış fayda" tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 2(025)-209/2021 nömrəli 15 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh Aliosman oğlunun vəkili və nümayəndəsi Vəkil2 Zaman oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh Aliosman oğluna qarşı "dəymiş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Aliosman oğlundan onun xeyrinə 150.000 (yüz əlli) min manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 11 fevral 2021-ci il tarixdə İddiaçı məhkəməyə poçt vasitəsi ilə iddia tələbinin dəqiqləşdirilməsi (artırılması) barədə ərizə göndərərək, Cavabdeh Aliosman oğlundan onun xeyrinə 150 min manat əsas məbləğ, 37500 manat illik 5 faiz olmaqla cəmi 187500 (bir yüz səksən yeddi min beş yüz) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Qəbələ Rayon Məhkəməsinin (hakim A.Əliyev) 15 aprel 2021-ci il tarixli, 2(025)- 209/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin olunması, Cavabdeh Aliosman oğlundan 150 000 (bir yüz əlli min) manat pulun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan hər iki tərəf apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2008-ci ildən Oğuz rayonunun Xalxal kəndində kiçik balıqçılıq təsərrüfatı yaratmışdır. 2010-cu ildə Türkiyədən gəlmiş Cavabdeh Aliosman oğlu özünü iş adamı və balıqçılıq üzrə mütəxəssis kimi ona tanıdaraq birgə iş qurmağı təklif etdikdə ona etimad edərək 2010-cu ildə birgə fəaliyyət haqqında təklif etdiyi müqaviləni imzalamışlar. 1 ay keçəndən sonra bilmişdir ki, bu adam yalançıdır və təsərrüfata heç bir sərmayə qoymaq imkanı və niyyəti yoxdur. Müqavilə imzalamazdan əvvəl vəd verdiyi sərmayə qoyuluşunu icra etmədiyinə və təsərrüfata hər hansı xeyir vermədiyinə görə aralarında məhkəmə mübahisələri yaranmışdır. Aralarında bağlanmış müqavilənin etibarsızlığına dair iddia qaldırmaq məcburiyyətində qalmış, L.Turan isə, guya, birgə işbirliyində təsərrüfata sərf etdiyi pulun ondan alınmasına dair İddiaçı qarşı iddialar qaldırmışdır. Həmin vaxt vəkil (hüquqşünas) kimi fəaliyyət göstərən Qurban Məmmədov L.Turana himayədarlıq edirdi. Məhkəmə mübahisəsi təzə başlayan ərəfədə Qurban Məmmədov Bakıda Nərimanov rayonunda yerləşən ofisinə İddiaçı çağırmış, ona qarşı 150 min manatlıq iddia qaldırıldığını, özünün və Cavabdeh hüquqmühafizə orqanlarında əlaqələrindən istifadə edərək, əvvəlcə 150 min manatı, sonra da təsərrüfatı əlindən alacaqlarını, müqavimət göstərdiyi halda özünü də həbs etdirəcəklərini, onun özünə 50 min manat verəcəyi halda bu işdən kənarda duracağını demişdi. O zaman Q.Məmmədovun bu hədələrini ciddiyə almayaraq, hüquq-mühafizə və məhkəmə orqanlarının ədalətli, qanun əsasında fəaliyyət göstərdiyinə ümid edərək Q.Məmmədov və ya L.Turanla heç bir danışığa getməmişdir. Bundan sonra L.Turan məhkəmədə ona qarşı iddia qaldıraraq, guya, təsərrüfata kapital qoyuluşu kimi xərclədiyi 139000 manat pulun ondan tutulmasını tələb etmişdir. Oğuz və Qax rayon məhkəmələrinin ayrı-ayrı işlər üzrə qəbul etdikləri qətnamələrlə L.Turanın təsərrüfata 139 000 manat vəsait qoyuluşuna dair iddiasının əsassızlığı müəyyən olunaraq iddia tələbi rədd olunmuşdur. Sözügedən qətnamələr Şəki Apellyasiya Məhkəməsinin qətnamələri ilə dəyişdirilmədən, apellyasiya qətnamələri isə Ali Məhkəmənin qərarları ilə dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəsini almışdır. 2015-ci ildə L.Turan təkrar olaraq ona qarşı iddaia qaldırmış, təsərrüfata vəsait qoyulması adı ilə 132.500 manat, təsərrüfatdan gəlir, əldən çıxmış fayda və s. şəklində külli miqdarda pul tələb etmişdir. İşin Qəbələ Rayon Məhkəməsində baxıldığı ərəfədə, 2015-ci ildə L.Turan ona qarşı DİN-ə şikayət etmişdi. O da öz növbəsində L.Turanın təsərrüfatını dağıtmağına, məhkəmə qərardadı ilə saxlanca verilmiş balıqları talan etdiyinə görə və onu təhdid etdiyinə görə DİN-ə şikayət etmişdir. DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində şikayətlərin araşdırılması zamanı L.Turanın tələblərindən və aralarında olan 22.07.2010-cu il tarixli təsis müqaviləsindən birdəfəlik qurtulmaq üçün razılığa gəlmişlər və baş müstəntiq Hacı Əfəndiyevin tərtib etdiyi protokol əsasında ondan 150 min manat pul alınaraq L.Turana verilmişdir. Nəzərə alınmalıdır ki, 2010- 2015-ci illərdə L.Turanın ona qarşı pul tələbinə dair iddiaları rədd edilmişdir, onun təsərrüfata hər hansı məbləğ qoymadığı müəyyən olunmuşdur. 2010-cu ildən davam edən məhkəmə çəkişmələrindən və L.Turanın şantajçı hərəkətlərindən yaxa qurtarmaq, aralarındakı münaqişəni birdəfəlik bitirmək üçün qarşılıqlı razılıq əsasında 150 min manatı BMCMİ-nin müstəntiqi vasitəsilə L.Turana vermişdir. 24.11.2015-ci il tarixli və 27.11.2015-ci il tarixli Protokol DİN BMCMİ-nin baş müstəntiqi Hacı Əfəndiyev tərəfindən tərtib edilmiş, L.Turan və onun tərəfindən (vəkil Nizami Abasovun iştirakı ilə) imzalanmışdır. 27.11.2015ci il tarixli Protokolda Cavabdeh Oğuz rayon dövlət notariat kontorunda bağlanmış 22 iyul 2010-cu il tarixli təsis müqaviləsini ləğv edəcəyini və Qəbələ rayon məhkəməsində təsis müqaviləsindən yaranan pul tələbinə dair iddiasından imtina edəcəyini, bundan sonra da İddiaçı və balıqçılıq təsərrüfatından heç bir tələbi və şikayəti olmayacağı öhdəliyini götürmüşdür. Lakin göstərilən Protokollar əsasında ondan 150 min manat pulu aldıqdan sonra L.Turan nümayəndəsi Qurban Məmmədovla birgə Qəbələ Rayon Məhkəməsində baxılan iş üzrə iddia tələbini dəyişdirərək qeyd etmişdir ki, Protokol əsasında ondan aldığı 150 min manat, guya, təsərrüfata 2008-2010-cu illərdə pay şəklində qoyduğu məbləğdir, tələb etdiyi 132 500 manat isə 2010-2014-cü illər üzrə təsərrüfatın gəlirindən şərik olaraq onun payına düşən məbləğdir. Beləliklə, L.Turan dəyişdirilmiş iddia ilə ondan 132 500 manat 2010-2014-cü illər üzrə gəlirdən pay və əldən çıxmış fayda şəklində külli miqdarda pul tələbi ilə mülki işin baxılmasını davam etdirmişdir. Bu halda tərəfindən Qəbələ Rayon Məhkəməsində qarşılıqlı iddia verilərək, Azərbaycan Respublikası DİN BMCMİ-nin müstəntiqi Hacı Əfəndiyev tərəfindən tərtib edilmiş 27.11.2015-ci il tarixli müqavilə-protokol razılaşmasının etibarsız hesab olunması və s. tələblə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 2(025)-03/2016 saylı qətnaməsi ilə iş üzrə ilk və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. Qarşılıqlı iddia tələbinin təmin edilməməsinə dair mövqeyini məhkəmə belə əsaslandırmışıdr ki, 27.11.2015- ci il tarixli Protokol cinayət-prosessual təqibi çərçivəsində tərtib edilmiş prosessual sənəd olduğundan və tərəflər həmin “Protokolmüqaviləni” öz könüllü iradə ifadələri ilə imzaladıqlarından onun etibarsızılığı məhkəmə tərəfindən etibarsız hesab edilməsi üçün əsaslar olmamışdır. Qəbələ Rayon Məhkəməsinin 28 mart 2016-cı il tarixli 2(025)-03/2016 saylı qətnaməsindən hər ikisi apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 30 mart 2018-ci il tarixli 2(107)-304/2018 saylı qətnaməsi ilə Qəbələ Rayon Məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, L.Turanın iddiası qismən təmin olunaraq İddiaçı L.Turanın xeyrinə 132 500 manat pul tutulması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin MK-nın 2(102)-5596/2018 saylı, 27.09.2018-ci il qərarı ilə təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, ondan Protokolla (razılaşma) 150 min manat pul aldıqdan sonra L.Turan, həmin məbləğin alınması müqabilində üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, əksinə, məhkəmədə ona qarşı iddiasını davam etdirmiş və nəticədə ondan əlavə 132.500 manat pul alınması qət edilmmişdir. Sonuncu dəfə L.Turan, təkrar olaraq 22.07.2010-cu il tarixli “təsis müqaviləsinə” istinad edərək 2015-2019-cu illər 150 min manat və gələcəkdə hər ay üçün 2.500 manat pul tutulmasına dair iddia qaldırmışdır. Oğuz Rayon Məhkəməsinin qətnaməsi ilə L.Turanın sözügedən iddia tələbi rədd edilmiş, Şəki Apellyasiya və Ali Məhkəmənin qərarı ilə L.Turanın şikayətləri təmin olunmamış və Oğuz Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almışdır. L.Turan ondan 150 min manat alması müqabilində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməklə və iddialarını, əsassız tələblərini davam etdirməklə, həmçinin, 22.07.2010-cu il tarixli “təsis müqaviləsini” ləğv etdirmək üçün onunla birgə notariat orqanına gəlmədiyinə görə ona 150 min manat məbləğində real maddi ziyan vurmuşdur. Əlavə olaraq bildirir ki, hazırki iş üzrə tələb etdiyi 150 min manat pulu özündə saxlamaqla ona vaxtında qaytarmadığına görə, 150 min manat məbləğdən əlavə, 2015-ci ildən hazırki vaxtadək həmin məbləğə illik 5% əlavə pul tələb etməkdə haqlıdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qəbələ Rayon Məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iddia tələbi tam həcmdə olunmalıdır. Belə ki, hazırki mülki iş birinci instansiya məhkəməsi tərəfindən baxılarkən maddi hüquq normasının tələbləri nəzərə alınmadan və tətbiq edilən hüquq düzgün təfsir edilmədiyindən, iddia tələbinin təmin edilməyən hissəsi üzrə əsassız və qanunsuz nəticəyə gəlinmişdir. L.Turanın ondan 150 min manat alması müqabilində üzərinə götürdüyü öhdəliyi icra etməməklə maddi zivan vurması işin birmənalı olaraq məhkəmə tərəfindən müəyyən olunan halıdır. Məhz bu baxımdan 2015-ci ilin noyabr ayından başlayaraq müqavilə öhdəliyinin icrasını gözlədiyi hər an ümid etdiyi halda L.Turan müqavilə ilə (27.11.2015-ci il tarixli protokol) əldə etdiyi üstünlükdən istifadə edərək, onun pulunu özündə saxlamış və hələ də əsassız saxlamaqda davam edir. (Cavabdeh tərəfindən üzərinə düşən öhdəliyi yerinə yetirməyərək ona ziyan vurmaqla yanaşı pulunu uzun müddət özündə saxlamaqla da ziyan vurmasına görə əlavə illik 5% faiz tələbi qanuni və əsaslıdır. 150000 manat əsas məbləğin tutulması ilə bərabər həmin məbləğə MM-in 445.7-ci maddəsinin tələbinə əsasən hesablanan əlavə 37500 manatın tutulmasına dair qətnamə qəbul edilməməsi ilə öhdəlik münasibətlərindən irəli gələn vəzifələrin icra edilməməsi nəticəsində onun pozulmuş hüququnun bərpasına dair Mülki qanunvericiliyin tələblərinə əməl olunmadan qətnamə qəbul edilmişdir. qeyd edilənlərə əsasən Qəbələ rayon məhkəməsinin 15.04.2021-ci il tarixli 2(025)-209/2021 saylı qətnaməsinin qismən iddia tələbinin (əlavə 37500 manat tutulması) təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilərək Cavabdeh Aliosman oğlundan cəmi 187500 (bir yüz səksən yeddi min beş yüz) manat pulun xeyrinə tutularaq ona ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəf apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-209/2021 saylı 15.04.2021 tarixli qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərini pozduğu üçün ləğv edilməlidir. Belə ki, iddiaçının iddia tələbi 2015-ci ilin 14 və 27 noyabrlarında onun tərəfindən cavabdehə Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində tərtib edilmiş protokol əsasında ödənilmiş 150.000 manat pulun geri tələb olunması ilə bağlı olmuşdur. Qəbələ Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsini (eyni tərəflər arasında, eynipredmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa) və 261.0.2-ci maddəsini (eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa icraata xitam verilir) tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Məhkəmənin tətbiq etməli olduğu akt Şəki Apellyasiya Məhkəməsinin 30 mart 2018-ci il tarixli 2(107)-304/2018 saylı qətnaməsidir. Həmin akt qanuni qüvvədə olmaqla prediyusaldır. Göründüyü kimi hazırda mübahsə edilən qətnamə ilə təmin olunmuş iddia tələbi qanuni qüvvədə olan qətnamədəki iddia tələbinin bir hissəsidir. Digər tərəfdən cavabdeh tərəfindən eyni zamanda məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. Məhkəmə həmin ərizəni rədd edərkən “protokolla müddətin müəyyənləşdirilə bilinmədiyini və bu səbəbdən iddiaçının istənilən vaxt öz hüquqlarının müdafiəsi üçün məhkəmədə iddia qaldıra bilməsinin mümkünlüyünü” bildirmişdir. Məhkəmə özlüyündə iddia müddəti anlayışını düzgün qavramamışdır. Hal-hazırda iddiaçı 2015-ci ildə ödənilmiş 150.000 manat pulu 2021-ci ildə tələb edir. Hesab edirlər ki burada müddət ötürülmüşdür. Göründüyü kimi Qəbələ Rayon Məhkəməsinin qətnaməsi mövcud sübutlara düzgün hüquqi qiymət verməyərək qəbul edilmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı özü tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, cavabdeh qeyd olunan razılaşma protokoluna imza etdikdən və ondan 150.000 manatı aldıqdan sonra vədinə, götürdüyü öhdəliyə əməl etməmiş, əksinə əvvəlki vəkili ilə əlbir olaraq ona qarşı bir neçə dəfə əsassız iddialar qaldırmışdır. Sonda məhkəmə qətnaməsi ilə ondan 132.000 manat alınaraq cavabdehə verilməsi qət edilmişdir. Halbuki o həmin pulu DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində tərtib olunmuş razılaşma-protokol əsasında artıqlaması ilə ödəmişdir. 2015-ci il tarixli Protokolda Cavabdeh Oğuz rayon dövlət notariat kontorunda bağlanmış 22 iyul 2010-cu il tarixli təsis müqaviləsini ləğv edəcəyini və Qəbələ rayon Məhkəməsində təsis müqaviləsindən yaranan pul tələbinə dair iddiasından imtina edəcəyini, bundan sonra ondan və balıqçılıq təsərrüfatından heç bir tələbi və şikayəti olmayacağı öhdəliyini götürsə də bu günə kimi öhdəliyi icra etməmiş, əksinə ona qarşı əsassız iddialar qaldırmaqda davam edir. Bu ötən 5 il müddət ərzində aralarında dəfələrlə məhkəmə çəkişmələri olub. Hesab edir ki, cavabdeh onun 150 min manat pulunu əsassız yerə özündə saxlamaqla və vaxtında qaytarmadığına görə illik 5% əlavə ödəməlidir. Odur ki, özü təırəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmənin 29.06.2021-ci il tarixli iclasında iştirak etmiş iddiaçının vəkili Vəkil1 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə isə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Aliosman oğlunun nümayəndəsi və vəkili Vəkil2 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz, özləri tərəfindən verilmiş apellyasiya şikayətini isə müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, iddiaçının iddia tələbi 2015-ci ildə Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində tərtib edilmiş protokol əsasında ödənilmiş 150.000 manat pulun geri tələb olunması ilə bağlı olmuşdur. Qəbələ Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsini tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Göründüyü kimi hazırda mübahsə edilən qətnamə ilə təmin olunmuş iddia tələbi qanuni qüvvədə olan qətnamədəki iddia tələbinin bir hissəsidir. Digər tərəfdən cavabdeh tərəfindən eyni zamanda məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. Məhkəmə həmin ərizəni rədd edərkən “protokolla müddətin müəyyənləşdirilə bilinmədiyini və bu səbəbdən iddiaçının istənilən vaxt öz hüquqlarının müdafiəsi üçün məhkəmədə iddia qaldıra bilməsinin mümkünlüyünü” bildirmişdir. Göstərilənləri nəzərə alaraq cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını kollegiyadan xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayətləri qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətlərinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Kollegiya bununla bağlı qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Qəbələ Rayon Məhkəməsinin 2(025)-209/2021 nömrəli 15 aprel 2021-ci il tarixli qətnaməsinin apellyatorlar tərəfindən mübahisələndirilən hissəsinə münasibətdə yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb belə qənaətə gəlir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 2(025)-209/2021 nömrəli 15 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədiqiq edilən; 27.11.2015-ci il tarixli Protokolun məzmunundan görünür ki, “Mən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı X8 tərtib edirəm həmin protokolu Azərbaycan Respublikası CPM-in 51 və 85-ci maddələrinin tələblərinə riayət etməklə Levent X14, X3 və Abşeron rayon hüquq məsləhətxanasının vəkili X5 iştirakı ilə ondan ötrü ki, icraatımda olan Türkiyə Respublikasının vətəndaşı Levent X11 şikayət ərizəsi əsasında yuxarıda qeyd edilən tarixdə X1 Turanın təsərrüfatda olan payından tələb etdiyi 150.000 manat puldan qalan 60.000 manatını ödədi və bununla da Cavabdeh təsərrüfatda olan payından tələb etdiyi 150.000 manat pul Yunis İskəndərov tərəfindən tam olaraq ödənildi. Cavabdeh Oğuz rayon dövlət notarial kontorunda bağlanmış 22 iyul 2010- cu il tarixli təsis müqaviləsini ləğv edəcəyini və Qəbələ rayon məhkəməsində təsis müqaviləsindən yaranan pul tələbinə dair iddiasından imtina edəcəyini bildirdi. Bundan sonra da X2 və balıqçılıq təsərrüfatından heç bir tələbi və şikayəti olmayacağını bildirdi.” L.Turanın Qəbələ Rayon Məhkəməsində İddiaçı qarşı “pul tələbinə dair” iddia ərizəsinə əlavədə (L.Turanın öz imzası ilə təsdiq edilmiş) göstərilir: «Belə ki, həmin 132.500 manat, mənim cavabdehlə birgə təsərrüfat fəaliyyətimə görə, 2008-2010-cu illər üçün sərmayə kimi qoyduğum 150.000 manatın 64 ayda gətirdiyi qazancın mənə çatmalı olan hissəsidir. İstər əsas kapital olaraq 2015-ci ilin noyabrında mənə ödənilmiş 150 000 manatın, istərsə də, gəlirlərdən mənə çatmalı olan 132 500 manatın 64 ay müddətində cavabdehdə qalması nəticəsində mənə xeyli ziyan dəymişdir…». L.Turanın həmin sözügedən və hazırki məhkəmə proseslərində verilmiş izahatlardan müəyyən olunur ki, 2015-ci ilin noyabr ayında İddiaçı 150 000 manat aldığını etiraf etmiş, lakin həmin məbləğin 22.07.2010-cu il tarixli “təsis müqaviləsi”ndən yaranan pay haqqı olduğunu bildirmişdir Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma apararaq aşağıdakıları qeyd edir. 1.İşin faktiki halından göründüyü kimi iddiaçı 2015-ci ilin 24 noyabr və 27 noyabr tarixlərində rəsmiləşdirilmiş protokollar əsasında cavabdehlə aralarındakı münaqişənin birdəfəlik həll edilməsi məqsədilə cavabdehə 150 min manat pul verdiyini, lakin cavabdehin həmin protokolların imzalanması zamanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə ona faktiki maddi ziyan vurduğunu, bununla onun pulda ifadə olunan əmlak mənafeyinin pozulduğunu qeyd edərək, hazırki iddianı qaldırmışdır.

2. İddiaçı cavabdeh L.Turana 2015-ci ilin 24 və 27 noyabr tarixlərində 60000 manat və 90000 manat olmaqla cəmi 150 000 manat pul verməsi işin mübahisə olunmayan, tərəflərin (o cümlədən cavabdehin) öz izahatları ilə də təsdiq olunan halıdır.

3. İşin müəyyən edilən halından da göründüyü kimi iddiaçı göstərilən məbləği verməklə cavabdehin ona qarşı iddialarından imtina edəcəyini və aralarındakı 22.07.2010-cu il tarixli təsis müqaviləsini ləğv edəcəyini razılaşdıqlarını bildirmiş, cavabdeh isə məhkəməyə izahatında İddiaçı 2015-ci ilin noyabr ayında aldığı 150 min manat pulun 22.07.2010-cu il tarixli təsis müqaviləsi ilə təsərrüfata qoyduğu vəsaiti geri aldığını, başqa heç bir öhdəlik götürmədiyini bildirmişdir. Lakin, cavabdeh qeyd olunan “protokolları” (i/m 36-37) imzaladığını, iddia olunan məbləğdə pulun ona verildiyini etiraf etsə də, həmin “protokollardakı” şərtlərlə razılaşaraq imzalamasının, qeyd olunan pulun hazırki iddiaya aid olmamasınının əsl səbəblərini inandırıcı şəkildə izah etmir, yaxud etmək istəmir, amma qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir.

4. Bu halda kollegiya qeyd edir ki, bu münasibətlər üzrə kimin haqlı yaxud haqsız olmasını araşdırmaq hazırki iddianın predmeti olmamışdır. Kollegiyanın qənaətinə görə bu halda tərəflərin hansı sənədə imza etməsi, müəyyənləşdirilmiş formaya riayət edilib-edilməməsi mübahisə predmeti deyil və önəm də kəsb etmir. Predmet yalnız cavabdeh tərəfindən “protokollardakı” şərtlərlə razılaşaraq almış olduğu pulun qaytarılması tələbidir

5. Göründüyü kimi, hazırki iş üzrə tərəflər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün ya müqavilə, ya da sadə formalı qəbzə, o cümlədən protokola imza etməklə iradə ifadələrini təsdiq edirlər. Bu kimi müqavilələri, qəbzləri, protokolları imzalayan zaman isə könülülü olaraq imzaladıqları sənədin şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin, sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn, uğursuz biznes, ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi, münasibətlərin pisləşməsi və s. ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir.

6. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada iş üzrə cavabdeh tərəfindən imzalanmış “razılşama-protokollar” əslində mahiyyət etibarı ilə iddiaçı ilə qarşılıqlı razılığa gəldiyinə, cavabdehin razılaşdırılmış şərtlər əsasında 22.07.2010-cu il tarixli təsis müqaviləsini ləğv edəcəyi və Qəbələ Rayon Məhkəməsində təsis müqaviləsindən yaranan pul tələbinə dair iddiasından imtina edəcəyinə, bundan sonra Yunis İskəndərovdan və balıqçılıq təsrrüfatından heç bir tələb və şikayətinin olmayacağına dəlalət edir. Lakin göründüyü kimi, cavabdeh sonradan bu şərtlər altında imzaladığı sənədin (protokolun) ciddiliyinə varmayaraq, iddiaçıdan 150.000 manat pul aldıqdan sonra vermiş olduğu vədə, öhdəliyə riayət etməmişdir. Ona görə də, məhz bu prizmadan yanaşdıqda cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmək olmaz. Çünki, cavabdeh tərəf də, özü tərəfindən imzalanmış protokolların əslində hansı münasibətlərin nəticəsi olaraq imzaladığını kifayət qədər inandırıcı və ağlabatan şəkildə kollegiyanın nəzərinə çatdıra bilməmiş, yaxud da çatdırmaq istəmir.

7. Kollegiya cavabdehin apellyasiya şikayəti üzrə araşdırmanı davam etdirərək bildirir ki, L.Turanın hazırki iddia tələbinə etirazının əsası kimi irəli sürdüyü dəlili, yəni, 2015-ci ilin noyabr ayında DİN BMCMİ-nin müstəntiqi H.Əfəndiyevin tərtib etdiy protokol əsasında İddiaçı aldığı 150000 manat pulun onların arasında 22.07.2010-cu il tarixli “təsis müqaviləsi” əsasında təsərrüfata “pay qoyuluşu” şəklində yatırdığı vəsait olmasına dair mülahizəsi eyni tərəflər arasında mövcud olmuş mübahisələrə dair mülki işlər üzrə qanuni qüvvəsini almış məhkəmə aktları ilə təkzib olunduğundan, məhz sözügedən protokolda razılaşdırılmış münasibətlər çərçivəsində qiymətləndirilməlidir. Belə ki, qanuni qüvvəsini alımış yuxarıda istinad olunan məhkəmə qərarları ilə L.Turanın 22.07.2010-cu il tarixli “təsis müqaviləsi” üzrə təsərrüfata pay qoyuluşu etmədiyi müəyyən olunduğundan və bu xüsusatın hazırki məhkəmə prosesində mübahisələndirilməsi və ya təkrar sübut edilmə yolverilməz olduğundan L.Turanın aldığı 150000 manat pulun müqabilində İddiaçıla aralarındakı 22.07.2010-cu il tarixli “təsis müqaviləsi”ni ləğv edəcəyini öhdəlik kimi üzərinə götürdüyü müəyyən olunur.

8. Bundan əlavə Qəbələ Rayon Məhkəməsinin 28.03.2016-cı il tarixli qətnaməsində İddiaçı qarşılıqlı iddia tələbinə qiymət verən məhkəmə İddiaçıla L.Turan arasında 27.11.2015-ci il tarixli “Protokol”a tərəflərin qarşılıqlı iradə ifadəsi əsasında bağlanmış müqavilə kimi qiymət vermiş, bu müqavilənin bağlanması zamanı tərəflərin sərbəst iradə ifadəsinə əsaslandıqlarını, hər hansı kənar təsirin, o cümlədən, MM-in 339-cu maddəsində nəzərədə tutulan halların olmadığını müəyyən edərək məhz Müqavilə kimi qiymətləndirdiyi 27.11.2015-ci il tarixli Protokolun etibarsızlığı üçün əsas olmadığı qənaətinə gəlmişdir (28.03.2016-cı il tarixli qətnamənin 18-ci səh). Məhkəmə kollegiyası da bu mövqedən çıxış edərək belə hesab edir ki, 24 və 27 noyabr 2015-ci il tarixli “Protokolların” imzalanması ilə tərəflər artıq aralarında mövcud olan 22.07.2010-cu il tarixli “təsis müqaviləsi”ndən irəli gələn münasibətləri könüllü, sərbəst və iradə ifadələri ilə dəyişməklə, hər biri üçün aydın və uğurlu hesab oluna bilən öhdəliklər yaratmış, sonradan da bu protokollarda qeyd olunan şərtlər mübahisələndirilməmişdir. Məhz bu kontekstdən yanaşdıqda kollegiya belə qənaətə gəlir ki, tərəflər arasındakı hazırki mübahisə də məhz sözügedən Protokol əsasında alınmış pulun və həmin protokolda şərtləşdirilmiş razılığın yerinə yetirilməməsi nəticəsində iddiaçıya dəymiş maddi ziyan kimi qiymələndirilməli və hazırki mübahisəyə öhdəlik hüquq münasibətlərindən irəli gələn və vurulmuş maddi ziyanın ödənilməsini tənzimləyən qanunvericilik normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsi bəzi hallar istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin olmasını tələb edir. 389.1-ci maddəsində isə müqavilənin anlayışı açıqlanaraq göstərilir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq, müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərarı). 405.1-ci maddəsinə müvafiq olaraq, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılşamır və hesab edir ki, bu dəlilər də kifayət qədər əsaslandırılmadığından təmin oluna bilməz. Çünki işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Kollegiya sonda iş üzrə əhəmiyyət kəsb edən sənədlərin (24 və 27 noyabr 2015-ci il tarixli “Protokolun”) surətinin təqdim olunmasına münasibət bildirərək qeyd edir ki, tərəflər, o cümlədən də cavabdeh tərəf həmin sənədləri, məzmununu mübahisələndirməmiş, protokolda olan imzaların onlar tərəfindən imza edildiyini təsdiq etmişlər. Ona görə də kollegiya hesab etmişdir ki, nə qədər ki, tərəflər məhkəmə araşdırması zamanı istinad olunan sənədləri, onun məzmununu inkar etməmişdir, onda həmin sənədlər mötəbər sübut kimi qiymətləndirilməlir. Mülki Prosessual Məcəllənin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı və Cavabdeh Aliosman oğlunun nümayəndəsi (vəkili) Vəkil2 Zaman oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(025)-209/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar