Məhkəmə qərarları › İş №2(107)-1273/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1273/2022

01.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1273/2022 01.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair (Açar sözlər: aliment artırılması) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X9, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(025)-936/2022 nömrəli qətnaməsindən Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Qəbələ Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli 2(025)-864/2019 nömrəli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, tərəflərin birgə nikahlarından anadan olmuş 14 noyabr 2010-cü il təvəllüdlü X3 və 05 oktyabr 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşağa 80 (səksən) manat olmaqla, cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T № 029723 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 14 noyabr 2010-cu il tarixdə Qəbələ rayonunda doğulmuş, bu barədə 01 fevral 2011-ci il tarixdə Qəbələ rayon Çuxur Qəbələ kənd İ.Ə.N-də 03 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası X5r. Qəbələ rayon Çuxur Qəbələ kənd İ.Ə.N tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ- T № 029722 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 05 oktyabr 2014-cü il tarixdə Qəbələ rayonunda doğulmuş, atası Cavabdeh, anası X5r. Qəbələ rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İ № 218943 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və X10 ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 46 nömrə ilə qeyd edilmişdir. Kişiyə Məmmədov, qadına Səfərçinova soyadı verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X7 haqqında arayışdan görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdən Qəbələ rayon Məşğulluq Mərkəzində iş axtaran kimi qeydiyyatdadır. Qəbələ regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZ-İV seriyalı, 014911 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2017-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2017-ci ildə 1051 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X6r. Qəbələ regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İV seriyalı, 211918 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2019-cu il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2019-cu ildə 108 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X6r. Qəbələ Rayon İcra Hakimiyyəti Çuxur Qəbələ kənd İƏD tərəfindən verilmiş 28 iyun 2022-ci il tarixli, 144 nömrəli arayışdan görünür ki, Cavabdeh ailə tərkibi atası X17, həyat yoldaşı X11, uşaqları xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 ibarətdir. “X8 iştirak edilməməsi Barədə” 18238 nömrəli, 03 iyun 2022-ci il tarixli arayışdan görünür ki, tərəflər X8n sonra prosesi davam etdirə bilməmişdirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli 2(025)-864/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh 14 noyabr 2010-cu il təvəllüdlü X3 və 05 oktyabr 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin 29 aprel 2016-cı il tarixli qətnaməsinə əsasən cavabdehlə olan nikahı pozulmuş, birgə nikahlarından olan 14 noyabr 2010-cu il təvəllüdlü X3 və 05 oktyabr 2014-cü il təvəllüdlü X4 onun yanında qalması müəyyən olunmuş və onların yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla 140 manat miqdarında aliment tutularaq ona ödənilməsi qət edilmiş, Qəbələ Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli 2(025)-864/2019 nömrəli qətnaməsinə əsasən isə Qəbələ Rayon Məhkəməsinin 29 aprel 2016-cı il tarixli qətnaməsi dəyişdirilərək X3 və X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 80 manat sabit pul məbləğində aliment müəyyən edilərək cavabdehdən alınaraq ona ödənilməsi qət edilmişdir. Hal-hazırda hər uşağa görə ödənilən alimentin məbləği onun tələbatlarını ödəmir, cavabdeh şəxs isə fərdi iş və təsərrüfatla məşğul olaraq kifayət qədər qazancı var. Ona görə də cavabdeh şəxsdən qət olunmuş aliment məbləğinin qanunla hər bir uşaq üçün yaşayış minimumuna uyğun tərzdə tutularaq ona verilməsini istəyir. Cavabdeh poçt vasitəsilə xx.xx.2022-ci il tarixdə məhkəməyə qarşılıqlı iddia ərizəsi göndərmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə ərizə ilə müraciət edərək, qarşılıqlı iddia ərizəsinin məhkəmə tərəfindən etiraz və mülahizə kimi nəzərə alınmasını xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə nikahları 17 dekabr 2015-ci il tarixdə pozulmuş və bu barədə Qəbələ rayon VVADQ şöbəsi nikahın pozulması barədə şəhadətnamə vermişdir. İddiaçı ilə birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X16 və xx.xx.2014- cü il təvəllüdlü X18 adlı iki övladları vardır. Qəbələ rayon məhkəməsinin 2019cu il tarixli qətnaməsi ilə hər uşağa 80 manat olmaqla ümumilikdə 160 manat məbləğində aliment ondan tutulur və İddiaçı ödənilir. Lakin o, 2016-cı il tarixdə ikinci həyat yoldaşı X11 ilə ailə qurmuşdur. Həmin il nikahları bağlanmış və birgə nikahlarından iki övladları var. Hal-hazırda heç bir yerdə işləmir və əlavə olaraq başqa gəliri yoxdur. Bununla bağlı maddi vəziyyəti ağırdır. Belə ki, azyaşlı övladı X1 xəstədir. Ona müalicə edir. Həyat yoldaşı X11 7 aylıq hamilədir. Həm alimentin ödənilməsi üçün, həm də ailəmin normal dolanışığını və övladının səhhəti ilə bağlı təmin etməkdə çətinlik yarandığı üçün iyun 2022-ci il tarixdə Qəbələ rayon Məşğulluq Mərkəzində işsiz olması ilə bağlı iş axtaran kimi qeydiyyata durmuşdur. Belə olan halda məhkəmə alimentin artırılmasına dair iddianı rədd etməlidir. Qəbələ Rayon Məhkəməsinin (hakim A.Əliyev) 22 avqust 2022-ci il tarixli, 2(025)- 936/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Qəbələ Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli 2(025)-864/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi, Cavabdeh 14 noyabr 2010-cu il təvəllüdlü X3 və 05 oktyabr 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləğinin artırılması, hər ay sabit pul məbləğində hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat aliment tutularaq İddiaçı ödənilməsi, alimentin artırılmasının qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun tutulması və dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ölkədə ilbəil yaşayış minimumu artdığından, 2019-cı ildə uşaqlar üçün yaşayış minimumu 160 manat təşkil etdiyi halda, 2022-ci ildə bu məbləğ 193 manata çatdırılmışdır. Ona görə də bir uşağın saxlanılması üçün 80 manat vəsait yetərli sayıla bilməz. Bu səbəbdən cavabdehdən hər ay sabit pul məbləğində hər uşaq üçün 125 (bir yüz iyirmi beş) manat aliment tutularaq iddiaçıya ödənilməsini əsaslı hesab edir. Məhkəmə belə qənaətə gələrkən cavabdehin rəsmi işinin olmamasını, cavabdehin yenidən nikaha daxil olaraq himayəsində 2 azyaşlı uşağının olmasını, iddiaçının cavabdehin hər ay 300 manat məbləğində aliment ödəmə qabiliyyətinə malik olmasına və əlavə gəlirlərinin olmasına dair iddiada hər hansı sübut təqdim etməməsini, övladlara baxmağın atanın vəzifəsi olduğu kimi, ananında vəzifəsi olmasını nəzərə alır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2, 75.1, 75.4 və 78.1-ci maddələrinə, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının 25-ci bəndinə, Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - iddia tələblərinin təmin edildiyi hissədə qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddia tələblərinin həmin hissədə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. İşə baxan birinci instansiya məhkəməsi qətnaməsini belə əsaslandırmışdır ki, “...Məhkəmə hesab edir ki, ölkədə ilbəil yaşayış minimumu artdığından, 2019-cı ildə uşaqlar üçün yaşayış minimumu 160 manat təşkil etdiyi halda, 2022-ci ildə bu məbləğ 193 manata çatdırılmışdır. Ona görə də bir uşağın saxlanılması üçün 80 manat vəsait yetərli sayıla bilməz. Bu səbəbdən cavabdehdən hər ay sabit pul məbləğində hər uşaq üçün 125 (bir yüz iyirmi beş) manat aliment tutularaq iddiaçıya ödənilməsini əsaslı hesab edir.” Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi qətnaməsini iddia tələblərinin təmin edildiyi hissədə düzgün əsaslandırmamışdır. Hesab edirəm ki, məhkəmənin bu mövqeyi tam qanunsuz və əsassız olmaqla, mövcud qanunvericiliyin tələbləri ilə dabandabana ziddiyyət təşkil edir. Bеlə ki, məhkəmə yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün onların minimum xərclərininin nə qədər оlduğunu və bunlаrın nədə еhtivа оlunduğunu аrаşdırmаmış və müəyyən еtməmişdir. Bundan başqa, Ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun hər ay 193 manat həddində müəyyən edilməsi ilə bağlı qeyd edirəm ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Qeyd edilənlərə əsasən Qəbələ Rayon Məhkəməsinin hazırki iş üzrə 2(025)- 936/2022 sаylı, 22 avqust 2022-ci il tаriхli qətnaməsinin qismən, iddiа tələblərinin təmin оlunduğu hissədə ləğv edilməsinə və iddia tələblərinin bütünlüklə rədd еdilməsinə dair yеni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, uşaqlar böyüdükcə onların tələbatları da artır. Heç bir yerdə işləmir. Cavabdeh tərəfindən ödənilən aliment uşaqların normal saxlanılması üçün yetərli deyil. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh və onun vəkili, həmçinin nümayəndəsi Nümayəndə səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə iclasına gəlməmişlər. Cavabdeh tərəf rəsmi poçt vasitəsilə yanaşı, müvafiq olaraq 050 506 35 98 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunun: Azərbaycan Respublikası “Uşaq Hüquqları” haqqında Qanunun 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Qəbələ Rayon Məhkəməsinin hazırki iş üzrə 2(025)-936/2022 sаylı, 22 avqust 2022-ci il tаriхli qətnaməsini iddiа tələbinin təmin оlunduğu hissəsini mübahisələndirmişdir. Ona görə də kollegiya Qəbələ Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(025)- 936/2022 nömrəli qətnaməsini mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Birinci instansiya məhkəməsi uşaqların mənafeyini, onların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq alimenti hər ay hər uşağa görə 125 manat, iki uşağa görə cəmi 250 manat məbləğində müəyyən etmişdir. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Apellyasiya instansiya məhkəməsi bildirir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşaqlarının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir Bundan əlavə uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının (ananın) üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, uşaqların aylıq dolanışığını qarşılamağa dair qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, normal qida rasionlarına uyğun şəkildə qidalanmasını, fiziki cəhətdən inkişafını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutulmalıdır. Diqqətə çatdırılmalıdır ki, yaşayış səviyyəsinə olan maddi tələbatın artması hamıya bəlli olan haldır və “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Habelə apellyasiya şikayətinin dəlilləri ilə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun alternativ forması və eyni zamanda əlavə xərclərdən iddiaçının azad olması sübuta yetirilmir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Dəyişən şəraitə və tələbatlara müvafiq hazırki iddia üzrə sübuta yetirilməyən dəlillər isə aliment məbləğinin dəyişdirilməsi üzrə digər tələblərin yenidən baxılmasını istisna etmir. Məhkəmə kollegiyası qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini alimentlə bağlı hissədə qismən, hər uşaq üçün 125 manat təmin etməkdə düzgün nəticəyə gəlmişdir Kollegiya həmçinin MPM-in 402.1-ci maddəsinə əsasən belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi-bir illik ödəməsinin məcmusu 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(025)-936/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar