Məhkəmə qərarları › İş №2(107)-1274/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1274/2023

13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1274/2023 13.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə Mingəçevir Şəhər Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli 2(051)-2440/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, 16850 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 141 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli 2(051)-2440/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılması qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Mingəçevir Şəhər Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 2(051)-2440/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli 2(051)-2440/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci insansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddia ərizəsinin giriş hissəsində Cavabdeh rəsmi qeydə alındığı ünvan kimi Mingəçevir şəhəri, 5 №-li dəmir beton zavodu olaraq göstərilsə də, məhkəmə tərəfindən Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, Cavabdeh Kəlbəcər rayonu Mollabayramlı kəndində qeydiyyatdadır. Göründüyü kimi, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiasına baxılması ərazi aidiyyəti üzrə Mingəçevir Şəhər Məhkəməsinin səlahiyyətinə aid deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 35-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi geri qaytarılır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh Kəlbəcər rayonu Mollabayramlı kəndində qeydiyyatda olsa da, yaşayış yeri Mingəçevir şəhəridir. O, məcburi köçkün kimi Mingəçevir şəhəri 5 №li X6 məskunlaşmışdır. Onun borclu olduğu məbləği ona Mingəçevir şəhərində vermişdir. Yəni, Cavabdeh Mingəçevir şəhərində yaşayır. O xəstədir, səhhətimdə müxtəlif problemlər var, eyni zamanda maddi çətinlikləri, sıxıntıları var. Onun maddi imkanı da yoxdur ki, başqa rayona getsin. Həm də cavabdeh də Mingəçevir şəhərində yaşayır. Kollegiya qeyd edir ki, Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsi iddia ərizəısinin cavabdehin qeydiyyatda olduğu ünvan üzrə verilməsini imperativ olaraq müəyyən etmişdir. İddiaçının seçməsinə görə aidiyyat həmin Məıcəllənin 36-cı maddəsində müəyyən edilmişdir ki, həmin seçimə həmin maddədə göstərilən konkret hallarda icazə verilir. Hazırki işdə həmin maddədə göstərilən hallardan heç biri mövcud deyildir. Göründüyü kimi, iddiaçının şikayətinin dəlilləri əsassızdır və qanuni və əsaslı qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli 2(051)-2440/2023 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli 2(051)-2440/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli 2(051)-2440/2023 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar