Məhkəmə qərarları › İş №2(107)-1277/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1277/2021

14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1277/2021 14.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə Yevlax Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(039)-1698/2019 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh “Samsung J5” markalı telefon üçün 281 manat borc, 90 manat faiz borcu və “Samsung” markalı televizor üçün 1220 manat borc, 150 manat faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1771 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 14 avqust 2019-cu il tarixli, 2(039)-1698/2019 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək qiyabi qətnamənin ləğv edilməsini xahiş etmişdir Yevlax Rayon Məhkəməsinin (hakim G.Cavadova) 08 aprel 2021-ci il tarixli 2(039)-1698/2019 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Yevlax Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(039)-1698/2019 saylı qərardadından narazı qalan cavabdeh şikayət verərək, Yevlax Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 08 aprel 2021-ci il tarixli qərardadının ləğv olunmasını xahiş etmişdir. Həmin məhkəmənin 04 may 2021-ci il tarixli 2(039)-1698/2019 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Repspublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir Belə ki, mülki işin materialları araşdırılarkən müəyyən edilmişdir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1698/2019 saylı, 14 avqust 2019-cu il tarixli qiyabi qətnaməsi qəbul edilərkən Cavabdeh cəzaçəkmə müəssisəsində cəza çəkmiş, məhkəmə bildirişi sonuncuya çatdırılmamış, bu səbəbdən də məhkəmədə iştirak etmək imkanı olmamışdır (mülki iş səh.32). Birinci instansiya məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, cavabdehin qiyabi qətnamə barədə məlumatı olmuş, bir il ərzində onun pensiyasından icra sənədi üzrə tutulmalar aparılmışdır. Buna baxmayaraq cavabdeh ərizəni qiyabi qətnamənin ləğvi üçün nəzərdə tutulmuş müddəti ötürərək vermiş və həmin müddətin bərpası barədə vəsatətlə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; -238.1.-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. -238.2. İşdə bir neçə cavabdeh iştirak etdikdə, məhkəmə iclasına bütün cavabdehlər gəlmədikdə işə qiyabi icraat qaydasında baxılması mümkündür. - 238.3. İşdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. -240.1-ci işə qiyabi icraatda baxılmasına aşağıdakı hallarda yol verilmir: 240.1.1-ci gəlməmiş tərəf bu Məcəllə ilə müəyyən olunmuş qaydada xəbərdar edilməmişsə; İş materiallarından müəyyən edilir ki, birinci instansiya məhkəməsi 2(039)- 1698/2019 saylı, 14 avqust 2019-cu il tarixli qiyabi qətnaməni qəbul edərkən, bütün mümkün vasitələrdən istifadə etməmiş, məhkəmə bildirişinin cavabdehə çatıbçatmamasına, məhkəmə iclasına gəlməməsinin üzrlü olub-olmamasına xüsusi diqqət yetirməmişdir. Kollegiya belə qənaətə gəlir ki, cavabdehin qiyabi qətnamə barədə məlumatı olubolmamasınadan asılı olmayaraq, qətnamə özü-özlüyündə prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən qəbul edilmişdir. Mülki Prosessual Məcəllənin; -244-cü madəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. -248-ci maddəsinə əsasən qiyabi qətnamənin ləğvi haqqında ərizəyə hakim, həmin ərizə məhkəməyə daxil olduğu vaxtdan 10 gün müddətində məhkəmə iclasında baxır. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş şəxslərin məhkəmə iclasına gəlməməsi ərizəyə baxılmasına mane olmur. -249-cu maddəsində qeyd edilir ki, hakim, qiyabi qətnamənin ləğvi haqqında ərizəyə baxaraq, ərizənin təmin olunmaması haqqında, yaxud qiyabi qətnamənin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarır. - 250-ci maddəsinə görə əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir. -251-ci maddəsinə əsasən qiyabi məhkəmə qətnaməsini ləğv edərkən hakim, işə mahiyyəti üzrə baxılmasını təzələyir. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh gəlmədikdə, işə yenidən baxılarkən çıxarılan məhkəmə qətnaməsi qiyabi qətnamə hesab edilmir. Cavabdehin qiyabi icraat qaydasında bu qətnaməyə yenidən baxılması üçün təkrar ərizə vermək hüququ yoxdur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Yevlax Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(039)-1698/2019 saylı qərardadı tam, həmin qərardadla bağlı 04 may 2021-ci il tarixli 2(039)-1698/2019 saylı qərardadı qismən-“şikayətin təmin olunmaması” hissəsində ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(039)-1698/2019 saylı qərardadı tam, həmin qərardadla bağlı 04 may 2021-ci il tarixli qərardadı qismən-“şikayətin təmin olunmaması” hissəsində ləğv edilsin. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar