Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1278/2022 02.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, faiz borcu-dəbbə pulu) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2(014)-1002/2022 saylı qətnaməsindən İddiaçı MMC-nin nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə ADK5767509 saylı borc müqaviləsi (nisyə alqı-satqı) bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 1169 manat olan məişət avadanlığı Cavabdeh nisyə satılmış və cavabdeh 209 manat ilkin ödəniş etməklə 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 80 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin həmin müqavilə üzrə 425 manat ödənilməmiş borcu qalmışdır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1988-cı il təvəllüdlü Cavabdeh 16 yanvar 2020-cu il tarixli, ADK5767509 saylı kredit müqaviləsinə əsasən 425 manat məbləğində əsas borc, hesablanmış 250 manat faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 705 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh kredit müqaviləsinə əsasən İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 16 yanvar 2020-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1169 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 425 manat məbləğində borcu qalıb. Qeyd edilən kredit müqaviləsinə əsasən borcalan (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% faiz ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 2040 manat faiz borcu yaranmışdır. (425 manat x 480 gün x 1% = 2040 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 250 manat məbləğində tələb edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 16 yanvar 2020-ci il tarixli, ADK5767509 saylı kredit müqaviləsinə əsasən 425 manat əsas borc, hesablanmış 250 manat faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 705 manat pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı MMC-nin nümayəndəsi X1 məhkəmə iclasına ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddianın təmin olunmasını və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və onun 425 manat ödənilməmiş borcu qalmışdır.
6. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsində göstərilən borc müqaviləsi üzrə tələb edilən 250 manat faiz borcu yox, dəbbə puludur, belə ki, tərəflər arasında bağlanmış müqavilədə faiz borcunun hesablanması nəzərdə tutulmamışdır, lakin borc müqaviləsinin qeyd hissəsində faizin həmin müqavilənin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablandığını göstərsə də, iş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 1025 saylı maliyyə arayışında əsas borc kimi yalnız 425 manat məbləğində pul əks olunmuşdur.
7. Qeyd olunan maddi və prosessual hüquq normalarının tələbinə və şərh olunanlara əsasən məhkəmə qərara gəlir ki, cavabdehdən tələb edilən gecikməyə görə artırılmış dəbbə pulu müvafiq sübutlar təqdim edilmədiyindən iddia həmin hissədə rədd edilməlidir.
8. Beləliklə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 16 yanvar 2020-cu il tarixli, ADK5767509 saylı borc müqaviləsi üzrə 425 (dörd yüz iyirmi beş) manat əsas borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı MMC-nin xeyrinə tutulmalı, qalan 10 manat dövlət rüsumu İddiaçı MMC-yə aid edilməli, iddia qalan hissədə rədd edilməlidir.
9. Ağdaş Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2(014)-1002/2022 saylı qətnaməsi ilə (hakim Nizam Əliyev) iddia qismən təmin olunmuş, Cavabdeh xx.xx.2020-ci il tarixli ADK5767509 saylı borc müqaviləsi üzrə 425 (dörd yüz iyirmi beş) manat əsas borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun qalan 10 manatının İddiaçı MMC-yə aid edilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 404, 442, 443, 448, 600 və 601-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
11. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə ADK5767509 saylı borc müqaviləsi (nisyə alqı-satqı) bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 1169 manat olan məişət avadanlığı Cavabdeh nisyə satılmış və cavabdeh 209 manat ilkin ödəniş etməklə 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 80 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür.
12. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 1025 saylı maliyyə arayışının surətindən görünür ki, cavabdehin 425 manat ödənilməmiş borcu mövcuddur.
13. Qətnаmədən nаrаzı qаlаn İddiaçı MMC-nin nümayəndəsi X1 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı MMC-nin nümayəndəsi X1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, işin faktiki hallarına əsasən Cavabdeh müqavilə öhdəliyini tam icra etməyib. Odur ki, iddiaçı cavabdehdən əsas borcla yanaşı faiz borcu da tələb edir. Birinci instansiya məhkəməsi iddia tələbinin faizlə bağlı hissəsini rədd edib. Eyni zamanda İddiaçı MMC tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunu əsassız olaraq 20 manat məbləğində müəyyən edib.
15. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı deyil. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh gecikmiş hər gün üçün iddiaçıya faiz ödəməyi öhdəsinə götürüb. Məhkəmə heç bir əsaslandırma aparmadan İddia tələbində taizlə bağlı hissənin rədd edilməsini qət etmişdir.
16. İş üzrə toplanmış materiallardan göründüyü kimi, cavabdehlə İddiaçı MMC arasında müddəti 12 ay olmaqla 16 yanvar 2020-ci il tarixli müqavilə bağlanılıb. Həmin müqaviləyə əsasən borclu kreditordan dəyəri 1169 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra kreditora 425 manat borcu qalıb. Qeyd edilən kredit müqaviləsinə əsasən borclu müqavilənin bitdiyi 16 yanvar 2021-ci il tarixdən sonra qaytarılmayan 425 manat məbləğ üçün iddia ərizəsinin məhkəməyə təqdim edildiyi günədək əlavə olaraq hər gün 1% miqdarında faiz ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 2040 manat faiz borcu yaranmışdır (425 manat x 480 gün x l%o=2040 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 250 manat məbləğində tələb edir
17. Göründüyü kimi, hazırkı işdə cavabdeh öhdəliyini icra etmir, iddiaçı isə tərəflər arasında bağlanmış müqavilədən çıxış edərək əsas borcla yanaşı faiz borcu da tələb edir. Odur ki, hazırkı iddia tələbi faiz borcu hissəsində də əsaslıdır.
18. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2(014)- 1002/2022 saylı qətnaməsinin qismən, iddia tələbinin rədd edilən hissədə ləğv edilməsini və həmin hissədə iddia tələblərinin tam təmin edilərək Cavabdeh 16 yanvar 2020-ci il tarixli ADK5767509 saylı müqaviləyə əsasən hesablanmış 250 manat faiz borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçı "Solİton LTD” MMC-yə ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. İddiaçı MMC-nin nümayəndəsi və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi, və ya lazımında icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borculunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkindirmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə saltılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə saltılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqısatqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə saltılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
23. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
24. Cavabdeh Ağdaş Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2(014)- 1002/2022 saylı qətnaməsinin qismən – iddianın rədd edilən hissəsində ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən mübahisələndirilən - iddianın rədd edilmiş hissəsində məhkəmənin gəldiyi nəticə ilə razılaşır.
26. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 14-17-ci bəndlərində göstərilmiş arqumentlərinə münasibət bildirərək və bu qətnamənin 6-cı bəndində göstərilən əsaslara istinad edərək qeyd edir ki, iddiaçının cavabdehdən əsas borcla yanaşı, faiz borcu deyil, dəbbə pulu tələb etmək hüququ vardı ki, hazırki iş üzrə belə bir tələb mövcud deyildir.
27. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz.
28. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən mübahisələndirilən - iddianın rədd edilmiş hissəsində düzgün nəticəyə gəlmədiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olduğuna görə İddiaçı MMC-nin nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2(014)-1002/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı MMC-nin nümayəndəsi X1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2(014)-1002/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Ayaz Mahmudov