Məhkəmə qərarları › İş №2(107)-1278/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1278/2023

05.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1278/2023 05.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: Alimentin artırılması) X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(019)-132/2023 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Repsublikası Balakən Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(019)-523/2021 iş nömrəli qətnaməsi ilə, 27 dekabr 2010-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutularaq ona verilməsi nəzərdə tutulmuş hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq - 27 dekabr 2010-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı qız tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə nikahlarını 15 sentyabr 2005-ci ildə Balakən Rayon İcra Hakimiyyəti Talalar Kənd İnzibati Ərazi Dairəsində 12 nömrə ilə rəsmiləşdirməklə Cavabdeh ilə evlənmişdir. Birgə nikahlarından xx.xx.2006-cı ildə X7 və 27 dekabr 2010-cu ildə X8 adında iki uşaqları olmuşdur. Evləndikdən sonra cavabdehlə bir müddət mehriban yaşamış, sonra isə aralarında ailə münasibətləri zəminində narazılıqlar baş vermiş, bir sözlə cavabdehlə xasiyyətləri uyğun gəlməmişdir. 2020-ci ilin avqust ayının 5-i Cavabdeh ayrılaraq ata evinə qayıtmışdır. 2020-ci ilin sentyabr ayının 4-ü cavabdehin israrından sonra yenə evə qayıtmış, lakin növbəti dəfə vəziyyət dözülməz hala çatdığı üçün 2021-ci ilin mart ayında oğlu Amirlə birlikdə cavabdehdən ayrılaraq, valideynlərinin yanına qayıtmışdır. Onun cavabdehlə ayrılmağının səbəbi qaynanası və qaynatası olmuşdur. Belə ki, onlar onu əri ilə yola getməyə qoymamışdırlar. O, onların bu haqsızlıqlarına dözə bilməyərək, evdən çıxıb valideynlərinin yanına qayıtmışdır. Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(019)-523/2021 iş nömrəli qətnaməsi ilə Cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuş, 27 dekabr 2010-cu il tarixdə doğulmuş X5 onun yanında qalması və sonuncunun saxlanılması üçün cavabdehdən 110 manat aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Həmin dövrdə Amirin saxlanılması üçün nəzərdə tutulmuş xərclər bir o qədər çox deyildi. Lakin, bu gün Aminin saxlanılması, yəni, təhsili, geyimi, qidalanması, istirahəti və s. üçün nəzərdə tutulmuş xərclərin miqdarı olduqca artmışdır. Nəzərə alınmalıdır ki, o, bir ana kimi övladının ən yüksək səviyyədə təhsil alması və digər tələbləri ilə bağlı xərclərin ödənilməsi üçün əlindən gələni edir. Ancaq nə ödənilən alimentin miqdarı, nə də onun səyi yenə də, oğlu Amirin saxlanılması üçün zəruri olan xərclərin ödənilməsinə kifayət etmir. Bu isə onu olduqca çox məyus edir. Fikirləşir ki, cavabdeh də bir valideyin kimi öz övladının qayğısına qalmağa, ona baxmağa, onun təhsilinə və digər ehtiyaclarına maddi cəhətdən köməklik göstərməyə borcludur. O, mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl Mediasiya Şurasına müraciət etmişdir. X6 xx.xx.2022-ci il tarixində saat 12:00-13:00-da təyin etdiyi ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etmədiyi üçün birgə nikahlarından anadan olmuş uşağa görə təyin edilmiş alimentin artırılması və qalıq alimentin ödənilməsi tələbinə dair sessiya baş tutmamışdır. Bu səbəbdən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi mümkün olmamışdır.Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Birinci instansiya məhkəməsində icraat;

3. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 birinci instansiya məhkəməsinin iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, Cavabdeh 2005-ci ildə rəsmi nikahla İddiaçı ilə evlənmiş, birgə nikahlarından 2006-cı ildə Elnur, 2010-cu ildə isə Amir adında iki uşaqları olmuşdur.Balakən Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulmuş və iddiaçının himayəsində olan oğlu 27 dekabr 2010-cu ildə anadan olmuş Amirin yetkinlik yaşına çatana kimi saxlanması üçün 110 manat məbləğində alimentin ödənilməsi qət edilmişdir. Cavabdeh oğlu Amirin saxlanması üçün hər ay 110 manat məbləğində aliment ödəyir. Cavabdeh iddiaçının tələb etdiyi məbləğində aliment ödəmək iqtidarında deyildir. Belə ki, tərəflərin digər övladı-xx.xx.2006-cı il təvəllüdlü oğlu Elnur onun himayəsindədir. O,İİİ qrup əlildir,heç yerdə işləmir. Ona görə də iddia tələbinin əsassız olduğunu bildirərək, qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Balakən Rayon Məhkəməsinin (hakim H.Səlimov) 13 sentyabr 2023-cü il tarixli, 2(019)-132/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli 2(019)-523/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi (artırılması), qətnamənin qanuni qüvvəsini aldığı gündən başlayaraq 27 dekabr 2010-cu ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh 35,60 manat dövlət rüsumu xərcinin alınıb dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı 15 sentyabr 2005-ci ildə nikahlarını Balakən rayon Talalar kənd icra nümayəndəliyində 12 nömrə ilə rəsmiləşdirməklə Cavabdeh ilə evlənmişdir. Birgə nikahlarından xx.xx.2006-cı il tarixdə X7 və 27 dekabr 2010-cu ildə X8 adında iki uşaqları olmuşdur.Balakən Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli 2(019)- 523/2021 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 sentyabr 2005-ci il tarixdə Balakən rayon İcra Hakimiyyəti Talalar kənd icra nümayəndəliyində 12 nömrə ilə qeydə alınmış nikahın pozulması, onların birgə nikahından olan, 31 may 2006-cı il tarixdə anadan olmuş X4 atası Cavabdeh yanında, 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X5 isə anası İddiaçı yanında saxlanması, 09 aprel 2021-ci il tarixdən başlayaraq 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı ödənilən alimentin miqdarının uşağın tələbatını ödəmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə işin hallarını,məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətində dəyişiklik olmamasını, İddiaçı Cavabdeh maddi vəziyyətinin yaxşılaşmasına dair heç bir sübut təqdim etməməsini, eyni zamanda aliment təyin edildikdən sonra keçən 2 il ərzində 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X5 böyüməsini, onun maddi tələbatının artmasını, 2021-cu ildə yaşayış minimumu uşaqlar üçün 175 manat olduğu halda, bu məbləğin hazırda 220 manat olmasını, nəticədə İddiaçı maddi vəziyyətinin ağırlaşmasını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 27 dekabr 2010-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

8. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia qismən təmin olunduğu və iddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün Cavabdeh 35,60 manat dövlət rüsumu tutulub, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 17 və 34-cü maddələri, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, və 112.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3cü, 119.2-ci və 124.1-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a)Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh İddiaçı ailə münasibətləri zəminində aralarında mübahisə olduğuna görə 2021-ci ilin mart ayında ayrılmışlar. Balakən Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli 2(019)-523/2021 saylı qətnaməsinə əsasən nikahları pozulmuşdur. Onların birgə nikahından olan 31 may 2006cı il tarixdə anadan olmuş X4 atası Cavabdeh yanında, 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X5 isə anası İddiaçı yanında saxlanması, 09 aprel 2021-ci il tarixdən başlayaraq 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 110 manat sabit pulməbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Hazırda epilepsiya xəstəsi olmaqla üçüncü qrup əlildir və bu səbəbdən də heç yerdə işləyə bilmir. Xəstəliyi ilə bağlı 110 manat sosial müavinət alır. Himayəsində olan 31 may 2006-cı il tarixdə anadan olmuş X7 17 yaşındadır və uşağın tələbatı günbəgün artır. Heç yerdə işləmədiyinə görə uşağın tələbatını qarşılaya bilmir. Digər tərəfdəndə 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 110 manat aliment ödəyir. Dövlətin ona üçüncü qrup əlil kimi verdiyi 110 manatı aliment kimi bir uşağı üçün ödəyir. Özünün xəstəliyi ilə bağlı dərmanlarını almağa imkanı yoxdur. 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X8 üçün cavabdehə aliment ödədiyindən öz himayəsində olan övladı üçün layiqli həyat şəraitini təmin edə bilmir. Buna görə də məhkəmənin müəyyən etdiyi alimenti ödəyə bilmir. Eyni zamanda bildirir ki, məhkəmədə cavabdeh İddiaçı ilə birgə nikahlarından xx.xx.2006-cı ildə doğulmuş oğlu X4 baxılıb saxlanması üçün cavabdeh İddiaçı hər ay 160 manat miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etsə də, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi iddiasını təmin etməmişdir. Göründüyü kimi, məhkəmə himayəsində bir övladı olduğu, üçüncü qrup əlil olmaqla epilepsiya xəstəsi olduğu və tam əmək qabiliyyətli olmadığı halda, İddiaçı isə tam əmək qabiliyyətli olduğu halda onun himayəsində olan övladının saxlanması üçün ondan alimentin tutulmasını qət etməmiş, onu aşkar vəziyyətdə maddi məhrumiyyətlərə düçar etmişdir. İddiaçı himayəsində olan övladının zəruri xərclərinin artması səbəbindən alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Balakən Rayon Məhkəməsində işə baxılarkən məhkəmə iddiaçının tam əmək qabiliyyətli olmasını, cavabdehin isə işi və qazancı olmayan şəxs, eyni zamanda İİİ qrup əlil olması, digər övladının isə özünün himayəsində olması barədə sübutları araşdırmamış, hazırda özünün himayəsində olan uşağının 17 yaşında olmasını, onun hazırlığının və digər xərclərinin artması, özünün başqa qadınla ailə qurmasını, bunun əsasında cavabdehin maddi vəziyyətində dəyişiklik olmasını nəzərə almamışdır. Bundan əlavə Balakən rayon məhkəməsi Balakən Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli 2 (019)-523/2021 nömrəli qətnaməsi ilə aliment təyin olunduqdan sonra Cavabdeh 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X1 tutulan alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) səbəb ola biləcək onun ailə və maddi vəziyyətində hər hansı halın baş verməsi müəyyən olunmur. Belə olan halda məhkəmə Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, qanun normasının mənasına görə bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirinin çoxalması və ya azalması ilə əlaqədar olur. Belə ki, aliment ödəyən şəxs gəlirləri azaldıqda, o, alimentin miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda, aliment alan şəxs alimentin miqdarının artırılmasını tələb edə bilər.

11. Balakən rayon məhkəməsi işin yuxarıda qeyd edilən hallarına düzgün hüquqi qiymət verməmiş, hakim qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən, düzgün tətbiq etməmiş, sübutları tam araşdırmamış və nəticədə işin həqiqi hallarına uyğun olmayan, qeyri-obyektiv qətnamə qəbul etmişdir.

12. Qeyd edilənlərə əsasən Balakən Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(019)-132/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Balakən Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(019)-132/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

17. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

18. BMT-nin 20 noyabr 1989-cu il tarixli «Uşaq hüquqları haqqında» Konvensiyasının; 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır.

19. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi»nin; 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır.

20. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun; 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosail, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayətindən görünür ki, apellyator Balakən Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(019)-132/2023 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir.

24. Ona görə də kollegiya Balakən Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(019)-132/2023 saylı qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

27. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı 15 sentyabr 2005-ci ildə nikahlarını Balakən rayon Talalar kənd icra nümayəndəliyində rəsmiləşdirməklə Cavabdeh ilə evlənmişdir. Birgə nikahlarından xx.xx.2006-cı il tarixdə X7 və 27 dekabr 2010-cu ildə X8 adında iki uşaqları olmuşdur.Balakən Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli 2(019)-523/2021 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması, onların birgə nikahından olan, 31 may 2006-cı il tarixdə anadan olmuş X4 atası Cavabdeh yanında, 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X5 isə anası İddiaçı yanında saxlanması, 09 aprel 2021-ci il tarixdən başlayaraq 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı ödənilən alimentin miqdarının uşağın tələbatını ödəmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin əsasını alimentin miqdarının çox olması təşkil edir.

29. Məhkəmə kollegiyası işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi 27 dekabr 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Balakən Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli 2(019)-523/2021 nömrəli qətnaməsi ilə Cavabdeh tutulması müəyyən edilmiş aliment məbləğini artıraraq hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində müəyyən etməklə düzgün hüquqi nəticəyə gəlmişdir.

30. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə valideynlərin birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın azyaşlı olmaqla təlabatının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 220 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

31. Cavabdeh apellyasiya şikayətində iddiaçının tam əmək qabiliyyətli olmasını, onun isə işi və qazancının olmadığını, eyni zamanda İİİ qrup əlil olmasını, hazırda himayəsində 17 yaşında uşağının olmasını, onun hazırlığının və digər xərclərinin artmasını, özünün başqa qadınla ailə qurmasını bildirsə də, bu hallar onu uşağını saxlamaq və ya aliment ödəmək öhdəliyindən azad etmir. Bundan əlavə 2023-cü il üçün uşaqlar üçün müəyyən edilmiş 220 manat aliment məbləği nəzərdən keçirildikdə müəyyən etmək olur ki, birinci instansiya məhkəməsi əvvəl təyin edilmiş alimentin məbləğini artıraraq hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində qət etməklə əslində cavabdehin də mənafeyini nəzərə almışdır.

32. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin yuxarıda sadalanan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən aliment məbləği müəyyən edilərkən uşağın layiqli, firavan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşaqların mənafeyi nəzərə alınaraq onun saxlanması üçün hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri, alimentin məbləğinin dəyişdirilərək azaldılması üçün əsas ola bilməz.

33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də cCavabdeh apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(019)-132/2023 nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(019)-132/2023 nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar