Məhkəmə qərarları › İş №2(107)-1280/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1280/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1280/2021 14.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X13 və Cavabdeh nümayəndəsi və vəkili X11 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “26000 manat mənləğində pul tələbinə dair” mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 14 fevral 2020-ci il tarixli, 2(014)-88/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin (hakim Famil Nəsibov) 14 fevral 2020-ci il tarixli, 2(014)-88/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə 24800 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 24830 (iyirmi dörd min səkkiz yüz otuz) manat tutulması və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 14 fevral 2020-ci il tarixli, 2(014)-88/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apellyаsiyа şikаyəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2(107)-1338/2020 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Ağdaş Rayon Məhkəməsinin 14 fevral 2020-ci il tarixli, 2(014)-88/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 24800 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 24830 (iyirmi dörd min səkkiz yüz otuz) manat tutulması və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2(107)-1338/2020 nömrəli qətnaməsindən narazı qalan Cavabdeh və onun vəkili Vəkil kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2021-ci il tarixli, 2(102)-1078/2021 nömrəli tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 avqust 2020-ci il tarixli, 2(107)- 1338/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı 26000 manat məbləğində pul tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 26000 manat pulun və 30 manat ödənilmiş dövlət rüumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddiasını müdafiə edərək bildirmişdir ki, uzun müddətdir ki, sahibkarlıq faəliyyəti ilə məşğuldur.Gəncə şəhəri,Gülüstün qəsəbəsində “Üç Qardaş” adlı mağazanı işlədir.Həmin mağazanın zirzəmisində çörəkbişirmə sexi vardır. İlk dəfə Vüqar Şərifov və Rəşad Şərifov vasitəsi ilə cavabdehdən 30000 manatlıq soba alanda heç bir problem olmamışdır. Daha sonra işini böyütmək qərarına gəlmişdir və sexə ikinci soba almaq istəmişdir. Odur ki,bunun üçün yenə cavabdehə müraciət olunmuşdur.İkinci soba almaq üçün mağazasının sənədlərini girov qoyaraq bankdan 90000 manat kredit götürmüşdür. İşıq idarəsindən Sahib adlı elektrik çağırtdıraraq məsləhət almış və elektrik ona 50 kilovatlıq soba gətirməsini məsləhət görmüşdür.Odur ki,Yadigara 50 kilovatlıq təzə soba sifariş etmiş və bunun müqabilində ona cəmi 25000 manat pul ödəmişdir. Aralarındakı razılaşmaya tam əməl edərək alacağı soba müqabilində əşyanın dəyərini tam olaraq ödəmişdir. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməyərək ona 70 kilovatlıq köhnə soba satmışdır. Odur ki, onlar cavabdehin gözü qarşısında sobanı qoşarkən partlayış baş vermiş və elektrik xətti ərimişdir.Bundan sonra o,Yadigardan sobanı geri qaytarmasını və ödədiyi pulu ona verməsini tələb etmiş, lakin cavabdeh ona bunun üçün məsuliyyət daşımadığını bildirmişdir. cavabdeh soba üçün 1 il şifahi şəkildə qarantiya vermişdir. Bundan başqa o, cavabdehə 1000 manat dəyərində avadanlıq almaq üçün pul göndərsə də,avadanlıq ona verilməmişdir. Sobada hazırda çörək bişirmək mümkün deyil. X1 ifadəsi tamamilə yalandır. Belə ki, Rəşad Şərifov onun keçmiş işçisi olmuş və bu hadisələr zamanı işdən çıxarılmışdır.X32 adlı elektrik ustası qoşmuşdur. Hesab edir ki, iddiası əsaslıdır, odur ki, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, avadanlıqların təmiri sexində işləyir, iddiaçı iki dəfə ondan vasitəçilər vasitəsilə soba almışdır. Birinci sobanı internet vasitəsi ilə sifariş etmişlər. Birinci sobanı iddiaçıya 9300 ABŞ dollarına satmışdır və heç bir problem olmamışdır. Daha sonra iddiaçı Samir vasitəsi ilə ikinci soba sifariş etmiş,lakin sifariş verərkən köhnə soba sifariş etmişlər. İkinci sobanı iddiaçıya 24800 manata satmışdır. Belə ki,iddiaçı Vüqar, Rəşad və Eldar vasitəsi ilə ona 10000 manat beh vermişdir,daha sonra isə iddiaçı Samir vasitəsi ilə 5000 manat,Vüsal vasitəsi ilə isə ona 9800 manat pul vermişdir. Sobanı təhvil verəndə layihəsini də təqdim edir və izah edir. Belə ki,o,iddiaçıya sobanı təhvil verərkən izah etmişdir ki,oraya 25 kilovatlıq kabel lazımdır. Sobanı təhvil verib gedəndə heç bir problem yox idi. İddiaçıya şifahi şəkildə satdığı soba üçün 1 il zəmanət vermişdir.Satdığı soba 70 kilovatlıq olsa da, o, sobanı 50 kilovatlığa çevirmişdir. Sobada problem olduğunu iddiaçı dərhal bildirməmişdir. İddiaçını kirayə çörək sexindən sexin sahibi kirayə pulunu ödəmədiyi üçün çıxartmışdır. Odur ki,soba 8 ay çöldə yağışın altında qalaraq məhv olmuşdur. Bütün bunlara əsaslanaraq hesab edir ki,iddia əsassızdır.Odur ki,iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid X27 verdiyi ifadəsində bildirmişdir ki, o, uzun müddət Elektrik şəbəkəsində işləmişdir.Hazırda fərdi qaydada elektrik işləyir.İddiaçı ikinci dəfə sobanı qoşanda o da orada olmuşdur.Soba qoşularkən kabellərdə qızma olmuşdur. Belə ki,soba 70 kilovatlıq olduğu üçün kabellərin sobanın işləməsinə gücü çatmamışdır. Daha sonra sobanın işləyib-işləməməsindən onun xəbəri olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid X22 verdiyi ifadəsində bildirmişdir ki, iddiaçının oğludur. İddiaçının özünə məxsus çörək sexi vardır. Çörək sexi üçün ilk sobanı cavabdeh Yadigardan almışlar, daha sonra iddiaçı işləri genişləndirmək istəmişdir və odur ki, onlar Yadigara ikinci soba sifariş etmişlər və bunun üçün Yadigara cəmi 25000 manat pul ödəmişlər. cavabdeh atasına köhnə soba satmışdır. Belə ki, ikinci soba qoşularkən o da orada olmuşdur. cavabdeh sobanı özü təhvil verməli idi, lakin işləmədiyi üçün təhvil verə bilmirdi. Belə ki,sobanı qoşarkən partlayış olmuş və kabellər ərimişdir. Daha sonra cavabdeh atasına bildirmişdir ki,sözügedən problemi həll etmək üçün Bakıya getməlidir. Lakin cavabdeh bundan sonra məsuliyyətdən yayınmış, soba üçün ödənilən 25000 manat pulu qaytarmamış, həmçinin yararsız vəziyyətdə olan sobanın əvəzinə hər hansı yeni bir sobanı atasına verməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsinin iclasında X4 verdiyi ifadəsində bildirmişdir ki, iddiaçı sahibkarlıqla məşğuldur. İddiaçının özünə məxsus çörək sexi vardır. İddiaçı ikinci sobanı alıb qurraşdırarkən o da orada olmuşdur. Belə ki, onu iddiaçı özü çağıraraq bildirmişdir ki, şit partlayıb. İddiaçı ona şitin partladığını bildirərək ondan kömək etməyi xahiş etmişdir. Ora gedərkən şitin partladığını və şiti yığdıqlarını görmüşdür. İddiaçının aldığı ikinci soba yararsız vəziyyətdə idi. Belə ki, gördüyü qədər soba köhnə idi və işləmirdi. Birinci instansiya məhkəməsinin iclasında şahid X23 verdiyi ifadəsində bildirmişdir ki, o, iddiaçının keçmiş işçisi olmuşdur. O, “Bazarstore”-də çörək ustası kimi işləmişdir. “Bazarstore”-də əmək müqaviləsi əsasında işləyirdi və əmək haqqısı da normal idi. Günlərin bir günü iddiaçı və oğlanları onların çörək sexində iş təklif etmişdir.Odur ki, o,iddiaçının çörək sexində işləməyə razı olmuşdur. İddiaçı ilk sobanı alıb işlədərkən o,görmüşdür ki, həm çörəyi,həm də ki, bulkunu eyni sobada bişirmək mümkün deyil. Odur ki, ikinci bir sobanın alınmasına zərurət yaranmışdır. İkinci sobanın alınmasında o, Eldar və Yadigar iştirak etmişlər. Yadigara ilkin olaraq iddiaçı Eldar vasitəsi ilə 10000 manat beh verilmiş,həmçinin daha sonra sobanın pulu tam ödənilmişdir. Yadigar ikinci sobanı qurraşdırdıqdan sonra həmin sobada bir neçə dəfə çörək də bişirmişdir. Soba qurraşdırılarkən orada heç bir partlayış olmamışdır.Sadəcə olaraq elektriklər həmin soba üçün razılaşmadıqlarını,yəni kabellərə uyğun olmadığını bildirmişlər. Sobanı Yadigardan iddiaçının oğlu Vüsal qəbul etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid X12 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, 2018-ci ilin dekabr ayında Cavabdeh onu çağıraraq bildirmişdir ki,soba var və onun qoşmaq lazımdır. Soba 70 kilovatlıq idi və həmin sobanı o, 50 kilovatlığa çevirərək qoşmuşdur. Soba qoşularkən heç bir partlayış olmamış, həmin sobada çörək də bişirmişlər. İddiaçının çörək sexinə hər iki sobanı o,quraşdırmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid X16 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, sobaların quraşdırılması və daşınması üzrə peşəkardır. cavabdehin xahişi ilə sobanı 2019-cu ilin yanvar ayında aparıb iddiaçının sexinin yaxınlıqda yerləşən marketinin yanına qoymuşdur. Sobanın neçə kilovatlıq olmasını bilməmişdir. İş üzrə yuxаrıdа göstərilən məhkəmə aktları çıxаrılmışdır. Ağdaş Rayon Məhkəməsinin 14 fevral 2020-ci il tarixli, 2(014)-88/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddia tələbi düzgün olmadığından tamamilə düzgün olmayan qətnamə qəbul edilmişdir. İddia ərizəsindən göründüyü kimi iddiaçı cavabdehə qarşı konkret məbləğdə pul tələbinə dair iddia qaldırıb. İşin mahiyyətindən göründüyü kimi iddiaçı cavabdehə pul borclu deyil. Qətnamədə qeyd edildiyi kimi tərəflər arasında elektrik sobasına dair şifahi alqı-satqı müqaviləsi bağlanıb. Tərəflər arasında şifahi alqı-satqı müqaviləsinin olması işin mübahisəsiz halıdır. Belə olan halda iddiaçı cavabdehə qarşı pul tələbi ilə yanaşı ilk növbədə müqavilənin ləğvinə və ya etibarsızlığına dair iddia qaldırmalı idi. Nəticə etibarilə bu zaman iddia tələbi təmin olunduğu halda hər iki tərəf müqavilə üzrə aldıqlarını geri qaytaracaqdı. Tərəflər arasında şifahi alqı-satqı müqaviləsinin ləğvi və ya etibarsızlığı məhkəmə qaydasında mübahisələndirilmədiyi müddətcə hazırki mübahisənin həlli mümkün deyil. Lakin, iddiaçı pul tələbinə dair iddia qaldırdığı üçün məhkəmədə yalnız iddia tələbi həcmində işə baxdığına görə iddia tələbini təmin edərək cavabdehdən iddiaçının xeyirinə pul tutlmasını qət etmişdir. Bu Qətnamənin sonuncu instansiyayadək qüvvədə qaldığı halda, elektrik sobasının aqibətinin neçə olacağı bilinmir. Yəni elektrik sobasının cavabdehə qaytarılacağımı yoxsa iddiaçıda qalacağı bu qətnamə ilə müəyyən edilməli idi. Lakin bu müəyyən edilmədiyindən qətnamənin icrasını gələcəkdə münkünsüz olacaq və tərəflər arasında elektrik sobasının kimə məxsusluğuna dair əlavə mübahisələrin yaranmasına səbəb olacaq. Buna görə də bu qətnaməni hüquqi baxımdan düzgün hesab etmək olmaz. Ümumi olaraq iddianın mahiyyətinə gəldikdə isə iş materiallarından və şahid ifadələrindən göründüyü kimi, iddiaçı - İddiaçı çörək bişirmə sexi üçün işçisi Şərifov Rəşad vasitəsi 13.11.2018-ci il tarixdə cavabdeh - Cavabdeh sobası sifariş verib. Cavabdehda öz növbəsində həmin sifariş əsasında işlənmiş 70 KW gücündə elektrik sobasını iddiaçıya satıb. Daha sonra 15 dekabr 2018-ci il tarixdə cavabdeh və iddiaçının iştirakı ilə iddiaçının Gəncə şəhər, Gülüstan qəsəbəsində, yerləşən çörək sexində (obyekt icarəyə götürülübmüş) peşakar ustalar tərəfindən qurlaşdırılaraq təhvil verilib. İddiaçının iddia ərizəsində 50 KW gücündə elektrik sobası sifariş verməsi, elektrik sobasını qurlaşdırarkən yanğın (partlayış) baş verməsi ilə bağlı qeyd etdikləri tamamilə absurddur. Həmçinin iddiaçının məhkəmə gətirdiyi şahidlərin verdiyi ifadələr də iddia ərizəsində qeyd olunan və iddiaçının özünün məhkəməyə verdiyi izahatla tamamilə ziddiyət təşkil edir. İddiaçının 50 KW gücündə elektrik sobası sifariş verməsi ilə bağlı yeganə arqumenti ondan ibarətdir ki, kim olduğu bilinməyən "Sahib" adında bir şəxsin ona 50 KW gücündə elektrik sobası məsləhət görməsidir. Müqavilənin tərəfi olmayan, elektrik sobasının sifariş verilməsində, quraşdırılmasında iştirak etməyən, ümumiyyətlə nə işlə məşğul olduğu və kim olduğu bilinməyən bir şəxsin qeyri müəyyən məsləhəti. İddiaçı iddia ərizəsində və məhkəməyə verdiyi izahatında 50 KW gücündə elektrik sobası sifariş verməsini qeyri müəyyən "Sahib"in qeyri müəyyən məsləhətindən başqa heç bir şeylə əsaslandırmayıb. Başqa sözlə iddiaçı iddia etdiyi kimi əslində 50 KW gücündə elektrik sobası sifariş verməyini nə şahid ifadəsi, nədə başqa bir mötəbər sübutla təsdiq edə bilməyib. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra mətndə MPM-in adlandırlacaq) 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qətnamədə qeyd edildiyi kimi, iş materiallarında olan Gəncə şəhəri, Gülüstan qəsəbəsi "Üç qardaş" mağazasının proformasıdan görünür ki, 1 il qarantiyaya malik, 70 kilovatlıq işlənmiş elektrik sobası 24800 manat Cavabdeh ödənilməklə alınmışdır. İddiaçı elektrik sobasını qəbul edərkən onun işlənmiş oduğunu və 70 kilovatlıq olduğunu bilirdi (çünki iddiaçı öz işçisi Şərifov Rəşad vasitəsi ilə həmin göstəricilərə malik soba sifariş verib). Bundan başqa iddiaçı qeyd edir ki, guya elektrik sobası quraşdırılarkən partlayış baş verib və elektrik kabelləri əriyib. İlk öncə qeyd etmək lazimdir ki, iddiaçının baş verdiyini iddia etdiyi partlayış elektrik sobasında deyil çörək sexinin elektrik şitində və kabellərində baş verib. Yəni başqa sözlə desək iddiaçı özü də etiraf edir ki, soba da heç bir problem yoxdur. Burada diqqət çəkmək istədiyimiz əsas məqam ondan ibarətdir ki, iddiaçı həm də iddia ərizəsində qeyd edir ki, elektrik sobası quraşdırılarkən soba üçün ödəməli olduğu geri qalan 10.000 manat (əslində 9.800 manat) pulu Rəşad və Yadigara verib. Göründüyü kimi iddiaçı bir tərəfdən iddia edir ki, guya soba quraşdırılarkən partlayış baş verib, amma partlayış baş verməyinə baxmayaraq ödəməli olduğu 10.000 manatı (əslində 9.800 manat) eyni zamanda dərhal yerindəcə cavabdehə ödəyib. Əgər partlayış baş versəydi ən aznından iddiaçı 10.000 manatı ödəməkdən imtina edərdi. Yəni partlayış baş verdiyi halda 10.000 manat pul ödəmək ağıllı adam işi deyil. Əslində təkcə elektrik sobası quraşdırılarkən iddiaçının cavabdehə 10.000 manat (əslində 9.800 manat) pulu pul ödəməsi belə sübut edir ki, elektrik sobası quraşdırılarkən elektrik xətlərində hər hansı partlayış və ya ərimə baş verməyib. Bu halla bağlı qeyd etmək lazimdir ki, Məhkəmə tərəfindən iddiaçıya dəfələrlə partlayış və yanğının baş verməsi ilə bağlı X26 Şəbəkəsindən və X33 Yanğın Nəzarəti İdarəsindən akt və ya arayış gətirilməsini tələb etsə də (yəni yanğın və partlayışa dair hər hansı bir sübut) iddiaçı buna dair heç bir sənəd təqdim edə bilməyib. Bundan başqa, yuxarıda qeyd edildiyi kimi, iddiaçı tərəfindən məhkməyə çağırılmış şahidin ifadələri iddia ərizəsi və iddiaçının özünün verdiyi izahatla ziddiyət təşkil edir. Belə ki, X34 ifadəsinə dair: iddiaçı özü məhkəməyə verdiyi izahatında sobanı Elnur Rüstmov adlı elektrik ustasının quraşdırdığını bildirmişdir (qətnamənin birinci səhfəsinin sonuncu sətri). X39 məhkəməyə verdiyi ifadəsində iddiaçının izahatının əksinə sobanı quraşdırdığını deyil soba quraşdırılarkən orda olduğunu bildirib. X29 məhkməyə verdiyi ifadəsində soba quraşdırılarkən orda yanğın və partlayış olmadığını sadəcə kabellərdə qızma olduğunu qeyd edib (qətnamənin ikinci səhfəsinin üçüncü abzası). Göründüyü kimi iddiaçının özünün çağırdığı X34 verdiyi ifadələr soba quraşdırılarkən çörək sexində yanğın və partlayış olmadığını tam sübuta yetirir. X5 ifadəsinə dair: əvvəla, onu qeyd edək ki, X40 iddiaçının işçisi olub. Məhkəməyə verdiyi ifadəsində qeyd etdiyi kimi elektrik sobası onun vasitəsi ilə sifariş edilib. Soba qoşularkən orda olub. Hətta soba qoşulduqdan sonra bir neçə dəfə də çörək bişirib. Soba qoşularkən heç bir partlayış baş verməyib. Sadəcə elektriklər çörək sexinin kabellərinin uyğun olmadığını bildiriblər. BELƏLİKLƏ. İddiaçının özünün məhkəməyə çağırdığı iki şahid Rəşad və Elnur öz ifadərində elektrik sobası quraşdırılarkən orada heç bir partlayış olmadığını bildiriblər. X2 ifadəsinə dair: X2 kim olduğu çörək sexinə niyə çağırıldığı, həqiqətən həmin zaman orda olub olmadığı qeyri müəyyəndir. X4 ifadəsində qeyd edir ki, “...iddiaçı onu çağıraraq bildirib ki, şit partlayıb. Guya buna görə iddiaçı ondan kömək istəyib. Ora gedərkən şitin partladığını və şiti yığdıqlarını görüb. İddiaçının aldığı ikinci soba yararsız vəziyyətdə olub”. Bu şahidin verdiyi ifadələr onun öyrədilmiş şahid olduğunu açıq aşkar göstərir. Belə ki, elektrik sobası quraşdırılarkən guya sitdə partlayış bas vermişdisə və çörək sexində iki (Elnur və Ramil) elektrik ustası olduğu halda iddiaçı nə islə məşğul olduğu bilinməyən (bizə məlum olan odur ki, həmin şəxs slesar işləyir) Vəfadardan elektrik sitini yığmaq üçün niyə kömək istəsin?! Və ya nə islə məşğul olduğu bilinməyən Vəfadar ilk baxışda ikinci sobanın yararsız olduğunu neçə müəyyən edib?! X6 ifadəsinə dair: X6 partlayış və yanğınla bağlı verdiyi şahid ifadəsi məhkəməyə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, X36 iddiaçının doğma oğlu olduğundan, hazırkı işdə əvvəlcədən öyrədilərək yalandan atasının maraqlarına xidmət edən həqiqətə uyğun olmayan ifadə verib. Göründüyü kimi, iddiaçı nə 50 kilovatlıq elektrik sobası sifariş verdiyini nə də soba quraşdırılarkən orada partlayış baş verdiyini heç bir şeylə sübuta yetirə bilməyib. Hələ əksinə iddiaçı tərəfindən məhkəməyə çağırlmış iki şahid partlayış və yanğının baş vermədiyinə dair ifadə veriblər. O zaman sual yaranır, iddiaçı elektrik sobasını niyə qaytarmaq istəyir??? Bu sualın əsil cavabı odur ki, yuxarıda qeyd edildiyi kimi iddiaçının aldığı elektrik sobası, onun icarə götürdüyü obyektə 2018-ci ilin dekabr ayında quraşdırılıb. İddiaçı bir neçə ay icarə haqqını ödəyə bilmədiyindən obyekt sahibi onu icarəyə götürdüyü sahədən 2019-cu ilin yanvar ayından çıxarıb. Bununla bağlı iddiaçı cavabdehdən sobanın həmin obyektdən çıxarılaraq ona məxsus digər sexə aparılmasında köməklik göstərməyini xahiş edib. Onun bu xahişini istəyini nəzərə alan Cavabdeh elektrik sobalarının quraşdırılması və daşınması üzrə tanışı X9 xahiş edib ki, Bakından Gəncəyə gedərək elektrik sobasını digər sexə daşınıb quraşdılmasında köməklik etsin. Quliyev Xudayar elektrik sobasının daşımasına kömək etsə də, digər sexin ölçüləri uyğun olmadığından onu yerində quraşdıra bilməyiblər. Buna görə də sobanı sexin yaxınlığındakı marketin qabağına qoyublar. Beləliklə, qeyd edilənlərlədn açıq görünür ki, iddiaçının “yanğın-partlayış və sobanın 50 kilovatlıq olması” ilə bağlı irəli sürdüyü bütün fikirlər elektrik sobasının onun digər sexinə yerləşmədiyi üçün uydurduğu yalanlardır. Bu yalanı reallığa çevirmək üçün iddiaçı polisə, məhkəməyə müraciət edərək elektrik sobasını qaytarmaq üçün hər vasitədən istifadə edir. Lakin o, hələ də anlamır ki, onun icarəyə götürdüyü sahədən çıxarılması və ya elektrik sobasının onun digər sexinə yerləşınəməsi cavabdehin təqsiri deyil. Belə bir hal nə Mülki Məcəllədə, nə də işgüzar adətlərdə müqavilənin ləğvi üçün əsas deyil. Bir həqiqəti də qeyd etmək lazimdir ki, şahid X10 verdiyi ifadə məhkəmə tərəfindən qətnamədə tam qeyd olunmayıb. Quliyev Xudayarın qətnamədə olan ifadəsində sadəcə qeyd edilir ki, “cavabdehin xahişi ilə sobanı 2019-cu ilin yanvar ayında aparıb iddiaçının sexinin yanında olan marketin qarşısına qoymuşdur. Sobanın neçə kilovatlıq olduğunu bilmir.” Göründüyü kimi onun məhkəməyə şahid kimi verdiyi ifadə cəmi bir cümlə ilə qeyd olunaraq öz həqiqi kontekstindən çıxarılıb. Qətnamədə olan bu ifadədə elektrik sobasının bir sexdən digər sexə daşınması məlum olmur. Lakin məhkəmə bu həqiqəti ört basdır etmək üçün qəsdən cavabdehin (yəni bizim) məhkəməyə çağırdığı iki şahidin verdiyi ifadədə sobanın qurulması ilə bağlı tarixləri fərqli qeyd edib. Belə ki, şahid X12 verdiyi ifadədə “elektrik sobasını 2018-ci ilin dekabr ayında quraşdırdığını və quraşdırma zamanı heç bir partlayış olmadığını bildirmişdir.” X7 verdiyi ifadədə “elektrik sobasını 2019-cu ilin yanvar ayında aparıb iddiaçının sexinin yanında olan marketin qarşısına qoyduğunu bildirmişdir.” X20 verdiyi ifadədə qeyd etdiyi 2019-cu ilin yanvar ayında olan elektrik sobasının daşıması həqiqətən iddiaçının öz xahişi bir sexdən digər sexə daşınması ilə bağlı olub. Ona görə də apelyasiya şikayəti təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 14 fevral 2020-ci il tarixli, 2(014)-88/2020 nömrəli qətnаməsi ləğv edilərək iddia rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X13 apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlanılmasının xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X18 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Hüququ məsələlər: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2021-ci il tarixli, 2(102)-1078/2021 nömrəli tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 avqust 2020-ci il tarixli, 2(107)-1338/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2021-ci il tarixli, 2(102)-1078/2021 nömrəli qərarında göstərilmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Baxılan işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasında sobanın alqısatqısına dair şifahi alqı-satqı müqaviləsi bağlanmış, satıcı (cavabdeh) əşyanı alıcıya (iddiaçıya) təhvil vermiş, sonuncu isə malın dəyərini ödəmişdir. Bu hallar alqı-satqı müqaviləsinin tərəflərinin üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirdiklərinə dəlalət etdiyi üçün apellyasiya məhkəməsi tərəfindən mübahisəyə Mülki Məcəllənin 600-cü maddəsinin tətbiq edilməsi düzgün olmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon məhkəməsinin 07 sentyabr 2020-ci il tаrixli, 2(019)-379/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan 13 noyabr 2018-ci il tarixli Gəncə şəhəri, Gülüstün qəsəbəsində yerləşən «Üç Qardaş» mağazasının proformasından görünür ki, 1 il qarantiyaya malik 70 kilovatlıq işlənmiş elektrik sobası 24800 manat Cavabdeh ödənilməklə alınmışdır. İşdə olan Gəncə şəhəri, Nizami RPİ-nin Təhqiqat Bölməsinin cinayət işi başlamasının rədd edilməsi barədə12 may 2019-cu il tarixli qərarından görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM-in) 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. MM-in 581.2-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. MM-in 582.1-ci maddəsinə əsasən satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alqı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. MM-in 582.2-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. MM-in 582.3-cü maddəsinə əsasən əşyanın keyfiyyəti üçün qarantiya, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun tərkib hissələrinə (komplektləşdirici məmulata) də şamil edilir. MM-in 586.1-ci maddəsinə əsasən qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alqı-satqı müqaviləsində əşyanın keyfiyyətinin yoxlanması nəzərdə tutula bilər. MM-in 586.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alqı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır. MM-in 586.3-cü maddəsinə əsasən əgər qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alqı-satqı müqaviləsində satıcının alıcıya verilən əşyanın keyfiyyətini yoxlamaq vəzifəsi (sınama, analiz, müayinə və i.a.) nəzərdə tutulmuşdursa, satıcı əşyanın keyfiyyətinin yoxlanıldığına dair alıcıya sübutlar təqdim etməlidir. MM-in 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. MM-in 595.1-ci maddəsinə əsasən alıcı alqı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. Beləliklə araşdırılmış sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında elektrik sobasının alqı satqısına dair şifahi şəkildə alqı-satqı müqaviləsi bağlanmışdır, iddiaçı cavabdehə bunun müqabilində cəmi 24800 manat ödəniş etmişdir. Cavabdeh iddiaçıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn soba verməyə borclu olmuşdur. Tərəflər arasında müqavilə bağlanaraq əşyanın keyfiyyəti haqqında şərtlər müəyyən edilmədiyinə görə cavabdeh iddiaçıya istifadə məqsədlərinə yarayan soba satmağa borclu olmuşdur. Qanuna görə cavabdehin iddiaçıya satdığı sobanın cavabdehə verildiyi məqamda keyfiyyət tələblərinə uyğun gəlməsi əsas götürülür. Cavabdeh tərəfindən iddiaçıya alqı-satqı müqaviləsinin keyfiyyət tələblərinə uyğun olmayan, yararsız, qüsurlu soba satılması barədə mülahizələr əsaslıdır. Belə ki, cavabdeh özü də etiraf edir ki, onların arasında elektrik sobasına dair şifahi alqı-satqı müqaviləsi bağlanıb. Birinci sobanı internet vasitəsi ilə sifariş etmişlər. Birinci sobanı iddiaçıya 9300 ABŞ dollarına satmış və heç bir problem olmamışdır. Daha sonra iddiaçı Samir vasitəsi ilə ikinci soba sifariş etmiş, lakin sifariş verərkən köhnə soba sifariş etmişlər. İkinci sobanı iddiaçıya 24800 manata satmışdır. İddiaçıya şifahi şəkildə satdığı soba üçün 1 il zəmanət vermişdir. Satdığı soba 70 kilovatlıq olsa da, o, sobanı 50 kilovatlığa çevirmişdir. Sobada problem olduğunu iddiaçı dərhal bildirməmişdir. Oxşar münasibətləri tənzimləyən MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Çünki, cavabdeh məhkəməyə sobanın məhz iddiaçı tərəfindən yararsız vəziyyətə salındığı barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. MPM-in 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmənin gəldiyi qanuni və əsaslıdır, eyni zamanda müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. MPM-in 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Apellyasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası iş üzrə yekun olaraq bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 14 fevral 2020-ci il tаrixli, 2(014)-88/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və MPM-in 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 14 fevral 2020-ci il tаrixli, 2(014)-88/2020 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: İmanverdi Şükürov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar