Məhkəmə qərarları › İş №2(107)-1280/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1280/2025

18.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1280/2025 18.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X4 və X5 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 29 oktyabr 2025-ci il tarixli, e-2(025)-47/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1.İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 61500 (altmış bir min beş yüz) manat maddi ziyanın, 300(üç yüz) manat daşınmaz əmlakın təmirinə çəkilməli olan xərclər barədə hesabatın tərtib edilməsinə ödənilmiş xidmət haqqının, hüquqi yardım, həmçinin təmsil üçün vəkilə ödənilmiş 1000 (bir min) manatın və 279 (iki yüz yetmiş doqquz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Qəbələ rayon Yeni Dızaxlı kəndində yaşayır. Bir il altı ay bundan əvvəl Qəbələ şəhəri Yeni Massiv adlanan ərazidə 0,04 hektar həyətyanı torpaq sahəsi satın almışdır. Həmin torpaq sahəsində 150 kv.metr yaşayış sahəsi olan 2 mərtəbəli fərdi yaşayış evi tikmək üçün Cavabdeh həvalə etmək qərarına gəlmişdir. Cavabdeh ilə danışıb razılığa gələrək evin karkasının tökülməsi istisna olmaqla görüləcək digər inşaat və təmir işlərini ona həvalə etmişdir. Razılığa əsasən Cavabdeh pulunu iddiaçı ödəmək şərti ilə həm lazımi inşaat materiallarını satın alıb gətirməli, həm də inşaat və təmir işlərini yerinə yetirib hazır vəziyyətdə ona verməli idi. Eyni zamanda o, satın alınacaq inşaat materiallarının keyfiyyətinə və görüləcək işlərin uyğunluğuna da məsuliyyət daşıyırdı. İddiaçı Cavabdeh lazım olduqca bütün inşaat materiallarını satın alması üçün pul verirdi. Cavabdeh hər dəfə pulu alandan sonra həmin pula gedib lazımi inşaat materiallarını satın alıb həyətə gətirmiş, sifariş etdiyi iki mərtəbəli fərdi yaşayış evinin, həyətdəki hovuzun, söhbətgahın inşa edilməsi, həyətyanı torpaq sahəsinin daş plitə ilə döşənməsi, həyətyanı torpaq sahəsinin kənarlarının hasarlanması və suvanması işlərini icra etmişdir. Cavabdeh həm inşaat materialarının, həm də özünün çağırıb inşaat işlərində işlətdiyi digər şəxslərin əmək haqqlarını iddiaçıdan tam şəkildə almışdır. İddiaçının evin inşaatı və təmiri işlərinə görə ona borcu qalmamışdır. Cavabdeh qeyd edilən işləri başa çatdırandan bir müddət sonra onun həmin işləri lazımi şəkildə görməməsi səbəbindən aşağıdakı qüsurlar aşkar edilmişdir. 1-ci mərtəbədə divarların qüsurlu izolyasiya edilməsi nəticəsində suvaqda tökülmələr, rənglərin solması, evin nəmlənməsi, 2-ci mərtəbə ilə terras arası beton işinin qüsurlu icra edilməsi nəticəsində yağış sularının evin içinə sızması, divarların suvaq və rəngsaz materiallarının tökülməsi, evin nəmlənməsi, İsti döşəmə işi zamanı paylayıcıların (kollektorların) standarta uyğun quraşdırılmaması nəticəsində istiliyin normal paylanmaması, kermo qranit döşəmədə çatlama və sınmalar, elektrik naqillərinin müqavimətə uyğun olmayan 2.0 mm-lik naqillərlə işlənməsi.(standartlara görə 2,5 mm və 4 mm ölçülü naqillər istifadə edilməli idi) sanitar qovşaqlarda qoşulmaların düzgün aparılmaması nəticəsində yaranmış sızıntılar və sızıntılardan irəli gələn qüsurlar. Bundan əlavə fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsində inşa edilmiş hovuzda mövcud qüsurların aradan qaldırılması üçün 12000 (on iki min) manat, söhbətgahın yenidən qurulması və bərpası üçün 2500 (iki min beş yüz) manat, həyətyanı torpaq sahəsinə döşənmiş daş plitənin yenidən qurulması və bərpası üçün 7500 (yeddi min beş yüz) manat, həyətyan torpaq sahəsinin ətrafındakı hasarın suvağının bərpası üçün 5000 (beş min) manat vəsait tələb olunur. Bu halları aşkar edildikdən sonra qeyd edilən qüsurların mövcudluğunu etiraf etmiş və yaxın vaxtlarda gəlib qüsurları aradan qaldıracağına söz verməsinə baxmayaraq sözünə əməl etməmişdir. Dəfələrlə cavabdehə müraciət etsə də o, qüsurları aradan qaldırmaqdan yayınır. Qeyd edilən daşınmaz əmlakda mövcud olan qüsurların aradan qaldırılması üçün 61500(altmış bir min beş yüz) manat vəsait tələb olunur. O, Cavabdeh bu barədə bildirib ya qeyd edilən qüsurları öz vəsaiti hesabına aradan qaldırmağı, ya da həmin məbləği ödəməsini tələb etmişdir. O, isə gördüyü işlərin qüsurlu olmasını qəbul etsə də həmin qüsurları öz vəsaiti hesabına aradan qaldırmağı və ya həmin məbləği ödəməkdən imtina edir. İddia ərizəsinə əlavə edilmiş daşınmaz əmlakın təmirinə çəkilməli olan xərclər barədə hesabatdan görünür ki, qeyd edilən daşınmaz əmlakda mövcud olan qüsurların aradan qaldırılması üçün 61500(altmış bir min beş yüz) manat vəsait tələb olunur. Həmin hesabata əlavə edilmiş fotoşəkillər həm də cavabdehin inşa etdiyi daşınmaz əmlakdakı qüsurların mövcudluğunu, inşaat işlərinin qüsurlu icra edildiyini, qeyd edilən daşınmaz əmlakın inşasında istifadə edilmiş inşaat materiallarının keyfiyyətsiz və istifadə edildiyi məqsədə uyğun olmadığını sübut edir. Hazırki iddia tələbinin əsasını təşkil edən hal ondan ibarətdir ki, Cavabdeh onun vəsaiti hesabına keyfiyyətsiz və görəcəyi işə uyğun olmayan inşaat materialları satın almış, nəticədə həmin materiallarla inşa etdiyi daşınmaz əmlaklar təyinatına uyğun olmayan və istifadəyə yararsız vəziyyətə düşmüş, ona maddi ziyan dəymişdir. Qeyd etdiyi hal onun hazırki iddia tələbinin əsaslı olduğunu sübut etməyə kifayət edir.

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasında iştirak etmiş İddiaçı izahatında göstərmişdir ki, 2021-ci ilin sonlarında o, özünə məxsus olan Qəbələ şəhəri, Yeni Massivdə yerləşən 0,04 ha həyətyanı torpaq sahəsində ümumi sahəsi 450,0 kv/m olan 2 mərtəbə və 1 açıq terrasdan ibarət fərdi yaşayış evi, hövuz və söhbətgah tikilməsi, həyətyanı sahənin hasarlanması və 250,0 kv/m ərazinin daş piltə ilə döşənməsi, o cümlədən elektrik sisteminin qurulması işlərini Cavabdeh sifariş etmiş və bütün işlər Cavabdeh şəxsi məsuliyyəti ilə icra olunaraq 2024-cü ildə tamamlanmışdır. Tikintidə istifadə olunan bütün materiallar Cavabdeh seçdiyi ticarət məntəqələrindən işləri görənin özü tərəfindən alınmış və deyilən məbləğlər onun tərəfindən satıcının kart hesabına ödənilmişdir. Cavabdeh tikintidə yalnız keyfiyyətli tikinti materiallarından istifadə etməli olduğu halda (ödənilən pullara uyğun gələn qiymətləri olan) əslində ödənildiyindən daha ucuz qiyməti olan çox keyfiyyətsiz materiallardan (əsasən İİR istehsalı olan) istifadə etmiş və materialların alındığı ticarət təntəqəsi ilə qabaqcadan sövdələşərək ödənilən pulları müvafiq fərq məbləğlərində mənimsəmişdir.Keyfiyyətsiz materiallardan istifadə olunması, evin divarları və terras arası beton qatın düzgün izolyasiya olunmaması nəticəsində divarlar nəmləndiyi və yağış suları evin içinə sızdığı üçün tavan sıradan çıxmış, suvaq və rənglər tökülmüş, o cümlədən həyətyanı sahədə inşa edilən hövuzun torpaqla birbaşa təmasda olan hissələri düzgün izolyasiya olunmadığı üçün suyu sızdırma, sanitar qovşaqda qoşulmaların düzgün aparılmaması nəticəsində çamaşır suyunun kənara sızması, isti döşəmənin düzgün qurulmaması nəticəsində çatlama və qopmalar, hasarın divarlarında yararsız qum və aşağı markalı sementdən istifadə nəticəsində suvağın ovxalanaraq tökülməsi, həyətyanı sahənin və söhbətgahın döşəməsinin daş plitə ilə üzlənməsində son dərəcə keyfiyyətsiz materiallardan istifadə olunması və işlərin düzgün aparılmaması nəticəsində döşəmənin tamamilə dağılaraq sıradan çıxması, normativə uyğun elektrik naqillərindən istifadə olunmaması nəticəsində elektrik sisteminin pozulması baş vermişdir. Qiymətləndirmə aparılarkən aşkar edilən həmin qüsurların aradan qaldırılmasından ötrü 61.500,0 manat məbləğində vəsait tələb olunduğu müəyyən edilmiş, Cavabdeh əlavə icradan imtina etmişdir. Ona görə də, Cavabdeh dəymiş zərərin əvəzinin ödənilməsindən ötrü 61.500,0 manat, qiymətləndirmə üzrə hesabatın aparılmasına xərclənən 300,0 manat, 1000,0 manat hüquqi xidmət haqqı və 279,0 manat dövlət tüsumu tutularaq xeyrinə ödənilməsi haqqında iddia qaldırmışdır.

4. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı məxsus olan Qəbələ şəhəri, Yeni Massivdə yerləşən 0,04 ha həyətyanı torpaq sahəsində ümumi sahəsi 450,0 kv/m olan 2 mərtəbə və 1 açıq terrasdan ibarət fərdi yaşayış evi, hövuz və söhbətgah tikilməsi, həyətyanı sahənin hasarlanması və 250,0 kv/m ərazinin daş piltə ilə döşənməsi, o cümlədən elektrik sisteminin qurulması işləri evsahibinin sifarişi ilə 2021-ci ilin sonlarından başlayaraq onun tərəfindən icra edilmiş və 2024-cü ildə tam hazır vəziyyətdə təhvil verilmişdir. Tikintidə istifadə olunan bütün materialları İddiaçı “Qəbələ İnşaaat” ticarət məntəqəsindən və “Mətanət-A” şirkətinin Şəki filialından almış, pulunu satıcının kart hesabına özü ödəmiş, daşıma xərcləri isə satıcının hesabına çəkilmişdir. Alınan bütün materiallar onun tərəfindən seçilmiş (hər dəfə etiraz etmiş və sifarişçinin təkidi üzrə icra etmişdir) və İddiaçı istəyi ilə özünün müəyyən etdiyi nisbətən ucuz qiymətlərə uyğun olmuşdur. Hasarın suvanmasında nisbətən aşağı keyfiyyətli İmişli qumundan (Mingəçevir qumu əvəzində) istifadə edildiyi və suvanmış hissələrə İddiaçı zövqünə görə mata çəkilmədiyi üçün içəri tərəfin suvağı bəzi yerlərdə qopmuş, hovuzda keyfiyyətsiz atsepdən istifadə olunduğu üçün sızma yaranmış, sohbətgahda isə fibe əvəzində alçipan istifadə olunduğu üçün qopmalar əmələ gəlmişdir.Binanın karkası və terrasa qalxan pilləkənlər onun tərəfindən qurulmamış, elektrik sistemi sifariçinin deyil, öz hesabına çəkilmişdir. Binanın bünövrəsi yer səviyyəsindən aşağı olduğuna görə yağıntı zamanı qurunt sularının sızması nəticəsində divarlar nəmləndiyi üçün bəzi yerlərdə suvaq və rənglər tökülmüşdür. Ona görə də, iddia tələbini əsassız hesab edir.

5. Qəbələ Rayon Məhkəməsinin 29 oktyabr 2025-ci il tarixli, e-2(025)-47/2025 nömrəli qətnaməsi ilə, iddia tələbinin təmin edilməsi, Cavabdeh 61.500,0 (altmış bir min beş yüz) manat kompensasiya, 1000,0 (bir min) manat hüquqi xidmət haqqı və 278,0 (iki yüz yetmiş səkkiz) manat dövlət rüsumu tutulub iddiaçı İddiaçı xeyrinə ödənilməsi, iş üzrə ekspertiza xərcini təşkil edən 400,0 (dörd yüz) manatın Cavabdeh tutulub "xxxx" MMCnin xeyrinə ödənilməsi qət edilmişdir.

6. Birinci intansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı 2021-ci ildə özünə məxsus olan Qəbələ şəhəri, Yeni Massivdə yerləşən 0,04 ha həyətyanı torpaq sahəsində dəmir-beton konstruksiyası qurulmuş ümumi sahəsi 450,0 kv/m olan 2 mərtəbə və 1 açıq terrasdan ibarət fərdi yaşayış evi, hövuz və söhbətgah tikilməsi, həyətyanı sahənin hasarlanması və 250,0 kv/m ərazinin daş piltə ilə döşənməsi, o cümlədən elektrik sisteminin qurulması işlərini Cavabdeh sifariş etmiş, həmin işlər Cavabdeh tərəfindən icra olunmuş və 2024-cü ildə tamamlanaraq təhvil verilmişdir. İşlərin görülməsi tikinti norma və qaydalarına uyğun aparılmadığından nəticə qüsurlu olmuş, həmin qüsurların aradan qaldırılmasından ötrü 65 200,0 manat məbləğində vəsait tələb olunmuşdur.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

7. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab etmişdir ki, Cavabdeh Qəbələ şəhəri, Yeni Massivdə yerləşən 0,04 ha həyətyanı torpaq sahəsində (reyestr nömrəsi: **********16) inşa edilmiş ümumi sahəsi 450,0 kv/m olan 2 mərtəbə və 1 açıq terrasdan ibarət fərdi yaşayış evinin tikilməsi, elektrik və istilik sisteminin qurulması, o cümlədən digər işlərin (hövuz və söhbətgah tikilməsi, həyətyanı sahənin hasarlanması və 250,0 kv/m ərazinin daş piltə ilə döşənməsi) görülməsini qüsurlarla icra etdiyindən sifarişçiyə dəymiş zərərin əvəzini ödəməlidir.

8. Məhkəmə hesab etmişdir ki, İddiaçı məxsus olan Qəbələ şəhəri, Yeni Massivdə yerləşən 0,04 ha həyətyanı torpaq sahəsində (reyestr nömrəsi: **********16) inşa edilmiş ümumi sahəsi 450,0 kv/m olan 2 mərtəbə və 1 açıq terrasdan ibarət fərdi yaşayış evinin tikilməsi, elektrik və istilik sisteminin qurulması, o cümlədən digər işlərin (hövuz və söhbətgah tikilməsi, həyətyanı sahənin hasarlanması və 250,0 kv/m ərazinin daş piltə ilə döşənməsi) görülməsi zamanı icrada yol verilən qüsurların aradan qaldırılmasından ötrü cəmi 65 200,0 manat məbləğində vəsait tələb olunduğundan həmin məbləğə uyğun gələn kompensasiya Cavabdeh tərəfindən ödənilməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin14.2.1, 14.2.6, 390.1, 752.1, 762.1, 762.2, 763.1, 765, 771 və 772.1-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında göstərilən xidmət və qiymət barədə razılaşma olmuş və onlar şifahi qaydada razılığa gəlmişlər. Cavabdeh tərəfindən razılaşmada nəzərdə tutulan xidmət göstərilmiş və uzun müddət sonra heç bir əsaslı səbəb göstərilmədən görülən işin keyfiyyətindən narazılıq olmuşdur. Hansı ki, cavadeh tərəfindən ev iddiaçıya təhvil verilmiş və heç bir qüsur olmamışdır.

12. Məhkəmə Mülki Məcəllənin 404-cü maddəsinin məzmununa nəzər yetirməmiş və yalnız iddiaçının mövqeyini üstün tutmaqla kifayətlənmişdir. Cavabdeh tərəfindən qanunun hansı tələbinin konkret pozulması halı müəyyən edilməmişdir.

13. Məhkəmə yalnız iddiaçının iddia ərizəsində göstərilənləri əsaslı hesab edərək heç bir obyektiv araşdırma aparmadan tələbin təmin olunması haqqında qətnamə qəbul etmişdir. İddiaçının göstəridiyi qüsurların cavabdehin təqsirindən olub-olmaması müəyyən edilməmişdir. Məhkəmə iclasında iddiaçı ona verilən suallara cavab olaraq evə ümumilikdə 1 milyona yaxın xərc çəkdiyini bildirmişdir. Ondan bu xərclərin sadəcə10 faizini təsdiq edən sübutları olub-olmamasını soruşduqda isə heç bir sübutunun olmadığını bildirmişdir. Halbuki o, kiçik ticarətlə məşğul olan sahibkardır və çəkdiyi xərclərlə bağlı haqq-hesabda etinasızlıq etməsi mümkün ola bilməzdi.

14. Mülki Məcəllənin 1131-ci maddəsinə görə cavabdeh o halda məsuliyyətdən azad edilir ki, istehlakçının maldan, işin, xidmətin nəticələrindən istifadə və onları saxlama qaydalarını pozması nəticəsində əmələ gəldiyini sübuta yetirsin. Burada sübutetmə o halda mümkün ola bilər ki, iş üzrə müvafiq ekspertiza təyin edilərək zəruri biliyə malik ekspert tərəfindən rəy verilsin. Lakin iş materiallarına nəzər yetirəndə səlahiyyətli ekspert rəyinin mövcud olmadığı, ekspert olmayan şəxs tərəfindən “ekspert rəyi” adı ilə verilən qiymətləndirici rəyi olduğu görsənir. Hansı ki, həmin rəydə görülən işlərdə cavabdehin təqsirinin olmasını müəyyən edən heç bir dəlil yoxdur. Heç bir tədqiqat aparılmamış, həqiqəti əks etdirməyən məlumatlarla qeyri obyektiv nəticəyə gəlinmişdir. Məhkəmənin ekspertiza təyin edilməsi barədə qərardadında qoyulan suallar isə zəruri biliyə malik ekspert tərəfindən cavablandırılmalı idi. Məhkəmə isə bu sualların cavabını səlahiyyətli olmayan şəxsdən alaraq sonda düzgün olmayan nəticəyə gəlmişdir.

15. İş materiallarında iddiaçının evə çəkilən xərclərlə və görülən işlərdəki qüsurların cavabdeh tərəfindən yol verilməsi ilə bağlı heç bir sübut yoxdur.

16. İşdə yalnız mötəbər olmayan və cavabdehin görülən işlərin icrasında qüsurlarını müəyyən etməyə imkan verən qanunla ekspert səlahiyyətləri olan şəxslər tərəfindən verilməyən rəylə hazırkı nəticəyə gəlinməsi qanunsuzdur. Dəfələrlə məhkəmə bu faktı bildirsələr də Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin rəy verməkdən imtina etməsi əsas göstərilərək sanki iddianın təmin ediləcəyinə işarə verilirdi. Göründüyü kimi işdə müxtəlif təşkilatar tərəfindən əraziyə baxış keçirilmiş və qeyri-obyektiv rəylər əldə edilmişdir ki, burada da ziddiyyətlər müəyyən edilmişdir. Məhkəmə bu halları ətraflı araşdırmamış, kompleks məhkəmə ekspertizası təyin etmədən düzgün olmayan nəticəyə gəlmişdir.

17. Birinci instansiya məhkəməsi tərəfindən istər maddi, istər prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, formal əsaslandırmadan ibarət qətnamə qəbul edilmişdir. Sübutetmə vəzifəsi həm MPM-in tələbləri baxımından, bu işdə də xüsusilə Mülki Məcəllənin 1132-ci maddəsinin tələbinə görə (Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur) iddiaçının üzərinə qoyulmuşdur.

18. Odur ki, Qəbələ Rayon Məhkəməsinin 29 oktyabr 2025-ci il tarixli, e-2(025)- 47/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etirazında apellyasiya şikayətinin təmin olunmaması, Qəbələ Rayon Məhkəməsinin 29 oktyabr 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Qəbələ Rayon Məhkəməsinin 29 oktyabr 2025-ci il tarixli, e-2(025)-47/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, Qəbələ Rayon Məhkəməsinin 29 oktyabr 2025-ci il tarixli, e- 2(025)-47/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Qəbələ Rayon Məhkəməsinin 29 oktyabr 2025-ci il tarixli, e-2(025)-47/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsi, Qəbələ Rayon Məhkəməsinin 29 oktyabr 2025-ci il tarixli, e-2(025)- 47/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 767.1-ci maddəsinə əsasən əgər podratçı işi öz materialları ilə icra edirsə, keyfiyyətsiz materiallar üçün məsuliyyət daşıyır. 768.1. Podratçı aşağıdakı hallarda sifarişçini vaxtında xəbərdar etməyə borcludur: 768.1.1. sifarişçidən alınmış material keyfiyyətsiz və yararsız olduqda; 768.1.2. sifarişçinin göstərişinin icra ediləcəyi təqdirdə məmulatın davamsız və ya yararsız olacağı halda; 768.1.3. podratçıdan asılı olmayan, məmulatın möhkəmliyi və yararlığı üçün təhlükə törədən hər hansı başqa hallar olduqda. 768.2-ci maddəsinə əsasən əgər podratçının vaxtında etdiyi xəbərdarlığa baxmayaraq, sifarişçi müvafiq müddətdə yararsız və ya keyfiyyətsiz materialı əvəz etməzsə, işin yerinə yetirilməsi qaydaları haqqında verdiyi göstərişi dəyişməzsə və ya hazırlanan məmulatın yararlığına və möhkəmliyinə zərər vura bilən digər halları aradan qaldırmazsa, podratçı müqavilədən imtina edə bilər və bununla vurulan zərərin əvəzini ödəməyi tələb edə bilər. 771-ci maddəsinə əsasən podratçı sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə uyğun olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya şikayətindən görünür ki, apellyator Qəbələ Rayon Məhkəməsinin 29 oktyabr 2025-ci il tarixli, e-2(025)-47/2025 saylı qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin tam ləğv edilib, iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilibmübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

29. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

30. Ona görə də apellyator Qəbələ Rayon Məhkəməsinin 29 oktyabr 2025-ci il tarixli, e-2(025)-47/2025 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

33. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı 2021-ci ildə özünə məxsus olan Qəbələ şəhəri, Yeni Massivdə yerləşən 0,04 ha həyətyanı torpaq sahəsində dəmir-beton konstruksiyası qurulmuş ümumi sahəsi 450,0 kv/m olan 2 mərtəbə və 1 açıq terrasdan ibarət fərdi yaşayış evi, hövuz və söhbətgah tikilməsi, həyətyanı sahənin hasarlanması və 250,0 kv/m ərazinin daş piltə ilə döşənməsi, o cümlədən elektrik sisteminin qurulması işlərini Cavabdeh sifariş etmiş və bu barədə cavabdehlə şifahi razılığa gəlmişlər. Həmin işlər Cavabdeh tərəfindən icra olunmuş və təxminən 2024-cü ilin sonunda tamamlanaraq iddiaçıya təhvil verilmişdir. Cavabdeh tərəfindən görülən tikinti-təmir işləri tikinti norma və qaydalarına uyğun aparılmadığı üçün qüsurlar yaranmışdır. İddiaçı cavabdehin işi qüsurlu icra etməsi nəticəsində, mövcud olan qüsurların aradan qaldırılması üçün 61500 manat məbləğində vəsait tələb olunmasını əsas gətirərək dəymiş ziyanın cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmiş, cavabdeh tərəfindən isə iddia tələbi qəbul edilməmişdir.

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

35. Belə ki, iş üzrə iddiaçı, cavabdehlə aralarında 2021-ci ilin sonlarında podrat münasibətlərinin yarandığını, cavabdehin onun sifarişinə əsasən Qəbələ şəhəri, Yeni Massivdə yerləşən 0,04 ha həyətyanı torpaq sahəsində dəmir-beton konstruksiyası qurulmuş ümumi sahəsi 450,0 kv/m olan 2 mərtəbə və 1 açıq terrasdan ibarət fərdi yaşayış evi, hövuz və söhbətgah tikilməsi, həyətyanı sahənin hasarlanması və 250,0 kv/m ərazinin daş piltə ilə döşənməsi, o cümlədən elektrik sisteminin qurulması işlərini apardığını, lakin görülmüş işlərin nəticəsinin şərtləşdirilmiş keyfiyyətə uyğun gəlmədiyini, işlərin qüsurlu görüldüyünü, qüsurların aradan qaldırılması üçün cavabdehdən əlavə icra tələb etsə də, onun qüsurları aradan qaldırmadığını, mövcud olan qüsurların aradan qaldırılması üçün hazırda 61500 manat məbləğində pul vəsaitinin tələb olunduğunu göstərib, həmin vəsaitin cavabdehdən onun xeyrinə tutulmasını iddia edir.

36. Cavabdeh isə iddiaya etiraz edərək İddiaçı məxsus olan Qəbələ şəhəri, Yeni Massivdə yerləşən 0,04 ha həyətyanı torpaq sahəsində ümumi sahəsi 450,0 kv/m olan 2 mərtəbə və 1 açıq terrasdan ibarət fərdi yaşayış evi, hövuz və söhbətgah tikilməsi, həyətyanı sahənin hasarlanması və 250,0 kv/m ərazinin daş piltə ilə döşənməsi, o cümlədən elektrik sisteminin qurulması işləri ev sahibinin sifarişi ilə 2021-ci ilin sonlarından başlayaraq onun tərəfindən icra edildiyini və 2024-cü ildə tam hazır vəziyyətdə təhvil verildiyini, alınan bütün materiallar onun tərəfindən seçildiyini və İddiaçı istəyi ilə özünün müəyyən etdiyi nisbətən ucuz qiymətlərə uyğun olduğunu, hasarın suvanmasında nisbətən aşağı keyfiyyətli İmişli qumundan (Mingəçevir qumu əvəzində) istifadə edildiyi və suvanmış hissələrə İddiaçı zövqünə görə mata çəkilmədiyi üçün içəri tərəfin suvağın bəzi yerlərdə qopmasını, hovuzda keyfiyyətsiz atsepdən istifadə olunduğu üçün sızma yarandığını, sohbətgahda isə fibe əvəzində alçipan istifadə olunduğu üçün qopmalar əmələ gəldiyini, binanın karkası və terrasa qalxan pilləkənlər onun tərəfindən qurulmadığnı, elektrik sistemi sifariçinin deyil, öz hesabına çəkildiyini, binanın bünövrəsi yer səviyyəsindən aşağı olduğuna görə yağıntı zamanı qurunt sularının sızması nəticəsində divarlar nəmləndiyi üçün bəzi yerlərdə suvaq və rənglər töküldüyünü bildirmişdir.

37. Göründüyü kimi, iş üzrə tərəflər arasında şifahi podrat müqaviləsinin bağlayaraq, cavabdehin usta kimi iddiaçının sifarişi ilə sonuncunun sahibliyində Qəbələ şəhəri, Yeni Massivdə yerləşən 0,04 ha həyətyanı torpaq sahəsində ümumi sahəsi 450,0 kv/m olan 2 mərtəbə və 1 açıq terrasdan ibarət fərdi yaşayış evinin tikinti işlərini icra etməyi, iddiaçının isə cavabdehə razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmələri işin mübahisə edilməyən hallarıdır.

38. Tərəflər arasında mübahisə doğuran hal cavabdehin müqavilə öhdəliklərini lazımınca icra etməməsidir. Belə ki, iddiaçı, cavabdeh tərəfindən aparılmış aparılmış tikinti işlərinin qüsurlu olduğunu, cavabdeh isə həmin işlərdə hər hansı qüsur olmadığını, tikinti işlərində yaranmış qüsurların iddiaçı tərəfindən materialların keyfiyyətsiz seçilməsi, eyni zamanda binanın bünövrəsi yer səviyyəsindən aşağı olduğuna görə yağıntı zamanı qurunt sularının sızması nəticəsində divarlar nəmləndiyi üçün yarandığını bildirmişdir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan sübutlar və tərəflərin izahatları ilə müəyyən olunur ki, tikinti-təmir üçün materiallar podratçı tərəfindən (yəni cavabdeh) seçilmiş, sifarişçi tərəfindən yalnız materialların pulu ödənilmişdir.

40. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 768-ci maddəsinin tələblərinə görə hətta sifarişçi tərəfindən alınmış material keyfiyyətsiz və yararsız olduqda belə podratçının ilk vəzifəsi sifarişçini vaxtında xəbərdar etmək, əgər podratçı vaxtında etdiyi xəbərdarlığa baxmayaraq, sifarişçi müvafiq müddətdə yararsız və ya keyfiyyətsiz materialı əvəz etməzsə, işin yerinə yetirilməsi qaydaları haqqında verdiyi göstərişi dəyişməzsə və ya hazırlanan məmulatın yararlığına və möhkəmliyinə zərər vura bilən digər halları aradan qaldırmazsa, podratçı müqavilədən imtina edə və bununla vurulan zərərin əvəzini ödəməyi tələb edə bilərdi.

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdeh tərəfindən razılaşmada nəzərdə tutulan xidmətin göstərilməsi, uzun müddət sonra heç bir əsaslı səbəb göstərilmədən görülən işin keyfiyyətindən narazılıq olunması, cavabdeh tərəfindən ev iddiaçıya təhvil verilərkən heç bir qüsurun olmaması, iddiaçının göstəridiyi qüsurların cavabdehin təqsirindən olub-olmamasının müəyyən edilməməsi, iş materiallarında iddiaçının evə çəkilən xərclərlə və görülən işlərdəki qüsurların cavabdeh tərəfindən yol verilməsi ilə bağlı heç bir sübutun olmamasına dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, işdə olan “X2” tərəfindən verilmiş 14 sentyabr 2024-cü il tarixli, 024/112 nömrəli, “Magel” qiymətləndirici tərəfindən verilmiş 03 dekabr 2024-cü il tarixli, 020/2024 saylı qiymətləndirmə rəylərindən və "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli UNİ/A 61-594/2025 saylı Ekspert rəyindən görünür ki, mütəxəssislər tərəfindən İddiaçı məxsus olan Qəbələ şəhəri, Yeni Massivdə yerləşən 0,04 ha həyətyanı torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 450,0 kv/m olan 2 mərtəbə və 1 açıq terrasdan ibarət fərdi yaşayış evində yaranmış qüsurların tikinti zamanı görülən işlərdə tikinti norma və qaydalarına əməl edilməməsi, icranın keyfiyyətsiz və norma pozuntuları ilə aparılması nəticəsində yarandığı müəyyən edilmişdir.

42. Belə ki, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli UNİ/A 61- 594/2025 saylı Ekspert rəyindən görünür ki, İddiaçı məxsus olan Qəbələ şəhəri, Yeni Massivdə yerləşən 0,04 ha həyətyanı torpaq sahəsində (reyestr nömrəsi: **********16) inşa edilmiş ümumi sahəsi 450,0 kv/m olan 2 mərtəbə və 1 açıq terrasdan ibarət fərdi yaşayış evinin tikilməsi, elektrik və istilik sisteminin qurulması, o cümlədən digər işlərin (hövuz və söhbətgah tikilməsi, həyətyanı sahənin hasarlanması və 250,0 kv/m ərazinin daş piltə ilə döşənməsi) görülməsi aşağıdakı qüsurlarla icra olunmuşdur: Həyətdə tikilən su hovuzunun tikintisi, izolyasiyası, betonun qalınlığı düzgün parılmadığından suyun sızması baş verir. (TNQ pozuntusu: AR TNQ və “Beton və armatur beton konstruksiyalar” üzrə SNİP 2.03.01 -84-ə uyğun olaraq hovuzların tikintisində hidroizolyasiya mütləqdir və betonun qalınlığı texniki hesablara əsasən minimum səviyyədə olmalıdır.); Həyətdəki söhbətgahın suvağı, tavanı, damı düzgün vrurulmayıb. Atmosfer axıntıları divarlar süzülür. Divarlarda, tavanda qopmalar, qabarmalar, qaralmalar var. Söhbətgahın tameti düzgün vurulmayıb. (TNQ pozuntusu: SNİP 3.04.01-87 (Tikinti konstruksiyalarının suvaq işləri), eyni zamanda dam örtüklərinin TNQ-lərinə əsasən atmosfer təsirlərindən qorunma təmin edilməlidir.); Hasarın suvaqının tərkibində sement-qum nisbəti, sementin markası düzgün seçilmədiyindən divarın səhtinin suvağı əl toxuşu ilə ovulur. (TNQ pozuntusu: SNİP 3.03.01-87 və DBN V.2.6-22-2001 - Sement-qum məhlulunun lisbəti müvafiq şəraitə görə seçilməlidir (məsələn, M100-M150 markalı məhlullar)); Bünövrə ilə hörgünün texniki normalara uyğun izolyasiyasının aparılmaması nəticəsində qısa müddət ərzində evin divarlarının daxildən və xaricdən nəmlənməsi, suvaq qatının qopması, aşınması baş vermişdir. İstiqamətləndirilmiş hidroizolyasiyanm olmaması divarlarda nəmləmnəyə və suvaq qatının aşınmasına səbəb olmuşdur. (TNQ pozuntusu: SNİP 11- 22-81 və “Fərdi yaşayış evlərinin layihələndirilməsi və tikintisi” izrə TNQ - divar-hörmə izolyasiyası binanın nəmlənmədən qorunması üçün vacibdir.); Üst mərtəbə ilə terras arası beton işinin normaya uyğun olmaması (sement materialının, qarışıqların (sement-qum nisbətinin) düzgün müəyyənləşdirilməməsi, izolyasiya işlərinin aparılmaması və s.) nəticəsində atmosfer sularının evə sızması, tavanın, divarların yararsız vəziyyətə gəlməsinə, suvaq qatlarmmqopmasma, qabarmasına səbəb olmuşdur. Həmçinin, mailliyin düzgün seçilməməsi, novların düzgün quraşdırılmaması səbəbindən atmosfer suları novlara istiqamətlənmir. (TNQ pozuntusu: SNİP 2.03.13-88 - Dam və terraslarm izolyasiyası və drenaj sisteminin üzgün aparılması mütləqdir.);Kombi və isti polun, istilik sisteminin düzgün quraşdırılmaması, üst qat betonun qalınlığının və tərkibini düzgün müəyyənləşdirilmədiyindən kermoqranit döşəmədə Kermoqranit plitələrin arasında və ya ortasında incə və ya iri çatlar əmələ gəlmiş, plitənin altında nəmlik yığıldığından plitələrin qabarmışdır. (TNQ pozuntusu: DSTU B.V.2.5-39:2008-İstilik sistemləri üçün döşəməaltı betonun qalınlığı və izolyasiyası texniki layihəyə uyğun aparılmalıdır.); Evin laminatı düzgün vurulmayıb, döşəmə altı səth tam hamarlanmayıb (çuxur və ya şişkinliklər olub), genişlənmə boşluğu buraxılmayıb (divardan kifayət qədər məsafə saxlanmayıb), laminatlar birbirindən aralanır, ortada və ya künclərdə boşluqlar görünür, plintuslar divara möhkəm bərkidilməyib. (TNQ pozuntusu: Quraşdırma təlimatlarına və döşəmə materiallarına dair TNQ və istehsalçı texniki normalarına əsasən, səth düz olmalı, genişlənmə boşluğu saxlanılmalıdır.); Elektrik işlərinin aparılmasında naqillərin təyinatının düzgün seçilməməsi, az müqavimətli, ucuz və keyfiyyətsiz materiallardan istifadə olunub ki bu da evdə tez-tez qısaqapanmalara naqilin deyil, avtomatın aşırı yüklənməsinə səbəb olur. Nəzərə almaq lazımdır ki, belə naqillərlə kombi, su nasosu, isti pol idarə olunur. (TNQ pozuntusu: PUE (X1), GOST R 50571.15-97 - elektrik naqillərinin kəsiyi, izolyasiyası və təyinatı tikinti layihəsinə və gücə uyğun seçilməlidir.)

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iş üzrə müvafiq ekspertiza təyin edilərək zəruri biliyə malik ekspert tərəfindən rəy verilməməsi, iş materiallarına nəzər yetirəndə səlahiyyətli ekspert rəyinin mövcud olmadığı, ekspert olmayan şəxs tərəfindən “ekspert rəyi” adı ilə verilən qiymətləndirici rəyinin verilməsi, həmin rəydə görülən işlərdə cavabdehin təqsirinin olmasını müəyyən edən heç bir dəlilin olmaması, heç bir tədqiqat aparılmaması, həqiqəti əks etdirməyən məlumatlarla qeyri obyektiv nəticəyə gəlinməsi, məhkəmənin ekspertiza təyin edilməsi barədə qərardadında qoyulan suallar isə zəruri biliyə malik ekspert tərəfindən cavablandırılmalı olmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsinin 16 yanvar 2025-ci il tarixli qərardadı ilə iş üzrə kompleks məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspert tərəfindən mübahisə predmeti olan tikilinin eskiz-layihə sənədlərinin təqdim olunması barədə vəsatət verilmiş, lakin qeyd olunan tikilinin eskiz-layihə sənədləri olmadığından və həmin sənədlər ekspertlərə təqdim olunmadığından məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir.

44. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “X2” tərəfindən verilmiş 14 sentyabr 2024-cü il tarixli, 024/112 nömrəli, “Magel” qiymətləndirici tərəfindən verilmiş 03 dekabr 2024-cü il tarixli, 020/2024 nömrəli və "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025ci il tarixli UNİ/A 61-594/2025 saylı qiymətləndirmə rəylərindən görünür ki, İddiaçı məxsus olan Qəbələ şəhəri, Yeni Massivdə yerləşən 0,04 ha həyətyanı torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 450,0 kv/m olan 2 mərtəbə və 1 açıq terrasdan ibarət fərdi yaşayış evind yaranmış qüsurlar tikinti zamanı görülən işlərdə tikinti norma və qaydalarına əməl edilməməsi, icranın keyfiyyətsiz və norma pozuntuları ilə aparılması nəticəsində yaranmışdır və hər üç mütəxəssis rəyində qeyd olunan qüsurların aradan qaldırılması üçün ən azı 61500 manat məbləğində vəsait tələb olunduğu göstərilmişdir.

45. Məhkəmə kollegiyası qeyd edir ki, mütəxəssis rəyləri nəzərdən keçirilərkən müəyyən olunur ki, həmin rəylərin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh tərəfindən də bunun əksini sübut edən hər hansı mötəbər sübut təqdim edilməmişdir.

46. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

48. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

49. Məhkəmə kollegiyası ümumilikdə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək hesab edir ki, cavabdeh, üzərinə götürdüyü müqavilə öhdəliklərini lazımınca icra etməməsi nəticəsində apardığı tikinti-təmir işlərində buraxdığı qüsurların aradan qaldırılması üçün çəkilməli olan xərcə görə iddiaçı qarşısında məsuliyyət daşıyır. Odur ki, həmin qüsurların aradan qaldırılması üçün tələb ounan 61500 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İşə baxan birinci instansiya məhkəməsi iddianı müzakirə olunan hissədə təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilməməlidir.

50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, formal əsaslandırmadan ibarət qətnamə qəbul edilməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir.

51. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmiş, iş üzrə gəlinən nəticə işin həqiqi hallarına uyğun olmaqla iş materiallarında olan sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 29 oktyabr 2025-ci il tarixli, e-2(025)-47/2025 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar