Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1281/2023 13.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 iştirakı ilə, Qax Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2(024)-521/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək JN-141F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında nənəsi İddiaçı mülkiyyətində, onun isə istifadəsində olan 0.20 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun açılması və yol yerində olan maneələrin cavabdehlər tərəfindən götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(024)-521/2023 saylı qərardadına əsasən iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə həvalə edilərək ekspert qarşısında müvafiq suallar qoyulmuşdur. Ekspertin rəyi alınanadək işin icraatı dayandırılmışdır. İddiaçı etibarnamə üzrə nümayəndəsi Qanuni nümayəndə həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, yaşadığı Qax rayonu Alatəmir kəndində JN141F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında nənəsi İddiaçı mülkiyyətində 0,20 hektar həyətyanı torpaq sahəsi vardır. Bu torpaq sahəsinə gediş-gəliş yolu olmadığı üçün istifadə etmək mümkünsüzdür. Ona görə də həmin əraziyə gediş-gəliş yolunun açılması ilə əlaqədar Qax Rayon Məhkəməsində mülki qaydada iddia qaldırmışdır. Həmin iş üzrə məhkəmə tərəfindən ekspertiza təyin edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli 2(024)-521/2023 saylı qərardad qəbul edilmişdir, lakin hesab edir ki, qeyd olunan qərardada əsasən ekspert qarşısında qoyulmuş suallar qeyri-müəyyənlik təşkil edir. Belə ki, hesab edir ki, ekspert qarşısında qoyulmuş birinci sual olaraq mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisinin kim olmasının müəyyən edilməsi daha uyğun variant olardı. Həmin ərazidən gediş-gəliş yolu kimi istifadə edilməsinin mümkün olub-olmaması da ekspert qarşısında sual olaraq qoyulmalı idi. Qeyd olunanları nəzərə alaraq, Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(024)-521/2023 saylı qərardadının ləğv edilməsi və onun tərəfindən təqdim edilmiş suallar üzrə ekspertə sorğu ünvanlanmasını məhkəmədən xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2(024)-521/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə əsasən, qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Qax Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2(024)-521/2023 saylı qərardadı ləğv edilməli və Qax Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2(024)-521/2023 saylı qərardadından İddiaçı verdiyi şikayət üzrə sonrakı prosessual hərəkətlərinin edilməsi üçün mülki iş Qax Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qax Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2(024)-521/2023 saylı qərardadının nəticə hissəsində görünür ki, birinci instansiya məhkəməsi qərardadda tərəflərə 10 gün müddətində şikayət vermə hüququ tanınmaqla prosessual pozuntuya yolvermişdir. Kollegiya belə qənaətə gəlir ki, Qax Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2(024)-521/2023 saylı qərardadının ekspertiza təyin edilməsi ilə bağlı hissəsindən qanunla şikayət hüququ nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: Həmin Məcəllənin 395.1.1-ci Məcəllədə göstərilən hallarda; Həmin Məcəllənin 395.1.2-ci maddəsinə əsasən məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Həmin Məcəllənin 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Göründüyü kimi, yuxarıda qeyd edilən qərardadın ekspertiza təyin edilməsi ilə bağlı hissəsindən qanunla şikayət hüququ nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi verilmiş şikayəti geri qaytarmaq əvəzinə şikayətə baxaraq təmin etməmiş və baxılması üçün apelyasiya məhkəməsinə göndərmişdir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.4-1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər ekspert tədqiqatının obyekti kimi əşya və sənədləri təqdim etmək hüququna malikdirlər. Məhkəmə təqdim edilmiş əşya və sənədləri ekspert tədqiqatının obyekti kimi qəbul etmədikdə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Ona görə də, kollegiya hesab edir ki, Qax Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2(024)-521/2023 saylı qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Qax Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 401-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini və ya qərardadını dəyişdirmədən saxlamaq və yaxud qərardadı ləğv edib işi birinci instansiya məhkəməsinə göndərmək barədə məhkəmə aktı qəbul etdikdən sonra, bunlardan şikayət olmadıqda, iş apellyasiya instansiyası məhkəməsi aktının təsdiq edilmiş surəti ilə birlikdə birinci instansiya məhkəməsinə göndərilir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 395-400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Qax Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2(024)-521/2023 saylı qərardadı ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Qax Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul еdildiyi аndаn qanuni qüvvəyə minir. Qərаrdаddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1281/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1281/2023
13.11.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver