Məhkəmə qərarları › İş №2(107)-1282/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1282/2024

06.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1282/2024 06.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X8 və X6 ibarət tərkibdə; İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 2(037)-842/2024 saylı qətnaməsindən Cavabdeh “apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətinin təmin edilməməsinə dair” həmin məhkəmənin 08 oktyabr 2024-cü il tarixli, 2(037)-842/2024 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikаyətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 13 yanvar 2016-cı il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 300 manat alimentin, alimentin artırılmasına çəkdiyi xərc kimi 500 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qətnaməsinə əsasən cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuş, 13 yanvar 2016-cı il tarixdə doğulmuş X7 yanında saxlanılmış və uşağın maddi təminatı üçün 150 manat məbləğində aliment təyin edilmişdir. Həmin vaxtdan uşaqlar üçün yaşayış minimumu dəfələrlə artmışdır. Uşağın ehtiyaclarını qarşılamaq məqsədilə cavabdehə təkliflər etsə də o, danışıqlara gəlməmişdir. Nəhayət alimentin artırılması üçün Mediasiya təşkilatına müraciət etməli olmuşdur. Cavabdeh mediasiya proseslərində də ancaq hədəqorxu gələrək artıq pul ödəməyəcəyini deməklə münasibət bildirmişdir. Ona görə də təyin olunmuş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay 300 manat məbləğində alimentin, alimentin artırılmasına çəkdiyi xərc kimi 500 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında izahat verərək göstərmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qətnaməsinə əsasən aliment təyin edildikdən sonrakı müddət ərzində onun maddi vəziyyətində müsbət dəyişiklik olmamışdır. Belə ki, o, İsmayıllı şəhəri ərazisində faəliyyət göstərən “Fujifilm” studiyada qeyri rəsmi kompüter proqramçı işində işəyir. Onun gəliri yüksək deyildir. Himayəsində xəstə ata-anası vardır. Təyin olunmuş 150 manat alimenti çətinliklə ödəyir. Bundan artıq aliment ödəməyə və iddiaçının alimentin artırılmasına çəkdiyi 500 manat xərci ödəməyə etiraz edir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin (hakim İlqar Hüseynov) 05 avqust 2024-cü il tarixli, 2(037)-842/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək İsmayıllı Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2(037)-661/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 13 yanvar 2016-cı il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 200 (iki yüz) manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh ödənilmiş mediasiya xərcinin yarısı yəni - 25 (iyirmi beş) manat məbləği tutulması və İddiaçı ödənilməsi, Cavabdeh 44 (qırx dörd) manat dövlət rüsumu tutulması və dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 2(037)-842/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılmasının üzürlü hesab edilərək bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, 2(037)-842/2024 saylı qərardadı ilə ərizəçi Cavabdeh ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə vəsatəti təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan Cavabdeh şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, İsmayıllı Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 2(037)-842/2024 saylı qətnaməsini əsassız və ədalətsiz hesab edir. Lakin həmin qətnamədən apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Belə ki, o, qeyd edilən qətnamədən apellyasiya şikayəti tərtib edərək elektron kabinetdə yerləşdirmiş, dövlət rüsumunu ödəməklə lazımi prosedurları ardıcıl icra etmişdir. Ərizəsinin sistemdə təsdiqlənmiş kimi qeyd olunduğundan şikayətinin qəbul olunduğunu hesab etmişdir. Şəki Apellyasiya Məhkəməsinə dəvət ediləcəyini gözləsə də məhkəməyə çağırılmamışdır. 01 oktyabr 2024-cü il tarixdə elektron kabineti vasitəsi ilə bilişdirişlərə baxdıqda iş üzrə icra vərəqi imzalandığını, şikayətinə baxılmadığını, buna görə də şikayət müddəti keçdiyini və qətnamə qanuni qüvvəyə mindiyini görmüşdür. Bu üzrlü səbəb nəticəsində həmin qətnamədən apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Ona görə də İsmayıllı Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 2(037)-842/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verməsi üçün qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddətin tərəfindən buraxılmasının səbəbini üzürlü hesab edilərək buraxılmış prosessual müddət bərpa edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 05 avqust 2024cü il tarixli, 2(037)-842/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxılmış hesab edilərək, həmin qətnamədən apellyasiya şikayəti vermə müddəti bərpa edilməli idi. Belə ki, onun apellyasiya şikayəti və lazımi digər sənədlər sistemə yüklənmiş və orada görünür, bununla yanaşı vəsatətinə baxılarkən elektron kabinetdən yüklədiyi səhifələri şəxsən hakimə təqdim etmiş, hətda bildirmişdir ki, o məhkəmə iclas katibi ilə telefonla danışarkən ona sənədlərin sistemdə göründüyünü bildirmişdir. Hesab edir ki, hakim bu dəfə də ona qarşı qərəzli davranaraq əsassız olaraq apellyasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatəti təmin etməmişdir. Ona görə də İsmayıllı rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, 2(037)-842/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 2(037)-842/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 08 oktyabr 2024cü il tarixli, 2(037)-842/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki işin materiallarından görünür ki, ərizəçi buraxılmış müddətin bərpası barədə elektron qaydada ərizə versə də, ərizəyə apellyasiya şikayətini əlavə etməmiş, ərizəyə əlavə edilmiş sənədlərin siyahısını qeyd etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.3-ci maddəsinə əsasən, müddətin bərpası barədə ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s.). 133.5-ci maddəsinə əsasən prosessual müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsinə əsasən, bu Məcəllənin 355-7.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmə aktlarından apellyasiya şikayəti vermək hüququnun əlverişli şəraitdə həyata keçirilməsini təmin etməkdən ötrü qanunverici kifayət qədər böyük - 1 aylıq müddət müəyyən etmiş (MPM, maddə 360) və bu müddət üzürlü səbəblərdən buraxıldıqda, onun məhkəmə qaydasında bərpa edilməsi imkanlarını da nəzərdə tutmuşdur (MPM, maddə 133). Mülki Prosessual Məcəllənin 133-cü maddəsi prosessual müddətlərin, o cümlədən məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası üzrə məsələnin həllini həmin müddətin davamiyyətindən asılı etmir. Müddətin bərpa edilməsi məsələsi bütün hallarda artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə əlaqədar olan məsələ kimi ortaya çıxır. Odur ki, Mülki Prosessual Məcəllənin 133-cü maddəsində məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi imkanlarının həmin müddətin davamiyyəti ilə əlaqələndirilməməsi, bu prosessual hüquq normasından sui-istifadəyə yol açmamalı və maddənin müddəaları qüvvəyə minmiş məhkəmə aktının istənilən vaxt mübahisələndirilməsinə imkan yaradan qaydalar kimi təfsir olunmamalıdır. Çünki, apellyasiya şikayəti vermək hüququ, konkret şəxsin, pozulduğunu ehtimal etdiyi, birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş vəzifələrin növbəti məhkəmə instansiyasında müdafiə vasitəsi olub, mülki-mühakimə icraatında fərdi maraqların təminat mexanizmi kimi çıxış edir. Lakin bu hüquq, yalnız fərdi maraqların deyil, həm də ictimai maraqların mühafızəsi təyinatına malik olan prosessual qaydaların pozulması hesabına həyata keçirilməməlidir. Başqa sözlə, mülki-prosessual hüquqlardan, o cümlədən MPM-in 133-cü maddəsində nəzərdə tutulan, buraxılmış müddətin bərpa edilməsi yolu ilə şikayət vermək imkanlarından elə istifadə olunmalıdır ki, mülki mühakimə icraatında fərdi və ictimai maraqlar arasında tarazlıq pozulmasın. Ümumilikdə “hüquqi müəyyənlik” prinsipi altında birləşən, ictimai maraqları əks etdirən prosessual qaydalar məcmusuna, məhkəmə qətnaməsinin şikayət verilmədiyi halda, qəbul edildiyi andan 1 ay müddətində hüquqi qüvvəyə minməsini, yəni onun təkzib edilməzliyini, qətnamənin müstəsnalığını, məcburiliyini, icra edilənliyini müəyyən edən MPM-in 233, 234 və bir sıra başqa maddələrini aid etmək olar. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında formalaşmış mülki hüquq münasibətlərinin tanınması və onların sabitliyinin təmin edilməsi, yalnız qətnamənin bilavasitə aid olduğu şəxsləri maraqlandıran məsələ deyil, həm də ictimai maraq obyektidir. Çünki, ümumilikdə mülki mühakimə sisteminin səmərəliliyi ilk növbədə qanuni qüvvəyə minmiş məhkəmə akllarının hüquqi qüvvəsinin tanınmasından, onların sabitliyinin təmin edilməsindən asılıdır. Aydındır ki, qüvvəyə minmiş məhkəmə aktına müddət keçdikdən sonra müdaxilə edilməsi və belə müdaxilə üçün prosessual imkanların yaradılması fərdi maraq ilə ictimai maraq arasında tarazlığı pozur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də baxılan məsələyə həmin aspektdən yanaşır. Konstitusiya Məhkəməsi Cavid İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi 13 fevral 2007-ci il tarixli qərarda qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: “qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res cudikata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyət cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”. Odur ki, yalnız müstəsna hallarda, şikayətlə mübahisələndirilən məhkəmə qətnaməsində buraxılan səhvin xarakterindən və əhəmiyyətindən asılı olaraq, müddətin buraxılmasından şikayət verən şəxsin özünün səhlənkarlığı müəyyən olunmadığı hallarda müddətin bərpasına yol vermək, yəni qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yenidən baxmaq olar. Digər hallarda, belə müdaxilə ilə mülki mühakimə icraatında ictimai maraqlarla fərdi maraqların müdafiəsi arasında tarazlıq pozulur və buna haqq qazandırmaq mümkün deyil. Məhkəmə kollegiyasının bu mülahizələri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının mübahisələndirilməsi ilə bağlı bir sıra işlərə baxan zaman nümayiş etdirdiyi və ardıcıl olaraq müdafiə elədiyi hüquqi mövqelərdən də qaynaqlanır. Məsələn: “V.K.Nelyubin Rusiya Federasiyasına qarşı iş üzrə” 12 oktyabr 2006-cı il tarixli qərardadında Avropa Məhkəməsi bildirdi ki, insan Hüquqlarının müdafiəsi və əsas azadlıqlar haqqında Avropa konvensiyasının 6-cı maddəsində təsbit edilmiş ağlabatan müddət daxilində ədalətli məhkəmə araşdırmasına (məhkəməyə) olan hüquq, Konvensiyanın hüququn aliliyini bəyan edən Preambulası nəzərə alınmaqla təfsir edilməlidir. Hüququn aliliyini təmin edən təməl şərtlərdən biri isə məhkəmələrin qəti (yəni, artıq qüvvəyə minmiş) qərarlarının şübhə altına alınmasını istisna edən hüququ müəyyənlik prinsipidir (qərardadın 22-ci bəndi). Beynəlxalq Məhkəmənin mövqeyinə görə hüquqi müəyyənlik prinsipi heç bir tərəfə sadəcə təkrar məhkəmə dinləmələrinin keçirilməsi və iş üzrə yeni qərarın çıxarılması naminə məhkəmələrin qəti və icra üçün məcburi olan qərarlarına yenidən baxılmasını tələb etməyə imkan vermir. Artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və dəyişdirilməsi üzrə yuxarı məhkəmələrin səlahiyyətləri yalnız fundamental səhvlərin düzəldilməsi üçün istifadə olunmalıdır. Baxılan məsələ üzrə sadəcə iki fərqli mövqenin mövcudluğu təkrar baxılma üçün əsas ola bilməz. Bu prinsipdən kənara çıxılmasına yalnız əhəmiyyətli və təkzibedilməz hallar olduqda bəraət qazandırmaq mümkündür (23-cü bənd). Ümumiyyətlə, Avropa Məhkəməsi Konvensiyanm 6-cı maddəsinin 1-ci paraqrafında təsbit edilən məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasını hüquqi müəyyənlik prinsipinə əməl olunması ilə əlaqələndirərək, qeyd etdi ki, konvensiya iştirakçılarının hüquq sistemlərində, verilməsi hər hansı müddət hüdudları ilə məhdudlaşdırılmayan şikayət əsasında artıq qüvvəyə minmiş və icrası məcburi olan məhkəmə qərarının ləğv edilməsi imkanının nəzərdə tutulması ədalətli məhkəmə araşdırmasına (məhkəmə müdafiəsinə) olan hüququ illüziyaya çevirir (24-cü bənd). Avropa Məhkəməsi eyni yanaşmanı Brumareskunun Rumıniyaya qarşı 28 oktyabr 1999-cu il tarixli, X1rşı 25 iyul 2002-ci il tarixli, Ryabıxın Rusiyaya qarşı 24 iyul 2003-cü il tarixli, X3rşı 19 oktyabr 2004-cü il tarixli qərardadlarda və bir sıra başqa qərarlarında da nümayiş etdirmişdir. Həmin qərarlar mülki işlər üzrə çıxarılmış qətnamələrin nəzarət icraatında təkrar araşdırılması ilə bağlı olsalar da, beynəlxalq məhkəmə bu işlərə baxarkən, ümumiyyətlə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yenidən baxılması məsələsinə dair hüquqi mövqeyini açıqladığından, kollegiya həmin presedentlərə baxdığı məsələyə aid olan mühüm beynəlxalq hüquqi mənbələr kimi istinad edir. Belə olan halda buraxılmış prosessual müddətin bərpasından imtina ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi, vaxtı keçmiş şikayətin qarşısının alınması və məhkəmənin dəyərli vaxtını almaqdan çəkindirmək məqsədinə xidmət edir. Bu məhdudiyyət də ədalət mühakiməsinin maraqlarının təmin edilməsi, vaxtı keçmiş şikayətlərin qarşısının alınması və məhkəmənin dəyərli vaxtının alınmasından çəkindirməkdə ifadə olunan qanuni məqsəd daşıyır və tətbiq edilən bu vasitə ilə qarşıya qoyulan həmin məqsəd arasında ağlabatan əlaqə mövcuddur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı sayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş və şikayətin dəlilləri əsassızdır, ona görə də İsmayıllı Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, 2(037)-842/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında, kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında, kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, 2(037)-842/2024 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar