Məhkəmə qərarları › İş №2(107)-1284/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1284/2021

24.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1284/2021 24.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X1, iddiaçının vəkili X2, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “maddi ziyan tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(051)-482/2021 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2000 manat məbləğində pulun səhhətinin bərpası ilə əlaqədar çəkilmiş xərc kimi, 1150 manat məbləğində pulun hüquqlarının bərpası ilə əlaqədar vəkil xidmətlərinə çəkilmiş xərcin, dövlət rüsumu kimi ödənilmiş 90 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(051)-482/2021 saylı qətnaməsi ilə (hakim Ə.Hüseynov) iddiа qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hüquqların bərpası ilə əlaqədar vəkil xidmətlərinə çəkilmiş xərc 1150 manat, dövlət rüsumu kimi çəkilmiş xərc 90 manat və səhhətinin bərpası ilə əlaqədar çəkilmiş xərc 500 manat, cəmi 1740 manat pulun alınıb iddiaçı X3 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin faktiki halları: İddia tələbi belə əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli 2(051)-1567/2019 saylı qətnaməsi ilə onun Cavabdeh1 və Cavabdeh2 qarşı şərəf və ləyaqətin müdafiəsinə dair iddiası qismən təmin edilmiş, hər birindən 4000 manat pul mənəvi ziyana görə ona verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(107)-739/20 saylı qətnaməsi ilə Mingəçevir Şəhər qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2(102)-4247/20 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayəti qismən təmin eidlmiş, Şəki Apellyasiya Məhkəməsinin 12 mart 2020-ci tarixli qətnaməsi ona münasibətdə ləğv edilmiş, cavabdehdən onun xeyrinə 500 manat mənəvi ziyan pulun tutulması qət edlmişdir. Onun 03 mart 2019-cu ildən müxtəlif telefon zəngləri vasitəsilə söyülüb təhqir edilməyi nəticəsində mənəvi iztirab keçirməklə şərəf ləyaqətinin alçaldılması həmin qətnamələr əsasında öz təsdiqini tapmışdır. Əvvəl həmin zənglərin kim tərəfindən olmasını bilmədiyindən əsəb gərginliyi keçirsə də o qədər də şiddətli olmamışdır. 2019-cu ilin may ayında ona məlum olmuşdur ki, ona qarşı bu hərəkətləri törədən Cavabdeh1 və Cavabdeh2 adlı şəxsdir. Həmin əsəb stresdən xəstəxanaya müraciət etməli olmuşdur. 2019-cu ilin may ayından hazırki müddətə qədər mütəmadi müalicə alır. Belə ki, bu münasibət nəticəsində əsəb gərginliyi keçirib xəstəxanaya müraciət edərkən ona arterial hipertoniya və nevrotik pozğunluq diaqnozu qoyulmuşdur. Bu xəstəliklə əlaqədar 29 may 2019, 04 iyun 2019, 10 iyun 2019, 19 avqust, 13 dekabr 2019, 26 dekabr 2019, 07 yanvar 2020, 10 yanavar 2020, 14 yanavar 2020, 28 yanvar 2020, 04 fevral 2020, 18 fevral 2020, 10 mart 2020, 17 mart 2020, 14 may 2020, 02 iyun 2020, 12 iyun 2020, 13 iyun 2020-ci il tarixlərdə həkim müayinəsində olmuşdur. Həmin reseptlər üzrə sağlamlığının bərpasına 2000 (iki min) manatdan artıq vəasit xərcləmişdir. Hüquqlarının məhkəmədə müdafiəsi məqsədilə vəkil xidmətlərinə 1150 manat vəsait xərcləmişdir. İddianın qaldırılması məqsədilə 90 manat dövlət rüsumu ödəmişdir. Ona görə də Məhkəmədn 2000 manat məbləğində pulun səhhətinin bərpası ilə əlaqədar çəkilmiş xərc kimi, 1150 manat məbləğində pulun hüquqlarının bərpası ilə əlaqədar vəkil xidmətlərinə çəkilmiş xərcin, dövlət rüsumu kimi ödənilmiş 90 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və İddiaçı apellyаsiyа şikаyəti vermişlər. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətinin onunla əsaslandırmışlar ki, iddiaçı hüquqi yardımla bağlı xərcə dair vəkil qurumuna ödənilmiş pulun qəbzini təqdim etməmiş, məhkəmə isə bu sənədləri tələb etmədən, ödənişin olubolmamasını araşdırmadan mülahizə əsasında iddianın həmin hissədə təmin olunması qənaətinə gəlməklə qanunsuz qətnamə qəbul etmişdir. Bundan başqa dövlət rüsumunun ödənilməsinə dair hissədə də birinci instansiya məhkəməsi yanlışlığa yol vermiş, tərəflər arasında olan mübahisələrlə bağlı məhkəmə işləri üzrə çıxarılmış məhkəmə qətnamələrində dövlət rüsumunun kimin hesabına ödənilməsi öz həllini tapmış, lakin məhkəmə həmin qətnamələrin iddiaçıdan təqdim edilməsini tələb etməmiş, bu halları araşdırmamış və qanunsuz qətnamə qəbul etmişdir. Bundan başqa məhkəmə qətnamədə qeyd edir ki, Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı onlara qarşı ziyanla bağlı iddia qaldırmış və ziyanla bağlı müəyyən məbləğdə pulun tutulması qət edilmişdir. Bu onu deməyə əsas verir ki, həmin hissədə məhkəmə qətnaməsi mövcuddur. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğu halda eyni tərəflər arasında eyni predmet barəsində mülki prosessuaı baxımdan yeni mübahisə açıla bilməz. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(051)-482/2021 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi onun iddiasının vəkil xidmətinə və dövlət rüsumuna çəkilmiş xərclərin alınmasına dair hissədə tam təmin etsə də səhhətinin bərpası üçün tələb etdiyi 2000 manat vəsaitin az hissəsi təmin olunmuşdur. O məhkəməyə həkim reseptləri əsasında dərmanların alınmasına dair çekləri də təqdim etmişdir. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(051)-482/2021 nömrəli qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, o Cəbrayıl rayonunda anadan olmuşdur. Oğlu müharibə veteranıdır. Özü heç yerdə işləmir. İddiaçı ona hədə qorxu gəlir. O pulu verə bilmir. Birinci instansiya Məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Odur ki, apelyasiya şikayətinin təmin edilməsini və Mingəçevir Şəhər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(051)-482/2021 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 bildirdi ki, o bu günə kimi 4 min manat ödəniş etmişdir. Lakin, iddiaçı yenidən onu məhkəməyə verərək, ondan pul tələb edir. O 25-gün əvvəl axırıncı 1000 manatı vermişdir. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(051)-482/2021 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı bildirdi ki, cavabdehin ona ödədiyi 4000 manat ona dəymiş mənəvi zərərin ödənişidir. Birinci instansiya məhkəməsinin səhhətinə dəymiş ziyanın məbləğinin 500 manat müəyyən edilməsindən narazıdır. Çünki, məhkəməyə təqdim etdiyi qəbzlərdən də görünür ki, həmin məbləğ 500 manatdan yüksəkdir. Məhkəmə prosesləri zamanı və Mingəçevir şəhər Polis Şöbəsində araşdırma aparılarkən o böyük sarsıntılar keçirmiş və bir ildir ki, steritik nevroz və qalxanvari vəzdə nüfuz dəyişkənliyindən müalicə alır. Bu xəstəliklə əlaqədar həkim müayinəsində olmuşdur. Həmin reseptlər üzrə sağlamlığının bərpasına 2000 manatdan artıq vəsait xərcləmişdir. Hüquqlarını hər 3 instansiya məhkəməsində müdafiə edəcəyi üçün Dərgah Mehdiyevlə 700 manat məbləğində müqavilə bağlamışdır. X5 dəvət edərək müqavilə bağladıqları zaman fərdi vəkil olduğunu, lakin indi Mingəçevir şəhər Vəkil Bürosunun vəkili olduğundan yenidən order alınması üçün 50 manat əlavə pul ödəməli olduğunu bildirmişdir. Ali Məhkəmədə prosesdə iştirak etmək üçün isə Dərgah Mehdiyevə 100 manat ödəniş etmişdir. X6 ilə Mingəçevir Şəhər Məhkəməsində hüquqlarını müdafiə etdiyi üçün 300 manat məbləğində müqavilə bağlamışdır. Həmçinin iddia tələblərinə görə 90 manat dövlət rüsumu ödəmişdir. Səhhətilə bağlı çəkilən xərclərə yenidən baxılmasını və ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X6 bildirdi ki, birinci instansiya məhkəməsi tərəfindən dövlət rüsumu ilə bağlı hissəyə qiymət verilməyib. Xəstəliklə bağlı həkim reseptlərini, çəkilən xərcin qəbzlərini və vəkil xidmətləri ilə bağlı çəkilmiş 1150 manat məbləği məhkəməyə təqdim etmişlər. Əvvəlki məhkəmə qətnamələrində sübut olunub ki, cavabdehlər İddiaçı mənəvi zərər vurub. İddiaçı isə öz səhhətini bərpa etmək üçün 2000 manat xərc çəkib. Odur ki, İddiaçı səhhətini bərpa etmək üçün çəkilən 2000 manat məbləğin tam şəkildə təmin edilməsini xahiş etdi. O İddiaçı ilə hüquqlarını müdafiə etmək üçün 300 manat məbləğində müqavilə bağlamış və çekini də təqdim etmişdir. Odur ki, iddianın tam təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X7 bildirdi ki, birinci instansiya məhkəməsi İddiaçı çəkdiyi səhhəti ilə bağlı xərcləri nəzərə almayıb 500 manat məbləğində müəyyən etmişdir. O İddiaçı ilə müqavilə bağlayanda fərdi vəkil olmuşdur. İddiaçı ilə 2019-cu ildə 700 manat məbləğində müqavilə bağlamışdır. Xəstəliklə bağlı həkim reseptlərini, çəkilən xərcin qəbzlərini və vəkil xidmətləri ilə bağlı çəkilmiş 1150 manat məbləği məhkəməyə təqdim etmişlər. Əvvəlki məhkəmə qətnamələrində sübut olunub ki, cavabdehlər İddiaçı mənəvi zərər vurub. İddiaçı isə öz səhhətini bərpa etmək üçün 2000 manat xərc çəkib. Səhhətini bərpa etmək üçün çəkilən 2000 manat tam şəkildə təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.2-ci maddəsinə əsasən, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-in 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(051)- 482/2021 nömrəli qətnaməsi həmin hissədə ləğv edilməli və iddia tələbi, dövlət rüsumu kimi çəkilmiş xərc 90 manat hissəsində və səhhətinin bərpası ilə əlaqədar çəkilmiş xərc hissəsində tam rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə qismən razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə qismən düzgün nəticəyə gəlmişdir. Çünki, iddiaçı səhhətinin bərpası ilə əlaqədar çəkilmiş xərcin 2000 manat olduğunu iddia etsdə, öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Bundan əlavə iddiaçı məhkəmə prosesləri zamanı və Mingəçevir şəhər Polis Şöbəsində araşdırma aparılarkən böyük sarsıntılar keçirdiyini, bir ildir ki, steritik nevroz və qalxanvari vəzdə nüfuz dəyişkənliyindən müalicə aldığını göstərsədə, iddiaçı bilavasitə bu xəstəliklərin cavabdehlərin hərəkətləri nəticəsində əmələ gəlməsi, bu hərəkətlərlə, iddiaçının iddia etdiyi xəstəliklər arasında səbəbli əlaqənin mövcud olmasını isbat edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının təqdim etdiyi qəbzləri isə (müxtəlif apteklər tərəfindən verilmiş pul qəbzləri) kollegiya mötəbər sübut kimi qəbul etməkdən imtina edir. Bu baxımdan da məhkəmə kollegiyası cavabdehlərdən səhhətinin bərpası ilə əlaqədar maddi ziyanla əlaqədar çəkilmiş xərc kimi 2000 manat məbləğində pulun alınıb iddiaçıya verilməsini əsaslı hesab etmir. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası iddianın təmin edilmiş dövlət rüsumunun ödənilməsinə dair hissəsi ilə də razılaşmır. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan məhkəmə qətnamələrindən görünür ki, iddiaçı iddia tələbi ilə bağlı ödədiyi dövlət rüsumunun cavabdehlərdən tutulmasını tələb etməmiş, eləcədə işə baxan məhkəmələr həmin hissəyə hüquqi qiymət verməmiş, həmçinin iddiaçı da öz növbəsində bu hissə razılaşmış və uyğun olaraq bundan şikayət verməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hüquqların bərpası ilə əlaqədar vəkil xidmətlərinə çəkilmiş xərc 1150 manat pulun alınıb iddiaçı X3 verilməsi hissəsi ilə razılaşır. Belə ki, işdə olan Mingəçevir Şəhər Vəkil Bürosunun 34 nömrəli, 17.06.2020-ci il tarixli X4 Haqqında Müqaviləsindən görünür ki, müdafiə edilən şəxs İddiaçı ilə vəkil X8 arasında tapşırıq kimi Şərəf və ləyaqətin müdafiəsi ilə bağlı maddi ziyanın ödənilməsi tapşırığın yerinə yetirilməsi nəzərdə tutulan orqan kimi Mingəçevir Şəhər Məhkəməsi yazılmışdır. Hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 300 manat müəyyən olumuşdur. İşdə olan Mingəçevir Şəhər Vəkil Bürosunun 36 nömrəli, 03.06.2019-cu il tarixli X4 Haqqında Müqaviləsindən görünür ki, müdafiə edilən şəxs İddiaçı ilə vəkil X7 arasında tapşırıq kimi Şərəf və ləyaqətin müdafiəsi tələbinə dair mülki iş üzrə yardım tapşırığın yerinə yetirilməsi nəzərdə tutulan orqan kimi Mingəçevir Şəhər Məhkəməsi, Apellyasiya Məhkəməsi, Ali Məhkəmə yazılmışdır. Hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 700 manat müəyyən olumuşdur. İşdə olan Mingəçevir Şəhər Vəkil Bürosunun 21.02.2020-ci il tarixli X4 Haqqında Müqaviləsindən görünür ki, müdafiə edilən şəxs İddiaçı ilə vəkil X7 arasında tapşırıq kimi Mingəçevir Şəhər Məhkəməsinin 06 dekabr 2(051)-1567/2019 saylı qətnaməsindən kassasiya şikayətinə hüquqi yardım tapşırığın yerinə yetirilməsi nəzərdə tutulan orqan kimi Şəki Apellyasiya Məhkəməsi yazılmışdır. Hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 50 manat müəyyən olumuşdur. İşdə olan Mingəçevir Şəhər Vəkil Bürosunun 36 nömrəli, 20.05.2020-ci il tarixli X4 Haqqında Müqaviləsindən görünür ki, müdafiə edilən şəxs İddiaçı ilə vəkil X7 arasında tapşırıq kimi Şəki Apellyasiya Məhkəməsi 12 mart 2020-ci il tarixli tarixli qətnaməsindən kassasiya şikayəti tapşırığın yerinə yetirilməsi nəzərdə tutulan orqan kimi Azərbay Respublikası Ali Məhkəməsi yazılmışdır. Hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 100 manat müəyyən olumuşdur. MPM-in 121.1-ci maddəsinin tələbinə görə Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Sadalananlarla yanaşı, kollegiya apellyasiya şikayətinin hazırkı iş üzrə məhkəmə qətnaməsi mövcudluğu ilə bağlı dəlilləri ilə razılaşımır. Çünki, iddiaçının əvvəlki iddiası mənəvi zərərlə bağlı olmuş, hazırkı iddia tələbi isə bilavasitə maddi zərərlə, eləcədə digər xərclələ bağlıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Apellyasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə iclasında tədqiq olunan sübutları məcmu halda qiymətləndirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməmli, cavabdehlər Cavabdeh2, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(051)-482/2021 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dövlət rüsumu kimi çəkilmiş xərc olan 90 manatın və səhhətinin bərpası ilə əlaqədar çəkilmiş xərc olan 500 manatın alınıb iddiaçı X3 verilməsi hissəsində rədd edilməli, qətnamə qalan hissədə dəyişdirlməldən saxlanılmalıdır. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Məhkəmə kollegiyası yuxarıda şərh olunanları nəzərə alaraq və MPM-in 372, 384, 387, 392, 393-cü maddələrini rəhbər tutaraq q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya qismən şikayəti təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(051)-482/2021 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dövlət rüsumu kimi çəkilmiş xərc olan 90 manatın və səhhətinin bərpası ilə əlaqədar çəkilmiş xərc olan 500 manatın alınıb iddiaçı X3 verilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılmaqla, iddia həmin hissədə rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Hazırkı iddia üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun ödənilmiş tələblərin məbləğinə münasib olaraq 18 (on səkkiz) manatı iddiaçıya aid edilsin, 12 (on iki) manatı isə cavabdehlərdən alınaraq iddiaçıya verilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar