Məhkəmə qərarları › İş №2(107)-1288/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1288/2021

08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1288/2021 08.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(046)-109/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı QSC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 026R********** saylı kredit razılaşması üzrə 11287.27 ABŞ dolları əsas, 13513.53 ABŞ dolları faiz və 17783.94 ABŞ dolları cərimə olmaqla cəmi 42584.74 ABŞ dolları, 026A********** saylı kredit müqaviləsi üzrə 2564.86 manat əsas, 2078.58 manat faiz və 3016.23 manat cərimə olmaqla, ümumilikdə cəmi 7659.97 manat kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(046)-109/2021 nömrəli (hakim İ.Fəttahov) qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh1 kredit razılaşması üzrə 11287.27 ABŞ dolları əsas kredit borcu, 4.967.49 ABŞ dolları faiz borcu, 13.94 ABŞ dolları cərimə borcu olmaqla cəmi 16264.7 ABŞ dolları kredit borcunun Azərbaycan manatı ilə məzənnəsi ilə, kredit müqaviləsi üzrə 2564.86 manat əsas kredit borcu, 1000.65 manat faiz borcu, 16.53 manat cərimə borcu olmaqla cəmi 3582.04 manat kredit borcu və 30 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə verilməsi, iddianın cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı qaldırılan hissədə təmin edilməməsi, iş üzrə ekspertiza xərci olan 100 manat məbləğində pulun Cavabdeh1 alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı QSC iddia tələbini onunla əsaslandırmışdır ki, 31.10.2013-cü il tarixdə Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış kredit xətti müqaviləsinə əsasən, Cavabdeh1 60 ay müddətinə 30.000 ABŞ dolları kredit xətti açılmışdır. 31.12.2014-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 026R********** saylı kredit razılaşması əsasında Cavabdeh1 24 ay müddətinə, aylıq 2.1667 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 16.000 ABŞ dollar məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları 13.12.2016-cı il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. 30.11.2016-cı il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 026A********** saylı kredit müqaviləsi əsasında Cavabdeh1 18 ay müddətinə, aylıq 2.5 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2799 manat məbləğində kredit verilmişdir. Öhdəliyin icrasını təmin etmək məqsədi ilə bankla Cavabdeh2 arasında 30.12.2014- cü il tarixdə, 30.11.2016-cı il tarixdə və Cavabdeh3 arasında 30.12.2014- cü il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən borclunun hesablaşmalara görə iddiaçıya 026R********** saylı kredit razılaşması üzrə cəmi 42584.74 ABŞ dolları borc, 026A********** saylı kredit razılaşması üzrə cəmi 7659.97 manat borcu qalmışdır. Cavabdehlərə dəfələrlə bildirişlə müraciət olunmasına baxmayaraq, kreditin və faizlərin ödənilməsi üçün tədbir görməmişlər, kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişlər. Göstərilənlərlə əlaqədar iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə prosesinin keçirilməsi barədə ona hər hansı bildiriş gəlməmiş və heç bir məlumat verilməmişdir. Bundan başqa qətnamə maddi və prosessual normaların pozulması ilə qəbul edilmişdir. Onun qətnamədə göstərilən məbləğdə borcu yoxdur. Bundan başqa kredit müqavilələrindən göründüyü kimi İddiaçı QSC Mülki Məcəllənin 373-cü maddəsinin tələblərini pozmuş, məhkəməyə 10.07.2020-ci il tarixdə iddia müddətini keçirdikdən sonra müraciət etmiş, məhkəmə işin hallarını nəzərə almadan Qətnamə qəbul etmişdir. Odur ki, Göyçay Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(046)-109/2021 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. İddiaçı İddiaçı QSC-nin nümayəndəsi teleqram göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). MPM-in 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MMP-in 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(046)- 109/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından,cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, işdə olan 31.10.2013-cü il tarixli kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 60 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. İşdə olan 30.12.2014-cü il tarixli, 30.11.2016-cı il tarixli və 30.12.2014-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmışdır. İşdə olan 31.12.2013-cü il tarixli kredit razılaşmasından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında aylıq 2.1667 faiz olmaqla 24 ay müddətinə 16.000 ABŞ dolları kredit verilməsi barədə müqavilə bağlanmışdır. İşdə olan 30.11.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında aylıq 2.5 faiz olmaqla 18 ay müddətinə 2799 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. İşdə olan 13.12.2016-cı il tarixli sazışdən görünür ki, kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. Qeyd edilən dəyişiklərə zaminlərə məlumat verilməmiş və onlar razılaşmanı imzalamamışlar. İşdə olan Məhkəmə-mühasibatlıq ekspertizasının 04.12.2020-ci il tarixli 9/5161 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 İddiaçı QSC-yə 30.12.2014-cü il tarixli 026R********** saylı kredit razılaşması üzrə kredit müqaviləsinin sonuna borcu əsas borc 11.414.68 ABŞ dolları və faiz borcu 4.967.49 ABŞ dolları, 30.11.2016-cı il tarix 026A**********saylı kredit müqaviləsi üzrə müqavilənin sonuna əsas borcu 2564.86 manat, faiz borcu isə 1000.65 manat təşkil edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin məzmununa görə, Azərbaycan Respublikasında kredit təşkilatlarının fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, bank krediti - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin azaldılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızların diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir. Həmin Qanunun 36.6-cı maddəsinə əsasən isə, hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM-in) 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 425.1. maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.2.1. maddəsinə əsasən isə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 449-cu maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 739.1. maddəsində göstərilir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2. maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya şikayətinin dəlillərinə də hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətinin dəlilləri əsassızdır və qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, Cavabdeh1 apellyasiya şikayətində məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilmədiyini bildirsə də, kollegiya bu dəlili əsaslı bilmir. Belə ki, işdə olan 25 yanvar 2021-ci il tarixli xəbərnamədən görünür ki, məhkəmə iclasının vaxtı və yeri barədə məlumat tərəflərə, o cümlədən Cavabdeh1 göndərilmiş və bu bildirişi cavabdehin atası Maqsudov İlham şəxsən imza edərək almışdır. MPM-in 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Cavabdeh1 apellyasiya şikayətində qeyd etdiyi iddianın müddət keçdikdən sonra verilməsi dəlilinə gəlincə məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları bildirmiyi zəruri bilir. Belə ki, iş materiallarından göründüyü kimi İddiaçı QSC ilə Cavabdeh1 arasında 31 oktyabr 2013-cü il tarixində kredit xətti müqaviləsi bağlanmış, daha sonra İddiaçı QSC ilə Cavabdeh1 arasında 13 dekabr 2016-cı il tarixində kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında saziş bağlanılmışdır. Həmin sazişə əsasən ödəniş planına dəyişiklik edilmişdir. İşdə olan ödəniş planından görünür ki, son ödəniş tarixi 18 iyul 2017-ci il tarixi müəyyən edilmişdir. İkinci kredit müqaviləsi isə işdən göründüyü kimi 30.11.2016-cı il tarixdə 18 ay müddətinə bağlanmışdır. MPM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Göründüyü kimi iddia müddətinin keçməsi üçün son tarix 18 iyul 2020-ci tarixidir. Lakin, iş materiallarından görünür ki, İddiaçı QSC iddia ərizəsini 24 iyun 2020-ci il tarixində məhkəməyə təqdim etmişdir. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddia müddəti keçməmişdir və aapellyasiya şikayətinin dəlilləri əsaslı deyildir. Qüvvədə olan mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Oxşar münasibətləri tənzimləyən “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neqanti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir- birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən normaların tələbindən göründüyü kimi, sübutetmə vəzifəsi ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulmuşdur, işdə iştirak edən hər bir tərəf istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir. Məhkəmə isə mövcud sübutlar əsasında işi mahiyyəti üzrə həll etməli və qətnamə qəbul etməlidir. Hazırda öyrənilən işdən bəlli olur ki, cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halların təsdiqi ilə bağlı məhkəməyə hər-hansı bir sübut təqdim etməmiş və və belə bir sübut məhkəmə kollegiyasının iclasında təqdim edilməmişdir. Belə olan halda işə apellyasiya qaydasında yenidən baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticə ilə razılaşır. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, hazırki iddia tələbləri üzrə işin mübahisəli hallarına dair sübut etmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə mübahisənin maddi və proseesual hüquq normalarının tələblərinə uyğun düzgün həllinə nail olmaq zəruridir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin bu hissəsinin sübutetmə yükü cavabdehin üzərinə düşsə də, cavabdeh bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı həqiqətən də bu halları sübuta yetirəcək mötəbər dəlillər gətirə bilməmişdir. İşə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu fikirdədir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni kifayət qədər əsas olmadan düzgün hesab etməmək işin faktiki hallarına uyğun deyildir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq və MPM-in 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(046)-109/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar