Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1288/2022 03.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı borc tələbinə dair (Açar sözlər: pul tələbi, kiçik iddia) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-746/2022 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1990-cı il təvəllüdlü Cavabdeh 05 sentyabr 2019-cu il tarixli ZQK5701110 saylı kredit müqaviləsinə əsasən 130 manat məbləğində əsas borc, hesablanmış 100 manat faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 260 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 05 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 368 manat olan avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 130 manat əsas borcu qalıb. Qeyd edilən kredit müqaviləsinə əsasən borcalan (cavabdeh) müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% faiz ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 819 manat faiz borcu yaranmışdır (130 manat x 630 gün x 1%=819 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 100 manat məbləğində tələb edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 05 sentyabr 2019-cu il tarixli, ZQK5701110 saylı kredit müqaviləsinə əsasən 130 manat əsas borc, hesablanmış 100 manat faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 260 manat pul vəsaitinin alınaraq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-746/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx xxxxxx 1990-cı il təvəllüdlü Cavabdeh 05 sentyabr 2019-cu il tarixli ZQK5701110 saylı kredit müqaviləsinə əsasən 130 (bir yüz otuz) manat məbləğində əsas borcun alınaraq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ZQK5701110 nömrəli 05 sentyabr 2019-cu il tarixli borc müqaviləsinə əsasən İddiaçı məişət avadanlığını alıcıya vermiş, Cavabdeh isə onu qəbul edib, ilkin ödəniş etdikdən sonra qalıq qalan avadanlığın dəyərini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda müəyyən edilmişdir ki, cavabdehin iddiaçı qarşısında borc tələbinə qarşı faiz ödəməsi ilə bağlı hər hansı bir öhdəliyi olmamışdır. Qanunvericilik öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasını nəzərdə tutmuşdur. Yalnız bu halda kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilə olmadığı halda isə tərəflərdən hər hansı birinin üzərinə öhdəlik qoyulması mülki qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilə bilər. Mülki qanunvericiliyin də yuxarıda qeyd edilən normalarından görünür ki, faizlərin ödənilməsi yalnız borcun faizlər ilə verilməsi müqavilənin iştirakçıları tərəfindən şərtləndirildiyi halda mümkündür. İddiaçı və cavabdeh arasında bağlanmış ZQK5701110 nömrəli 05 sentyabr 2019-cu il tarixli borc müqaviləsindən də görünür ki, borcun faizlər ilə verilməsinə dair hər hansı müddəa əks olmamışdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, İddiaçı tərəfindən Cavabdeh dəyərini hissə-hissə ödəmək şərti ilə məişət avadanlığı verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh öz növbəsində ZQK5701110 nömrəli 05 sentyabr 2019-cu il tarixli borc müqaviləsinə əsasən aylıq ödənişləri vaxtında ödəməmiş, müqavilə şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliyin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin 100 manat faiz borcunun cavabdehdən tutularaq iddiaçıya qaytarılması hissəsinə münasibət bildirərək hesab etmişdir ki, iddia tələbi qeyd edilən hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən iddiaçının tələb etdiyi əsas borca hesablanmış faiz pulunun verilməsini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Ancaq iddiaçının bununla bağlı hər hansı sübutu təqdim edə bilməməsi həmin xüsusat üzrə onun iddia tələbini sübut edə bilməməsini göstərir. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehdən 100 manat faiz borcunun tutulmasını xahiş etsə də, iş materiallarına əlavə edilmiş müqavilələrdən görünür ki, müqavilədə 1 faiz cərimə faizinin hesablanması nəzərdə tutulmuşdur. Bu səbəbdən də, həmin 100 manat faiz borcu kimi yox, cərimə (dəbbə) borcu kimi nəzərə alınmalıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 130 manat məbləğində əsas borc tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.2, 448.1, 448.2, 449.1, 598.2, 600.1-, 600.4, 600.5, 601.1, 739, 741-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1 və 76.2, 77.1, 107, 119.1, 217.4, 218.3, 284-5.3, 284-6.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, iş üzrə toplanmış materiallardan göründüyü kimi, cavabdehlə İddiaçı MMC arasında müddəti 12 ay olmaqla 05 sentyabr 2019cu il tarixli müqavilə bağlanılıb. Həmin müqaviləyə əsasən borclu kreditordan dəyəri 368 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra kreditora 130 manat borcu qalıb. Qeyd edilən kredit müqaviləsinə əsasən borclu müqavilənin bitdiyi 05 sentyabr 2020-ci il tarixdən sonra qaytarılmayan 130 manat məbləğ üçün iddia ərizəsinin məhkəməyə təqdim edildiyi günədək əlavə olaraq hər gün 1% miqdarında faiz ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 819 manat faiz borcu yaranmışdır (130 manat x 630 gün x 1%=819 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 100 manat məbləğində tələb edir. Göründüyü kimi, hazırkı işdə cavabdeh öhdəliyini icra etmir, iddiaçı isə tərəflər arasında bağlanmış müqavilədən çıxış edərək əsas borcla yanaşı faiz borcu da tələb edir. Odur ki, hazırkı iddia tələbi faiz borcu hissəsində də, əsaslıdır. Bundan başqa, məhkəmə nəzərə almayıb ki, cavabdeh əsas borc öhdəliyini 630 gündən artıq müddətdə icra etməyib, hazırda da, borc öhdəliyini icra etməməkdə davam edir. Cavabdehin əsas borc öhdəliyini uzun müddət icra etməməsi səbəbindən iddiaçının qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulur. Hazırkı işdə borclunun barəsində digər icra sənədləri də, mövcuddur ki, bu da, borclunun ayrı-ayrı fiziki şəxslərdən, eləcə də banklardan və məişət texnikası satan hüquqi şəxslərdən nəğd pul və ya əşya alaraq dəyərini ödəməməyi özünün həyat tərzinə çevirməsini təsdiq edir. Bundan başqa, birinci instansiya məhkəməsi İddiaçı-nin iddiaçı tərəf olduğu işlərdə faiz borcunun tutulamasına dair məhkəmələrin çoxsaylı qətnamələrinin mövcud olmasını sübut kimi qiymətləndirməyib və bunun səbəblərini mübahisələndirilən qətnamədə əsaslandırmayıb. Birinci instansiya məhkəməsinin maddi hüquq normalarını pozub, maddi hüquq normalarını səhv təfsir edib, iddia tələbindən kənara çıxaraq, iddia tələbində cavabdehdən faiz borcu tələb edildiyi halda, bunu nəzərə almadan və heç bir əsaslandırma aparmadan iddia tələblərini faizlə bağlı hissədə ləğv edib. Məhkəmə sübutetmə prinsiplərini pozaraq müqavilə üzrə cavabdehi öz üzərinə götürdüyü faiz öhdəliyini icra etməkdən qanunsuz olaraq azad edib, maddi hüquq normalarını səhv təfsir edib. Birinci instansiya məhkəməsi iddia tələbinin əsasını təşkil edən müqavilə öhdəliklərini ümumiyyətlə şərh etməyib, həmin müqavilə üzrə cavabdehi üzərinə götürdüyü faiz öhdəliyindən azad edib. Odur ki qeyd edilənləri nəzərə alaraq, Zaqatala rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli 2(033)-746/2022 saylı qətnaməsi qismən, iddia tələbinin rədd edilən hissəsində ləğv edilərək, həmin hissədə iddia tələblərinin tam təmin edilərək Cavabdeh 05 sentyabr 2019-cu il tarixli ZQK5701110 saylı müqaviləyə əsasən hesablanmış 100 manat faiz borcunun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-nin 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394-1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən yəni, faiz borcu məbləğinin tutulmasına aid hissədə mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız İddiaçı MMC tərəfindən mübahisələndirilən hissəsi, yəni faiz borcu məbləğinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı mübahisələndirilən hissədə düzgün olaraq təmin etməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-746/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, ZQK5701110 nömrəli 05 sentyabr 2019-cu il tarixli borc müqaviləsinə əsasən İddiaçı məişət avadanlığını alıcıya vermiş, Cavabdeh isə onu qəbul edib, ilkin ödəniş etdikdən sonra qalıq qalan avadanlığın dəyərini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda müəyyən edilmişdir ki, cavabdehin iddiaçı qarşısında borc tələbinə qarşı faiz ödəməsi ilə bağlı hər hansı bir öhdəliyi olmamışdır. Qanunvericilik öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasını nəzərdə tutmuşdur. Yalnız bu halda kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilə olmadığı halda isə tərəflərdən hər hansı birinin üzərinə öhdəlik qoyulması mülki qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilə bilər. Mülki qanunvericiliyin də yuxarıda qeyd edilən normalarından görünür ki, faizlərin ödənilməsi yalnız borcun faizlər ilə verilməsi müqavilənin iştirakçıları tərəfindən şərtləndirildiyi halda mümkündür. İddiaçı və cavabdeh arasında bağlanmış ZQK5701110 nömrəli 05 sentyabr 2019-cu il tarixli borc müqaviləsindən də görünür ki, borcun faizlər ilə verilməsinə dair hər hansı müddəa əks olmamışdır. Lakin iddiaçı apellyasiya şikayətində etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda, sözügedən halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı faiz borcunu cavabdehdən cəmi 100 manat məbləğində tələb edir. Göründüyü kimi, hazırkı işdə cavabdeh öhdəliyini icra etmir, iddiaçı isə tərəflər arasında bağlanmış müqavilədən çıxış edərək əsas borcla yanaşı faiz borcu da tələb edir. Odur ki, hazırkı iddia tələbi faiz borcu hissəsində də, əsaslıdır. Məhkəmə kollegiyasi şikayətin bu dəlili ilə razılaşmır və bununla bağlı qeyd edir ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış ZQK5701110 nömrəli, 05 sentyabr 2019-cu il tarixli borc müqaviləsindən görünürki müqavilənin qeyd hissəsində göstərilmişdir ki, “borcalan borc üzrə əsas borc məbləğini şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ üçün hər gün 1 faizədək faiz dərəcəsi ilə hesablanan cərimə faizləri ödəyir”. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehdən 100 manat faiz borcunun tutulmasını xahiş etsə də, iş materiallarına əlavə edilmiş müqavilələrdən görünür ki, müqavilədə 1 faiz cərimə faizinin hesablanması nəzərdə tutulmuşdur. Həmçinin məhkəmə kollegiyası bildirir ki, iddiaçı cavabdehdən 100 manat məbləğində faiz borcunun ödənilməsini tələb etsə də, bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəf 100 manat faiz borcunun ödənilməli olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;
2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Beləlikə məhkəmə kollegiyası hesab edir ki, şikayətin bu dəlili əsaslı deyil. Bundan başqa apellyator apellyasiya şikayətinin başqa bir dəlilində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi İddiaçı-nin iddiaçı tərəf olduğu işlərdə faiz borcunun tutulamasına dair məhkəmələrin çoxsaylı qətnamələrinin mövcud olmasını sübut kimi qiymətləndirməyib və bunun səbəblərini mübahisələndirilən qətnamədə əsaslandırmayıb. Məhkəmə kollegoyası şikayətinin bu dəlilinə münasibət bildirərək qeyd edir ki, şikayətin bu dəlili də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Göründüyü kimin iddiaçı məhkəmələrin çoxsaylı qətnamələrin mövcud olmasının sübut kimi qiymətləndirilməsini xahiş etsə də, hazırda məhkəmənin icraatında olan mülki işlə həmin qətnamələrin əlaqəsi mövcud deyil. Eyni zamanda apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin maddi hüquq normalarını pozub, maddi hüquq normalarını səhv təfsir edib, iddia tələbindən kənara çıxaraq, iddia tələbində cavabdehdən faiz borcu tələb edildiyi halda, bunu nəzərə almadan və heç bir əsaslandırma aparmadan iddia tələblərini faizlə bağlı hissədə rədd edib. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilini də əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianın faiz borcuna aid hissəsini düzgün olaraq təmin etməmişdir. Beləliklə məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Belə ki, iddiaçının dəlilləri formal mülahizələrə əsaslanır, heç bir hüquqi əsası yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissə üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-746/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-746/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verə bilməz.