Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1288/2025 04.03.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ziyanın ödənilməsi, sübutetmə yükü) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli, 2(035)-431/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən avtomobilinə dəymiş ziyana görə 2092.88 manat, əlavə xərc olaraq xx.xx.2025-ci il tarixli müqavilə üzrə 4 ay ərzində taksi fəaliyyətinə görə ödədiyə 1680 manat və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2 ay ərzində taksi fəaliyyətinə görə ödədiyi 840 manat, qiymətləndirmə rəyinin alınması üçün ödədiyi 100 manat və dövlət rüsumu olaraq ödədiyi 58.40 manat olmaqla, cəmi 4771.28 manat pulun cavabdehdən məcburi qaydada alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2025-ci il tarixdə saat 12:20-də etibarnamə ilə idarə etdiyi Mersedes-Benz 240 minik markalı, **-LF-*** nömrəli avtomobil ilə Zərdab dördyol İstiqamətindən rayona giriş hisəsində dayanarkən, cavabdeh idarə etdiyi Mersedes-Benz 220 minik markalı, **-CG-*** nömrəli avtomobil ilə hərəkətdə olarkən hərəkət istiqamətində bir neçə avtomobillə, həmçinin onun avtomobili ilə toquşaraq ona maddi zərər vurmuşdur. Cavabdehin məsuliyyətsizliyi nəticəsində idarə etdiyi avtomobilə xeyli miqdarda maddi zərər vurulmuşdur. Nəticədə İnzibati xəta törətmiş şəxs Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə edilmişdir. O, avtomobilinə vurulmuş ziyanı müəyyənləşdirmək məqsədi ilə Göyçay rayonunda fəaliyyət göstərən "xxxx" MMC-yə müraciət etmişdir. Avtomobilinə vurulmuş ziyanla bağlı "xxxx" MMC-yə etdiyi müraciətinə əsasən Mersedes-Benz 240 minik markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi zamanı dəymiş maddi ziyanın məbləği 5569 manat təşkil etməsi müəyyən olunmuş və bu barədə xx.xx.2025-ci il tarixli arayış verilmişdir. Dəymiş ziyanla bağlı 5569 manat məblğində pulun 3712.52 manatı "xxxx" MMC tərəfindən ödənilmişdir. Lakin, cavabdehdən qalıq borcun ödənilməsini tələb etsə də, heç bir nəticəsi olmamışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat 12:20-də etibarnamə ilə idarə etdiyi Mersedes-Benz 240 minik markalı, **-LF-*** nömrəli avtomobil ilə Zərdab rayon dördyol İstiqamətindən rayona giriş hisəsində dayanarkən, cavabdeh idarə etdiyi Mersedes-Benz 220 minik markalı, **-CG-*** nömrəli avtomobil ilə hərəkətdə olarkən hərəkət stiqamətində bir neçə avtomobillə, həmçinin onun avtomobili ilə toquşaraq ona maddi zərər vurmuşdur. Cavabdehin məsuliyyətsizliyi nəticəsində idarə etdiyi avtomobilə xeyli miqdarda maddi zərər vurulmuşdur. Nəticədə İnzibati xəta törətmiş şəxs Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə edilmişdir. O, avtomobilinə vurulmuş ziyanı müəyyənləşdirmək məqsədi ilə Göyçay rayonunda fəaliyyət göstərən "xxxx" MMCyə müraciət etmişdir. Avtomobilinə vurulmuş ziyanla bağlı "xxxx" MMC-yə etdiyi müraciətinə əsasən Mersedes-Benz 240 minik markalı, 10-LF101 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi zamanı dəymiş maddi ziyanın məbləği 5569 manat təşkil etməsi müəyyən olunmuş və bu barədə xx.xx.2025-ci il tarixli arayış verilmişdir. Məhkəmə prosesinin gedişində iş üzrə ekspertiza keçirilməsi üçün müstəqil qiymətləndirmə palatası olan “PRİVAT Co” firmasına müraciət edilmiş və müstəqil qiymətləndirmə palatasının “PRİVAT Co” firması tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 08/27-25 saylı məktubundan görünür ki, Mersedes-Benz 240 minik markalı, **-LF- *** nömrəli avtomobilə dəymiş ziyanın məbləği 5805 manat qiymətləndirilmişdir. Hazırda dəymiş ziyanla bağlı 5569 manat pulun 3712.52 manatını "xxxx" MMC tərəfindən ödənilmişdir. Odur ki, cavabdehdən avtomobilinə dəymiş ziyana görə 2092.88 manat, əlavə xərc olaraq xx.xx.2025-ci il tarixli müqavilə üzrə 4 ay ərzində taksi fəaliyyətinə görə ödədiyi 1680 manat və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2 ay ərzində taksi fəaliyyətinə görə ödədiyi 840 manat, X3 MMCdən qiymətləndirmə rəyinin alınması üçün ödədiyi 100 manat və dövlət rüsumu olaraq ödədiyi 58.40 manat olmaqla, cəmi 4771.28 manat pul alınaraq ona verilməlidir. Lakin, cavabdehdən qalıq borcun ödənilməsini tələb etsə də heç bir nəticəsi olmamışdır.Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Zərdab rayon dördyol İstiqamətindən rayona giriş hisəsində hərəkətdə olarkən, o, idarə etdiyi Mersedes-Benz 220 minik markalı, **-CG-*** nömrəli avtomobil ilə Zərdab rayon dördyol İstiqamətindən rayona giriş hisəsində dayanan iddiaçıya məxsus Mersedes-Benz 240 minik markalı, **-LF-*** nömrəli avtomobil ilə toqquşaraq nəqliyyat hadisəsi törətmiş və nəticədə iddiaçıya məxsus avtomobilə maddi ziyan dəymişdir. İddiaçının avtomobilinə dəymiş ziyana görə sığorta şirkəti tərəfindən 3712.52 manat pul ödənilmişdir. İddiaçı sığorta şirkəti tərəfindən təyin olunmuş ödənişlə razılaşmış və onu qəbul etmişdir. İddiaçı sığorta şirkəti tərəfindən ona təyin olunmuş sığorta ödənişi ilə razı olmadıqda sığorta ödənişini qəbul etməməli və sığorta şirkətinə qarşı iddia qaldırmalı idi. Hesab edir ki, iddiaçıya heç-bir borcu yoxdur. Odur ki, iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir.
5. Zərdab Rayon Məhkəməsinin (hakim İ.Həsənquliyev) 15 oktyabr 2025-ci il tarixli, e-2(035)-431/2025 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiasının təmin edilməməsi, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
6. İddiaçıya məxsus avtomobilə ziyanlığın dəyməsi işin mübahisəsiz hissəsidir. Bu fakt həm tərəflərin izahatı həmdə iş materiallarına əlavə olunmuş sübutlarla təsdiq olunur. Lakin məhkəmə sorğu əsasında əldə etdiyi “Meqa Sığorta" ASC tərəfindən məhkəməyə təqdim olunmuş iş materiallarına və işin hallarından müəyyən olunmuşdur ki, "xxxx" MMC tərəfindən dəymiş zərərin hesablanmasına dair akta əsasən iddiaçıya dəymiş ümumi maddi ziyan 4135 manat təşkil edir. Eyni zamanda iddiaçı tərəfindən “Meqa Sığorta" ASCə ünvanlanmış ərizədən müəyyən olunur ki, iddiaçı 04 mart 2025-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində ona məxsus Mercedes-Benz 240 minik markalı, **-LF-*** nömrə nişanlı avtomobilə dəymiş zərələ bağlı hesablanmış 3712,52 manat sığorta ödənişi ilə razılaşmış, sığorta şirkətinə qarşı heç bir iddiasının olmadığını bildirmiş və təyin olunmuş sığorta ödənişinin hesabına köçürülməsini xahiş etmişdir. Məhkəmə buna əsasən belə qənaətə gəlmişdir ki, iddiaçı sığorta ödənişini öz iradəsi əsasında qəbul etmişdir. Məhkəmə iş üzrə digər zərərçəkənlərin olmasına və 5000 manat sığorta ödənişinin zərərçəkənlər arasında bölünməsinə münasibətdə isə bildirmişdir ki, iddiaçı sığorta ödənişini alan zaman mütləq şəkildə buna rəsmi münasibət bildirməli, sığorta ödənişinin tərəflər arasında bölünməsi səbəbi ilə ona təyin olunmuş sığorta ödənişini qəbul etdiyini və eyni zamanda ona dəymiş maddi ziyanın tam ödənilmədiyini bildirməli idi. Lakin hazırkı işdə iddiaçı ərizə yazan zaman məhz 3712,52 manat sığorta ödənişini tələb etmiş və heç bir iddiasının olmadığını bildirmişdir.
7. Beləliklə, məhkəmə tərəflərin izahatını və işin digər materiallarına məcmu halında qiymət verərək və istinad olunan qanunvericilik normalarının tələblərinə əsaslanaraq belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir.
8. Məhkəmə hesab etmişdir ki, iddia təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçıın özünə aid edilməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 13, 29, 60, 71ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 21.1, 21.2, 560.1, 560.2, 560.3.4, 883.1, 903.1, 936.1, 1096.1, 1097.1, 1108.1-ci maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 6.2, 6.4,10.2, 13.1, 13.2, 13.4, 16.2, 18.1, 20.1, 56.1, 56.1.2-ci maddələrinə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 76.1, 76.2, 77.1, 88, 119, 217.1, 217.3, 217.4, 218.1-ci maddələrinə nistinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a)Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, avtomobilinə ziyanlığın dəyməsi işin mübahisəsiz hissəsidir. Belə ki, bu fakt iş materiallarına əlavə etdiyi fotoşəkillər və mütəxəssiz rəyləri ilə təsdiqini tapır. Eyni zamanda qeyd edir ki, sığorta şirkəti tərəfindən ödənilmiş kompensasiya avtomobilə dəymiş maddi ziyanlığın ödənilməsi üçün yetərli deyil. Onuda qeyd edir ki, məhkəmə qətnamə qəbul edən zaman sığorta şirkətinə ünvanladığm müraciəti əsas götürərək iddianı rədd etmişdir. Bildirir ki, sığorta şirkəti ödənişi həyata keçirən zaman avtomobili təmir olunmadığından təmir üçün nə qədər vəsaitin lazım olacağından məlumatsız olmuşdur. Avtomobilə dəymiş maddi ziyanlığın ödənilmiş sığorta ödənişindən çox olmasından avtomobilin təmiri zamanı xəbərdar olmuşdur.Buna əsasən ilkin təyin olunmuş sığorta ödənişi ilə razılaşmışdır. Əlavə olaraq onuda qeyd edir ki, iddianın digər hissəsi avtomobilinin sıradan çıxmasına görə taksi xidmətinə ödədiyi puldur. Bildirir ki, avtomobilsiz qaldığı üçün mütəmadi olaraq taksi xidmətindən istifadə etməli olmuşdur. Hesab edir ki, cavabdeh törətdiyi avtoqəza ilə həm avtomobilinə, həmdə özünə maddi ziyanlıq vurmuşdur.
12. Odur ki, Zərdab Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(035)-431/2025 saylı qətnaməsinin ləğv olunması və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin olunmaması, Zərdab Rayon Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli, 2(035)-431/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
15. İddiaçı məhkəmə kollegiyasına göndərdiyi telegramda səhhəti ilə bağlı məhkəmə iclasına gələ bilməyəcəyini bildirmiş və keçiriləcək iclasın təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab edilir. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 903.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
21. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
22. İddiaçı Zərdab Rayon Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli, 2(035)- 431/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması üçün əsas yoxdur. 24.Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi).
25.Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir.
26. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədənkənar olmaqla iki növdə olur. İkinci növ ziyan vurma nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır. Hazırki işdə də iddiaçı cavabdehin təqsiri nəticəsində ona məxsus avtomobilinə ziyan dəyməsini, beləliklə cavabdehin onun qarşısında “delikt-müqavilədənkənar” məsuliyyətlərinin yarandığı qənaətinə gəlmişdir.
29. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir. Bu iddianın maddi hüquqi əsasını Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələri təşkil edir ki, birinci instansiya məhkəməsi də mübahisənin həllinə həmin normaları tətbiq etmişdir ki, apellyasiya instansiyası məhkəməsi də bu mövqe ilə razılaşır.
30. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində mütəxəssis tərəfindən iddiaçıya dəymiş ümumi maddi ziyanın 4135 manat olması müəyyən olunmuş, iddiaçı “Meqa Sığorta" ASC-yə ərizə ünvanlayaraq 04 mart 2025-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində ona məxsus Mercedes-Benz 240 minik markalı, **-LF-*** nömrə nişanlı avtomobilə dəymiş zərərlə bağlı hesablanmış 3712,52 manat sığorta ödənişi ilə razılaşmış, sığorta şirkətinə qarşı heç bir iddiasının olmadığını bildirmiş və təyin olunmuş sığorta ödənişinin hesabına köçürülməsini xahiş etmişdir. Qeyd olunan sığorta ödənişi xx.xx.2025-ci il tarixdə iddiaçıya ödənilmişdir. 31.Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPMin 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin avtomobilinin sıradan çıxması və avtomobilsiz qaldığı üçün mütəmadi olaraq taksi xidmətindən istifadə etməli olmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, İddia tələbindən görünür ki, iddiaçı cavabdehdən 2025-ci ilin aprel, may, iyun və iyul ayları üzrə taksi fəalliyyətinə görə ödənilmiş pulları tələb edir.
33. İş materiallarında olan Rabitəbank tərəfindən verilmiş ödəniş tapşırığına dair qəbzdən görünür ki, xx.xx.2025-ci il tarixdə Meqa Sığorta ASC tərəfindən 3712,52 manat məbləğində sığorta ödənişi İddiaçı hesabına ödənilmişdir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı taksi fəaliyyətinə görə ödənilmiş pullara dair qəbzləri məhkəməyə təqdim etsədə, sığorta şirkəti tərəfindən xx.xx.2025-ci il tarixdə sığorta ödənişi həyata keçirildikdən sonra hansı səbəbdən avtomobilinin təmir olunmaması, həmçinin iddiaçı tərəfindən məhkəməyə taksi şirkətinə ödənilmiş pulların hazırkı iddia tələbi ilə səbəbli əlaqəsini təsdiq edən mötəbər sübut təqdim edilməmişdir.
35. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
37. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
39. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli, 2(035)-431/2025 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.