Məhkəmə qərarları › İş №2(107)-1289/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1289/2022

03.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1289/2022 03.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kreditin, ona hesablanmış faizlərin qaytarılması) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, e2(033)-749/2022 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları: İddiaçı ilə Cavabdeh arasında bağlanmış ZQK5820313 nömrəli 17 mart 2020-ci il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən hissəhissə ödəniş şərti ilə 529 (beş yüz iyirmi doqquz) manat məbləğində məişət avadanlığı əldə etmiş və 49 (qırx doqquz) manat ilkin ödəniş etdikdən sonra qalıq qalan 480 manat məbləği 12 ay müddətinə, aylıq 40 manat olmaqla İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. 4519 nömrəli xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə 17 mart 2020-ci il tarixində bağlanmış ZQK5820313 saylı müqavilə üzrə onun ödənilməmiş 280 manat əsas qalıq borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1990-cı il təvəllüdlü Cavabdeh 17 mart 2020-ci il tarixli ZQK5820313 saylı kredit müqaviləsinə əsasən 280 manat məbləğində əsas borc, hesablanmış 100 manat faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 410 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 17 mart 2020-ci il tarixli kredit müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 529 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 280 manat əsas borcu qalıb. Qeyd edilən kredit müqaviləsinə əsasən borcalan (cavabdeh) müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% faiz ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 1260 manat faiz borcu yaranmışdır (280 manat x 450 gün x 1%=1260 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 100 manat məbləğində tələb edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 17 mart 2020-ci il tarixli, ZQK5820313 saylı kredit müqaviləsinə əsasən 280 manat əsas borc, hesablanmış 100 manat faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 410 manat pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Zaqatala Rayon Məhkəməsinin (hakim T.Həsənov) 22 avqust 2022-ci il tarixli, e 2(033)- 749/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək xx xxxxxx 1990-cı il təvəllüdlü Cavabdeh 17 mart 2020-ci il tarixli ZQK5820313 saylı kredit müqaviləsinə əsasən 280 (iki yüz səksən) manat məbləğində əsas borc alınaraq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı hesabına ödənilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ZQK5820313 nömrəli 17 mart 2020-ci il tarixli borc müqaviləsinə əsasən İddiaçı məişət avadanlığını alıcıya vermiş, Cavabdeh isə onu qəbul edib, ilkin ödəniş etdikdən sonra qalıq qalan avadanlığın dəyərini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, İddiaçı tərəfindən Cavabdeh dəyərini hissə-hissə ödəmək şərti ilə məişət avadanlığı verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh öz növbəsində ZQK5820313 nömrəli 17 mart 2020-ci il tarixli borc müqaviləsinə əsasən aylıq ödənişləri vaxtında ödəməmiş, müqavilə şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliyin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin 100 manat faiz borcunun cavabdehdən tutularaq iddiaçıya qaytarılması hissəsinə münasibət bildirərək hesab etmişdir ki, iddia tələbi qeyd edilən hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən iddiaçının tələb etdiyi əsas borca hesablanmış faiz pulunun verilməsini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Ancaq iddiaçının bununla bağlı hər hansı sübut təqdim edə bilməməsi həmin xüsusat üzrə onun iddia tələbini sübut edə bilməməsini göstərir. Məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir ki, cavabdehin iddiaçı qarşısında borc tələbinə qarşı faiz ödəməsi ilə bağlı hər hansı bir öhdəliyi olmamışdır. Qanunvericilik öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasını nəzərdə tutmuşdur. Yalnız bu halda kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilə olmadığı halda isə tərəflərdən hər hansı birinin üzərinə öhdəlik qoyulması mülki qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilə bilər. Mülki qanunvericiliyin də yuxarıda qeyd edilən normalarından görünür ki, faizlərin ödənilməsi yalnız borcun faizlər ilə verilməsi müqavilənin iştirakçıları tərəfindən şərtləndirildiyi halda mümkündür. İddiaçı və cavabdeh arasında bağlanmış ZQK5820313 nömrəli 17 mart 2020-ci il tarixli borc müqaviləsindən də görünür ki, borcun faizlər ilə verilməsinə dair hər hansı müddəa əks olmamışdır. İşdə olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış ZQK5820313 nömrəli 17 mart 2020-ci il tarixli borc müqaviləsində ancaq qeyd kimi “borcalan borc üzrə əsas borc məbləğini şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ üçün hər gün 1 faizədək faiz dərəcəsi ilə hesablanan cərimə faizləri ödəyir.” göstərilmişdir. Buna baxmayaraq iddiaçı tərəf iddiasında cərimənin cavabdehdən tutulmasını deyil, əsas borca hesablanmış faizin cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab etmişdir ki, iddiaçının ərizəsində göstərdiyi hallar əsas borca hesablanmış faiz borcunun cavabdehdən tutulması üçün əsas deyil. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 280 manat məbləğində əsas borc tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilməlidir. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1, 421.2, 442-ci 448.1-ci 448.2-ci 449.1, 598.2, 600.1, 427, 449, 600.4, 601.1, 739 və 741-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2, 76.1, 76.2, 77.1, 107, 119.1, 217.4, 218.3, 284-5.3 və 284-6.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri Həmin qətnamədən narazı qalan İddiaçı MMC apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh öhdəliyini icra etmir, iddiaçı isə tərəflər arasında bağlanmış müqavilədən çıxış edərək əsas borcla yanaşı faiz borcu da tələb edir. Odur ki, hazırkı iddia tələbi faiz borcu hissəsində də, əsaslıdır. Bundan başqa, məhkəmə nəzərə almayıb ki, cavabdeh əsas borc öhdəliyini 450 gündən artıq müddətdə icra etməyib, hazırda da, borc öhdəliyini icra etməməkdə davam edir. Cavabdehin əsas borc öhdəliyini uzun müddət icra etməməsi səbəbindən iddiaçının qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulur. Hazırkı işdə borclunun barəsində digər icra sənədləri də, mövcuddur ki, bu da, borclunun ayrı-ayrı fiziki şəxslərdən, eləcə də banklardan və məişət texnikası satan hüquqi şəxslərdən nəğd pul və ya əşya alaraq dəyərini ödəməməyi özünün həyat tərzinə çevirməsini təsdiq edir. Bundan başqa, birinci instansiya məhkəməsi İddiaçı-nin iddiaçı tərəf olduğu işlərdə faiz borcunun tutulamasına dair məhkəmələrin çoxsalı qətnamələrin mövcud olmasını sübut kimi qiymətləndirməyib və bunun səbəblərini mübahisələndirilən qətnamədə əsaslandırmayıb. Birinci instansiya məhkəməsinin maddi hüquq normalarını pozub, maddi hüquq normalarını səhv təfsir edib, iddia tələbindən kənara çıxaraq, iddia tələbində cavabdehdən faiz borcu tələb edildiyi halda, bunu nəzərə almadan və heç bir əsaslandırma aparmadan iddia tələblərini faizlə bağlı hissədə ləğv edib Məhkəmə sübutetmə prinsiplərini pozaraq müqavilə üzrə cavabdehi öz üzərinə götürdüyü faiz öhdəliyini icra etməkdən qanunsuz olaraq azad edib, maddi hüquq normalarını səhv təfsir edib. Birinci instansiya məhkəməsi iddia tələbinin əsasını təşkil edən müqavilə öhdəliklərini ümumiyyətlə şərh etməyib, həmin müqavilə üzrə cavabdehi üzərinə götürdüyü faiz öhdəliyindən azad edib. Qeyd edilənlərə əsasən Zaqatala Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli 2(033)-749/2022 saylı qətnaməsinin qismən, iddia tələbinin rədd edilən hissədə ləğv edilərək, həmin hissədə iddia tələblərinin tam təmin edilərək Cavabdeh 17 mart 2020-ci il tarixli ZQK5820313 saylı müqaviləyə əsasən hesablanmış 100 manat faiz borcunun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları MPM-in 394-1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Kollegiya apellyasiya şikayətinin dəlillərini nəzərə alıb, tərəflərə bu barədə məlumat verməklə işə məhkəmə iclasında baxılması məqsədə müvafiq hesab etmişdir. Məhkəmə kollegiyası MPM-in 394-1.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan məhkəmə iclasında baxılmasını mümkün hesab etmişdir Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəllənin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondanfaydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 598.2-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 394-1.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər. 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 394-1.4. İş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, qətnamə qismən-yalnız iddia tələbinin təmin edilməyən faiz hissəsində mübahisələndirilmişdir. Ona görə də kollegiya Zaqatala Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, e2(033)-749/2022 nömrəli qətnaməsini mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, iddia tələbinin mahiyyətindən görünür ki, tələb müqavilədən irəli gələn borcla bağlıdır. İşin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı MMC ilə iş üzrə Cavabdeh arasında 17 mart 2020-ci il tarixdə 12 ay müddətinə kredit müqaviləsi bağlamışdır. Sözügedən müqaviləyə əsasən cavabdehə dəyəri 529 manat olan məişət avadanlığı verilmiş, sonuncu da avadanlığın dəyərini hissə-hissə olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh tərəfindən bir müddət ödənişlər edilsə də, sonradan ödənişlər dayandırılmış və sonuncunun müqavilə üzrə iddiaçıya 280 manat əsas borcu yaranmışdır. İddia tələbindən görünür ki, iddiaçı əsas borcla yanaşı, 100 manat məbləğində faiz borcunu da tələb etmiş, lakin birinci instansiya məhkəməsi tərəfindən faiz borcu təmin edilmədiyindən, həmin hissə ilə bağlı apellyasiya şikayəti vermişdir. Kollegiya tərəfindən apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparılarkən müəyyən edilmişdir ki, qeyd olunan müqavilə şərtlərində cavabdehin iddiaçı qarşısında borc tələbinə qarşı faiz ödəməsi ilə bağlı hər hansı bir öhdəliyi olmamışdır. Qanunvericilik öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasını nəzərdə tutmuşdur. Yalnız bu halda kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilə olmadığı halda isə tərəflərdən hər hansı birinin üzərinə öhdəlik qoyulması mülki qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilə bilər. Mülki qanunvericiliyin də yuxarıda qeyd edilən normalarından görünür ki, faizlərin ödənilməsi yalnız borcun faizlər ilə verilməsi müqavilənin iştirakçıları tərəfindən şərtləndirildiyi halda mümkündür. Tərəflər arasında bağlanmış ZQK5820313 nömrəli 17 mart 2020-ci il tarixli borc müqaviləsindən də görünür ki, borcun faizlər ilə verilməsinə dair hər hansı müddəa əks olmamışdır. İşdə olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış ZQK5820313 nömrəli 17 mart 2020-ci il tarixli borc müqaviləsində ancaq qeyd kimi “borcalan borc üzrə əsas borc məbləğini şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ üçün hər gün 1 faizədək faiz dərəcəsi ilə hesablanan cərimə faizləri ödəyir.” göstərilmişdir. Buna baxmayaraq iddiaçı tərəf iddiasında cərimənin cavabdehdən tutulmasını deyil, əsas borca hesablanmış faizin cavabdehdən tutulmasını xahiş etmişdir Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, e2(033)-749/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar