Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1291/2022 16.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin artırılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 26 may 2022-ci il tarixli 2(051)-1020/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı ilə Cavabdeh 28 yanvar 2008-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Birgə nikahından xx.xx.2009-cü il tarixdə Hünər və xx.xx.2012-ci il tarixdə Uğur adlı uşaqları doğulmuşdur. Aralarında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-814/2021 saylı qətnaməsinə əsasən uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, 260 manat sabit pul məbləğində alimentin cavabdehdən alınıb ona verilməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, xx.xx.2009-cü il tarixdə doğulmuş Hünər və xx.xx.2012-ci il tarixdə doğulmuş Uğur adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021–cu il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 193 manat olmaqla, 386 manat sabit pul məbləğində alimentin tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh ilə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Birgə nikahdan xx.xx.2009-cü il tarixdə Hünər və xx.xx.2012-ci il tarixdə Uğur adlı uşaqları doğulmuşdur. Aralarında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-814/2021 saylı qətnaməsinə əsasən uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, 260 manat sabit pul məbləğində alimentin cavabdehdən alınıb ona verilməsi qət edilmişdir. Cavabdeh son vaxtlar alimenti vaxtında ödəmir, buna görə də bir neçə yüz manat aliment borcu yranmışdır. Lakin uşaqlar böyüdükcə, onların tələbatları da artır. Uşaqları orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir.
4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş ancaq buna baxmayaraq məhkəməyə etiraz ərizəsi yollayaraq, əvvəlki qətnamə ilə müqayisədə əmək haqqında hər hansı artımın olmamasını, buna görə də yeni iddianın təmin olunmamasnı xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, tərəflər rəsmi nikah qeyd etdirməklə evlənmiş, onların birgə nikahından xx.xx.2009-cü il tarixdə Hünər və xx.xx.2012-ci il tarixdə Uğur adlı uşaqları doğulmuşdur. Ailədaxili narazılıqlara görə tərəflər ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaqlar iddiaçının yanında qalmışdır. Əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)- 814/2021 saylı qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 130 manat, cəmi 260 manat sabit pul məbləğində alimentin alınıb iddiaçıya verilməsi qət edilmişdir. Hazırda iddiaçı alimentin artırılmasını xahiş edir.
6. İş materiallarının əlaqəli təhlili və işin müəyyən olunmuş halları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, ödənilən alimentin miqdarının artırılaraq yaşayış minumumu həddi daxilində müəyyən edilməsi tərəflərin real vəziyyətinə uyğun gəlir. Belə ki, azyaşlı uşaqlar ananın yanında yaşayır və onun bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. İki uşaq üçün ödənilən cəmi 193 manat aliment məbləği uşaqların əvvəlki təminatının səviyyəsinə uyğun deyildir.
7. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşaqların üstün mənafeyini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, hazırda iddiaçının uşaqlarına ödənilən alimentin miqdarı, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır. Bundan başqa, ötən müddətdə uşaqlar böyüməklə onların maddi tələbatı da artmışdır. Uşağın yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, azyaşlı uşaqlara təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşağın normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşağın mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan hər ay hər uşaq üçün 130 manat olmaqla, 260 manat məbləğində alimentin cavabdehdən alınması, hazırda uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır və uşaqların maddi tələbatlarını tam təmin etmir.
8. Bundan başqa məhkəmə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşaqların maraqlarını rəhbər tutaraq, onların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının hər ay hər uşaq üçün 145 manat olmaqla, cəmi 290 manat sabit pul məbləğində müəyyən edilməsini uşaqların mənafeyinə uyğun hesab edir. Həmçinin, yuxarıda qeyd olunduğu kimi nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin borcudur.
9. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşaqların mənafeyini və iddiaçının himayəsində yaşamasını, habelə digər diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay hər uşaq üçün 145 manat olmaqla, 290 manat sabit pul məbləğində alimentin alınması uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır.
10. Məhkəmə həmçinin hesab edir ki, cavabdehin daha yüksək maddi vəziyyətə malik olmasını, hər ay kifayət qədər qazanc əldə etməsini iddiaçı sübuta yetirə və bu barədə mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən, iddianın qalan hissəsi təmin oluna bilməz.
11. Mingəçevir Şəhər Məhkəməsinin 26 may 2022-ci il tarixli 2(051)-1020/2022 saylı qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) iddia qismən təmin olunmuş, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2009-cü il tarixdə doğulmuş Hünər və xx.xx.2012-ci il tarixdə doğulmuş Uğur adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)- 814/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşaq üçün 145 (bir yüz qırx beş) manat olmaqla, cəmi 290 (iki yüz doxsan) manat sabit pul məbləğinin həddində müəyyən edilməsi və Cavabdeh alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78 və 112-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
13. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2009-cü il tarixdə Hünər və xx.xx.2012-ci il tarixdə Uğur adlı uşaqları doğulmuşdur.
14. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-814/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasındakı birgə nikahdan doğulmuş Hünər və Uğur adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, 260 manat məbləğində alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir.
15. İşdə olan portaldan çıxarışdan görünür ki, İddiaçı əmək haqqı 936 manat təşkil edir.
16. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri
17. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnamənin qəbul edildiyi vaxtdan bu vaxtadək iddiaçının maddi durumu və həyat şəraiti ilə bağlı onun vəziyyətini pisləşdirəcək, cavabdehin isə maddi vəziyyətini yaxşılaşdıracaq şəkildə heç nə dəyişməmişdir.
18. Əksinə, məhkəmə araşdırması zamanı, cavabdeh kimi ona və işə baxan hakimə məlum olmuşdur ki, portaldan çıxarışdan görünür ki, iddiaçının əmək haqqı 936 (doqquz yüz otuz altı) manat təşkil edir. Halbuki, aliment təyin edilən zaman həmin hal araşdırılmamışdır. İddiaçı 1 saylı Musiqi məktəbində müəllim işləyir. O, yüksək əmək haqqından əlavə evdə repititorluqla məşğul olur, uşaq sayından asılı olaraq ayda 200-250 manat pul alır.
19. İddiaçı hal-hazırda da onu münaqişəyə cəlb etmək və özünün bildirməsinə görə onu həbs etdirmək məqsədilə məhkəmə qərarı olmadan qərəzlə evlənməzdən əvvəl aldığı və onun mülkiyyəti olan mənzildə yaşamaqda davam edir, onun şəxsi əşyalarını götürüb atır, yatdığı divanı və baxdığı televizoru satıb, onun evində yaşamaq imkanını və şəraiti qəsdən pisləşdirir, onun mənzilindən tam uzaqlaşdırmaq üçün münaqişəyə təhrik edir. Uşaqlar hər ikisi ilə birlikdə yaşayır və alimentdən əlavə demək olar ki, onun maddi və digər məişət (qaz, su işıq) təminatı altında yaşayırlar.
20. Baxmayaraq ki, cavabdeh kimi onun maddi vəziyyətində yaxşılığa doğru (eyni zamanda iddiaçının maddi təminatında pisliyə doğru) heç bir dəyişiklik baş verməmişdir. Əvvəlki kimi, hazırda da azyaşlı uşaqlara ictimai əsaslarla futbol məşqləri keçir. Rəsmi iş yeri yoxdur və əlavə gəlir və qazanc yerinə malik deyil. Müharibədən sonra başladığı bu işə cəlb olunan uşaqların çoxu şəhid və qazi balaları olduğundan üzvülük haqqı ödəmirlər. Aliment təyin olunduğu müddətdə dövlət tərəfindən müəyyən edilən uşaqların yaşayış minimumunda demək olar ki, dəyişiklik baş verməmişdir.
21. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 26 may 2022-ci il tarixli 2(051)- 1020/2022 saylı qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
24. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 26 may 2022-ci il tarixli 2(051)-1020/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, onun 936 manat əmək haqqı alması barədə göstərilənləri həqiqəti əks etdirmir. Əslində, o , 700 manat əmək haqqı alır. O, bu barədə olan arayışı məhkəmə kollegiyasına təqdim etdi.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1–ci maddəsi alimentin miqdarının artırılmasını (azaldılmasını) tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliyin baş verməsi ilə bağlamışdır.
26. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
27. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaq barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir.
28. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022–ci il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 233.4–cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
30. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdeh qətnamənin tam ləğv edilməsini xahiş etsə də, o, iddianın rədd olunmuş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasına dair heç bir sübut və dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin olunmuş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
37. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 17-18 və 20-ci bəndlərində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi bu qətnamənin 7-8-ci bəndlərində göstərilmiş əsaslarla iddianı qismən - hər ay hər uşaq üçün 145 manat - cəmi 290 manat sabit pul məbləğində, yəni hər uşaq üçün təyin edilmiş alimentin məbləğini 15 manat – iki uşaq üçün cəmi 30 manat artırmaqla təmin etməkdə haqlı olmuşdur.
38. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 19-cu bəndində göstərilmiş arqumentinə ayrılıqda münasibət bildirərək qeyd edir ki, həmin bənddə göstərilən halların hazırki işin nəticəsinə heç bir təsiri olmadığından, həmin halların araşdırılmasına zərurət görülməmişdir.
39. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz.
40. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 26 may 2022-ci il tarixli 2(051)-1020/2022 saylı qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 26 may 2022-ci il tarixli 2(051)-1020/2022 saylı qətnaməsi mübahisələndirilən - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Ayaz Mahmudov