Məhkəmə qərarları › İş №2(107)-1295/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1295/2023

01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1295/2023 01.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Məlikov Vəzirxan İsgəndər oğlu və Rəfiyev Rövşən Rafiq oğlundаn ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehin fərdi yaşayış evindən çıxarılması tələbinə dair” mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, e-2(019)- 665/2023 saylı qərardadından İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq müəyyən etdi: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2020-cu il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh istifadə hüququnun itirilməsi, həmin fərdi yaşayış evindən çıxarılması, əmlakın boşaldılması, mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin (hakim Hümbət Səlimov) 02 oktyabr 2023-cü il tarixli, e-2(019)-665/2023 saylı qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehin fərdi yaşayış evindən çıxarılması tələbinə dair iddia ərizəsinə tərəflər arasında bağlanmış 31 yanvar 2020-ci il tarixli AN-1 seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsinə aid hissədə xitam verilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti hazırkı mülki iş üzrə qərardadan şikayət vermişdir. Balakən Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, e-2(019)-665/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş şikayət qeyri-mümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 tərəfindən elektron kabinetə əlavə edilmiş şikayət elektron kabinetə yüklənərək elektron imza ilə imzalanmamış, yalnız “skan” edilərək PDF formasında elektron kabinetə yüklənmişdir. Bu isə özü-özlüyündə ərizənin elektron kabinet vasitəsilə verilməsi kimi qiymətləndirilə bilməz. Çünki elektron kabinet vasitəsi ilə verilmiş ərizənin həmçinin elektron imza ilə imzalanmalı, ərizənin elektron qaydada verilməsinin xüsusi şərtlərinə əməl edilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsindən görünür ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi qeyd edilənləri nəzərə almamış və verilmiş şikayəti geri qаytаrmаlı оlduğu hаldа səhvə yоl verərək оnu bаxılmаsı üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənləri də nəzərə alan məhkəmə kоllegiyаsı hesаb edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməsi üçün Balakən Rayon Məhkəməsinə geri qaytarılmalıdır. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 366.2 və 366.4-cü maddələrini rəhbər tutub məhkəmə kоllegiyаsı qərаrа аldı: Balakən Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, e-2(019)-665/2023 saylı qərardadından İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət qeyrimümkün hesab edilsin. Apellyasiya şikayəti Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməsi üçün Balakən Rayon Məhkəməsinə geri qaytarılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətinə Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar