Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1295/2024 17.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh «Ailə və Uşaqların Sosial Problemlərin Həllinə Dəstək» ictimai birliyinə qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, əsassız varlanma) X1 (sədrlik edən və məruzəçi), Tahirov Zamin Cəbrayıl oğlu və X4 ibarət tərkibdə, Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Ailə və Uşaqların Sosial Problemlərin Həllinə Dəstək» ictimai birliyinə qarşı pul tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-834/2024 nömrəli qətnaməsindən cavabdeh «Ailə və Uşaqların Sosial Problemlərin Həllinə Dəstək» ictimai birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdeh «Ailə və Uşaqların Sosial Problemlərin Həllinə Dəstək» ictimai birliyindan İddiaçı xeyrinə 900 (doqquz yüz) manat pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, İddiaçı xx.xx.2023-cü ildə kredit borcunu ödəmək məqsədilə ödəniş edərkən səhvən 900 (doqquz yüz) manat məbləğində pul vəsaitini təyinatı üzrə yox, Ailə və Uşaqların Sosial Problemlərinin X7 Birliyinin bank hesabına köçürmüşdür. İddiaçı dəfələrlə cavabdehdən pulun geri ödənilməsini tələb etsə də, cavabdeh pulu qaytarmaqdan yayınır. Nəticə etibarilə İddiaçı cavabdehin pulu könüllü şəkildə qaytarmayacağına dair əsaslı şübhələr yaranmışdır və pul tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də İddiaçı hesab edir ki, məhkəmə iddianı tam şəkildə təmin etməlidir. Odur ki, cavabdeh «Ailə və Uşaqların Sosial Problemlərin Həllinə Dəstək» ictimai birliyindan İddiaçı xeyrinə 900 (doqquz yüz) manat pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Bununla belə məhkəməyə telqram ünvanlayaraq, məhkəmə iclasına onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.
4. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh «Ailə və Uşaqların Sosial Problemlərin Həllinə Dəstək» ictimai birliyinin nümayəndəsi X5 məhkəmə iclası zamanı etiraz ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, «Ailə və Uşaqların Sosial Problemlərin Həllinə Dəstək» ictimai birliyi - xx.xx.2022-ci il tarixdə, 1122-Q79-4033 nömrəsi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası ərazində "Ailələrə Sosial Dəstək” Modeli Xidməti çərçivəsində insanların həyat şəraitini və rifahını yüksəltmək və sosial problemlərin həll edilməsinə dəstək olmaq kimi xidmətləri vardır. Təşkilatları 2022-ci ildən etibarən yüksək risk qrupuna aid olan əhali qrupları arasında profilaktik tədbirlər və maarifləndirmə xidməti həyata keçirir. Əməkdaşlıqlarının əsas məqsədi Azərbaycan Respublikası Qanunları qadağa olunmayan, bu sahədə çalışan digər yerli qeyrihökumət və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Belə ki, təşkilatın Sosial xidmətin məqsədi vətəndaşların həyat səviyyəsini ağırlaşdıran, sosial-psixoloji vəziyyətini çətinləşdirən, cəmiyyətdən təcrid olunmasına gətirib çıxaran halların qarşısına almaqdan, çətin həyat şəraitinin əmələ gəldiyi hallarda ehtiyacı olan şəxslərə sosial xidmətin göstərilməsini təmin etməkdən ibarətdir. Çətin həyat şəraitində yaşayan şəxsin (ailənin) sosial problemlərinin aradan qaldırılması və ictimai həyatda digər insanlarla bərabər iştirak imkanlarının yaradılması istiqamətində həyata keçirilən kompleks tədbirlər kimi xidmət göstərilir. Çətin həyatda şəraitində olan şəxslərə sosial xidmət göstərilməsi və insanlara daha yaxşı xidmət göstərilməsi üçün əməkdaşlıq və Məişət zorakılığından zərər çəkmiş və digər kateqoriyadan olan şəxslərə yardım göstərilməsi üçün «Ailə və Uşaqların Sosial Problemlərin Həllinə Dəstək» ictimai birliyinin "Ailələrə Sosial Dəstək” Modeli” xidmət çərçivəsində yaradılmışdır. Qeyrihökumət təşkilatı Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qadağan olunmamış məqsədlər üçün yaradıla və fəaliyyət göstərir. Bildirir ki, ianə verən xx.xx.2023-cü il tarixində (******************** MPAY QSC, Bakı şəhəri, Nərimanov rayonu A.Aqarunov küçəsi ev 7 B, ********** və AZ17AİİB******************** PAŞAPAY MMC CAM **********) tərəfindən "Ailə və Uşaqların” Sosial Problemlərin X7 birliyinə 1014 (bir min on dörd) manat ianə verilmişdir. Göstərilənləri nəzərə alaraq, qeyd olunmuş ianə barədə məlumatların ARƏNQVBİ-də reyestrə daxil edilməsini və bu barədə müvafiq bildiriş verilmişdir. İddiaçı X2 göstərilən tələblər qanuna zidd olduğu üçün tələblərin yerinə yetirilməsi imkanları xaricindədir. İddiaçının adını sistemdə görə bilmədikləri üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin QVNBİ-dən bildiriş alınmış və xeyriyyə məqsədləri üçün xərclənmişdir. Odur ki, məhkəmədən İddiaçı 2(051)-834/2024 saylı iş üzrə irəli sürdüyü iddia tələblərini tamamilə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Cavabdeh «Ailə və Uşaqların Sosial Problemlərin Həllinə Dəstək» ictimai birliyinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.
6. Məhkəmə MPM 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hersab etmişdir.
7. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ə.Hüseynov) xx.xx.2024-cü il tarixli, 2(051)- 834/2024 nömrəli qətnaməsi ilə, iddia tələbi təmin edilmiş, cavabdeh «Ailə və Uşaqların Sosial Problemlərin Həllinə Dəstək» ictimai birliyindən 900 (doqquz yüz) manat məbləğdə pulun alınıb İddiaçı verilməsi qət edilmişdir.
8. Birinci intansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə kredit borcundan ödəniş etməyə çalışarkən səhvən 900 manat məbləğində pulu «Ailə və Uşaqların Sosial Problemlərin Həllinə Dəstək» ictimai birliyinin hesabına ödəmişdir. Sonradan həmin ictimai birliyə səhvən ödədiyi pulun qaytarılması üçün müraciət etsə də, ictimai birlik onun pulunu geri qaytarmamışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
9. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, hazırki mülki iş üzrə münasibətlər borc tələbi üzrə yaranan münasibətlər deyil, əsassız varlanma üzrə yaranan münasibətlərdir. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına əsassız varlanmışdır.
10. Məhkəmə qeyd etmişdir ki, cavabdeh əsassız varlanmışdır. Belə ki, onun varlanmasına haqq qazandıran qanuni əsas və ya müqavilə əsası mövcud deyildir.
11. Ona görə də məhkəmə hesab etmişdir ki, cavabdeh vurduğu zərər nəticəsində əldə etdiyi əmlakları iddiaçıya qaytarmalıdır.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.7, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən narazı qalan cavabdeh «Ailə və Uşaqların Sosial Problemlərin Həllinə Dəstək» ictimai birliyi apellyasiya şikayəti vermişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hesab edirlər ki, Mingəçevir rayon Məhkəməsinin 2(051)-834/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi əsassız və qanunsuzdur, bu səbəbdən qətnamə ləğv olunmalıdır.
15. xx.xx.2023-cü il tarixində "xxxx" İctimai Birliyinə MPAY QSC bank hesablarına 1014 (bir min on dörd) manat məbləğində ianə köçürülmüşdür. İanənin köçürülməsi barədə müvafiq məlumatlar ARƏNQVBİ-də reyestrə daxil edilmiş və bu barədə müvafiq bildirişlər verilmişdir. Qeyri-hökumət təşkilatlarının ianə qəbul etməsi və bu ianələrin bank hesablarına köçürülməsi yalnız qanunla müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilir. Onlara isə 900 manat tanımadıqları və adını görə bilmədikləri şəxs tərəfindən 900 manat köçürülmüşdür.
16. Həmçinin bildirirlər ki, iddiaçının əməliyyatdan bir il sonra məhkəməyə müraciət etməsi də maraqlı məqamlardandır və bu məhkəmənin diqqətindən yayınmışdır. Əgər pul vəsaiti səhv göndərilmişdirsə, onda iddiaçı dərhal onlarla əlaqə saxlamalı və nəticə əldə etmədikdə məhkəməyə müraciət etməli idi. Bunun üçün bir il gözləmək nəyə lazım idi? Bu suala aydınlıq gətirilməlidir.
17. Qətnaməyə nəzər yetirdikdə, qətnamənin əsaslandırıcı hissəsinin ümumiyyətlə olmadığını, məhkəmənin ehtimallar üzərinə qətnamə qəbul etdiyi aydın görünür. Göstərilənlərə əsasən hesab edirlər ki, cavabdehin 900 manat pul vəsaitinin geri tələb etməsi isə əsassızdır.
18. Bildirirlər ki, iddiaçı tərəfindən təqdim olunan iddia ərizəsi onlara verilməmişdir. Bu, məhkəmə prosesinin ədalətliliyini və şəffaflığını təmin etmək baxımından ciddi bir nöqsandır. İddia ərizəsinin cavabdehə təqdim edilməməsi, cavabdehin iddialar barədə müvafiq şəkildə məlumatlandırılmasını təmin etmir və bu da məhkəmənin qərarına təsir edə bilər.
19. Bundan başqa iddiaçı tərəfindən iddia etdiyi kredit borcu barədə hər hansı sənəd, müqavilə məhkəməyə təqdim olunmamışdır. Məhkəmənin qərarında, təşkilatlarına qarşı olan borc müqaviləsinin olmaması əsaslı səbəblərdən biri kimi qiymətləndirilməlidir. Müqavilənin olmaması, iddiaçının iddialarının qanuni əsasa dayanmadığını göstərir.
20. Həmçinin iddiaçı tərəfindən təqdim olunan telefon zənglərinin tarixçəsi və səs yazıları nəzərə alınmamışdır. Bu məlumatlar, iddiaçının əsaslandığı əhəmiyyətli dəlillərdir və müvafiq şəkildə qiymətləndirilməlidir.
21. İddiaçı tərəfindən təqdim olunan MPAY müraciət tarixinin araşdırılmaması, iddiaçının iddialarının düzgün qiymətləndirilməməsinə səbəb olmuşdur.
22. Beləliklə, göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallar tam, obyektiv və hərtərəfli araşdırılmamamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan hallar düzgün müəyyən edilməmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, nəticədə qətnamə qeyri- mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilərək qəbul edilmişdir.
23. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi qeyd edilən halları (xüsusatları) tam və obyektiv araşdırmamış, bununla da məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, bu isə qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi ilə nəticələnmişdir.
24. Odur ki, Mingəçevir rayon Məhkəməsinin 2(051)-834/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-834/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh «Ailə və Uşaqların Sosial Problemlərin Həllinə Dəstək» ictimai birliyinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Lakin həmin təşkilatın sədri məhkəmə kollegiyasına göndərdiyi teleqramında məhkəmə iclasında səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini və bu səbəbdən işə onun iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2. və 14.2.7-ci maddələrinə əsasən əsassız varlanma Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-ci maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
29.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
30. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neqanti, incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
Apellyasiya baxışının hədləri
31. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Apellyator Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)- 834/2024 nömrəli qətnaməsinin tam ləğvini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.
35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
36. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə səhvən 900 manat məbləğində pulu «mpay» ödəniş terminalından «Ailə və Uşaqların Sosial Problemlərin Həllinə Dəstək» ictimai birliyinin hesabına ödəmişdir. İddiaçı sonradan həmin ictimai birliyə səhvən ödədiyi pulun qaytarılması üçün müraciət etsə də, ictimai birlik onun pulunu geri qaytarmamışdır. Bu səbəbdən də İddiaçı 900 manat məbləğində pulun «Ailə və Uşaqların Sosial Problemlərin Həllinə Dəstək» ictimai birliyindən tutulması tələbi ilə məhkəmədə iddia qaldırmışdır.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin ləğv edilməli olmasına dair dəlilləri ilə razılaşmır.
38. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının əməliyyatdan bir il sonra məhkəməyə müraciət etməsinin məhkəmənin diqqətindən yayınmasına dair dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
39. Həmin Məcəllənin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır.
40. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
41. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə iddiaçının hüququnun pozulmasını müəyyən etdikdən sonra iddia ərizəsini məhkəməyə müəyyən müddətin keçməsi ilə təqdim etməsi iddia ərizəsinin icraata qəbulunu istisna edən hal kimi nəzərdə tutulmamışdır.
42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
43. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh təşkilat iddiaçının ona qarşı qaldırdığı iddia tələbinə iddia müddətinin tətbiqinə dair birinci instansiya məhkəməsinə ərizə təqdim etməmiş, bu səbəbdən həmin məsələ birinci instansiya məhkəməsində müzakirə edilməmişdir.
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçı tərəfindən təqdim olunan iddia ərizəsinin onlara verilməməsinə dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan birinci instansiya məhkəməsinin cavabdeh təşkilata ünvanladığı 28 fevral 2024-cü il tarixli bildirişdən görünür ki, həmin bildirişdə digər sənədlərlə yanaşı cavabdehə iddia ərizəsinin də göndərildiyi qeyd edilmişdir.
45. Həmçinin iş materiallarında olan cavabdeh «Ailə və Uşaqların Sosial Problemlərin Həllinə Dəstək» ictimai birliyinin Mingəçevir Şəhər Məhkəməsinə ünvanladığı 29 fevral 2024-cü il tarixli iddia tələbinə etirazından görünür ki, cavabdeh təşkilat həmin etirazında İddiaçı 2(051)-834/2024 nömrəli iş üzrə irəli sürdüyü iddia ərizəsinin tamamilə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
46. Kollegiya qeyd edir ki, iddia ərizəsinin vaxtında cavabdeh təşkilata təqdim edilməsi, cavabdeh «Ailə və Uşaqların Sosial Problemlərin Həllinə Dəstək» ictimai birliyinin Mingəçevir Şəhər Məhkəməsinə ünvanladığı 29 fevral 2024-cü il tarixli iddia tələbinə etirazı ilə təsdiq edilmişdir.
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçı tərəfindən iddia etdiyi kredit borcu barədə hər hansı sənədin, müqavilənin məhkəməyə təqdim olunmaması, iddiaçı tərəfindən təqdim olunan MPAY müraciət tarixinin araşdırılmaması, iddiaçı tərəfindən təqdim olunan telefon zənglərinin tarixçəsinin və səs yazılarının nəzərə alınmamasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, iddiaçı tərəfindən tələb etdiyi 900 manatın cavabdeh təşkilata məhz ianə olaraq ödənilməsini təsdiq edə biləcək hər hansı bir səs yazısı cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə 900 manatın «Ailə və Uşaqların Sosial Problemlərin Həllinə Dəstək» ictimai birliyinə ödənilməsinə dair ödəniş sənədində həmin məbləğin ianə olaraq verilməsi nəzərdə tutulmadığından, iddiaçı tərəfindən kredit borcu barədə hər hansı sənədin, müqavilənin məhkəməyə təqdim edilməməsi, iddiaçı tərəfindən MPAY QSC-yə hansısa tarixdə müraciət etməsi, onun bu məsələ üzrə hansısa tarixlərdə telefonla danışması hazırkı iddia tələbinin təmin edilməsini istisna edən hallar deyildirlər.
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan halların tam, obyektiv və hərtərəfli araşdırılmamaması, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, məhkəmənin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutları sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir.
50. Beləliklə şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, işin faktiki halları tam və hərtərəfli araşdırılmış, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-834/2024 nömrəli qətnaməsi cavabdeh «Ailə və Uşaqların Sosial Problemlərin Həllinə Dəstək» ictimai birliyinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh «Ailə və Uşaqların Sosial Problemlərin Həllinə Dəstək» ictimai birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-834/2024 nömrəli qətnaməsi cavabdeh «Ailə və Uşaqların Sosial Problemlərin Həllinə Dəstək» ictimai birliyinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.