Məhkəmə qərarları › İş №2(107)-1297/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1297/2024

21.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1297/2024 21.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əsassız varlanma, çəkilmiş xərclər) Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Yevlax Rayon Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, 2(039)-1191/2024 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları ünvan 1 ünvanında yerləşən 33 nömrəli mənzili Cavabdeh adına rəsmiləşdirilmişdir. İddiaçıya görə ünvan 1 ünvanında yerləşən 33 nömrəli mənzilin pulunu o ödəsədə Cavabdeh mənzili ona qaytarmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 52000 (əlli iki min) manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə uzun müddət birgə qeyri rəsmi ailə kimi yaşamışlar. Cavabdehə həddindən çox etibar edirdi. Özü üçün Mingəçevir şəhərində mənzil almaq qərarına gəlmişdir. Lakin özü Kəlbəcər rayonundan məcburi köçkün olduğu üçün öz adına almadı. Aldığı ünvan 2 ünvanında yerləşən mənzili cavabdehin adına rəsmiləşdirmişdi. Həmin mənzilin alınması üçün 2019-cu ildə 40000 manat pul vermişdir. Həmçinin evin rəsmiləşdirilməsi üçün 2000 manat xərcləmişdir. Evin avadanlığı olmadığından, mebel və digər əmlakları almaq üçün 10000 manat pul xərcləmişdir. Hazırda pula ehtiyacı olduğu üçün həmin mənzili satmaq istəyir. Lakin cavabdeh evi satmaqdan imtina edir. Həmin evi öz evi hesab edir. Həmçinin pulunun geri qaytarılmasını bildirsə də, cavabdeh imtina edir. Evi cavabdeh hazırda satmışdır. Evi heç vaxt hədiyyə etmək fikri olmamışdır. Sadəcə cavabdehlər birlikdə kirayədə qalmasınlar deyə həmin evdə yaşamışlar. Yevlax ŞİHB-nın Kövər kənd İƏD üzrə nümayəndəliyinin 15 mart 2024-cü il tarixli 5- 9-11/2-101/2024 saylı arayışından görünür ki, Qurbanov X5 rayonundan məcburi köçkündür. Mingəçevir şəhər Polis şöbəsinin araşdırma materiallarından görünür ki, Cavabdeh izahat verərkən, evin iddiaçı tərəfindən alınmasını, lakin onun adına rəsmiləşdirildiyini bildirmişdir. 22 yanvar 2020-ci il tarixli çıxarışdan görünür ki, X2 "xxxx" ASC-də 40772 manat kredit götürmüşdür. 17 fevral 2021-ci il tarixli qaimə fakturadan görünür ki, İddiaçı 3826 manat dəyərində mebel almışdır. Məhkəmə iclasında İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil2 bildirmişdir ki, tərəflərin yaxın münasibətləri olmuşdur. Cavabdeh məcburi köçkünolduğundan mənzili alarkən öz adına rəmiləşdirməmişdir. Həmin mənzili cavabdehin adına rəsmiləşdirmişdir. Evin alınmasına 40000 manat pul vermişdir. Daha sonra evə lazım olan əşyaları alıb yerləşdirmişdir. Mingəçevir Şəhər Polis şöbəsində araşdırma aparılan zaman hər iki tərəf izahat vermişdir. Həmin izahatlarda cavabdeh evin iddiaçı tərəfindən alındığını etiraf etmişdir. Həmçinin məhkəməyə təqdim edilmiş audio səs yazmasında da cavabdeh evin iddiaçı tərəfindən alınmasını etiraf etmişdir. Hazırda cavabdeh mənzili və ya pulu verməkdən imtina edir. Buna görə də müxtəlif fikirlər söyləyir. İddiaçı həmin mənzili həyat yoldaşının adına kredit götürərək almışdır. Məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, İddiaçı ilə faktiki ailə münasibətləri olmuşdur. Evi o tapmış və qohumlarının vəsaiti hesabına almışdır. Evin Fərhada aidiyyəti yoxdur. Ev 40000 manata alınmışdır. 20000 manatı öncədən verilmişdir. 20000 manatı isə alqı-satqı zamanı verilmişdir. Fərhad evə mebel və kondisioner almışdır. Onlar da onun haqqıdır və iddiaçıya qaytarmayacaq. Polis şöbəsində verdiyi izahat onun sözləri ilə yazılmamışdır. İzahata imza atsa da, polis işçilərinə inanıb imza etmişdir. Səs yazmalarda olan səs ona məxsusdur. Lakin həmin səsyazmada Mingəçevir şəhərində olan mənzildən yox Yevlax şəhərində olan evdən söhbət gedir. Belə ki, Fərhad qohumunun adına Yevlax şəhərində ev almışdır. Aralarında mübahisə elə həmin evə görə düşmüşdür. Belə ki, Fərhada evi övladlarının adına keçirməsini bildirmişdir. Gələcəkdə başına bir iş gəlsə həmin evdən heç kimin xəbəri olmadığından başqasına qalacaqdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 bildirmişdir ki, tərəflər faktiki ailə həyatı yaşamışlar. Həmin vaxt cavabdeh qohumlarının maddi dəstəyi ilə özünə ev almışdır. Hazırda iddiaçı onun tərəfindən alınmasını bildirsə də, özü üçün mənzil almış olsaydı öz adına rəsmiləşdirərdi. İddiaçı tərəfin istinad etdiyi Mingəçevir Şəhər Polis şöbəsinin qərarından şikayət vermişlər. Həmin qərar Mingəçevir Şəhər Məhkəməsinin qərarı ilə ləğv edilmişdir. Yevlax Rayon Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, 2(039)-1191/2024 nömrəli (hakim: R.Əlizadə) qətnaməsi ilə, iddia tələbi qismən təmin edilərək, Cavabdeh 43826 manat pul tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh qeyri rəsmi olaraq ailə kimi yaşamışlar. İddiaçı Kəlbəcər rayonundan məcburi köçkündür. 2020-ci ildə iddiaçı özünə mənzil alan zaman məcburi köçkün olduğu üçün mənzili cavabdehin adına rəsmiləşdirmişdir. Həmin mənzilin alınmasına 40000 manat pul verilmişdir. Həmçinin ev üçün 3826 manat dəyərində mebel alınmışdır. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091, 1092, 1093, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 119.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 birinci instansiya məhkəməsinin qətnaməsinin qismən təmin edilmə hissəsində ləğv, iddianın tam rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında da İddiaçı etiraf etmişdir ki, onun başqa yerlərdə evləri olmuş, bacısı oğlu və digər qohumlarının adına almışdır. Onlar ailə kimi olmuş, cavabdehə kiminsə evi lazımdeyil, özüdə sığorta şirkətində işləmiş, maddi imkanı yaxşı olmuşdur. Atası tərəfindən də həmişə maddi dəstək almışdır. Telefonda danışıqları da İddiaçı qohumun adına aldığı evlə bağlı söhbəti olmuşdur. Bundan başqa da məhkəmə sübut kimi istinad etdiyi aydın olmayan səs yazısının hansı şəraitdə yazılması və hansı evdən söhbətin getməsi məlum deyildir. İddiaçı pulu var idisə əvvəl aldığı kimi bacısı oğlu və digər qohumunun adına ev alardı. Özünün deməyi ilə onunla heç bir ailə münasibətləri və ya qohumluq münasibəti olmadığı halda onun adına niyə ev alırdı? Özü də 40.000 manat kredit götürərək. İddiaçı tərəfindən ev üçün alınmış avadanlıqlar naturada mövcuddur. Götürülməsinə etiraz etməmişdir. Odur ki, şikayətin təmin olunmasını xahiş edir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisəli mənzil 2020-ci ilin oktyabr ayında cavabdehin özü tərəfindən alınmışdır. Həmin evin iddiaçıya heç bir aidiyyəti yoxdur. Ev 40000 manata alınmışdır. Səs yazıları iş üzrə tərəflərə aid olsada həmin səs yazılarında iddiaçının Yevlax rayonunda aldığı mənzildən söhbət gedir. Cavabdehin polis şöbəsində verdiyi izahatla bağlı iş isə artıq ləğv edilmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, o, vaxtı ilə bacısı oğlunun adınada Yevlax rayonunda ev almışdır. Lakin mübahisə Mingəçevir şəhərində yerləşən evlə bağlı olmuşdur. O, cavabdehlə qeyri-rəsmi ər-arvad münasibətində yaşamışlar. Bu səbəbdən də evi cavabdehə inandığı üçün onun adına sənədləşdirmişdir. O, məcburi köçkün pulu kəsilməsin deyə evi öz adına rəsmiləşdirməmişdir. Lakin, evin pulunu bankdan kredit götürərək o vermişdir. Bundan başqa, evə mebel və kondisionerdə almışdır. Göstərilənlərə əsasən, apellyasiya şikayətini təmin edilmədən birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında müəyyən edilmişdir ki: “... Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. ...”

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının həddi

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə əsassız varlanma ilə bağlıdır. Belə ki, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsassız varlanma nəticəsində əldə etdiyi 52000 manat pulun tutularaq ona verilməsini xahiş etmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini bütünlükdə yəni, iddianın təmin edilməsi hissəsində mübahisələndirmişdir. Ümumiyyətlə apellyator iddia tələbinin rədd edilməsini tələb edir. Məhkəmə kollegiyası işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında yazılı müqavilə mövcud olmamışdır. İddiaçının iddiasına görə ünvan 1 ünvanında yerləşən 33 nömrəli mənzilin pulunu o ödəsədə Cavabdeh mənzili ona qaytarmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh qeyri rəsmi olaraq ailə kimi yaşamışlar. İddiaçı Kəlbəcər rayonundan məcburi köçkündür. İddiaçı özünə mənzil alan zaman məcburi köçkün olduğu üçün mənzili cavabdehin adına rəsmiləşdirmişdir. Həmin mənzilin alınmasına 40000 manat pul verilmişdir. Həmçinin ev üçün 3826 manat dəyərində mebel alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında yaranmış hazırkı mübahisənin qanuni həlli baxımından Mülki Məcəllənin “Əsassız varlanma və onun nəticələri”ni tənzimləyən 1091-1095-ci maddələrinin tələbləri nəzərdə keçirilə bilər. Məlum olduğu kimi Mülki Məcəllənin 14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Məhkəmə kollegiyası işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh İddiaçı (onun aldğı mənzilin pulu) hesabına əsassız olaraq varlanmışdır. Belə ki, əsassız varlanma müəyyən bir şəxsə məxsus olan əmlakın və ya pulun başqa şəxs tərəfindən lazımi əsas (hüquqi əsas) olmadan əldə edilməsi zamanı yaranan münasibətləri tənzimləyir. Əsassız varlanma qanundan əmələ gələn öhdəlikdir və onun əsas funksiyası öz əmlakından əsassız olaraq məhrum edilən şəxsin mülkiyyət hüququnu qorumaqdır. Əsassız varlanma ilə bağlı iddianın verilməsi üçün şərtlər ondan ibarətdir ki, bir şəxs başqa bir şəxsin hesabına əmlak (pul) əldə etməli; bu zaman şəxsə zərər vurulmalı; başqa şəxsin hesabına əmlak əldə edilməsinin hüquqi əsası olmamalıdır. Göründüyü kimi, əsassız varlanmada iki tərəf iştirak edir. Onlardan biri heç bir hüquqi əsas olmadan başqasının hesabına əmlak əldə etməklə varlanmış şəxs, digəri isə bunun nəticəsində əmlak itkisinə məruz qalmış şəxs sayılır. Əsassız varlanma nəticəsində şəxsin pozulmuş hüququ isə ancaq o, halda bərpa edilə bilər ki, o həqiqətən əmlak itkisinə məruz qalmış olsun. Hazırki işdən isə görünür ki, iddiaçı Qurbanov X3 şəhərində yerləşən mübahisəli mənzilin pulunu ödəyərək satın almış və mənzili cavabdehin adına rəsmiləşdirmişdir. Lakin, cavabdeh tərəf kifayət qədər vicdanlı davranmayaraq əmlakı iddiaçıya qaytarmaqdan imtina etmişdir. Bununla da, iddiaçı mübahisəli mənzilə hüquqlarını itirdiyindən, cavabdeh həmin əmlakın dəyəri məbləğində iddiaçının hesabına əsassız varlanan şəxsə çevrilmişdir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlili olan səs yazılarının Yevlax rayonundakı evə aid olması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, məhkəmə kollegiyasının iclasında iş materiallarına əlavə edilmiş səs yazıları dinlənilərək tədqiq edilmişdir. İlkin olaraq səs yazısında olan tərəflərin hazırki iş üzrə iddiaçı və cavabdeh olduqları müəyyən edilmişdir. Tədqiq edilmiş həmin səs yazılarında cavabdeh tərəfindən “ev Fərhadındır; evi kişi alarda; kişi aldığını deməz” kimi ifadələr işlədilmişdir. Səs yazılarından daha sonra müəyyən edilir ki, İddiaçı dəfələrlə evi özünün aldığını bildirmiş Cavabdeh isə buna heç bir zaman etiraz etməmişdir. İşin hallarından göründüyü kimi, mübahisə Mingəçevir şəhərində yerləşən mənzildən gedir. Cavabdeh tərəf formal olaraq söhbətin Yevlax rayonunda yerləşən hansısa evdən getdiyini bildirsədə bununla bağlı məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Tədqiq edilmiş həmin səs yazılarında tərəflər heç vaxt Yevlax rayonunda ev ifadəsini də işlətməmişlər. Ümumiyyətlə işdən və elektron məhkəmə sistemindən iddiaçının adına hansısa mənzilin olması müəyyən edilməmişdir. İşin digər mühüm hallarından biri ondan ibarətdir ki, iddiaçı və cavabdeh ünvan 1 ünvanında yerləşən 33 nömrəli mənzil qeyri-rəsmi ər-arvad münasibətində yaşamışlar. Yeni alınan evdə həmin mənzildir. Elə mübahisədə həmin mənzillə bağlıdır. Doğrudur, iddiaçı tərəf izahatında vaxtı ilə bacısı oğlunun adınada Yevlax rayonunda ev aldığını bildirsə də, işin materialları və səs yazılarından evin məhz Mingəçevir şəhərində yerləşməsi müəyyən edilir. Kollegiya xüsusilə qeyd edir ki, hazırki iş üzrə cavabdeh Hüseynova X4 şəhər Polis şöbəsində verdiyi izahatında Mingəçevir şəhərində yerləşən mənzili İddiaçı tərəfindən 40.000 manat pul verilərək alındığını və məcburi köçkün olduğu üçün evi onun adına rəsmiləşdirdiyini bildirmişdir. Bundan başqa, izahatın sonunda Cavabdeh öz xətti ilə “İzahatıma başqa əlavəm yoxdur, mənim sözlərimlə yazıldı doğru olmasını öz imzamla təsdiq edirəm” kimi ifadə qeyd etmiş və imzalamışdır. Göründüyü kimi, tərəflər arasında mübahisə məhz Mingəçevir şəhərində alınmış mənzilə görə yaranmışdır. Belə olan halda, cavabdeh tərəfin səs yazılarının Yevlax rayonunda olan mənzillə baxlı olması dəlilləri öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin səs yazılarında hansı evdən danışıldığının müəyyən edilməməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, tədqiq edilmiş həmin səs yazılarında cavabdeh tərəfindən “ev Fərhadındır; evi kişi alarda; kişi aldığını deməz” kimi ifadələr işlədilmişdir. Eyni zamanda, cavabdeh Hüseynova X4 şəhər Polis şöbəsində verdiyi izahatında Mingəçevir şəhərində yerləşən mənzili İddiaçı tərəfindən 40.000 manat pul verilərək alındığını və məcburi köçkün olduğu üçün evi onun adına rəsmiləşdirdiyini bildirmişdir. Belə olan halda isə, cavabdehin tərəfin səs yazılarında hansı evdən danışıldığının müəyyən edilməməsi ilə bağlı arqumentləri anlaşılan və məntiqə uyğun olaraq qəbul edilən deyildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın ləğv edilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, iş materiallarından Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə, Mingəçevir ŞPŞ-nin TB-nin xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın ləğv edildiyi müəyyən edilir. Məhkəmə kollegiyası qərarın ləğv edilməsi ilə bağlı qeyd edir ki, həmin qərar ümumiyyətlə hazırki iş üzrə preyudisial əhəmiyyətə malik olmamışdır və qərarın ləğv edilməsi və ya dəyişdirilməsi iş üzrə mühüm əhəmiyyət daşımamışdır. Birinci instansiya məhkəməsi sadəcə digər sübutlarla yanaşı Cavabdeh Mingəçevir şəhər Polis şöbəsində verdiyi izahatına hüquqi qiymət vermişdir. Cavabdeh Hüseynova X4 Şəhər Məhkəməsinə verdiyi şikayətində polis şöbəsində verdiyi izahatında oxumadığını bildirmişdir. Həmin halla bağlı xüsusilə qeyd edilməli məqam isə ondan ibarət olmuşdur ki, Cavabdeh polis şöbəsində verdiyi izahatı özü şəxsən imzaladığı bildirmişdir. Bundan başqa, izahatın sonunda Cavabdeh öz xətti ilə “İzahatıma başqa əlavəm yoxdur, mənim sözlərimlə yazıldı doğru olmasını öz imzamla təsdiq edirəm” kimi ifadə qeyd etmişdir. Kollegiya eyni zamanda qeyd edir ki, Cavabdeh polis şöbəsində verdiyi ifadənin altındakı imzanı və qeydləri heç bir zaman mübahisələndirməmiş, əksinə ifadənin onun özü tərəfindən imzalandığını bildirmişdir. Bundan başqa, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında isə, Mingəçevir ŞPŞ-nin TB-nin xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın hansı əsasla ləğv edilməsi ümumiyyətlə göstərilməmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, cavabdeh tərəf “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan şikayəti Mingəçevir Şəhər Məhkəməsinə hazırki işin icraatı davam edən zaman vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mübahisəli mənzilin onun özü tərəfindən (qohumlarının köməkliyi ilə) alınması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında bildirmişdir ki, evi o tapmış və qohumlarının vəsaiti hesabına almışdır. Evin Fərhada aidiyyəti yoxdur. Ev 40000 manata alınmışdır. 20000 manatı öncədən verilmişdir. 20000 manatı isə alqı-satqı zamanı verilmişdir. Göründüyü kimi, cavabdeh tərəf mənzilin iddiaçı yox özləri tərəfindən alındığını bildirsə də, həmin halla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası sübutlarla bağlı bildirir ki, tərəf (və/vəya hansısa dəlili irəli sürən) iş üzrə qarşı tərəfin tələbinin əsasları ilə bağlı verdiyi etirazın dəlillərini sübut etmə yükünü daşıyır. Yəni, tərəf irəli sürdüyü dəlilləri sübut etməlidir. Məhəkəm kollegiyası qeyd edir ki, sübutetmə yükünün düzgün bölüşdürülməsi işin araşdırılması zamanı mühüm əhəmiyyətə malikdir Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə yükü barədə qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğunu və ya olmadığını (baş verib-vermədiyini) sübut etmək hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Eyni zamanda, məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin qeyd etdiklərini əsaslı hesab etmək mümkün deyil. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mübahisəli mənzilə 10.000 manat pul xərclənməməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, Yevlax Rayon Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, 2(039)-1191/2024 nömrəli qətnaməsi ilə, iddia tələbi həmin hissədə qismən təmin edilərək, cavabdehdən 3826 manat pul tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Bundan başqa, Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında bildirmişdir ki, Fərhad evə mebel və kondisioner almışdır. Onlar da onun haqqıdır və iddiaçıya qaytarmayacaq. Bundan başqa, 17 fevral 2021-ci il tarixli qaimə fakturadan görünür ki, İddiaçı 3826 manat dəyərində mebel almışdır. Göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi cavabdehin izahatını və qaimə fakturanı əsas tutaraq iddianı həmin hissədə 3826 manat pula aid hissədə təmin etmişdir. İddiaçı tərəf isə həmin hissədə qətnaməni mübahisələndirməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, 3826 manatlıq mebelin iddiaçı tərəfindən alınması tam sübuta yetirildiyindən birinci instansiya məhkəməsi həmin məbləği cavabdehdən tutlmaqda haqlı olmuşdur. Odur ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia ərizəsində evin 2019-cu ildə alınması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, Mingəçevir şəhərində yerləşən mənzilin alınması işin mübahisələndirilməyən halıdır. Bundan başqa, iş materiallarından və tərəflərin izahatlarından Mingəçevir şəhərində yerləşən mənzilin 2019-cu ildə yox, 2020-ci ildə alındığı müəyyən edilir. Belə olan halda kollegiya hesab edir ki, iddia ərizəsində həmin mənzilin 2019-cu ildə alınması texniki yalnışlıq olmuşdur, çünki Mingəçevir şəhərində yerləşən mənzil 2020-ci ildə alınmışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh heç bir qanuni və ya müqavilə əsası olmadan tələb etməsinə baxmayaraq İddiaçı pulu hesabına alınmış mənzili özündə saxlamışdır. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin iddiaçının hesabına əsassız varlandığının müəyyən edilməsi onun üzərinə əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi qoyur. Belə ki, Mülki Məcəllənin 1092.1-ci addəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Belə olan halda işə baxan birinci instansiya məhkəməsi haqlı olaraq 43826 manat pulun cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qanuni qətnamə qəbul etmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, eyni zamanda mahiyyəti üzrə düzgün olan qətnamə qəbul edilmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyatorun verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, 2(039)-1191/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar