Məhkəmə qərarları › İş №2(107)-1302/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1302/2020

23.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1302/2020 23.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X4 iclas katibliyi və cavabdeh X2 iştirakı ilə İddiaçı cavabdeh X3 qarşı “təbii qazdan istifadə haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 2(054)-146/2020 nömrəli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X5 tərəfindən təbii qazdan istifadəyə görə yaranmış 400,20 manat borc, 20,00 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı - cəmi 420,60 manat məbləğin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 2(054)-146/2020 nömrəli (hakim K.Süleymanov) qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh X1 təbii qazdan istifadəyə görə yaranmış 400,20 manat borc, 20,00 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı - cəmi 420 (dörd yüz iyirmi) manat 60 (altmış) qəpik tutularaq İddiaçı hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh X5 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, ona qarşı verilmiş tələb tam əsassızdır. Əvvəla ona görə ki, qaz sayğacı onun həyətindən kənarda, yəni küçədə quraşdırıldığından sayğaca küçədən keçən istənilən şəxs müdaxilə edə bilər. İkincisi, bu ahıl yaşında sayğaca müdaxilə etmək ona yaraşmaz, üçüncü buna ehtiyac da yoxdur. Belə ki, o daim sərf etdiyi qaz pulunu vaxtıvaxtında ödəmişdir. Hesab edir ki, tələb tam əsassızdır, ona görə də qətnamənin ləğv olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə iddiaçı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini, cavabdehin izahatı və iş üzrə təqdim olunmuş sənədlərlə birlikdə əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki,apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 2(054)-146/2020 nömrəliqətnaməsi ləğv edilərək, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və buna imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imza edilməlidir. Mülki Prosessual Məcəllənin 150.0.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəlləsinin 152.1.1.-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Təqdim olunmuş sənədlər məhkəmə kollegiyası tərəfindən əlaqəli şəkildə araşdırılarkən müəyyən edilmişdir ki, iddia ərizəsinə əlavə olunmuş sənədlər, o cümlədən etibarnamə və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (qəbz) surət olmaqla məhkəməyə təqdim edilmiş, işə baxan birinci instansiya məhkəməsi də bütün bunlara əhəmiyyət verməyərək işə mahiyyəti üzrə baxmış, apelyasiya icraatı zamanı da qeyd olunan nöqsanlar aradan qaldırılmamışdır. İddiaçının iş materiallarına əlavə etdiyi xx.xx.2020-ci il tarixli etibarnamə nəzərdən keçirildikdə müəyyən olunur ki, həmin etibarnamə və orada olan imza surət olmaqla onu verən şəxs tərəfindən şəxsən icra olunmamışdır. Belə etibarnamələr konkret şəxsə hər hansı səlahiyyət verən sənədlər kimi qəbul oluna bilməz. Çünki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 362.5-ci maddəsi tələb edir ki, hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnamə ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilsin. Həmin Məcəllənin 331.3-cü maddəsinə görə isə əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə o halda yol verilir ki, həmin əqdi imzalayan tərəflər arasında belə imza atılmasının halları və qaydası barədə razılaşma olsun. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, etibarnamə özlüyündə birtərəfli iradə ifadəsi, yəni birtərəfli əqd olduğundan burada tərəflər anlayışından və onların mövcudluğundan, deməli onlar arasında sənədə imzanın surətinin qoyulması barədə razılaşmadan da söhbət gedə bilməz. Belə vəziyyət verilmiş etibarnaməyə imzanın faksimilesinin və ya digər surətinin qoyulmasına icazə vermir və bu qaydada verilmiş etibarnamə qanuni etibarnamə hesab olunmadığından hüquqi nəticə də törətmir. Bu isə səlahiyyət verən və səlahiyyət verilən şəxsin hüququnun aşkarlığını, həmçinin iddiaçının tələb hüququnu, uyğun olaraq tələbinin də aşkarlığını şübhə altına alır. Mülki Prosessual Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-3.3-cü maddəsinə əsasən ərizə ümumi qaydada verildikdə, iddiaçı və ya onun nümayəndəsi tərəfindən imzalanır və iddiaçının əsaslandığı sənədlər ona əlavə edilir. Nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd də əlavə edilməlidir. Göründüyü kimi kiçik iddialara dair ərizələr məhkəməyə ümumi qaydada verilməklə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə həmin sistemdə qeydiyyatdan keçmiş mülki işlər üzrə işdə iştirak edən şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilməsi qeyd olunsa da, həmin ərizəyə əlavə olunmuş sənədlərin əsli və ya lazımi qaydada təsdiq olunmuş surətinin, eləcə də ərizəni imzalayan şəxsin səlahiyyətini təsdiq edən sənədin lazımi qaydada təsdiq olunmadan ərizə əlavə olunması istisna deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Mülki Prosessual Məcəllənin 149-cu maddəsində iddia ərizəsinin formasına və məzmununa irəli sürülən tələblər öz əksini tapıb. İddiaçının məhkəməyə təqdim etdiyi ərizə həmin tələblərə cavab verməlidir. Göründüyü kimi ərizənin formasına və məzmununa dair tələblərə əməl edilmədikdə, habelə MPM-in 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər ərizəyə əlavə edilmədikdə və göstərilmiş müddət ərzində bu nöqsanlar aradan qaldırılmadıqda ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Mülki Prosessual Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 259.0.12, 391, 400, 402- 406-cı maddələrini rəhbər tutaraq, apellyasiya isntansiyası məhkəməsi Qərara aldı: Cavabdeh X5 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Oğuz Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 2(054)-146/2020 nömrəli qətnaməsi ləğv edilsin və iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah olsun ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Hakimlər: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar