Məhkəmə qərarları › İş №2(107)-1304/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1304/2025

05.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1304/2025 05.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “sığorta ödənişi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “sığorta ödənişi” tələbi, qüvvə) X3 Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “sığorta ödənişi” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 31 oktyabr 2025-ci il tarixli, 2(019)-484/2025 nömrəli qətnaməsindən cаvаbdеh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11772,50 manat sığorta ödənişi məbləğinin və 125,32 manat dövlət rüsumunun, cəmi 11897,82 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə “VAZ 21144” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" ASC-də sığortalanmış "Baic X55" markalı, ** PS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 16 322,50 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı AR DİN BDYPİ-nin ünvana xx.xx.2021-ci il tarixli İnzibati xəta haqqında Qərarının surəti daxil olmuş və sözügedən Qərara əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri görülmüşdür. AR DİN BDYPİnin "xxxx" ASC-yə təqdim etdiyi Arayışa əsasən “VAZ 21144” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü olan Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. “İcbari sığortalar haqqında” AR Qanununun 56-cı maddəsinə əsasən üçüncü şəxslərin əmlakına dəyən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləği 5000,00 manat müəyyən edilmişdir. Qeyd olunan maddəyə əsasən xx.xx.2021-ci il tarixində “VAZ 21144” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalamış "xxxx" ASC tərəfindən 5000,00 manat məbləğində pul vəsaiti Cəmiyyətə ödənilmişdir. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 11 772,50 manat sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Cəmiyyət tərəfindən Cavabdeh ünvanına xx.xx.2024-cü il tarixli, AS24/1585 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də, müvafiq sığorta ödənişi məbləği bugünədək Cəmiyyətə ödənilməmişdir. "xxxx" ASC tərəfindən 31 oktyabr 2025-ci il tarixində məhkəməyə daxil olan ərizədən görünür ki, mülki iş üzrə iddia ərizəsində səhvən "xxxx" ASC-dən 5000 manat sığorta ödənişinin alınması qeyd edilmişdir. Halbuki, "xxxx" ASCdən 4550 manat sığorta ödənişi alınmışdır. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək iddiaçı "xxxx" ASC-nin "pul tələbinə dair" iddiasının (iş № e-2(019)-484/2025) iddianın qaldırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş 3 illik müddətin ötürülməsi səbəbindən rədd edilməsi (iddiadan imtina) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ona qarşı "pul tələbinə dair" iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmiş və həmin mülki iş hazırda e2(019)-484/2025 nömrə ilə məhkəmənin icraatındadır. İddiaçı "xxxx" ASC hazırki işdə haqlı olsa belə, pul tələbi ilə bağlı iddianın qaldırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəlləsinin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd olunur ki, "Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.2-373.4-cü maddələri). Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (MM-in 373.5-ci maddəsi). İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqlarm məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətləri və onların hesablanması ilə bağlı qaydalar bir sıra ölkələrin (Rusiya, Ukrayna, Qazaxıstan, Belarus, Almaniya, Fransa, Türkiyə və s.) qanunvericüiklərində də müəyyən edilmişdir. Bu dövlətlərin qanunvericiliklərində iddia müddətləri müxtəlif müəyyən edilsə də, mahiyyət etibarı ilə eyni məqsədə xidmət edir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair" 27 dekabr 2001-ci il tarixli Qərarında əks olunmuşdur. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normalarm kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. ( MM-in 375.1 və 375.2 maddələri). Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı) Eyni zamanda, nəzərə alınmalıdır ki, işin məhkəmə baxışma hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışma hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutlarm təqdim olunmasını təklif edə bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları)".

3. Balakən Rayon Məhkəməsinin 31 oktyabr 2025-ci il tarixli, 2(019)-484/2025 saylı qətnaməsi ilə (hakim Arifə Cəfərova) iddia qismən təmin edilmiş, Cavabdeh 8967 manat sığorta ödənişi və 109.67 manat dövlət rüsumu, cəmi 9076.67 manat alınıb iddiaçı "xxxx" ASC-yə ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 125,32 manat dövlət rüsumunun 15.65 manatı iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə 250 manat qiymətləndirilmə xərcinin Cavabdeh tutularaq "xxxx" MMCnin hesabına ödənilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1 və 25.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 21.1, 372.1, 372.2, 373.1, 375.2, 936.1, 936.2, 936.5, 1096.1, 1096.2, 1108.1 və 1114.1-ci maddələrinə istinad etmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: xx.xx.2021-ci il tarixli hesablama aktından görünür ki, "xxxx" MMC-nə məxsus “BAİC X55” markalı “** PS ***” dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün hesablanan ümumi yekun məbləğ 16 772.50 manatdır. xx.xx.2021-ci il tarixli 21-00778/02 saylı sığorta aktından görünür ki, "xxxx" ASCdə sığorta edilmiş "xxxx" MMC-yə məxsus "Baic X55" markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 16772.5 manat, hesablanmış sığorta ödənişinin yekun məbləği 16322.50 manat təşkil edir. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən Sirena MMC-nin hesabına 16322.5 manat məbləğində pul köçürülmüşdür. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində görünür ki, "Baic X55" markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-in adına xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində görünür ki, “VAZ 21144” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh adına xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. 831157827 nömrəli xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 125.32 AZN dövlət rüsumu ödənilmişdir. "xxxx" MMC-nin 11 avqust 2025-ci il tarixli 02-237/25 nömrəli qiymətləndirmə hesabatından görünür ki, aparılan araşdırma və təhlillərə əsasən "Baic X55" markalı, ** PS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin və dəymiş zərərin yenidən bərpası üçün görülməli işlərin dəyəri orta bazar qiymətinə uyğun olaraq ümumilikdə 13517 (on üç min beş yüz on yeddi) AZN ziyan dəymişdir. Belə ki, ehtiyat hissələri üzrə 12267.00 AZN (on iki min iki yüz altmış yeddi) AZN ziyan dəymişdir. Nəqliyyat vasitəsinin təmiri üçün 1250 AZN (bir min iki yüz əlli) AZN vəsait tələb olunur. "xxxx" ASC-nin hesab üzrə çıxarışından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabına 4550 manat məbləğ ödənilmişdir.

6. Qətnаmədən nаrаzı qаlаn cаvаbdеh Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, İddiaçı ASC hazrki işdə haqlı olsa belə, pul tələbi ilə bağlı iddianın qaldırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-cimaddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəlləsinin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Balakən Rayon Məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, apellyasiya şikayətinin “Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” bölməsində Balakən Rayon Məhkəməsi tərəfindən işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamaması və işdə olan sübutlara düzgün hüquqi qiymət verməsi ilə bağlı əsaslar ətraflı şəkildə qeyd olunmuşdur. Hansı ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən,tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 82.3-cümaddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində (sübutların qiymətləndirilməsi) qeyd olunur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bununla da, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 76, 82 və 88-ci maddələrinin tələblərini pozmuşdur ki, bu da son nəticədə qəbul edilmiş qətanamənin qanuni və əsaslı olmamasına əsas yaratmışdır.

8. Ona görə də, Balakən Rayon Məhkəməsinin 31 oktyabr 2025-ci il tarixli, 2(019)- 484/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

11. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: 25.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 284-1-ci mаddəsinə əsаsən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 394-1.1-ci mаddəsinə əsаsən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir. 394-1.3-cü mаddəsinə əsаsən apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

13. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

16. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

17. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

18. Cavabdeh Balakən Rayon Məhkəməsinin 31 oktyabr 2025-ci il tarixli, 2(019)- 484/2025 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslıdır, qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, gəlinmiş nəticələr qanunvericiliyin tələblərinə uyğundur.

20. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə “VAZ 21144” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozmuş, xx.xx.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat cərimə edilmişdir. Odur ki, cavabdehin yol-nəqliyyat hadisəsində təqsiri olmaması ilə bağlı dəlili əsassızdır. Onun təqsiri nəticəsində "xxxx" MMC-yə məxsus "Baic X55" markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Həmin avtomobil isə "xxxx" ASC-də sığorta edilmişdir. "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına 16322.5 manat məbləğində pul köçürülmüşdür. Bu halda iddiaçının sığorta ödənişini vermiş sığortaçı olaraq, subroqasiya qaydasında cavabdehdən ödənişi tələb etmək hüququ vardır. Məhkəmə yol-nəqliyyat hadisəsi nəticəsində "Baic X55" markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği ilə bağlı qeyd edir ki, xx.xx.2021-ci il tarixli sığorta aktına əsasən sığorta ödənişinin yekun məbləği 16322.50 manat hesablanmışdır. Lakin cavabdeh vurulan ziyanın məbləği ilə razılaşmamışdır. "xxxx" MMCnin 11 avqust 2025-ci il tarixli qiymətləndirmə hesabatı ilə müəyyən edilmişdir ki, "Baic X55" markalı, ** PS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin və dəymiş zərərin yenidən bərpası üçün görülməli işlərin dəyəri orta bazar qiymətinə uyğun olaraq ümumilikdə 13517 (on üç min beş yüz on yeddi) AZN ziyan dəymişdir. Belə ki, ehtiyat hissələri üzrə 12267.00 AZN (on iki min iki yüz altmış yeddi) AZN ziyan dəymişdir. Nəqliyyat vasitəsinin təmiri üçün 1250 AZN (bir min iki yüz əlli) AZN vəsait tələb olunur. Məhkəmə hesab edir ki, "xxxx" MMC-nin qiymətləndirilmə hesabatı mötəbər sübut kimi qəbul edilməli, nəqliyyat vasitəsinə dəymiş zərər kimi 13517 AZN məbləğ əsas götürülməlidir. Cavabdehin idarə etdiyi “VAZ 21144” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalamış "xxxx" ASC tərəfindən iddiaçı "xxxx" ASC-nin hesabına 4550 manat məbləğ ödənilmişdir. Odur ki, "Baic X55" markalı nəqliyyat vasitəsinə dəymiş zərər olan 13517 AZN pul vəsaitindən 4550 manat icbari sığorta üzrə ödənilmiş məbləğ çıxılmaqla 8967 (13517-4550) manat cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Cavabdehin 3 illik iddia müddətin ötürülməsi ilə bağlı ərizəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, hazırki iddia tələbi üzrə iddia müddəti keçməmişdir, belə ki, ümumi iddia müddəti on il təşkil edir. Buna görə də cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi rədd edilməlidir.

21. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə hüquqi qiymət verərək qeyd edir ki, şikayətin dəlilləri əsassızdır.

22. Belə ki, iş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında 05 fevral 2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh hərəkətləri nəticəsində heç bir cinayət hadisəsi baş vermədiyi üçün toplanmış material üzrə onun barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə “VAZ 21144” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 60 manat cərimə edilmişdir.

23. Cavabdehin iddia müddətinin ötürülməsi iə bağlı apellyasiya şikayətinin dəlilinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin həmin dəlili əsassızdır. Belə ki, könüllü sığorta müqaviləsi üzrə münasibətlər iddiaçı və cavabdeh arasında deyil, iddiaçı və sığortalı şəxs "xxxx" MMC arasında mövcud olmuşdur. İddiaçı bu müqavilə üzrə öhdəlyini icra etmiş, yəni sığorta ödənişini həyata keçirmiş və subroqasiya hüququndan istifadə edərək hazırkı iş üzrə iddianı vermişdir. Göründüyü kimi sığortalı "xxxx" MMC və Cavabdeh arasında isə zərərvurmadan (deliktdən) doğan öhdəlik münasibətləri meydana gəlmişdir. İddiaçı sığorta şirkəti sığortalı ilə öz arasında olan sığorta müqaviləsi üzrə sığorta ödənişini həyata keçirdiyindən MM-in 936.1-ci ("Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.") və 936.2-ci ("Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi iddiası ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.") maddələrinə əsasən onun subroqasiya hüququ yaranmışdır. MM-in 936.1-ci maddəsində subroqasiya hüququna verilmiş anlayışdan da göründüyü kimi, sığorta şirkəti sığortalı və cavabdeh arasında mövcud olmuş zərərvurmadan irəli gələn münasibətlərdə ödədiyi sığorta məbləği həcmində tələb hüququnu əldə etmişdir. Beləliklə işin göstərilən halları onu təsbit edir ki, hazırkı iş üzrə iddiaçı və cavabdeh arasındakı münasibətlər sığorta müqaviləsindən deyil, zərər vurmadan doğan öhdəlik münasibətləridir. Bu növ öhdəliklərdən irəli gələn tələblərə isə ümumi iddia müddəti şamil edilir və MM-in 373.1-ci maddəsinə görə, ümumi iddia müddəti on il təşkil edir.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

25. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin 31 oktyabr 2025-ci il tarixli, 2(019)-484/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 31 oktyabr 2025-ci il tarixli, 2(019)-484/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar