Məhkəmə qərarları › İş №2(107)-1306/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1306/2022

15.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1306/2022 15.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- alimentin miqdarının artırılması, yaşayış minumumu) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tаrixli, 2(019)-632/2022 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli 2 (019)-1294/2018 saylı qətnaməsi ilə oğluxx.xx.2017-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarını dəyişərək Cavabdeh uşağın saxlanması üçün hər ay sabit pul məbləğində 250 manat alimentin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, nikahlarını xx.xx.2016-cı il tarixdə 03 saylı Bakı «Asan xidmət» X2 3559 sayla rəsmiləşdirərək, Bakı şəhəri Sulutəpə qəsəbəsində yaşayan Cavabdeh ilə evlənmişlər. Birgə nikahdan xx.xx.2017- ci il tarixdə X4 adında bir uşaqları doğulmuşdur. Balakən Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli 2 (019)-1294/2018 saylı qətnaməsi ilə onunla Cavabdeh arasında bağlanmış rəsmi nikah pozulmuş, oğlu Yusifin onun himayəsində saxlanması və uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 110 manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb ona verilməsi qərara alınmışdır. O, heç yerdə işləmir, oğlu Yusif 5-ci yaşdadır. Yusifin ehtiyacları müntəzəm olaraq artır. Samir tərəfindən ödənilən alimentin miqdarı çox azdır. Ona uşağa baxılmasında valideynləri kömək edirlər. Uşağın atası Cavabdeh oğlunun saxlanmasına ödədiyi 110 manatdan başqa heç bir köməklik göstərmir. Samir fərdi işlərlə məşğul olur, müəyyən qazancı vardır. Samirin uşağının baxılıb saxlanması üçün yüksək məbləğdə aliment ödəmək imkanı vardır. Hazırda ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 manatdır. Lakin o, alimentin artırılması ilə bağlı indi məhkəməyə müraciət edir. Bakı şəhərində və Bakının ətraf şəhər və rayonlarında bir uşağa görə 193 manat aliment təyin olunur. Samir də Bakı şəhərinə yaxın ərazidə yaşayır. Onun aylıq qazancı yüksəkdir. İddiasının təmin olunmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tаrixli, 2(019)-632/2022 saylı qətnaməsi ilə (Z.Tahirov) iddianın qismən təmin olunması, Balakən Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli 2(019)-1294/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməsi (artırılması), hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən tərəflərin birgə nikahından xx.xx.2017-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması, Cavabdeh ödənilmiş 34 manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehin ödədiyi 110 manat aliment yetkinlik yaşına çatmayan uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir və bu səbəbdən iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Belə ki, uşaq böyüdükcə onun tələbatı, o cümlədən maddi tələbatı artır. Bu da uşağı saxlamaq üçün valideynlərin üzərinə əlavə vəzifələr qoyur. Ölkə üzrə uşaqların saxlanması üçün yaşayış minimumunun artması da uşaqların mənafeyinin qorunmasına, hazırki şəraitdə onların təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinin təmin edilməsinə yönəlmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə qeyd etmişdir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Məhkəmə qeyd etmişdir ki, qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Göstərilənlərin konteksində məhkəmə hesab etmişdir ki, xeyrinə aliment ödənilən uşağın böyüdükcə maddi tələbatının yüksəlməsi, Balakən Rayon Məhkəməsinin 23 oktyabr 2018- ci il tarixli qətnaməsi ilə aliment təyin edilən tarixdə uşaqlar üçün yaşayış minimumunun ölkə üzrə 154 manat olduğu təqdirdə, hazırda bu yaşayış minimumunun artması (2022-ci ildə uşaqlar üçün yaşayış minimumunun 193 manat təşkil etməsi) və bu xüsusda uşağın əvvəlki təminat səviyyəsinin maksimal saxlanması zərurəti alimentin miqdarının dəyişdirilməsi (artırılması) üçün qanunda göstərilən əsas kimi qəbul edilməlidir. İş materiallarından görünür ki, tərəflərin birgə nikahından xx.xx.2017-ci il tarixdə doğulmuş X1 üçün Balakən Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli 2(019)-1294/2018 nömrəli qətnaməsi ilə təyin edilmiş 110 manat aliment həmin uşağın yaşının və bu xüsusda aradan keçən 4 ilə yaxın müddət ərzində tələbatının artması zərurətinə cavab vermir. Ona görə də həmin alimentin miqdarı artırılmalıdır. Bu zaman uşağı saxlamağın hər iki valideynin vəzifəsi olması, həmçinin cavabdehin müvafiq aylıq qazanca (gəlirə) malik olması halı nəzərə alınmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödənişi cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmamalı, tərəflərin mənafeləri arasında ədalətli tarazlığa riayət olunmalıdır. Uşağa ən azından yaşayış minimumunun təmin edilməsi valideynin birbaşa vəzifəsidir və yuxarıda qeyd olunduğu kimi, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqlarla bölüşməyə borcludurlar. İş materiallarından görünmüşür ki, Balakən Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında nikahın pozulması və aliment tələbinə dair mübahisəyə baxılarkən Cavabdeh işləməsi, o cümlədən "xxxx" QSC-də işləməsi və əmək haqqının, aylıq qazancının (başqa gəlirlərinin) hansı məbləğ təşkil etməsi barədə məhkəməyə məlumat verməmiş, bu barədə hər hansı sübut təqdim olunmamışdır. Baxmayaraq ki, o, həmin işə baxılarkən məhkəməyə teleqram göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, nikahın ləğv edilməsini, azyaşlı uşağın iddiaçının yanında saxlanmasını və uşağın saxlanması üçün əmək haqqısının 1/4 hissəsi miqdarında alimentin tutulmasını xahiş etmişdir. Ona görə də Cavabdeh işləməsi, o cümlədən "xxxx" QSC-də işləməsi və əmək haqqı alması iddia tələbi və ona etirazla bağlı məhkəmənin araşdırma və hüquqi qiymətləndirmə predmeti olmamış, bu, işin faktoloji halı kimi müəyyən olunmamışdır. Həmin qətnamədə Cavabdeh işləməsi, aylıq qazanca (gəlirə) malik olması halı müəyyən edilməyərək, bu əsasla ondan sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Ona görə məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə Cavabdeh özünün etiraf etdiyi kimi "xxxx" QSC-də təmir və monitorinq bölməsində mütəxəssis vəzifəsində işləməsi və məbləğini dəqiq göstərməsə də aylıq əmək haqqı alması Ailə Məcəlləsinin 112.1-ci maddəsində almentin artırılması əsası kimi göstərilən onun maddi vəziyyətində dəyişiklik olması halı kimi nəzərə alınmalıdır. Belə ki, 23 oktyabr 2018-ci il tarixli qətnamə ilə aliment təyin edilən vaxt şəxsin işləməsi müəyyən olunmadığı halında bu qətnamədən sonra onun işləməsi və aylıq müvafiq artımla əmək haqqına malik olması onun maddi vəziyyətində müsbət mənada dəyişik olmasını, yəni maddi vəziyyətinin yaxşılaşmasını ehtiva edir. Alimentin miqdarı müəyyən olunduqdan sonra şəxsin maddi vəziyyətinin yaxşılaşması isə təyin olunan alimentin artırılması üçün faktoloji və hüquqi əsas kimi çıxış edir. Eyni zamanda birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ümumməlum faktdır ki, Balakən Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən olunduqdan sonra hazırki vaxtadək gündəlik tələbat malları, sənaye malları və ərzaq məhsullarının qiyməti davamlı olaraq artmışdır. Məhz həm də bunun nəticəsi olaraq dövlət tərəfindən yaşayış minimumu, o cümlədən uşaqlar üçün yaşayış minimumu məbləği artırılmışdır. Belə ki, aliment təyin olunan 2018-ci ildə uşaqlar üçün yaşayış minimumu məbləği 154 manat olduğu təqdirdə, 2022-ci il üçün bu məbləğ 193 manat təşkil etmişdir. Uşaqlar üçün yaşayış minimumu məbləğinin artırılması şübhəsiz ki, uşaqların artan tələbatının təmin edilməsi üçün lazımi şəraitin yaradılması ilə bağlıdır. Belə ki, bütün sahələr üzrə uşaqların üstün maraqlarının təmin edilməsi Azərbaycan dövlətinin prioritet siyasətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair» 05 oktyabr 2012-ci il tarixli qərarında göstərildiyi kimi, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inktişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Eyni zamanda birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanun normalarının tələbinə görə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və mövcud məhkəmə praktikasına görə uşağa qulluq göstərmək, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi uşağın himayəsində olduğu valideynin üzərinə düşdükdə yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğ aliment kimi digər valideyndən tutulur. Bu hal faktoloji və hüquqi əsas olaraq Azərbaycan Respublikasının məhkəmə praktikasında tətbiq olunur. İş üzrə Cavabdeh hazırki iddia tələbinə dair etirazında iddiaçı tərəfindən Ailə Məcələsinin 112-ci maddəsində göstərilən halların olmasını, o cümlədən onun maddi vəziyyətində dəyişiklik olmasını təsdiq edən sübutların məhkəməyə təqdim olunmadığını, iddia tələbinin əsaslandırıldığı halların sübut edilmədiyini göstərir. Bu xüsusda məhkəmə bir daha qeyd etmişdir ki, Balakən Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən edilərkən Cavabdeh işləməsi, o cümlədən "xxxx" QSC-də işləməsi və müəyyən məbləğdə əmək haqqı alması faktoloji hal olaraq müəyyən olunmamış və bu konteksdə məhkəmənin qiymətləndirmə predmeti olmamışdır. Cavabdeh tərəfindən də həmin iş üzrə məhkəməyə müraciət olunarkən onun işləməsi, o cümlədən "xxxx" QSC-də işləməsi və müəyyən məbləğdə əmək haqqı alması göstərilməmiş və bu barədə hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Cavabdeh "xxxx" QSC-də işləməsi və müəyyən məbləğdə əmək haqqı almasını hazırki iş üzrə iddiaya etirazında bildirmişdir və bu hal, hazırki iş üzrə müəyyən olunmuş faktoloji haldır. Yuxarıda göstərildiyi kimi, belə olan vəziyyətdə bu hal və həmçinin həmin qətnamə çıxarıldıqdan sonra hazırki vaxtadək onun əmək haqqında ehtimal olunan artımın olması cavabdehin maddi vəziyyətində dəyişiklik olaraq Ailə Məcəlləsinin 112.1-ci maddəsində nəzərdə tutulmuş alimentin artırılması əsası kimi qəbul edilməlidir Eyni zamanda cavabdeh iddiaya etirazını əsaslandırdığı hal kimi həftənin 5 günü səhər saat 9.00-dan 18.00-a qədər "xxxx" QSC-də təmir və monitorinq bölməsində mütəxəssis vəzifəsində işlədiyni və vergilər və məcburi ödənişlər tutulduqdan sonra yekun əmək haqqının 439 AZN təşkil etdiyini, Ailə Məcəlləsinin 76-cı maddəsinin tələbinə görə həmin 439 AZN manatın bir uşağın saxlanması üçün dörddə bir hissəsinin 110 AZN təşkil etdiyini, ondan da 110 AZN alimentin tutulduğunu və bununla da alimentin artırılması üçün əsasın olmadığını göstərmişdir. Məhkəmə iddiaya etirazın bu halını qəbul etməyərək, bildirmişdir ki, qanuna görə aliment digər məcburi ödənişlər tutulduqdan sonra (vergilərdən başqa) qalan məbləğdən deyil, vergilər tutulduqdan sonra qalan əmək haqqında tutulur. Belə ki, alimentin özü də ödəmədir və qanunda digər ödənişlər (vergidən başqa) tutulduqdan sonra alimentin tutulması halı nəzərdə tutulmamışdır. Məhkəmə qeyd etmişdir ki, eyni zamanda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.5-ci maddəsinə əsasən alimentlər də gəlir vergisindən azaddır. Lakin cavabdeh bu xüsusda iddiaya etiraz etsə də, bu etirazıq əsaslandırıldığı hallar kimi, əmək müqaviləsi (kontraktı) üzrə onun əmək haqqının nə qədər təşkil etməsini, o cümlədən: pul və ya natura ilə ödənilən tarif (vəzifə) maaşının, pul ilə əmək haqqına olan bütün növ əlavələrin və pul ilə verilən mükafatların və digər ödəmələrin aylıq nə qədər təşkil etməsini iddiaya etirazında göstərməmiş, onun əmək haqqından hansı məcburi ödənişlərin tutulmasını, digər məcburi ödənişlər deyil, vergilər tutulduqdan sonra aldığı əmək haqqının nə qədər təşkil etməsini qeyd etməmişdir. Halbuki qanuna görə aliment vergilər tutulduqdan sonra yerdə qalan məbləğdən tutulur. Qeyd olunanlar iddiaya bu etirazın faktoloji və hüquqi əsasa malik olmadığını göstərir və ona görə də məhkəmə etirazın bu halını qəbul etməmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh həmçinin iddiaya etirazın əsaslandırıldığı hallar kimi işləməyən valideynlərinin onun himayəsində olduğunu və ailə qurmağa hazırlaşdığını qeyd edir. Məhkəmə iddiaya etirazın bu hallarını da qəbul etməmişdir. Belə ki, cavabdeh valideynlərinin işləmədiyini və onun himayəsində olduğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa nəzərə çatdırılmışdır ki, qanunvericiliyə əsasən işləməyən şəxslər müvafiq işsizlik müavinəti alır, həmçinin pensiya yaşına çatmış şəxslərə və ya əlilliyi olan şəxslərə dövlət tərəfindən müvafiq pensiya və ödənişlər ödənilir. Digər tərəfdən cavabdehin bildirdiyinə görə ailə qurmağa hazırlaşması onun hələ ailə qurması və ailə vəziyyətində dəyişikliyin baş verməsi demək deyildir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 9.4-cü maddəsinə əsasən ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Ailə Məcəlləsinin 112.1-ci maddəsində o cümlədən alimentin müəyyən olunmuş miqdarının dəyişilməsi əsası kimi tərəfin o cümlədən ailə vəziyyətində dəyişikliyin baş verməsi; onun yeni nikaha girməsi, himayəsində yetkinlik yaşına çatmayan uşaqların olması və s. göstərilmişdir. Bu xüsusda iş materiallarına əsasən cavabdehin ailə vəziyyətində heç bir dəyişiklik baş verməmişdir. Həmçinin Cavabdeh iddiaya etirazında iddiaçı tərəfin məktəbdə müəllimə işləməklə yanaşı, dərsdən sonra şagirdlərə əlavə ödənişli dərslər keçməklə müəyyən qazanc əldə etməsi və iddiaçının aylıq gəlirinin 700-800 manat təşkil etməsini göstərsə də, iddia tələbinə etirazının əsaslandırıldığı hal kimi İddiaçı dərsdən sonra şagirdlərə əlavə ödənişli dərslər keçməklə müəyyən qazanc əldə etməsi və aylıq gəlirinin 700-800 manat təşkil etməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, bu halın mövcudluğunu sübut edə bilməmişdir. İş materiallarında da İddiaçı dərsdən sonra şagirdlərə əlavə ödənişli dərslər keçməklə müəyyən qazanc əldə etməsi və aylıq gəlirinin 700-800 manat təşkil etməsini təsdiq edən heç bir sübut yoxdur. Ona görə məhkəmə iddiaya etirazın bu halını da qəbul etməmişdir. Məhkəmə qeyd etmişdir ki, ümumiyyətlə Cavabdeh tərəfindən iddia tələbinə etirazını əsaslandırdığı qeyd olunan halların mövcudluğunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmiş, bu halların mövcudluğu sübut edilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Eyni zamanda İddiaçı da cavabdehin əlavə olaraq fərdi işlərlə məşğul olmasını təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmiş, bu halın mövcudluğunu sübut edə bilməmişdir. Halbuki MPM-nin 77.1-ci maddəsinə əsasən bu halı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Göstərilənlərin konteksində məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin tələbi, həmçinin cavabdehin işləməsi və aylıq əmək haqqı alması ilə bağlı faktoloji hal, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsinin qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas ola bilməsi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyi və bu hüquqi mövqelər əsasında formalaşmış məhkəmə praktikası əsas tutulmaqla uşağın saxlanması üçün elə bir aliment məbləği təyin olunmalıdır ki, həmin məbləğ uşağın əvvvəkli təminat səviyyəsinin maksimal saxlanması üçün şəraiti təmin etsin və həmçinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq yaratsın. Bu konteksdə aliment ödənişinin onu ödəyən cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmaması və tərəflərin mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurəti nəzərə alınaraq, təyin olunmuş alimentin dəyişdirilərək (artırılaraq) hər ay 170 manat sabit pul məbləğində müəyyən olunması əsaslı və ədalətlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia qismənmüəyyən olunmuş alimentin 170 manat miqdarında artırılması hissəsində təmin edilməli, 170 manatdan artıq tələb məbləği hissəsində isə təmin edilməməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli, 8- 2/2016 №-li qərarının 8.14-cü bəndində qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə belə qənaətə gəlmişdir ki, təyin olunmuş alimentin dəyişdirilməsi (artırılması) hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4, 78.1, 78.2, 99, 112.1 -ci maddələrini, «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunu, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü, 8-ci, 13-cü, 19-cu maddələri, Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarı, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli, 8- 2/2016 №-li qərarı, BMT-nin 20 noyabr 1989-cu il tarixli «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsi, «Uşaq hüquqları haqqında» Konvensiyanın 5, 27-ci maddələri, BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 2, 4 saylı prinsipləri, Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2, 77.1, 218.3 -cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Qeyd edir ki, o hal-hazırda həftənin 5 günü səhər saat 9:00-dan 18:00-a qədər "xxxx" QSC-də təmir və monitorinq bölməsində mütəxəssis vəzifəsində işləyir və onun aylıq qazancı vergilər və digər məcburi ödənişlər tutulduqdan sonra yekun əmək haqqı 439 AZN təşkil edir. Digər tərəfdən qeyd etmək istəyir ki, cavabdeh İddiaçı məktəbdə müəllimə olaraq çalışır, dərsdən sonra şagirdlərə əlavə olaraq ödənişli şəkildə dərslər keçməklə müəyyən qazanclar əldə edir. O cümlədən bildirmək istəyir ki, valideynləri hal-hazırda onun himayəsindədir və heç biri işləmir. Özü isə yaxın zamanlarda ailə qurmağa hazırlaşır. Bütün bunları nəzərə alaraq, məhkəmə alimenti qanunvericiliyin normalarına uyğun olaraq qazancın (ümumi gəlirin) müəyyən hissəsi kimi müəyyən etməli idi. Bu səbəbdən birgə nikahdan xx.xx.2017-ci il tarixdə doğulmuş oğlu X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment qanunvericiliyə uyğun olaraq hər ay ümumi qazancın dörddə bir hissəsi kimi müəyyən edilməlidir. Məhkəmə tərəfindən onun əmək haqqısının nə qədər olması araşdırılmamış, əsassız yerə sabit pul məbləğinin tutulması qərara alınmışdır. Odur ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(019)-632/2022-ci il tarixli qətnaməsi ləğv edilərək, birgə nikahdan xx.xx.2017-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün alimentin qanunvericiliyə uyğun olaraq 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını Sizdən xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq proses tərəfləri məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməsə də, Cavabdeh 13 dekabr 2022-ci il tarixdə məhkəməyə ərizə göndərərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanunu: Azərbaycan Respublikasında 2022-ci il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən 1 yanvar 2022-ci ildən uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu: «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsində göstərilir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiyəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkə mə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(019)- 632/2022-ci il tarixli qətnaməsi ləğv edilərək, birgə nikahdan xx.xx.2017-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün alimentin qanunvericiliyə uyğun olaraq 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(019)-632/2022-ci il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iclasında mülki iş materiallarına əlavə edilən sübutların bilavasitə tədqiqi əsasında aydın olmuşdur ki, Balakən Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli 2 (019)- 1294/2018 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixdə 3 saylı Bakı «Asan xidmət» X2 3559 nömrə ilə bağlanmış nikah pozulmuş, boşanmadan sonra onların uşağı-xx.xx.2017-ci il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılmış, xx.xx.2018-ci il tarixdən başlayaraq azyaşlı-xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 110 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Hazırda cavabdehin ödədiyi 110 manat aliment yetkinlik yaşına çatmayan uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir və bu səbəbdən iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Belə ki, uşaq böyüdükcə onun tələbatı, o cümlədən maddi tələbatı artır. Bu da uşağı saxlamaq üçün valideynlərin üzərinə əlavə vəzifələr qoyur. Ölkə üzrə uşaqların saxlanması üçün yaşayış minimumunun artması da uşaqların mənafeyinin qorunmasına, hazırki şəraitdə onların təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinin təmin edilməsinə yönəlmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi hər ay xx.xx.2017-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 170 manat sabit pul məbləğində aliment məbləğini müəyyən etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi dəlilləri ilə razılaşmır. Belə ki, cavabdeh apellyasiya şikayətində aylıq yekun əməkhaqqısının vergilər və digər məcburi ödənişlər tutulduqdan sonra 439 manat təşkil etdiyini, valideynlərinin hal-hazırda onun himayəsində olduğunu, onların heç birinin işlədiyini, özü yaxın zamanlarda ailə qurmağa hazırlaşdığını bildirsə də, bu hallar onu uşağı saxlamaq və ya məhkəmə tərəfindən təyin edilən aliment məbləğini ödəmək öhdəliyindən azad etmir. Belə ki "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib. Bununla da birinci instansiya məhkəməsi alimentin məbləğini uşaq üçün 170 manat sabit pul məbləğində alimenti qət etməklə əslində cavabdehin də mənafeyini nəzərə almışdır. Apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, cavabdeh İddiaçı məktəbdə müəllimə olaraq çalışır, dərsdən sonra şagirdlərə əlavə olaraq ödənişli şəkildə dərslər keçməklə müəyyən qazanclar əldə edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh İddiaçı dərsdən sonra şagirdlərə əlavə ödənişli dərslər keçməklə müəyyən qazanc əldə etməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, bu halın mövcudluğunu sübut edə bilməmişdir. İş materiallarında da İddiaçı dərsdən sonra şagirdlərə əlavə ödənişli dərslər keçməklə müəyyən qazanc əldə etməsini təsdiq edən heç bir sübut yoxdur. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, ananın, yəni İddiaçı məktəbdə müəllimə olaraq işləməsi, dərsdən sonra şagirdlərə əlavə olaraq ödənişli şəkildə dərslər keçməklə müəyyən qazanclar əldə etməsi sübut olunsa idi belə, bu uşağın maddi təminatının tam təmin olması mənasını daşımır. Yəni iddiaçının aylıq hər hansı bir gəlir yerinin olması, cavabdehi uşağı saxlamaq vəzifəsindən azad etmir. Belə ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayətində etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda, sözügedən halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın məktəbli yaşında olmaqla təlabatlarının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 193 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən aliment məbləği müəyyən edilərkən uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlimtərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyi nəzərə alınaraq uşaqların saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin xx.xx.2022ci il tаrixli, 2(019)-632/2022 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tаrixli, 2(019)-632/2022 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar