Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1307/2022 16.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Soliton LTD MMC-nin Cavabdeh qarşı borc müqaviləsi üzrə pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, faiz borcu-dəbbə pulu) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Soliton LTD MMC-nin Cavabdeh qarşı borc müqaviləsi üzrə pul tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 26 avqust 2022- ci il tarixli 2(024)-520/2022 saylı qətnaməsindən iddiaçı Soliton LTD MMC–nin nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı MMC ilə Cavabdeh arasında 3 iyun 2019-cu il tarixdə QXK5657115 saylı borc müqaviləsi (nisyə alqı-satqı) bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 618 manat olan məişət avadanlığı Cavabdeh nisyə satılmış və cavabdeh 30 manat ilkin ödəniş etməklə 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 49 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin həmin müqavilə üzrə 147 manat ödənilməmiş borcu qalmışdır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 06 avqust 1992-cı il təvəllüdlü Cavabdeh 03 iyun 2019-cu il tarixli QXK5657115 saylı kredit müqaviləsinə əsasən 147 (yüz qırx yeddi)) manat məbləğində əsas borc, müqavilə üzrə hesablanmış 150 (yüz əlli) manat faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 327 (üç yüz iyirmi yeddi) manat məbləğində pul vəsaitinin İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 03 iyun 2019-cu il tarixli kredit müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 618 manat olan avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya 147 manat əsas borcu qalıb. Qeyd edilən kredit müqaviləsinə əsasən borcalan (cavabdeh) müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% faiz ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 1058(bir min əlli səkkiz) manat faiz borcu yaranmışdır (147 manat x 7 2 0 gün x 1%=1058 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 150(yüz əlli) manat məbləğində tələb edir.
4. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 03 iyun 2019-cu il tarixli, QXK5657115 saylı kredit müqaviləsinə əsasən 147(yüz qırx yeddi) manat əsas borc, hesablanmış 150(yüz əlli) manat faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 327(üç yüz iyirmi yeddi) manat pul vəsaitinin alınaraq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir.
5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, QXK5657115 nömrəli 03 iyun 2019-cu il tarixli borc müqaviləsinə əsasən İddiaçı məişət avadanlığını alıcıya vermiş, Cavabdeh isə onu qəbul edib, ilkin ödəniş etdikdən sonra qalıq qalan avadanlığın dəyərini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür.
6. Göründüyü kimi, İddiaçı tərəfindən Cavabdeh dəyərini hissə-hissə ödəmək şərti ilə məişət avadanlığı verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh öz növbəsində QXK5657115 nömrəli 03 iyun 2019cu il tarixli borc müqaviləsinə əsasən aylıq ödənişləri vaxtında ödəməmiş, müqavilə şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliyin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır.
7. Məhkəmə iddia tələbinin 150 manat faiz borcunun cavabdehdən tutularaq iddiaçıya qaytarılması hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə əsassız olduğundan təmin edilməməlidir.
8. Belə ki, qanunvericiliyin tələblərinə əsasən iddiaçının tələb etdiyi əsas borca hesablanmış faiz pulunun verilməsini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Ancaq iddiaçının bununla bağlı hər hansı sübut təqdim edə bilməməsi həmin xüsusat üzrə onun iddia tələbini sübut edə bilməməsini göstərir.
9. Məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir ki, cavabdehin iddiaçı qarşısında borc tələbinə qarşı faiz ödəməsi ilə bağlı hər hansı bir öhdəliyi olmamışdır. Qanunvericilik öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasını nəzərdə tutmuşdur. Yalnız bu halda kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilə olmadığı halda isə tərəflərdən hər hansı birinin üzərinə öhdəlik qoyulması mülki qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilə bilər. Mülki qanunvericiliyin də yuxarıda qeyd edilən normalarından görünür ki, faizlərin ödənilməsi yalnız borcun faizlər ilə verilməsi müqavilənin iştirakçıları tərəfindən şərtləndirildiyi halda mümkündür. İddiaçı və cavabdeh arasında bağlanmış QXK5657115 nömrəli 03 iyun 2019-cu il tarixli borc müqaviləsindən də görünür ki, borcun faizlər ilə verilməsinə dair hər hansı müddəa əks olmamışdır.
10. İşdə olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış QXK5657115 nömrəli 03 iyun 2019-cu il tarixli borc müqaviləsində ancaq qeyd kimi “borcalan borc üzrə əsas borc məbləğini şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ üçün hər gün 1 faizədək faiz dərəcəsi ilə hesablanan cərimə faizləri ödəyir.” göstərilmişdir. Buna baxmayaraq iddiaçı tərəf iddiasında cərimənin cavabdehdən tutulmasını deyil, əsas borca hesablanmış faizin cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçının ərizəsində göstərdiyi hallar əsas borca hesablanmış faiz borcunun cavabdehdən tutulması üçün əsas deyil.
11. Qax Rayon Məhkəməsinin 26 avqust 2022- ci il tarixli 2(024)-520/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 06 avqust 1992-ci il təvəllüdlü Cavabdeh 03 iyun 2019-cu il tarixli QXK5657115 saylı kredit müqaviləsinə əsasən 147 (yüz qırx yeddi) manat məbləğində əsas borc alınaraq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 421, 442, 448, 449, 600, 601, 739 və 741-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
13. İşdə olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış QXK5657115 nömrəli 03 iyun 2019-cu il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən hissəhissə ödəniş şərti ilə 618(altı yüz on səkkiz) manat məbləğində məişət avadanlığı əldə etmiş və 30 (otuz) manat ilkin ödəniş etdikdən sonra qalıq qalan 588 manat məbləği 12 ay müddətinə, aylıq 49 manat olmaqla İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür.
14. İşdə olan 2569 nömrəli xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə 03 iyun 2019-cu il tarixində bağlanmış QXK5657115 saylı müqavilə üzrə onun ödənilməmiş 147 manat əsas qalıq borcu vardır.
15. İddiaçı Soliton LTD MMC–nin nümayəndəsi X1 həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
16. İddiaçı Soliton LTD MMC–nin nümayəndəsi X1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, işin faktiki hallarına əsasən Cavabdeh müqavilə öhdəliyini tam icra etməyib. Odur ki, iddiaçı cavabdehdən əsas borcla yanaşı faiz borcu da tələb edir. Birinci instansiya məhkəməsi iddia tələbinin faizlə bağlı hissəsini rədd edib.
17. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı deyil. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh gecikmiş hər gün üçün iddiaçıya faiz ödəməyi öhdəsinə götürüb. Məhkəmə heç bir əsaslandırma aparmadan İddia tələbində taizlə bağlı hissənin rədd edilməsini qət etmişdir.
18. İş üzrə toplanmış materiallardan göründüyü kimi, cavabdehlə İddiaçı MMC arasında müddəti 12 ay olmaqla 3 iyun 2019-cu il tarixli müqavilə bağlanılıb. Həmin müqaviləyə əsasən borclu kreditordan dəyəri 618 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra kreditora 147 manat borcu qalıb. Qeyd edilən kredit müqaviləsinə əsasən borclu müqavilənin bitdiyi 3 iyun 2020-ci il tarixdən sonra qaytarılmayan 147 manat məbləğ üçün iddia ərizəsinin məhkəməyə təqdim edildiyi günədək əlavə olaraq hər gün 1% miqdarında faiz ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 1058 manat faiz borcu yaranmışdır (147 manat x 720 gün x 1%=1058 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 150 manat məbləğində tələb edir.
19. Göründüyü kimi, hazırkı işdə cavabdeh öhdəliyini icra etmir, iddiaçı isə tərəflər arasında bağlanmış müqavilədən çıxış edərək əsas borcla yanaşı faiz borcu da tələb edir. Odur ki, hazırkı iddia tələbi faiz borcu hissəsində də əsaslıdır.
20. Ona görə də, Qax Rayon Məhkəməsinin 26 avqust 2022- ci il tarixli 2(024)- 520/2022 saylı qətnaməsinin qismən, iddia tələbinin rədd edilən hissədə ləğv edilməsini və həmin hissədə iddia tələblərinin tam təmin edilərək Cavabdeh 3 iyun 2019-cu il tarixli QXK5657115 saylı müqaviləyə əsasən hesablanmış 150 manat faiz borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçı "Solİton LTD” MMC-yə ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
22. İddiaçı "Solİton LTD” MMC-nin nümayəndəsi və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 598.2-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
25. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
26. Cavabdeh Qax Rayon Məhkəməsinin 26 avqust 2022- ci il tarixli 2(024)-520/2022 saylı qətnaməsinin qismən – iddianın rədd edilən hissəsində ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən mübahisələndirilən - iddianın rədd edilmiş hissəsində məhkəmənin gəldiyi nəticə ilə razılaşır.
28. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 16-19cu bəndlərində göstərilmiş arqumentlərinə münasibət bildirərək və bu qətnamənin 10-cu bəndində göstərilən əsaslara istinad edərək qeyd edir ki, iddiaçının cavabdehdən əsas borca hesablanmış faiz borcu deyil, cərimə tələb etmək hüququ vardı ki, hazırki iş üzrə belə bir tələb mövcud deyildir.
29. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz.
30. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən mübahisələndirilən - iddianın rədd edilmiş hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı Soliton LTD MMC–nin nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qax Rayon Məhkəməsinin 26 avqust 2022- ci il tarixli 2(024)-520/2022 saylı qətnaməsi mübahisələndirilən - iddianın rədd edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı Soliton LTD MMC–nin nümayəndəsi X1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin 26 avqust 2022- ci il tarixli 2(024)-520/2022 saylı qətnaməsi mübahisələndirilən - iddianın rədd edilmiş hissəsində dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Ayaz Mahmudov