Məhkəmə qərarları › İş №2(107)-1308/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1308/2021

09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1308/2021 09.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- Borc pul tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Zərdab Rayon Məhkəməsinin 02 mart 2021-ci il tаrixli, 2(035)-91/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən əsas borca görə 9700 manat, gecikdirilmiş vaxt üçün illik beş faizi olaraq 485 manat,ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 10215 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Zərdab Rayon Məhkəməsinin 02 mart 2021-ci il tаrixli, 2 (035)-91/2021 saylı qətnaməsi ilə ( hakim T. Qubadov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 evin alqı-satqısına görə verilmiş pula görə 9700 manatın və dövlət rüsumuna görə 30 manatın, cəmi 9730 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh2 2015-ci ildə hazırkı İddiaçı hər ay 100 manata 15 % ödəmək şərti ilə 5000 manat borc pul götürmüş və 12 ay müddətində razılaşdıqları faizi, yəni aylıq 750 manat pulu ödəmişdir. Lakin, sonradan maddi imkanı olmadığından ödənişi dayandırmış, yaranmış borcun və əlavə 11.000 manat pul ödənişi müqabilində yaşadığı ünvan 1 ünvanında yerləşən bir mərtəbəli, ümumi sahəsi 110 kv.m olan 3 otaqlı fərdi yaşayış evini İddiaçı təklif etmiş və əlavə 11.000 manat ödəmək şərti ilə 03.08.2016-cı il tarixdə sadə yazılı alqı- satqı müqaviləsi bağlamaqla sözügedən evi İddiaçı satmışdır. Cavabdeh2 əlavə 11.000 manat pulu aldıqdan sonra ailəsi ilə birlikdə həmin evi boşaldaraq İddiaçı təhvil vermişdir. İddiaçı öz ailəsi ilə birlikdə 03 il, yəni 2019-cu ilin sentyabr ayına kimi həmin evdə yaşamışdır. Sözügedən ev kredit borcuna görə əvvəldən, yəni 16.02.2015-ci il tarixdən Cavabdeh2 tərəfindən "xxxx" QSCyə girov qoyulduğundan (ipoteka qoyulduğundan) alqı-satqım notarial qaydada sənədləşdirə bilməmişlər. Bir müddət sonra Cavabdeh2 banka olan ödənişini dayandırdığından İddiaçı evi öz adına keçirə bilməyəcəyini başa düşüb pulunu geri istəmişdir. Cavabdeh2 kürəkəni Cavabdeh1 evə görə ödənilən pulun geri qaytarılacağına zamin durduğu üçün İddiaçı sözügedən evi boşaldaraq Cavabdeh2 geri qaytarmışdır. Həmin vaxt Cavabdeh1 İddiaçı 26.09.2019-cu il tarixdə yazılı iltizam verərək 11000 manat pulu qaytarmağı öz öhdəsinə götürmüş, yazılı iltizam verildikdən sonra İddiaçı bir dəfə 500 manat, bir dəfə 800 manat olmaqla, ümumilikdə 1300 manat ödəniş etmişdir. Sonradan cavabdehlər tərəfindən iddiaçıya heç bir ödəniş edilməmişdir. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İddiaçıla Cavabdeh2 arasında iki cür mülki hüquq münasibəti mövcud olmuşdur:- Birinci hüquq münasibəti 2015-ci ildə alınmış 5000 manat pulla bağlı olan borc münasibəti, ikinci hüquq münasibəti isə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin alqı-satqısı ilə bağlı olan alqı-satqı münasibətidir. Birinci hüquq münasibəti ilə bağlı İddiaçı iddia qaldırmamış, məsələni mübahisələndirməmişdir. Onun hazırda qaldırdığı iddia evinin alqı-satqısından irəli gəlməklə 11000 manat pulla bağlı olmuşdur. Məhkəmə qeyd etmişdir ki, İddiaçıla Cavabdeh2 arasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin alqı-satqısma dair 03.08.2016-cı il tarixdə bağlanmış müqavilə notarial qaydada deyil, sadə yazılı formada bağlandığndan qanunvericiliyin tələbinə zidd olmaqla alqı-satqı rejimini müəyyən edən qanunvericilik normaların təsiri altına düşmür. Məhkəmə işin yuxarıda müəyyən olunan faktiki hallarına əsasən həmçinin bu qənaətə gəlmişdir ki, İddiaçıla Cavabdeh1 arasında olan hüquq münasibəti isə borcun etirafı ilə bağlı olan münasibətdir. Ona görə də məhkəmə hesab etmişdir ki, hazırkı iddia tələbinin aid olduğu hüquq münasibətinə uyğun olaraq məsələnin tənzim olunması zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəlik və borcun etiraf edilməsi ilə bağlı normaları tətbiq edilməlidir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq, yuxarıda istinad edilən qanunvericilik normalarının müdəalarını rəhbər tutaraq hesab etmişdir ki, iddia iddiaçı tərəfindən əsas məbləğə dair hissədə müdafiə edildiyi üçün həmin hissədə təmin edilməli və tutulması qət edilən məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməlidir. İddia faizə görə pul tələbinə dair hissədə müdafiə edilmədiyi üçün həmin hissədə iddia təmin edilməmişdir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1 –ci, 443.1-ci, 448.1-ci, 431.1-ci, 882.1-ci, 882.2-ci, 882.4-cü, 882.1-882.3-cü, 882.5-ci ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, aşağıdakı dəlillərə görə rayon məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, məhkəmə yalnız iddiaçının sözləri əsasında araşdırma aparmış, məhkəmə ədalət prinsipinə söykənərək cavabdehlərin düşdüyü çətin vəziyyəti nəzərə almamış, ətraflı araşdırmanı təmin etməmişdir. Məhkəmənin gedişatı zamanı cavabdehlər tərəfindən bir çox sübutlar təqdim edilsə də məhkəmə bunu nəzərə almamışdır. İddiaçı ilk növbədə iddia qaldıraraq Cavabdeh1 qəbz əsasında öhdəlik olaraq götürdüyü 9700 manat pulu tələb etsə də, sonradan həmin pulun Cavabdeh1 heç bir aidiyyatı olmadığını bildirmiş və guya Cavabdeh2 ev alqı-satqısı üçün verilən pulu tələb etdiyini bildirmişdir. Belə olan halda Cavabdeh1 iddiaçı qarşısında heç bir öhdəliyi qalmadığı halda ondan pul tutulmasını təmin etməklə məhkəmə öz qərəzli niyyətini ortaya qoymuşdur. Əgər qətnamə ilə təmin olunmuş pul Cavabdeh1 imzaladığı qəbzə əsasən göstərilən puldursa, Cavabdeh2 pul tutulması nə dərəcədə düzgündür, yox əksinə əgər qətnamə ilə təmin olunmuş pul Cavabdeh2 ilə iddiaçı arasında ev barədə razılaşmaya əsasən tutulan puldursa Cavabdeh1 pul tutulması nə dərəcədə düzgündür? İddiaçının iddia ərizəsində göstərdiyi 26.09.2019-cu il tarixli borc barədə qəbzini apelyatorun kürəkəni Cavabdeh1 iddiaçının təhdidləri və hədə qorxusu altında qalaraq imzalamışdır. Həmin gün iddiaçı Rüstəmin Azərbaycan Silahlı Qüvvələrinin təlimlərinə qatıldığını, Zərdab şəhərində olmadığını bilmiş, kürəkənim Cavabdeh1 mağazasına gələrək onun evinə basqın edəcəyini, ailə üzvlərini evdən çıxaracağını, evini zəbt edəcəyini bildirmişdir. Kürəkəni Cavabdeh1 isə bundan qorxaraq iddiaçının tələbi əsəsasında həmin borc barədə qəbzi imzalamışdır. Həmçinin əvvəlki məhkəmə baxışında o, əsəbiləşərək iddiaçıya tələb etdiyi 9700 manat pulu qaytara biləcəyini, əvəzində isə ödədiyi 9000 manatın ona qaytarmasını bildirmiş və bunu yazılı şəkildə ərizə ilə yazmışdır. Lakin, apelyator müharibədə ağır yaralanmış, xüsusilə ağır kəllə-beyin travması almışdır Həmin ərizəni bir anlıq əsəb və xəstə səhhətinin yaratdığı fəsadlar nəticəsində yazmışdır. Buna görə də apelyator hesab edir ki, cavabdehə olan 5000 (beş min) manat borcunu tam həcmdə, üstəlik əlavə 4000 (dörd min) manat fazi ödəməklə ödəmişdir. Buna görə də iddia tamamilə əsassızdır və rədd edilməlidir Cavabdeh1 məhkəməyə “iddia ərizəsinə etiraz”la müraciət edərək, iddiaçı ilə münasibətləri tam şərh etmiş, məsələyə aşağıdakı kimi aydınlıq gətirmişdir: “İddiaçı məni məhkəməyə cavabdeh kimi cəlb etməklə məhkəməyə yalan məlumat vermişdir. Belə ki, mən heç vaxt İddiaçı pul almamış, aramızda borc münasibəti olmamışdır. İddiaçı ilə mübahisəli borc münasibəti qaynatası Cavabdeh2 arasında olmuşdur. İddiaçı ilə qaynatası Cavabdeh2 arasında mübahisə yaranmışdır. İşə əlavə edilmiş 26.09.2019-cu il tarixli borc barədə qəbzi o iddiaçının təhdidləri və hədə qorxusu altında qalaraq imzalamışdır. Apelyatorlar hesab edirlər ki, məhkəmə qərəzli mövqe tutmuş və əsassız qətnamə qəbul etmişdir. Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Odur ki, apelyatorlar Zərdab Rayon Məhkəməsinin 2(035)-91/2018 saylı, 02 mart 2021-ci il tarixli qətnaməsini ləğv edərək, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edirlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə telegram göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və cavabdeh tərəfindən veriliş apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, məhkəməyə e-məktub göndərərək, 09 avqust 2021-ci il tarixində Azərbaycan Respublikası Müdafiə Nazriliyinin Hərbi Həkim Komissiyasında olacağını bildirmiş və məhkəmə baxışının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər Cavabdeh1 məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1 -ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 431.1-ci maddəsinə görə, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 522.1. Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. 522.2. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. 522.3. İcazə yalnız borclunun və ya üçüncü şəxsin kreditoru öhdəliyin verilməsindən xəbərdar etdiyi halda verilir. İcazə verilənədək tərəflər müqaviləni dəyişdirə və ya ləğv edə bilərlər. İcazə verməkdən imtina edilərsə, öhdəlik verilmiş sayılmır. 522.4. Borclu və ya üçüncü şəxs kreditordan icazəni müəyyənləşdirilmiş müddətdə elan etməyi tələb edirlərsə, icazə həmin müddət qurtaranadək elan edilir; bu edilməsə, hesab edilir ki, icazə verməkdən imtina olunmuşdurş 522.5. Kreditor icazə verməyənədək, öhdəliyi üzərinə götürmüş şəxs şübhə olduğu halda borcluya münasibətdə kreditoru vaxtında təmin etmək öhdəliyi daşıyır. Kreditorun icazə verməkdən imtina etdiyi halda da eyni qayda qüvvədə olur. 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətində apelyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, Zərdab rayon məhkəməsinin 2(035)-91/2021 saylı, 02 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş edirlər. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam şəkildə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə doğru nəticəyə gəlsə də, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, maddi hüququn tətbiqində səhvə yol vermişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Zərdab Rayon Məhkəməsinin 2(035)-91/2021 saylı, 02 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi maddi hüquq norması kimi Mülki Məcəllənin 882.1-ci, 882.2-ci, 882.4-cü, 882.1-882.3-cü, 882.5-ci ilə əsaslandırmışdır. Halbuki hazırkı mülki işə Mülki Məcəllənin 324, 392, 404, 460, 522-ci maddələri tətbiq edilməli idi. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh2 2015-ci ildə hazırkı İddiaçı hər ay 100 manata 15 % ödəmək şərti ilə 5000 manat borc pul götürmüş və 12 ay müddətində razılaşdıqları faizi, yəni aylıq 750 manat pulu ödəmişdir. Lakin, sonradan maddi imkanı olmadığından ödənişi dayandırmış, yaranmış borcun və əlavə 11.000 manat pul ödənişi müqabilində yaşadığı ünvan 1 ünvanında yerləşən bir mərtəbəli, ümumi sahəsi 110 kv.m olan 3 otaqlı fərdi yaşayış evini İddiaçı təklif etmiş və əlavə 11.000 manat ödəmək şərti ilə 03.08.2016-cı il tarixdə sadə yazılı alqı- satqı müqaviləsi bağlamaqla sözügedən evi İddiaçı satmışdır. Cavabdeh2 əlavə 11.000 manat pulu aldıqdan sonra ailəsi ilə birlikdə həmin evi boşaldaraq İddiaçı təhvil vermişdir. İddiaçı öz ailəsi ilə birlikdə 03 il, yəni 2019-cu ilin sentyabr ayına kimi həmin evdə yaşamışdır. Sözügedən ev kredit borcuna görə əvvəldən, yəni 16.02.2015-ci il tarixdən Cavabdeh2 tərəfindən "xxxx" QSCyə girov qoyulduğundan alqı-satqı müqaviləsini notarial qaydada sənədləşdirə bilməmişlər. Bir müddət sonra Cavabdeh2 banka olan ödənişini dayandırdığından İddiaçı evi öz adma keçirə bilməyəcəyini başa düşüb pulunu geri istəmişdir. Cavabdeh2 kürəkəni Cavabdeh1 evə görə ödənilən pulun geri qaytarılacağına cavabdeh durduğu üçün İddiaçı sözügedən evi boşaldaraq Cavabdeh2 geri qaytarmışdır. Həmin vaxt Cavabdeh1 İddiaçı 26.09.2019cu il tarixdə yazılı iltizam verərək 11000 manat pulu qaytarmağı öz öhdəsinə götürmüş, yazılı iltizam verildikdən sonra İddiaçı bir dəfə 500 manat, bir dəfə 800 manat olmaqla, ümumilikdə 1300 manat ödəniş etmişdir. Sonradan cavabdehlər tərəfindən iddiaçıya heç bir ödəniş edilməmişdir. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iki tələblə məhkəməyə müraciət etmişdir; 1.Cavabdehlərdən əsas borca görə 9700 manat pulun ödənilməsi;

2. Gecikdirilmiş vaxt üçün illik beş faizi olaraq 485 manat pulun ödənilməsi. Məhkəmə kollegiyası 2-ci tələblə bağlı onu qeyd etməyi lazım bilir ki, iddiaçı birinci instansiya məhkəməsində iddiadan imtina etməsə də, həmin tələbini müdafiə etməmiş, eyni zamanda birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirməmişdir. Ona görə də kollegiya iddia tələbinin həmin hissəsi üzrə hquqi dəyərləndirmə aparmır. Məhkəmə kollegiyası əsas borca görə 9700 manat pulun ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Cavabdeh2 11000 manat pulun iddiaçıdan almasını etiraf etmişdir. Eyni zamanda iş materialları ilə təsdiq edilmişdir. Yəni iddia həmin hissədə Cavabdeh2 münasibətdə əsaslıdır. Çünki Cavabdeh2 11000 manat pulu iddiaçıdan almış, ancaq vədələşdirdikləri kimi özünün mülkiyyətində olan evi iddiaçının adına keçirməmişdir. Ona görə də iddiaçı iddia tələbində haqlıdır. Məhkəmə kollegiyası digər cavabdehə münasibətdə iddia tələbinə qiymət verərək hesab edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə də əsaslıdır. Belə ki, iş materiallarının 6-cı səhifəsində olan qəbzdən görünür ki, Cavabdeh1 İddiaçı 11000 manat pul borcunu 30.03.2020-ci il tarixədək ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh1 bir dəfə 500 manat, bir dəfə də 800 manat olmaqla ödəniş etməsi barədə həmin iltizamda öz xətti ilə yazılı qeyd aparmışdır. Göründüyü kimi Cavabdeh1 Cavabdeh2 öhdəliyinin özü tərəfindən yerinə yetiriləcəyinə dair öhdəlik götürmüşdür. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Mülki Məcəllənin 324.4-ci maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Mülki Məcəllənin 522.1-ci maddəsinə əsasən, kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Mülki Məcəllənin 522.2-ci maddəsinə əsasən, əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Göründüyü kimi qanunvericilikdə qeyd edilən məbləğin Cavabdeh1 tərəfindən ödənilməsinə heç bir maneə yoxdur. Yəni Cavabdeh1 öhdəlik götürmüş, eyni zamanda 1300 manat ödəniş etmişdir. Mülki Məcəllənin 460-cı maddəsinin məzmunundan da göründüyü kimi öhdəliklərin icrası bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Yəni hazırkı halda da, Cavabdeh1 Cavabdeh2 öhdəliyinin icrasının özü tərəfindən icra edilməsi qnunvericiliyin tələblərinə uyğundur. Eyni zamanda Məcəllənin 522-ci maddəsindən də görünür ki, kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Cavabdeh2 da borcu etiraf etdiyindən hazırkı halda öhdəliyin hər iki cavabdeh tərəfindən yerinə yetirilməsini tələb etməkdə iddiaçı haqlı olmuşdur. Ona görə də kollegiya qeyd edir ki, iddia qismən təmin edilməli, 9700 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri əsassızdır. Cavabdeh1 tərəfindən yazılmış və iş materiallarının 6-cı səhifəsinə olan qəbzdən görünür ki, Cavabdeh1 İddiaçı 11000 manat pul borcunu 30.03.2020-ci il tarixədək ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh1 bir dəfə 500 manat, bir dəfə də 800 manat olmaqla ödəniş etməsi barədə həmin iltizamda öz xətti ilə yazılı qeyd aparmışdır. Lakin qeyd edilən qəbzin məcburiyyət qarşısında yazıldığna dair hər hansı sübut növü məhkəməyə təqdim edə biməmişdir. Eyni zamanda iş materiallarının 32-ci səhifəsində olan ərizədən görünür ki, Cavabdeh2 iddiaçıya olan 9700 manat borcunu ödəməyə hazırdır. Lakin iddiaçı əvvəlki faizləri qytaracaqsa. Kollegiya qeyd edir ki, Cavabdeh2 iddiaçıya olan 9700 manat borcu etiraf edir, ancaq əvvəlki faizlər hazırkı iddianın predmetina aid deyildir. Ona görə də kollegiya hesab edir ki, şikayətin dəlilləri iddianın rədd edilməsi üçün əsas deyildir. Məhkəmə kollegiyası şahid ifadələri ilə bağlı onu qeyd edir ki, həmin ifadələr iddiaçı ilə cavabdeh arasında olan əvvəlki borcla bağlı verildiyindən hazırkı işə heç bir aidiyyəti yoxdur. Yəni sübut kimi qiymətləndirilmir. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə doğru nəticəyə gəlsə də, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, maddi hüququn tətbiqində səhvə yol vermişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Zərdab Rayon Məhkəməsinin 2(035)-91/2021 saylı, 02 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zərdab rayon məhkəməsinin 2(035)-91/2018 saylı, 02 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. 9700 manat pul eyni zamanda 30 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov

Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar