Məhkəmə qərarları › İş №2(107)-1309/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1309/2021

15.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1309/2021 15.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X3, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh1 qarşı “dəymiş maddi ziyanın ödənilməsi tələbi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- maddi ziyanın ödənilməsi, pul tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdeh3 nümayəndəsi X2 iştirakı ilə, Zərdab Rayon Məhkəməsinin 01 mart 2021-ci il tаrixli, 2(035)-73/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh1 Tehla oğlu tərəfindən verilmiş аpellyаsiyа şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər X3, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən maddi ziyana görə 3240 manat, dövlət rüsumuna görə 30 manat, cəmi 3270 manat pulun müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Zərdab rayon Təzəkənd bələdiyyəsinin 10.02.2007-ci il tarixli 02 saylı qərarına və İddiaçı ilə Zərdab rayon Təzəkənd bələdiyyəsi ilə arasında bağlanmış 10.03.2007-ci il tarixli icarə müqaviləsinə əsasən bələdiyyəyə məxsus olan 6.0 ha torpaq sahəsi 15 il müddətinə əkinçilik məqsədi ilə iddiaçıya icarəyə verilmişdir. İddiaçı təmin torpaq sahəsində yonca əkmiş, yüksək məhsuldarlıq əldə edilməsi üçün aqrotexniki qulluqla bağlı bütün zəruri tədbirləri görmüş və lazımı sıxlığı almışdır. İddiaçı ötən 13 il müddətində həmin torpaq sahəsindən hər hansı bir əngəl olmadan istifadə edərək icarə hüquqlarını həyata keçirsə də, 2020-ci ilin noyabr ayının əvvəllərindən cavabdehlər özbaşına olaraq həmin yonca sahəsini otarmaqla, iddiaçının icarə hüquqlarına qanunsuz olaraq müdaxilələr edərək həmin hüququn həyata keçirilməsinə maneəçilik törətmiş və iddiaçıya maddi ziyan vurmuşlar. Belə ki, cavabdehlər 2020-ci ilin noyabr ayının əvvəllərindən başlayaraq bu günədək həm özlərinə məxsus, həm də kəndin mal-qarasını (nobata gedərkən) yonca sahəsinə salaraq otarmışlar. Müraciətlərinə əsasən, Zərdab rayon X9 Mərkəzinin mütəxəssisi tərəfindən yonca sahəsinə baxış keçirilmiş və iddiaçıya 3240 manat məbləğində maddi ziyan vurulduğu müəyyən olunmuşdur. Cavabdehlər hazırda da iddiaçıya ziyan vurmaqda davam edirlər. Dəfələrlə xəbərdarlıq etməsinə və məhkəmədə iddia qaldırmasına baxmayaraq cavabdehlər qanunsuz hərəkətlərindən əl çəkməmişlər. Cavabdeh Teymur İsrəfılov digər cavabdehlərin önündə gedərək kəndin mal-qarasını sözügedən yonca sahəsinə salaraq iddiaçıya maddi ziyan İmasında xüsusi fəallıq göstərmiş və edilən qanunsuz əməllərdə öndə getmişdir. Cavabdeh4 mal-qaranın otarılmasında həmişə digər cavabdehlərin yanında olmuş və onları istiqamətləndirmişdir. Ona görə də iddiaçıya maddi zərərin vurulmasında xüsusi canfəşanlıq etdikləri üçün iddiaya cavab verməli olan şəxs kimi hazırkı cavabdehlər seçilmişdir. Hesab edir ki, cavabdehlər bu qanunsuz və özbaşına əməlləri ilə iddiaçının icarə mülkiyyət hüquqlarını pozmaqla bərabər, həm də ölkədə sahibkarlığın inkişafına qarşı çıxırlar. Hesab edir ki, iddiaçının icarə və mülkiyyət huquqlarına dövlət tərəfindən təminat verilməlidir. Heç kəsin özbaşınalığına yol verilə bilməz. Hamı qanun qarşısında məsuliyyət daşımalıdır. Ona görə məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat Zərdab Rayon Məhkəməsinin 01 mart 2021-ci il tаrixli, 2(035)-73/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh1 vurulmuş maddi zərərə görə 3240 manat, dövlət rüsumuna görə 30 manat, cəmi 3270 manat məbləğində pulun müştərək qaydada alınaraq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Zərdab rayon Təzəkənd (indiki Zərdab bələdiyyəsi) bələdiyyəsi ilə aralarında bağlanmış 10.03.2007-ci il tarixli icarə müqaviləsinə əsasən bələdiyyəyə məxsus olan 6.0 ha torpaq sahəsi 15 il müddətinə əkinçilik məqsədi ilə hazırkı İddiaçı icarəyə verilmişdir. İddiaçı ötən 13 il müddətində hər hansı bir etiraz olmadan sözügedən torpaq sahəsi üzərində icarə hüquqlarını həyata keçirərək, istifadə etmiş, iddiaçı sonuncu dəfə həmin torpaq sahəsinə yonca əkmiş, cari mövsümdə həmin torpaq sahəsi yonca əkini altında olmuşdur. 2020-ci ilin noyabr ayının əvvəllərindən cavabdehlər iddiaçıya məxsus yonca sahəsini sonuncunun iradəsinə zidd olaraq özbaşına heyvanlara otarmaqla iddiaçıya maddi ziyan vurmuşlar. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər məhkəmə iclasında sözügedən torpaq sahəsinin iddiaçıya qanunsuz verildiyini bildirərək iddiaçının yonca sahəsini heyvanlara otardırdıqlarını inkar etməmişlər. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Zərdab X9 Mərkəzi tərəfindən verilmiş Rəyə əsasən iddiaçıya dəyən maddi zərərin 3240 manat təşkil etdiyi müəyənləşdirilmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Sözügedən torpaq sahəsi Zərdab rayon Təzəkənd indiki Zərdab bələdiyyəsi) Bələdiyyəsinin mülkiyyəti olduğundan “Bələdiyyə torpaqlarının darə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun normalarının tələbləri baxımından bələdiyyə həmin torpaq sahəsini iddiaçıya icarəyə verməkdə, iddiaçı isə bələdiyyə ilə aralarında bağlanmış icarə müqaviləsinə əsasən sözügedən torpaq sahəsi üzərində icarə hüquqlarını həyata keçirtməkdə haqlı olmuşdur. Məhkəmə cavabdehlərin hərəkətlərinin qanuni olub-olmamasına dair hüquqi dəyərləndirmə apararaq hesab etmişdir ki, sözügedən icarə müqaviləsi məhkəmə qaydasında ləğv olunmadığı halda cavabdehlərin iddiaçının icarəsində olmaqla əkin (yonca) altında olan torpaq sahəsinə birbaşa müdaxilə etmələri qanunla qadağan olunan özbaşlnalıqdır. Cavabdehlər iddiaçıya məxsus yonca sahəsinin otarılmasına aidiyyətləri məhkəmə iclasında sübut olunduğu üçün onlar iddiaçı qarşısında mülki hüquqi məsuliyyət daşımalıdırlar. Cavabdehlər həmin vaxt özbaşına deyil, bələdiyyə sədrinin və icra hakimiyyətinin vəzifəli şəxsinin göstərişinə əsasən hərəkət etdiklərini, eləcə də iddiaçının həmin vaxt həmin torpaq (yonca) sahəsindən imtina etdiyini vurğulasalar da bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər. Cavabdehlər məhkəmə iclasında iddianı qəbul etmədiklərini bildirsələr də, öz etirazlarını əsaslandıra bilməmiş, iddianın rədd olunması üçün məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişlər. İddiaçı isə yuxarıda sadalanan qaydada öz iddiasını əsaslandıra bilmişdir. Məhkəmə iddiaçının həmin vaxt sözügedən torpaq (yonca) sahəsindən imtina etməsi barədə cavabdehlərin dəlillərinə və iddiaçının əri Elman İsayev tərəfindən Zərdab Bələdiyyəsinin sədrinə ünvanlanmış 15.11.2020-ci il tarixli ərizəyə tənqidi yanaşaraq qeyd etmişdir ki, əvvəla iddiaçının əri Elman İsayev həmin ərizədə sözügedən torpaq (yonca) sahəsindən imtina etdiyini qeyd etməmiş, həmin ərizədə, o, 15.11.2020-ci il tarixdən yaz fəslinə qədər kənd sakinləri tərəfindən sahəyə mal-qara buraxılmasına etiraz etmədiyini göstərmişdir. Digər tərəfdən hazırkı iddia tələbi 15.11.2020-ci il tarixədək, yəni sözügedən ərizənin yazılmasmadək vurulan maddi ziyanla bağlıdır. Ona görə də məhkəmə cavabdehlərin həmin dəlillərini əsaslı hesab etməmişdir. Məhkəmə cavabdehlərin iddiaçıya məxsus sözügedən yonca sahəsinə mal-qara salıb otararkən özbaşına deyil, bələdiyyə sədrinin və icra hakimiyyətinin vəzifəli şəxsinin göstərişinə əsasən hərəkət etmələri barədə dəlillərinə də tənqidi yanaşaraq qeyd etmişdir ki, həmin xüsusatlar bələdiyyənin hazırkı sədri B.Qurbanovun və icra hakimiyyətinin vəzifəli şəxsi N.Rüstəmovun məhkəmə iclasında verdikləri ifadələrlə tam şəkildə təkzib edilmişdir. Məhkəmə cavabdehlərin şahidi qismində ifadə verən şahidlərin ifadələrinə də tənqidi yanaşaraq qeyd etmişdir ki, həmin ifadələr iddianın rədd edilməsi üçün heç bir əhəmiyyət kəsb etmir. Əksinə həmin ifadələr cavabdehlərin iddiaçıya məxsus sözügedən yonca sahəsinə mal-qara salıb otarmaları faktını dolayısı ilə təsdiq etməklə iddianın təmin edilməsi üçün əhəmiyyət kəsb edir. Məhkəmə mütəxəsis qismində dindirilən H.Hüseynovun məhkəmə iclasında verdiyi izahatındakı xüsusatlara, iddiaçıya məxsus sözügedən yonca sahəsinin fotogörüntülərinə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Zərdab X9 Mərkəzinin rəylərinə, Zərdab Rayon Təzəkənd bələdiyyəsinin 10.02.2017-ci il tarixli 02 saylı iclas protokolundan Çıxarışa, Zərdab rayon Təzəkənd bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 10.03.2007-ci il tarixli icarə müqaviləsinə qarşılıqlı şəkildə qiymət verərək hesab etmişdir ki, həmin sübutlar iddianın təmin edilməsi üçün hüquqi əhəmiyyətə malikdir. Məhkəmə işin yuxarıda müəyyən edilən həqiqi hallarına və cavabdehlərin məsələyə olan münasibətlərinə əsasən qeyd etmişdir ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələgələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Müqavilə üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir. Bu isə ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq, tərəflərin məhkəmə iclasında verdikləri izahatlara, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Zərdab X9 Mərkəzinin rəylərinə və işin yuxarıda adıçəkilən digər materiallarına qarşılıqlı şəkildə qiymət verərək hesab etmişdir ki, cavabdehlər icarə hüququ əsasında iddiaçıya məxsus yonca sahəsini özbaşına, iddiaçının iradəsinə zidd olaraq heyvanlara otazdırmaqla iddiaçıya maddi zərər vurduqlarına, iddiaçını gələcək faydadan (gəlirdən) məhrum etdiklərinə görə iddiaçı qarşısında müştərək qaydada mülki hüquqi məsuliyyət daşımalıdırlar. Məhkəmə iddiaçıya vurulan maddi zərərin məbləği ilə əlaqədar dəyərləndirmə apararaq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Zərdab X9 Mərkəzinin rəylərinə əsasən iddiaçıya dəyən maddi zərərin məbləği 3240 manat təşkil edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci, 4.0.2-ci, 5.1-ci maddələri, Azərbaycan Respublikasının Kostitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi, 24-cü maddəsinin İİİ-cü hissəsi, 29-cu maddəsinin 2-ci hissəsi, 71-ci maddəsi, “Azərbaycan Respublikasında mülkiyyət haqqında” 09.11.1991-ci il tarixli Azərbaycan Respublikası qanunun 1-ci maddəsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci, 17.1-ci, 18ci, 21-ci, 152.1-ci, 164.1-ci, 560.1-ci, 1096.1, 1097.1-ci, 1115-ci maddələri, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndi, 84-cü maddəsinin 3-cü hissəsi, ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyətləri onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, torpağın mülkiyyətçisi olan Zərdab Rayon bələdiyyəsi iddiaçı ilə bağlanmış icarə müqaviləsini ləğv etmiş, bu barədə 10 fevral 2021-ci il tarixli məktubla iddiaçıya məlumat verilmişdir. İddia ərizəsində göstərildiyi kimi Təzəkənd kənd sakinlərinə məxsus mal-qara iddiaçının icarəsində olan torpaq sahəsində iddiaçı müvafiq müvafiq xəbərdarlıq məktubunu aldıqdan sonra otarılmışdır. Zərdab Rayon Dövlət X6 iddiaçıya dəymiş ziyanla bağlı verilmiş akt sübut kimi qəbul edilməməlidir. Belə ki, iddiaçının icarəsində olan torpaq sahəsi örüş otlaq sahəsidir, həmin sahədən əkin sahəsi kimi istifadə edilməməlidir, qanunsuz əkilmiş əkininin otarılmasına görə məsuliyyət cavabdehlərin üzərinə qoyula bilməz. Məhkəmə tərəflərə bərabər yanaşmamış, bir sıra vəsatətləri əsassız və qanunsuz olaraq təmin etməmişdir. Məhkəmədə cavabdehlər dövlət hesabına vəkillə təmin olunmalarını, bu olmadıqda vəkillə müqavilə bağlanması üçün vaxt verilməsini xahiş etmişdirlər. Lakin məhkəmə bu vəsatəti təmin etməmişdir. Bundan başqa cavabdehlər məhkəmə ekspertizası keçirilməsini, dəymiş hesab edilən ziyanın dəqiqləşdirilməsini xahiş etsələr də, vəsatət təmin edilməmişdir. Onlar məhkəməyə bildirmişdirlər ki, iddiaçı örüş sahəsini qanunsuz olaraq əkib, yonca bitkisi birinci il minimum məhsul verir. Torpaq sahəsinə baxış keçirən mütəxəssislər sahədə ot örtüyünün olmadığını müşahidə etmiş, bu barədə protokol tərtib etmişdirlər. Lakin bu sənəd məhkəmə tərəfindən obyektiv olaraq qiymətləndirilməmişdir. Odur ki, onlar Zərdab Rayon Məhkəməsinin 01 mart 2021-ci il tаrixli, 2(035)-73/2021 saylı qətnaməsinin ləğv edilməsini, onlara aid hissədə rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdirlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi X1 Rayon Məhkəməsinin 01 mart 2021-ci il tаrixli, 2(035)-73/2021 saylı qətnaməsinin ləğv edilməsini, cavabdehlərə aid hissədə rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə telegram göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını, Zərdab Rayon Məhkəməsinin 01 mart 2021-ci il tаrixli, 2(035)-73/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Kostitusiyası: Azərbaycan Respublikasının Kostitusiyasmm 24-cü maddəsinin İİİ-cü hissəsinə görə, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 164.1-ci maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmişözbaşınalıq sayılır. Həmin Məcəllənin 560.1-ci maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmişəmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Kostitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən mübahisələndirir, apellyasiya şikayətinin təmin edilməsini, Zərdab Rayon Məhkəməsinin 01 mart 2021-ci il tаrixli, 2(035)-73/2021 saylı qətnaməsinin ləğv edilməsini, onlara aid hissədə rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş edir. Tələb qətnamənin ləğvinə yönəldiyindən, eyni zamanda cavabdehlərin hamısı qətnaməni mübahisələndirdiyindən, apelyasiya şikayəti eyni məzmunlu olduğundan, apelyasiya şikayətlərinə ayrı-ayrılıqda qiymət verilməsinə lüzum yoxdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin 01 mart 2021-ci il tаrixli, 2(035)- 73/2021 saylı qətnaməsi cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh1 Tehla oğlunun apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Zərdab rayon Təzəkənd (indiki Zərdab bələdiyyəsi) bələdiyyəsi ilə aralarında bağlanmış 10.03.2007-ci il tarixli icarə müqaviləsinə əsasən bələdiyyəyə məxsus olan 6.0 ha torpaq sahəsi 15 il müddətinə əkinçilik məqsədi ilə hazırkı İddiaçı icarəyə verilmişdir. İddiaçı ötən 13 il müddətində hər hansı bir etiraz olmadan sözügedən torpaq sahəsi üzərində icarə hüquqlarını həyata keçirərək, istifadə etmiş, iddiaçı sonuncu dəfə həmin torpaq sahəsinə yonca əkmiş, cari mövsümdə həmin torpaq sahəsi yonca əkini altında olmuşdur. 2020-ci ilin noyabr ayının əvvəllərindən cavabdehlər iddiaçıya məxsus yonca sahəsini sonuncunun iradəsinə zidd olaraq özbaşına heyvanlara otarmaqla iddiaçıya maddi ziyan vurmuşlar. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər məhkəmə iclasında sözügedən torpaq sahəsinin iddiaçıya qanunsuz verildiyini bildirərək iddiaçının yonca sahəsini heyvanlara otar dıqlarını inkar etməmişlər. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Zərdab X9 Mərkəzi tərəfindən verilmiş Rəyə əsasən iddiaçıya dəyən maddi zərərin 3240 manat təşkil etdiyi müəyyənləşdirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Belə ki, apellyasiya şikayətlərində qeyd edilmişdir ki, torpağın mülkiyyətçisi olan Zərdab Rayon bələdiyyəsi iddiaçı ilə bağlanmış icarə müqaviləsini ləğv etmiş, bu barədə 10 fevral 2021-ci il tarixli məktubla iddiaçıya məlumat verilmişdir. İddia ərizəsində göstərildiyi kimi Təzəkənd kənd sakinlərinə məxsus mal-qara iddiaçının icarəsində olan torpaq sahəsində iddiaçı müvafiq müvafiq xəbərdarlıq məktubunu aldıqdan sonra otarılmışdır. Lakin, cavabdehlər iddiaçının həmin vaxt həmin torpaq (yonca) sahəsindən imtina etdiyini vurğulasalar da bu barədə məhkəmə kollegiyasına hər hansı bir mötəbər sübut təqdim etməmişdirlər. Belə ki, iddiaçının əri Elman İsayev həmin ərizədə sözügedən torpaq (yonca) sahəsindən imtina etdiyini qeyd etməmiş, həmin ərizədə, o, 15.11.2020-ci il tarixdən yaz fəslinə qədər kənd sakinləri tərəfindən sahəyə mal-qara buraxılmasına etiraz etmədiyini göstərmişdir. Digər tərəfdən hazırkı iddia tələbi 15.11.2020ci il tarixədək, yəni sözügedən ərizənin yazılmasınadək vurulan maddi ziyanla bağlıdır. Ona görə də məhkəmə kollegiyası cavabdehlərin həmin dəlillərini əsaslı hesab etmir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, mübahisəli torpaq sahəsinin iddiaçının ərinə heç bir aidiyyəti olmamışdır. Həmin torpaq sahəsinin icarəçisi hazırkı iddiaçıdır. Elman İsayev belə bir razılıq vermiş olsa belə, bu icazənin verilməsinə onun heç bir səlahiyyəti olmamışdır. Bundan əlavə apellyasiya şikayətində qeyd edilmişdir ki, Zərdab Rayon Dövlət X6 iddiaçıya dəymiş ziyanla bağlı verilmiş akt sübut kimi qəbul edilməməlidir. Belə ki, iddiaçının icarəsində olan torpaq sahəsi örüş otlaq sahəsidir, həmin sahədən əkin sahəsi kimi istifadə edilməməlidir, qanunsuz əkilmiş əkinin otarılmasına görə məsuliyyət cavabdehlərin üzərinə qoyula bilməz. Kollegiya şikayətin həmin dəlili ilə də razılaşmır. İşdə olan Zərdab rayon Təzəkənd bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 10.03.2007-ci il tarixli icarə müqaviləsindən görünür ki, Zərdab rayon Təzəkənd bələdiyyəsinin 10.02.2007-ci il tarixli 02 saylı qərarı əsasında İddiaçı həmin kəndin ərazisindən 6.0 ha torpaq sahəsi əkinçilik məqsədi ilə 15 il müddətinə icarəyə verilmişdir. Göründüyü kimi mübahisəli torpaq sahəsi örüş otlaq sahəsi deyil, əkinçilik məqsədi ilə verilmiş torpaq sahəsidir. Digər tərəfdən sözügedən torpaq sahəsinin iddiaçıya qanunsuz verildiyinə dair şikayət də əsassızdır. Yuxarıda qeyd edilən icarə müqaviləsindən görünür ki, Zərdab rayon Təzəkənd bələdiyyəsinin 10.02.2007-ci il tarixli 02 saylı qərarı əsasında İddiaçı həmin kəndin ərazisindən 6.0 ha torpaq sahəsi əkinçilik məqsədi ilə 15 il müddətinə icarəyə verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, sözügedən torpaq sahəsi Zərdab rayon Təzəkənd (indiki Zərdab bələdiyyəsi) Bələdiyyəsinin mülkiyyəti olduğundan “Bələdiyyə torpaqlarının darə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda adıçəkilən normalarının tələbləri baxımından bələdiyyə həmin torpaq sahəsini iddiaçıya icarəyə verməkdə, iddiaçı isə bələdiyyə ilə aralarında bağlanmış icarə müqaviləsinə əsasən sözügedən torpaq sahəsi üzərində icarə hüquqlarını həyata keçirtməkdə haqlı olmuşdur. Digər tərəfdən müvafiq səlahiyyətli orqanının-bələdiyyənin bağlamış olduğu müqaviləni qanunsuz hesab etməkdə cavabdeh səlahiyyətli deyil. Həmin müqaviləni məhkəmə qaydasında müvafiq icra hakimiyyəti orqanı irəli sürə bilər. Bundan əlavə apellyasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə tərəflərə bərabər yanaşmamış, bir sıra vəsatətləri əsassız və qanunsuz olaraq təmin etməmişdir. Məhkəmədə cavabdehlər dövlət hesabına vəkillə təmin olunmalarını, bu olmadıqda vəkillə müqavilə bağlanması üçün vaxt verilməsini xahiş etmişdirlər. Lakin məhkəmə bu vəsatəti təmin etməmişdir. Məhkəmə kollegiyası şikayətin həmin dəlilləri ilə razılaşmır. Belə ki, iş materialları və birinci instansiya məhkəməsinin iclas protokolları öyrənilərkən müəyyən edilmişdir ki, apelyatorlar hər hansı bir vəsatətlə çıxış etməmiş, vəkillə təmin edilmə barədə ərizə təqdim edilməmişdir. Tərəflərə kifayət qədər şərait yaradılmış, birinci instansiya məhkəməsi tərəfindən çəkişmə prinsipinə əməl edilmişdir. Bundan başqa cavabdehlər məhkəmə ekspertizası keçirilməsini, dəymiş hesab edilən ziyanın dəqiqləşdirilməsini xahiş etsələr də, xahişlərini əsaslandırmamış, ekspertizanın keçirilməsini zəruri edən dəlillərini təqdim etməmişlər. Beləliklə, apellyasiya şikayətində qeyd olunmuş dəlillər birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Zərdab Rayon Məhkəməsinin 01 mart 2021-ci il tаrixli, 2(035)-73/2021 saylı qətnaməsi cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh1 Tehla oğlunun apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh1 Tehla oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin 01 mart 2021-ci il tаrixli, 2(035)-73/2021 saylı qətnaməsi cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh1 Tehla oğlunun apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar