Məhkəmə qərarları › İş №2(107)-1321/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1321/2023

26.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1321/2023 26.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Alimentin artırılması) X3 (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-955/2023 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan, xx.xx.2007-ci il təvəllüdlü X2 üçün o yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin artırılaraq hər ay 220 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 1562/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Qəbələ rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi xx.xx.2007-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh X4 xeyrinə tutulmalı olan alimentin miqdarı ilə bağlı hissə dəyişdirilmiş və həmin alimentin miqdarı hər ay 120 manat müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixdə ad və soyadını dəyişmiş və bu barədə müvafiq qrum tərəfindən ona "Adın, ata adının və soyadının dəyişdirilməsi" barədə şəhadətnamə verilmişdir. Hal-hazırda övladının 15 yaşı var. Şəki Apellyasiya Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə çoxdur. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Uşağın qayğısını, ehtiyacını tamamilə o çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də görə də "aliment məbləğinin artırılması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. 24 iyun 2023-cü il tarixdə İddiaçı məhkəməyə dəftərxana vasitəsi ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, məhkəmə hazırlığı zamanı cavabeh Cavabdeh "xxxx" MMC-də baş direktor olaraq işlədiyi və 1000 manat əmək haqqı aldığı müəyyən edildiyi, qeyd edilənləri nəzərə alaraq xx.xx.2007-ci il təvəllüdlü X2 üçün yetkinlik yaşına çatana qədər Cavabdeh qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh məhkəməyə elektron qaydada etiraz ərizələri göndərərək göstərmişdir ki, hazırda işsiz, məşğuliyyətinin olmaması səbəbindən gələrinin olmamasının nəzərə alınmasını və aliment ödənişinin 120 manat saxlanılmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, 120 manat aliment ödəməyə yaxınları dəstək və kömək olurlar.

Birinci instansiya məhkəməsində icraat;

5. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Cavabdeh həmçinin 55 676 21 81 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur.

7. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir.

8. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-955/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin 07 may 2019-cu il tarixli 2(107)-1562/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi, Cavabdeh 29 oktyabr 2007-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləğinin artırılması, hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/4 miqdarında alimentin İddiaçı xeyrinə tutulması, alimentin artırılmasının qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanması, Cavabdeh 50 (əlli) manat dövlət rüsumunun tutulması və dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflərin birgə nikah münasibətlərindən 29 oktyabr 2007- ci il təvəllüdlü X10 adlı uşaqları doğulmuşdur, tərəflərin nikah münasibətlərindən anadan olmuş uşaqları 29 oktyabr 2007-ci il təvəllüdlü X10 ananın yanındadır. Şəki Apellyasiya Məhkəməsinin 07 may 2019-cu il tarixli 2(107)- 1562/2019 nömrəli qətnaməsinə əsasən iddiaçı X4 apellyasiya şikayəti qismən təmin edilərək, Qəbələ Rayon Məhkəməsinin 07 fevral 2019-cu il tarixli qətnaməsi 29 oktyabr 2007-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh iddiaçı X4 xeyrinə tutulmalı olan alimentin miqdarı ilə bağlı hissədə dəyişdirilməsi və həmin alimentin miqdarı hər ay 120 manat müəyyən edilməsi qət edilmişdir. İddiaçı həmin məbləğin uşaqların minimum maddi tələbatının ödənilməsinə kifayət etmədiyini, bu səbəbdən də, təyin olunmuş alimentin məbləğinin artırılmasını, cavabdehdən yetkinlik yaşına çatmayan 29 oktyabr 2007-ci il təvəllüdlü X1 üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsinin tutulmasını xahiş edir. Cavabdeh isə uşağın saxlanması üçün müəyyən edilmiş alimenti çətinliklə ödədiyini, halhazırda rəsmi heç bir yerdə işləmədiyini, hər ay 120 manat aliment ödəməyə imkanı çatdığını və məbləğ artırılarsa ödəyə bilməyəcəyini qeyd edir.

10. Eyni zamanda müəyyən etmişdir ki, məhkəmə qətnaməsi ilə cavabdehin hər ay uşağa ödəməli olduğu 120 manat aliment yetkinlik yaşına çatmayan həmin uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir və bu səbəbdən iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Belə ki, uşaqlar böyüdükcə onların tələbatı, o cümlədən maddi tələbatı artır. Bu da uşaqları saxlamaq üçün valideynlərin üzərinə əlavə vəzifələr qoyur. Ölkə üzrə uşaqların saxlanması üçün yaşayış minimumunun artması da uşaqların mənafeyinin qorunmasına, hazırki şəraitdə onların təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinin təmin edilməsinə yönəlmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir.

12. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir.

13. Göstərilənlərin konteksində məhkəmə hesab etmişdir ki, xeyrinə aliment ödənilən uşaqların böyüdükcə maddi tələbatlarının artması, Şəki Apellyasiya Məhkəməsinin 07 may 2019-cu il tarixli 2(107)-1562/2019 nömrəli qətnaməsi ilə aliment təyin edilən tarixdə uşaqlar üçün yaşayış minimumunun ölkə üzrə 160 manat olduğu təqdirdə, hazırda bu yaşayış minimumunun artması (2023-cü ildə uşaqlar üçün yaşayış minimumunun 220 manat təşkil etməsi) və bu xüsusda uşaqların əvvəlki təminat səviyyəsinin maksimal saxlanması zərurəti alimentin miqdarının dəyişdirilməsi (artırılması) üçün qanunda göstərilən əsas kimi qəbul edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəflərin birgə nikahından anadan olmuş 29 oktyabr 2007-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün Şəki Apellyasiya Məhkəməsinin 07 may 2019-cu il tarixli 2(107)-1562/2019 nömrəli qətnaməsi ilə hər ay təyin edilmiş 120 manat aliment həmin uşağın yaşının və bu xüsusda aradan keçən müddət ərzində tələbatlarının artması zərurətinə cavab vermir. Ona görə də həmin alimentin miqdarı artırılmalıdır. Bu zaman uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olması, həmçinin rəsmi iş yerinin olmaması kimi halları nəzərə alınmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödənişi cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmamalı, tərəflərin mənafeləri arasında ədalətli tarazlığa riayət olunmalıdır. Uşağa ən azından yaşayış minimumunun təmin edilməsi valideynin birbaşa vəzifəsidir və yuxarıda qeyd olunduğu kimi, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqlarla bölüşməyə borcludurlar.

14. Digər tərəfdən alimentin miqdarı müəyyən olunduqdan sonra tələbatlarının artması və həyat şəratinin bahalaşması ilə bağlı uşaqların saxlanması konteksində iddiaçının maddi vəziyyətinin pisləşməsi halı da Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunmuş alimentin artırılması üçün əsas kimi nəzərə alınmalıdır.

15. Belə ki, bununla bağlı qeyd olunmalıdır ki, ümumməlum faktdır ki, alimentin miqdarı müəyyən olunduqdan sonra hazırki vaxtadək gündəlik tələbat malları, sənaye malları və ərzaq məhsullarının qiyməti davamlı olaraq artmışdır. Məhz həm də bunun nəticəsi olaraq dövlət tərəfindən yaşayış minimumu, o cümlədən yaşayış minimumu məbləği artırılmışdır. Belə ki, iddiaçı aliment təyin olunması üçün məhkəməyə müraciət etdiyi 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu məbləği 193 manat olduğu təqdirdə, bu rəqəm ilbəil artmış, 2023-cü il üçün isə bu məbləğ 220 manat təşkil etmişdir. Həmçinin “Elektron məhkəmə” sistemindən görünür ki, Cavabdeh "xxxx" MMC-də baş direktor işləyir və aylıq əməkhaqqı 1000 manat təşkil edir. Lakin cavabdeh, təyin olunmuş aylıq 120 manat alimenti ödəməyə çalışmış, alimentin təyin olunduğu vaxtdan sənaye və ərzaq məhsullarının və digər malların qiymətlərinin artmasına, həyat şəraitinin bahalaşmasına baxmayaraq, alimentin miqdarını artırmamış, uşağın artan maddi tələbatının təmin edilməsində iştirak etməmişdir. Bu müddət ərzində uşağın məişət qayğılarının çəkilməsində və artan tələbatının təmin edilməsində əsas ağırlıq iddiaçının üzərinə düşmüşdür. Bu hallar birmənalı şəkildə aliment təyin olunduqdan sonra iddiaçının maddi vəziyyətinin pisləşməsini, bu xüsusda hazırki alimentin uşağın əvvəlki təminat səviyyəsinə maksimal saxlanması zərurətinə cavab vermədiyini göstərir.

16. Bu konteksdə məhkəmə nəzərə çatdırmışdır ki, uşaqlar üçün yaşayış minimumu məbləğinin artırılması şübhəsiz ki, uşaqların artan tələbatının təmin edilməsi üçün lazımi şəraitin yaradılması ilə birbaşa bağlıdır. Belə ki, bütün sahələr üzrə uşaqların üstün maraqlarının təmin edilməsi Azərbaycan dövlətinin prioritet siyasətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair» 05 oktyabr 2012-ci il tarixli qərarında göstərildiyi kimi, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda uşaqların öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inktişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır.

17. Göstərilənlərin konteksində məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin tələbi, həmçinin cavabdehin uşağın artan tələbatları konteksində onu əvvəlki təminat səviyyəsində saxlamaq vəzifəsi daşıması ilə bağlı hal, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin iddiaçının üzərinə düşməsinin qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas ola bilməsi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyi və bu hüquqi mövqelər əsasında formalaşmış məhkəmə praktikası əsas tutulmaqla uşağın saxlanması üçün elə bir aliment məbləği təyin olunmalıdır ki, həmin məbləğ uşağın əvvəlki təminat səviyyəsinin maksimal saxlanması üçün şəraiti təmin etsin və həmçinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq yaratsın. Bu konteksdə aliment ödənişinin onu ödəyən cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmaması və tərəflərin mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurəti nəzərə alınaraq, təyin olunmuş alimentin dəyişdirilərək (artırılaraq) cavabdehin hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/4 miqdarında müəyyən olunması əsaslı və ədalətlidir.

18. Eyni zamanda cavabdehin məhkəməyə göndərdiyi etiraza münasibət bildirərək məhkəmə qeyd etmişdir ki, cavabdehin işsiz olması barədə göstərdikləri həqiqəti əks etdirmir və “Elektron məhkəmə” sistemindən çıxarışə əsasən Cavabdeh "xxxx" MMC-də baş direktor olaraq işlədiyi və aylıq əmək haqqının 1000 manat olması müəyyən edilmişdir.

19. Məhkəmə hesab etmişdir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin artırılması olduğundan, alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanmalıdır.

20. Məhkəmə hesab etmişdir ki, cavabdehdən 50 (əlli) manat dövlət rüsumu tutulmalı və dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilməlidir.

21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1.1, 112.1-ci maddələri, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarı, Azərbaycan Respublikası “Uşaq Hüquqları” haqqında Qanunun 3-cü, 13-cü maddələrinə, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunu, Azərbaycan Respublikası Mülki Prosessesual Məcəlləsinin 14.2, 77.1, 119.1, 112.1.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a)Apellyasiya şikayətinin dəlilləri

22. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.

23. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, hazırda işsizdir, məşğuliyyəti yoxdur və alimenti 120 manat həcmində ödəyə bilər. Həmin 120 manat alimenti ödəməyə yaxınları dəstək və kömək olurlar. Real gəlirləri yoxdur. X5 yerli şöbəsində işsiz kimi qeydiyyatdadır. Həmçinin onun adına olan həmin şirkət formal olaraq mövcuddur. Çünki o şirkət hazırda fəaliyyət göstərmir. Texniki səbəblərdən o şirkətin ləğv prosesini həyata keçirə bilməmişdir. Elektron sistemdə şirkətin onun adında olması hələ ondan gəlir götürməyi anlamına gəlmir. Odur ki, alimentin məbləğinin azaldılaraq 120 manat həcmində saxlanılmasını xahiş edir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır vəapellyasiya qaydasında ləğv edilməlidir.

24. Tərəflərin mənafeyinin nəzərə alınması üçün hüquqi imkanlar olduğu halda, məhkəmə işin hallarını nəzərə almamış və nəticədə ədalətsiz qətnamə qəbul etmişdir. Odur ki, bu hallar məhkəmə tərəfindən nəzərə alınmalıdır.

25. Birinci instansiya məhkəməsi konkret olaraq normaya istinad etsə də, öz qətnaməsinin əsasını təşkil edən prosessual normanın zəruriliyini əsaslandıra bilməmişdir. Sadəcə texniki olaraq maddə qətnaməyə köçürülsə də, onun hansı zərurətdən irəli gəldiyi sübut edilməmişdir.

26. Məsələ ondan ibarətdir ki, işin hallarının nəzərə alınması məhkəmənin vəzifəsidir. Məhkəmə isə bunun ziddinə, onların vəziyyətini nəzərə almamışdır.

12. Qeyd edilənlərə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-955/2023 saylı qətnaməsinin ləğv edilərək, alimentin 120 manat həcmində müəyyən edilməsini xahiş edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-955/2023 saylı qətnaməsinin ləğv edilərək, alimentin 120 manat həcmində müəyyən edilməsini xahiş etmişdir.

29. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin məhkəmə kollegiyasına göndərdiyi ərizəsində məhkəmə iclasında maddi imkanı olmadığı üçün iştirak edə bilməyəcəyindən işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1. və 76.1.1-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

31. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

32. BMT-nin 20 noyabr 1989-cu il tarixli «Uşaq hüquqları haqqında» Konvensiyasının; 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır.

33. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi»nin; 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır.

34. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun; 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosail, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

37. Apellyasiya şikayətindən görünür ki, apellyator Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-955/2023 saylı qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

39. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

42. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikah münasibətlərindən 29 oktyabr 2007-ci il təvəllüdlü X10 adlı uşaqları doğulmuşdur. X10 anasının yanındadır. Şəki Apellyasiya Məhkəməsinin 07 may 2019-cu il tarixli 2(107)- 1562/2019 nömrəli qətnaməsinə əsasən iddiaçı X4 apellyasiya şikayəti qismən təmin edilərək, Qəbələ Rayon Məhkəməsinin 07 fevral 2019-cu il tarixli qətnaməsi 29 oktyabr 2007-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh iddiaçı X4 xeyrinə tutulmalı olan alimentin miqdarı ilə bağlı hissədə dəyişdirilmiş və alimentin miqdarı hər ay 120 manat həddində müəyyən edilmişdir. İddiaçı həmin məbləğin uşağın minimum maddi tələbatının ödənilməsinə kifayət etmədiyini əsas gətirərək, cavabdehdən yetkinlik yaşına çatmayan 29 oktyabr 2007-ci il təvəllüdlü X1 üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsinin tutulmasını xahiş etmişdir.

43. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin əsasını alimentin miqdarının çox olması təşkil edir.

44. Məhkəmə kollegiyası işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi 29 oktyabr 2007-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Apellyasiya Məhkəməsinin 07 may 2019-cu il tarixli 2(107)-1562/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək, Cavabdeh 29 oktyabr 2007-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləğinin hər ay cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi miqdarında müəyyən etməklə düzgün hüquqi nəticəyə gəlmişdir.

45. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə valideynlərin birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir.

46. Cavabdehin apellyasiya şikayətinin onun adına olan şirkətin formal olaraq mövcud olması, elektron sistemdə şirkətin onun adında olmasının hələ ondan gəlir götürməyi anlamına gəlməməsinə dair dəlillərini əsaslı hesab etməyən məhkəmə kollegiyası qeyd edir ki, işdə olan Cavabdeh qazancına dair 25 dekabr 2023-cü il tarixdə əldə edilmiş elektron sorğu məlumatlarından görünür ki, Cavabdeh "xxxx" MMC-də baş direktor vəzifəsində işləməklə əmək haqqısı 1000 manat təşkil edir.

47. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın azyaşlı olmaqla təlabatının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 220 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

48. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin yuxarıda sadalanan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən aliment məbləği müəyyən edilərkən uşağın layiqli, firavan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyi nəzərə alınaraq onun saxlanması üçün hər ay cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi miqdarında təyin edilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri, alimentin məbləğinin dəyişdirilərək azaldılması üçün əsas ola bilməz.

49. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-955/2023 nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-955/2023 nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar