Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1324/2021 24.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, Yevlax Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(039)-606/2021 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3508 manat məbləğində maddi ziyanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, Cavabdeh 2900 manat ziyanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(039)-606/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 2900 manat dəymiş ziyan tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Cavabdeh qətnamə ilə razılaşmayaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsslandırılmışdır ki, apelyator iddiasını etiraf etməsi ilə bağlı “razılıq” ərizəsi verməmişdir. Ola bilsin ki, o, hansısa sənədə imza etmişdir, lakin yaşlı və savadsız olduğu üçün nəyə imza etdiyini bilməmişdir. Onun cavabdehə 2900 manat borcu yoxdur. Hazırda onun cavabdehə cəmi 400 manat borcu vardır. Həmçinin məhkəmə tərəfindən ərazi aidiyyatı qaydaları pozulmuşdur. Apelyatorun şəxsiyyət vəsiqəsindən görünür ki, o, Kəlbəcər Rayonu Nəcəfalı kəndində qeydiyyatdadır. Belə olan halda qaldırılmış hər hansı mülki iddiaya Kəlbəcər Rayon Məhkəməsində baxılmalıdır. Odur ki, apelyator Yevlax Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(039)-606/2021 saylı qətnaməsinin ləğv edilməsini və hazırki mülki işin ərazi aidiyyatı üzrə baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(039)-606/2021 saylı qərardadı ilə apellyasiya şikayəti baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(039)-606/2021 saylı qətnaməsi ləğv edilərək, mülki iş məhkəmənin icraatına qəbul edilərək baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 35.1-ci maddəsinə əsaslanaraq sözügedən iddia tələbinə cavabdehin faktiki olaraq yaşadığı yerin məhkəməsində baxılmalı olduğu qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır. Belə ki, iş materiallarında olan cavabdehin AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh Abbasov X1 rayonu, Nəcəfalı kəndində qeydiyyatdadır. Belə olduğu halda, cavabdehə qarşı qaldırılmış mülki iddiaya Kəlbəcər Rayon Məhkəməsində baxılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 35.11-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə göndərilir. Göründüyü kimi İddiaçı iddia ərizəsi Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin tələblərinə uyğun verilmişdir. Ona görə də hazırki iddiaya Kəlbəcər Rayon Məhkəməsində baxılması qanunvericiliyin tələblərinə uyğundur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini də xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında bildirir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(039)-606/2021 saylı qətnaməsi ləğv edilərək, mülki iş məhkəmənin icraatına qəbul edilərək baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398, 400 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərаrа аldı: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(039)-606/2021 saylı qətnaməsi ləğv edilsin. Mülki iş məhkəmənin icraatına qəbul edilərək baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1324/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1324/2021
24.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver