Məhkəmə qərarları › İş №2(107)-1326/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1326/2022

13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1326/2022 13.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: şifahi borc müqaviləsinə pul tələbi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Salmanov Əli sabir oğlunun, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 2(037)-495/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları 1.Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2022-ci il tarixli 9/851 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd işlək olmayan üzü ağ rəngli CD disketdə olan fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi – Cavabdeh məxsus olduğu müəyyən olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 250 (iki yüz əlli) manat təşkil etmişdir. 2.Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş: X1 göstərmişdir ki, iddiaçı oğludur. Oğlu ondan evdə ehtiyat üçün saxladıqları 2000 manat pulu alaraq cavabdehə vermişdir. Lakin o, 15 gün ərzində pulu qaytaracağına söz versə də bu günə qədər qaytarmamışdır. Bu məsələ ilə bağlı, oğlu ilə yanaşı o, da müxtəlif vaxtlarda cavabdeh ilə telefon əlaqəsi yaratmış, lakin hər dəfə müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan imtina etmişdir. X3 ifadə verərək göstərmişdir ki, Bakı şəhərində yaşayır. İddiaçı əmisi qızının oğludur. Cavabdeh isə 2019-cu ildə İddiaçı vasitəsilə tanımışdır. İddiaçı atası vəfat etdiyindən, qohum olaraq bir böyük kimi əmisi qızının ailəsinə nəzarət etmişdir. İddiaçı ailəsində ailə üzvləri arasında problem olmuş və həmin problemin həll olunmasında Cavabdeh yardımçı olmuşdur. İddiaçı Cavabdeh borc verdiyi 2000 manat pulun 1500 manatı ona məxsus olmuşdur. Həmin pulu ondan İddiaçı ailə üzvləri arasında olan problemin hüquqi həlli üçün lazım olduğunu bildirərək almışdır. Sonradan İddiaçı verdiyi pulla bağlı maraqlanmış, İddiaçı həmin pulu özündə olan pulla birlikdə 2000 manat düzəldərək Cavabdeh borc verdiyini və həmin pulu Cavabdeh qaytarmadığını bildirmişdir. O, İddiaçı və anası Səmayə Şükürova ilə birlikdə Cavabdeh yaşadığı evə gedərək borc aldığı pulu qaytarmasını xahiş etmişdir. Cavabdeh aldığı pulu qaytaracağına söz versə də həmin pulu iki ildən artıq müddət keçməsinə baxmayaraq qaytarmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 manat məbləğində borcun və 40 manat ödənilmiş dövlət rüsumunun, ümumilkdə 2040 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh əvvəllər ailəsində olan problemlərlə əlaqədar ona bir neçə dəfə hüquqi baxımdan köməklik etmişdir. Sonuncu dəfə də başqa bir məsələ ilə əlaqədar cavabdehə müraciət etmiş və bu məsələnin həlli üçün onda müəyyən məbləğ pul olduğunu bildirmişdir. Lakin sonradan həmin məsələnin hüquqi həllinə ehtiyac olmamışdır.

5. 2019-cu ilin oktyabr ayının 9-da cavabdeh onun yanına gələrək həyat yoldaşının xərçəng xəstəsi, bağırsağında kəskin qanaxması olduğunu və təcili əməliyyat olunmalı olduğunu bildirərək 15 gün ərzində qaytarmaq şərti ilə ona 2500 manat məbləğində borc pul verməsini xahiş etmişdir. O, əvvəl tərəddüd etsə də ona yox deyə bilməmiş və pulu tapıb xəbər edəcəyini bildirmişdir. Ertəsi günü evdə ehtiyat üçün saxladığı 20 ədəd yüzlük əskinasdan ibarət olan cəmi 2000 manat məbləğində pulu cavabdehlə İsmayıllı şəhərində görüşərək sayıb ona təhvil vermişdir. Cavabdeh pulu alarkən qısa müddətə aldığı 2000 manat pulu tam şəkildə ona qaytaracağı barədə bir daha söz vermişdir. Lakin həmin vaxtdan aylar, illər ötməsinə baxmayaraq cavabdeh bu günədək aldığı pulu geri qaytarmamışdır. Pulun qaytarılması ilə əlaqədar anası Səmayə Şükürova və dayısı Vəli Əliyevlə birlikdə dəfələrlə cavabdehin yanına getmiş, pulun qaytarılmasını xahiş etmiş, cavabdeh də pulu yaxın vaxtda ödəyəcəyinə söz vermiş, ancaq sözünə əməl etməmişdir.

6. İsmayıllı Rayon Məhkəməsinin (hakim İ.Hüseynov) 09 sentyabr 2022-ci il tarixli, 2(037)-495/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh 2000 manat borc pul və 40 manat dövlət rüsumu olmaqla, cəmi 2040 (iki min qırx) manat alınaraq İddiaçı ödənilməsi; Cavabdeh 250 (iki yüz əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab–büdcə təsnifatının kodu–142595,büdcə səviyyəsinin kodu3, SAP(XİİS) hesabı–adı Dövlət xəzinədarlığı Agentliyi, kod-210005, VÖEN - **********, müxbir hesab - AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi – VÖEN - **********, hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında müxtəlif vaxtlarda müxtəlif mülki məsələlərinin həlli ilə bağlı münasibətlər olmuş, cavabdeh bəzi məsələlərin həlli ilə bağlı iddiaçıya hüquqi yardım göstərmiş, bu məsələlərlə bağlı aralarında pul mübadiləsi olmuşdur. Lakin sözügedən tələblə bağlı, iddiaçı 10 oktyabr 2019-cu il tarixdə cavabdehə 15 gün ərzində qaytarmaq şərti ilə 2000 manat məbləğində borc pul vermişdir. Göründüyü kimi iddia tələbinin qanuni əsası tərəflər arasında bağlanmış şifahi borc müqaviləsidir.

8. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı 2000 manat məbləğində pulu nəğd şəkildə cavabdehə qaytarmaq şərti ilə vermişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir.

9. Məhkəmə hesab etmişdir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün o cümlədən, iddiaçı ilə aralarında olan öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 2000 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 448.1, 739.1, 739.2 və 740-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117.1, 119.1 və 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin dəlilləri

11. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti vermişdir.

12. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, İsmayıllı Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 2(037)-495/2022 saylı qətnaməsi ilə razılaşmır, hesab edir ki, mənhkəmənin gəldiyi nəticə əsassızdır, qeyri-obyektiv olmaqla işə birtərəfli mövqedən yanaşılmışdır. Belə ki, o iddiaçıdan heç vaxt borc pul almamış və onun iddiaçıya heç bir borcu yoxdur. İddiaçının anasının vərəsəlik və mülkiyyətin dövlət qeydiyyatına alınması ilə bağlı sənədləşmə işlərinə görə onun adına etibarnamə verilmiş, həmin etibarnamə əsasında iddiaçının xahişi ilə sənədləşmə işlərini tam həyata keçirmiş, tələb olunan rüsumları ödəmiş və yol xərclərinə xərclənmişdir. Qeyd edilən xərclər və zəhmət haqqı çıxıldıqdan sonra qalan məbləğ iddiaçıya 2022-ci ilin aprel ayının sonlarına yaxın qaytarılmışdır. Onun iddiaçıya əvvəla heç bir pul borcu olmayıb və ona borcu da qalmayıb. Sadəcə iddiaçı ondan artıq pul qoparmağa çalışır. Belə ki, iddiaçının mübahisələndirdiyi borc mövcud olmamış, həmin məbləği iddiaçıdan borc kimi almamışdır. Aralarında iddiaçı ilə 2000 manat məbləğində borcla bağlı istər şifahi və istərsə də yazılı heç bir razılaşma olmamışdır. İddiaçı ilə aralarında belə bir razılaşma mövcud deyildirsə deməli AR Mülki Məcəlləsinin `385.1-ci maddəsində nəzərdə tutulan öhdəliyində yaranmamış, həmin Məcəllənin 425.1 və 448.1-ci maddələrinin tətbiqi də əhəmiyyətsizdir . Məhkəmə yalnız iddiaçının izahatına və onun təqdim etdiyi sübutlara istinad etmiş, məhkəmə çəkişmə, tərəflərin bərabərliyi və məhkəmənin faktlar əsasında həyata keçirilməsini təmin etməmiş, onun cavabdeh olaraq məhkəmədə iştirakını təmin etməmişdir. Halbu ki, hakim bunu təmin etməli idi.

13. Qeyd edilənlərə əsasən İsmayıllı Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 2(037)-495/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, o iddiaçıdan almış olduğu pulu sənədləşmə işlərinə xərcləmiş, qalan pulu da iddiaçıya qaytarmışdır. Hesab edir ki, onun iddiaçıya heç bir borcu qalmamışdır. Ona görə də İsmayıllı Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir.

16. Məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh onların sənədlərindəki qüsurları düzəltmək üçün ondan 850 manat almışdır. Tələb etdiyi 2000 manatın həmin pula heç bir aidiyyəti yoxdur. Belə ki, cavabdeh öz problemlərinin həlli ilə bağlı ondan 2000 manat borc almış, lakin sonradan tələb etdiksə müxtəlif bəhanələrlə qaytarmaqdan imtina etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəllənin;

14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1.-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (MM-in 740-cı maddəsi). 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayətindən görünür ki, apellyator İsmayıllı Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 2(037)-495/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

20. Ona görə də kollegiya İsmayıllı Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 2(037)-495/2022 saylı qətnaməsini tam həcmdə yoxlanılmasını zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur

22. İddia tələbinin mahiyyətindən və ifadə tərzindən görünür ki, iddiaçının tələbi möbcud borcun cavabdehdən alınması barədədir.

23. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından, yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir.

24. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.

25. Nəzərə alınmalıdır ki, öhdəlik dedikdə, bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etmək (pul ödəmək, əşya vermək, iş görmək, xidmətlər göstərmək və ya müəyyən hərəkətdən çəkinmək) vəzifəsi başa düşülür. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

26. Göründüyü kimi, pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və qanunda nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir.

27. Bu baxımdan pulun ödənilməsini tələb edən iddiaçı, ya müqavilədən, ya da qanundan irəli gələn öhdəliyə görə cavabdehin onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir.

28. İşin faktiki hallarından müəyyən edilmişdir ki, tərəflər tanış olmaqla, cavabdeh hərdən iddiaçıya bəzi mülki xarakteli işlərin həllində köməklik göstərmişdir. Bu etimad nəticəsində iddiaçı 2019-cu ilin oktyabr ayında cavabdehə 15 gün ərzində qaytarmaq şərti ilə 2000 manat məbləğində borc pul vermişdir.

29. Öyrənilən işin hallarından belə aydın olur ki, iddiaçı tərəf sözügedən pul məbləğinə dair üzrə üzərinə düşən öhdəliyi tam icra etmiş, yəni cavabdeh tərəfin istədiyi pul məbləğini cavabdehə vermiş, lakin cavabdeh razılaşdırılmış müddət ərzində üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yerirməmiş, müxtəlif bəhanələr gətirərək yayınmışdır.

30. İş materiallarının təhlili nəticəsində həm də təsdiq olunur ki, iddiaçı vermiş olduğu həmin pulun tələb edilməsi ilə bağlı heç də hərəkətsiz olmamış, müxtəlif vaxtlarda cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər etmiş, bu barədə telefon danışıqları olmuş, lakin sonda heç bir nəticəsi olmamış, əksinə cavabdeh hər dəfə müxtəlif arqumentlər və ya bəhanələr gətirməklə öhdəliyini icra etməkdən yayınmışdır.

31. Sübutları araşdırmaq və təhlil etmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında razılaşdırılmış şifahi borc müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə olan halda öhdəliyin icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 442-ci maddəsinə görə həll edilməlidir.

32. Həmin maddəyə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

33. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya qeyd edir ki, cavabdeh şikayətində gah iddiaçıdan borc pul almadığını, gah da almış olduğu pulun borc deyil, digər məqsədlər, yəni iddiaçının xeyrinə hansısa işi icra etmək məqsədilə aldığını, bundan dövlət rüsumu ödədiyini, yola xərclədiyini, qalan məbləği isə iddiaçıya qaytardığını bəyan edir.

34. Hazırkı iş üzrə kollegiya tərəfindən telefon danışıqlarını əks etdirən diskin qanuni əsaslarla əldə edilib-edilməməsinə, sübut kimi qiymətləndirilməsinə, habelə həmin məlumatların əsassız olub-olmamasına da xüsusi əhəmiyyət verilmişdir.

35. Belə ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixlui Qərarında qeyd edilmişdir ki, “qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır.

37. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz.

38. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz”

39. Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2022-ci il tarixli 9/851 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd işlək olmayan üzü ağ rəngli CD disketdə olan fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi – Cavabdeh məxsus olduğu müəyyən olunmuşdur.

40. Həmin ekspertlər tərəfindən ayrılıqda və kollegial dinlənilmələr nəticəsində mübahisəli fonoqramlardakı danışıqlar və onların yazılı mətinlərinin işin faktiki hallarını əks məlumatların bir qismi aşağıdakı kimidir: -Valla indi vaxt ötməsin də əmi, iki ildi e uje -Ötməz, ötməz, neçə gündü başım, neçə aydı görürsən, bu zibil içimdə. Ötməz, sənə qurban olum. Gələcəm Allaha and olsun, yoldaşımı... narahat olma -Sən Allah tez göəl ee mıni də incidirlər. Allah haqqı, borc yiyəsi gəlib qapını çıxardır yerinnən. Sən özün bilirsən ki, vəziyyətimi bilirsən ki, mənim başıma nələr gəlib, mən ona görə onnan-bunnan borc eləmişəm. -Yox bunlar(torpsğs çıxarış alacağını deyir) mənim boynumdadı, onu eləməliyəm e -Sənin başına dönüm, nə qədər zəng eliyək. Utanırıq, xəcalət çəkirik, bərəkət haqqı -Yox bu pandemiya zad. İndi zad elədim, ipotekaya qoydum evi, pul götürəcəm 6700. Zadı həll eliyəcəm, 2 mini həll eliyəcəm.

41. Həmin ekspertlər tərəfindən dinlənilmələr nəticəsində mübahisəli fonoqramlardakı danışıqlar və onların yazılı mətinlərindən həmçinin müəyyən edilmişdir ki, K2 – “mən borca pul almışam sənnən, kişi kimi verməliyəm də, o nə deməkdi” ifadəsi işlətməklə iddiaçıya olan borcunu etiraf etmişdir.

42. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

43. Bundan əlavə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmamasının əsas səbəbi kimi, ekspertin düzgün rəyə gəlməməsi ilə əlaqələndirmişdir.

44. Məhkəmə kollegiyası hazırki mübahisə üzrə ekspert rəyini mötəbər sübut kimi qiymətləndirməsini onunla əsaslandırır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

45. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi

46. Kollegiya qeyd edir ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun

47. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.

48. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin tam icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, təqdim edilmiş ekspert rəyindən borcun həqiqiliyi təsdiq olunmaqla yanaşı, cavabdeh tərəfindən iddia edilən borc məbləğinin iddiaçıya qaytarılması (ödənilməsi) sübut olunmur.

49. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

50. Kollegiya qeyd edir ki, qətnamənin alimentlə bağlı mübahisələndirilən hissəsi-bir illik ödəməsinin məcmusu 5000 manatdan az olduğundan hazırki qətnamədən alimentlə bağlı hissədə kassasiya şikayət verilə bilməz.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 2(037)-495/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar