Məhkəmə qərarları › İş №2(107)-1327/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1327/2021

01.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1327/2021 01.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “əmək haqqı” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- əmək haqqı tələbi, ödənilməmiş əmək haqqının tutulması tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, Qəbələ Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tаrixli, 2(025)-578/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “əmək haqqı” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh Zakir oğlu ilə aralarında şifahi qaydada bağlanmış əmək müqaviləsinə əsasən ödənilməmiş 900 (doqquz yüz) manat və 30 manat dövlət rüsmunun cavabdehdən tutularaq ona verilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tаrixli, 2(025)-578/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 700 (yeddi yüz) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 730 (yeddi yüz otuz) manat məbləğində pulun alınaraq, İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında olan şifahi razılaşmaya görə, iddiaçı cavabdehə məxsus mal-qaranın otarılması öhdəliyini öz üzərinə götürmüş, cavabdeh isə bunun müqabilində ona hər ay 200 manat əmək haqqı verməyi öhdəsinə götürmüşdür. İddiaçı Cavabdeh məxsus mal-qaraya 5 ay müddətində baxmış və bunun müqabilində cavabdehdən 300 manat pul almışdır. Cavabdehin iddiaçıya ödənilməyən 700 manat borcu qalmışdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Сavabdeh Cavabdeh ona məxsus mal-qaraya baxmaq müqabilində üzərinə götürdüyü öhdəliyi, yəni 1000 (bir min) manat pulun iddiaçıya ödənildiyini göstərsə də, ödənişlərin aparılmasına dair heç bir sübutu (ödəniş edilməsi barədə iddiaçının ona yazdığı və ya pul banderollarının göndərilməsinə dair poçt, bank qəbzlərini) məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə onu da qeyd etmişdir ki, cavabdeh və onun həyat yoldaşı Şahid1 məhkəmə iclasında bir-birinə uyğun olmayan ifadələr vermişlər. Belə ki, cavabdeh ilkin məhkəmə baxış iclasında həyat yoldaşı Şahid1 pulu 3 dəfə, hər dəfəsində 200 manatla olmaqla ümumilikdə 600 manatını iddiaçının həyat yoldaşına verdiyini, qalan pulu isə özünün verdiyini bildirmişdir. Lakin digər məhkəmə baxış iclasında cavabdeh və onun həyat yoldaşı Səbirə 1000 manat pulun hamısının sonuncu tərəfindən iddiaçının həyat yoldaşına verdiklərini bildirmişlər. Göründüyü kimi cavabdeh məhkəmə iclasında hər dəfə fərqli izahatlar vermişdir. İddiaçının və cavabdehin məhkəməyə gətirdiyi şahidlərin verdikləri ifadələrə dair birinci instansiya məhkəməsi qeyd etmişdir ki, həmin şahidlərin Cavabdehvə İddiaçı ilə qohumluq (həyat yoldaşı) münasibətlərində olmaları nəzərə alınaraq şahid ifadələrinə təndiqi yanaşılmalı və buna görə də bu ifadələr mötəbər sübut olaraq qəbul edilməməlidir. Hazırkı iş üzrə Cavabdeh iddiaçıya 5 ay ərzində 1000 manat ödəməli olduğunu etiraf etmiş, lakin ödənişlərin edilməsi ilə bağlı məhkəməyə hər hansı əsaslı sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçı iddia ərizəsində cavabdehin mal-qarasını 6 ay ərzində otardığını, hər aya görə cavabdehin ona 200 manat ödəməli olduğunu, cavabdehin tərəfindən ona cəmi 300 manat ödənildiyini bildirmişdir. Cavabdeh isə iddiaçın ona məxsus mal-qaranı 5 ay ərzində otardığını etiraf etmiş və iddiaçı bunun əksini sübut edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə zamanı tərəflərin izahatına əsasən iddiaçının cavabdehə məxsus mal-qaranı 5 ay otarması müəyyən olunduğundan, hər aya görə iddiaçıya 200 manat ödəməli olunduğundan və iddiaçının cavabdehin ona 300 manat ödəməsini etiraf etdiyindən iddiaçıdan 700 (5x200=1000; 1000-300=700) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə sübut olunmadığından təmin edilməməlidir Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci, 324.1-ci, 385.1-ci, 389.1-ci, 389.2-ci, 425.1-ci, 442-ci, 777.1-ci, 777.2-ci, 778.1-ci, 779.1-ci maddələri; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarı; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı; Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tаrixli, 2(025)-578/2021 saylı qətnaməsi ilə prosessual hüquq normaları ciddi şəkildə pozulmuş, hüquq normaları düzgün tətbiq edilməmişdir. Apellyator bildirmişdir ki, o, əmək haqqını vaxtı-vaxtında ödəmişdir və heç bir borcu yoxdur. Bundan əlavə, o, iddiaçının ərzaq tələbatını və müalicə xərclərini ödəmişdir, ancaq məhkəmə bunu diqqətə almamışdır. Odur ki, apellyator Qəbələ Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tаrixli, 2(025)-578/2021 saylı qətnaməsinin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Qəbələ Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tаrixli, 2(025)- 578/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini və Qəbələ Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tаrixli, 2(025)- 578/2021 saylı qətnaməsinin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinin mənasına görə, müqavilə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. 389.2-ci maddəsinə əsasən, müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə görə vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 779.1-ci maddəsinə görə, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir, apellyator apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tаrixli, 2(025)-578/2021 saylı qətnaməsinin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş edir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam şəkildə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 27 aprel 2021ci il tаrixli, 2(025)-578/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında olan şifahi razılaşmaya görə, iddiaçı cavabdehə məxsus mal-qaranın otarılması öhdəliyini öz üzərinə götürmüş, cavabdeh isə bunun müqabilində ona hər ay 200 manat əmək haqqı verməyi öhdəsinə götürmüşdür. İddiaçı Cavabdeh məxsus mal-qaraya 5 ay müddətində baxmış və bunun müqabilində cavabdehdən 300 manat pul almışdır. Cavabdehin iddiaçıya ödənilməyən 700 manat borcu qalmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Belə ki, apelyator şikayətində iddiaçının ərzaq tələbatını və müalicə xərclərini ödədiyini, ancaq birinci instansiya məhkəməsinin bunu diqqətə almadığını bildirmişdir. Lakin, apellyator şikayətinin bu dəlillərini sübut edə biləcək hər hansı mötəbər dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Beləliklə, apellyasiya şikayətində qeyd olunmuş dəlillər birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək 5 ay müddətində cavabdehin malqarasına baxmışdır. Cavabdeh isə öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh ona məxsus mal-qaraya baxmaq müqabilində 700 manat pulun iddiaçıya ödənildiyini göstərsə də, ödənişlərin aparılmasına dair heç bir sübutu (ödəniş edilməsi barədə iddiaçının ona yazdığı və ya pul banderollarının göndərilməsinə dair poçt, bank qəbzlərini) məhkəməyə təqdim etməmişdir. Həmçinin cavabdeh və onun həyat yoldaşı Şahid1 məhkəmə iclasında bir-birinə uyğun olmayan ifadələr vermişlər. Belə ki, cavabdeh ilkin məhkəmə baxış iclasında həyat yoldaşı Şahid1 pulu 3 dəfə, hər dəfəsində 200 manatla olmaqla ümumilikdə 600 manatını iddiaçının həyat yoldaşına verdiyini, qalan pulu isə özünün verdiyini bildirmişdir. Lakin digər məhkəmə baxış iclasında cavabdeh və onun həyat yoldaşı Səbirə 1000 manat pulun hamısının sonuncu tərəfindən iddiaçının həyat yoldaşına verdiklərini bildirmişlər. Bundan başqa kollegiyanın iclasında iştirak edən cavabdeh qeyd edilən məbləğin uşaq vasitəsi ilə çatdırıldığını bildirmişdir. Göründüyü kimi cavabdeh məhkəmə iclasında hər dəfə fərqli izahatlar vermişdir. Hazırkı iş üzrə Cavabdeh iddiaçıya 5 ay ərzində 1000 manat ödəməli olduğunu etiraf etmiş, lakin ödənişlərin edilməsi ilə bağlı məhkəməyə hər hansı əsaslı sübut təqdim etməmişdir. Tərəflərin izahatına əsasən iddiaçının cavabdehə məxsus mal-qaranı 5 ay otarması müəyyən olunduğundan, hər aya görə iddiaçıya 200 manat ödəməli olunduğundan və iddiaçının cavabdehin ona 300 manat ödəməsini etiraf etdiyindən iddiaçıdan 700 (5x200=1000; 1000-300=700) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli olması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Qəbələ Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tаrixli, 2(025)-578/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tаrixli, 2(025)-578/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verə bilməz. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar