Məhkəmə qərarları › İş №2(107)-1327/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1327/2022

15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1327/2022 15.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: borc tələbinə dair) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cаvаdоvа Günаy İsmаyıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borc tələbinə dair” kiçik iddialara dair işlər üzrə Zaqatala Rаyоn Məhkəməsinin 22 avqust 2022-ci il tаrixli, 2(033)-748/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə yazılı icraat qaydasında baxılmışdır. I. İşin halları

1. İşdə olan İddiaçı (bundan sonra -iddiaçı) ilə Cavabdeh (bundan sonr - cavabdeh) arasında bağlanmış ZQK5820276 nömrəli 10 mart 2020-ci il tarixli borc müqaviləsindən görünür ki, cavabdeh iddiaçıdan hissə-hissə ödəniş şərti ilə 329 (üç yüz iyirmi doqquz) manat məbləğində məişət avadanlığı əldə etmiş və 41 (qırx bir) manat ilkin ödəniş etdikdən sonra qalıq qalan 288 manat məbləği 12 ay müddətinə, aylıq 24 manat olmaqla iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür.

2. Həmin borc müqaviləsinin qeyd hissəsində göstərilmişdir ki, borcalan əsas borc məbləğini şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ üçün hər gün 1%-dək faiz dərəcəsi ilə hesablanan cərimə faizləri ödəyir.

3. İşdə olan 4525 nömrəli xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehlə 10 mart 2020-ci il tarixdə bağlanmış ZQK5820276 saylı müqavilə üzrə onun ödənilməmiş 144 manat əsas qalıq borcu vardır.

4. İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10 mart 2020-ci il tarixli ZQK5820276 saylı kredit müqaviləsinə əsasən 144 manat məbləğində əsas borc, hesablanmış 100 manat faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 274 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

II. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia tələbini §§-1-3-də göstərilənlərlə əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, kredit müqaviləsinə əsasən cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 648 manat faiz borcu yaranmışdır (144 manat x 450 gün x 1%=648 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 100 manat məbləğində tələb edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdehdən 10 mart 2020-ci il tarixli, ZQK5820276 saylı kredit müqaviləsinə əsasən 144 manat əsas borc, hesablanmış 100 manat faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 274 manat pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir.

6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.

7. Zaqatala Rаyоn Məhkəməsinin (hakim Tural Həsənov) 22 avqust 2022-ci il tаrixli, 2(033)-748/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək 24 avqust 1986-cı il təvəllüdlü Cavabdeh 10 mart 2020-ci il tarixli ZQK5820276 saylı kredit müqaviləsinə əsasən 144 (bir yüz qırx dörd) manat məbləğində əsas borc alınaraq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilməsi qət edilmişdir.

8. İddiaçı Zaqatala Rаyоn Məhkəməsinin 22 avqust 2022-ci il tаrixli, 2(033)-748/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

9. İddiaçının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmiş, eyni zamanda işin faktiki hallarına əsasən cavabdeh müqavilə öhdəliyini tam icra etməyib. İddiaçı cavabdehdən əsas borcla yanaşı faiz borcu da tələb edir. Birinci instansiya məhkəməsi iddia tələbinin faiz bağlı hissəsini rədd edib. Məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı deyil. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh gecikdirilmiş hər gün üçün iddiaçıya faiz ödəməyi öhdəsinə götürüb. Məhkəmə heç bir əsaslandırma aparmadan iddia tələbində faizlə bağlı hissənin rədd edilməsini qət etmişdir. Göründüyü kimi, hazırkı işdə cavabdeh öhdəliyini icra etmir, iddiaçı isə tərəflər arasında bağlanmış müqavilədən çıxış edərək əsas borcla yanaşı faiz borcu da tələb edir. Odur ki, hazırkı iddia tələbi faiz borcu hissəsində də, əsaslıdır. Bundan başqa, məhkəmə nəzərə almayıb ki, cavabdeh əsas borc öhdəliyini 450 gündən artıq müddətdə icra etməyib, hazırda da, borc öhdəliyini icra etməməkdə davam edir. Cavabdehin əsas borc öhdəliyini uzun müddət icra etməməsi səbəbindən iddiaçının qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulur. Göstərilənlərə əsasən Zaqatala Rаyоn Məhkəməsinin 22 avqust 2022-ci il tаrixli, 2(033)-748/2022 saylı qətnaməsi qismən, iddia tələbinin rədd edilən hissədə ləğv edilərək, həmin hissədə iddia tələblərinin tam təmin edilərək Cavabdeh 10 mart 2020ci il tarixli ZQK5820276 saylı müqaviləyə əsasən hesablanmış 100 manat faiz borcunun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

11. Apellyasiya instansiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq qətnamədən verilən apellyasiya şikayətinə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

12. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

13. İş üzrə iddiaçı tərəf apellyasiya məhkəməsinin qətnaməsini qismən mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. Maddə 386.1 Öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır. Maddə 399.1 Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 394-1.1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir. Maddə 394-1.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər. Maddə 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rаyоn Məhkəməsinin 22 avqust 2022-ci il tаrixli, 2(033)-748/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

18. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

19. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə dəyərini hissəhissə ödəmək şərti ilə məişət avadanlığı verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh öz növbəsində ZQK5820276 nömrəli 10 mart 2020-ci il tarixli borc müqaviləsinə əsasən aylıq ödənişləri vaxtında ödəməmiş, müqavilə şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliyin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də iddiaçı qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır.

20. Birinci instansiya məhkəməsi iddianın faiz borcuna münasibətdə rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, qanunvericiliyin tələblərinə əsasən, iddiaçının tələb etdiyi əsas borca hesablanmış faiz pulunun verilməsini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Ancaq iddiaçının bununla bağlı hər hansı sübut təqdim edə bilməməsi həmin xüsusat üzrə onun iddia tələbini sübut edə bilməməsini göstərir.

21. Bundan başqa cavabdehin iddiaçı qarşısında borc tələbinə qarşı faiz ödəməsi ilə bağlı hər hansı bir öhdəliyi olmamışdır. Qanunvericilik öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasını nəzərdə tutmuşdur. Yalnız bu halda kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilə olmadığı halda isə tərəflərdən hər hansı birinin üzərinə öhdəlik qoyulması mülki qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilə bilər. Faizlərin ödənilməsi yalnız borcun faizlər ilə verilməsi müqavilənin iştirakçıları tərəfindən şərtləndirildiyi halda mümkündür. İddiaçı və cavabdeh arasında bağlanmış ZQK5820276 nömrəli 10 mart 2020ci il tarixli borc müqaviləsindən də görünür ki, borcun faizlər ilə verilməsinə dair hər hansı müddəa əks olmamışdır.

22. İşdə olan tərəflər arasında bağlanmış ZQK5820276 nömrəli 10 mart 2020-ci il tarixli borc müqaviləsində ancaq qeyd kimi “borcalan borc üzrə əsas borc məbləğini şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ üçün hər gün 1 faizədək faiz dərəcəsi ilə hesablanan cərimə faizləri ödəyir.” göstərilmişdir. Buna baxmayaraq iddiaçı tərəf iddiasında cərimənin cavabdehdən tutulmasını deyil, əsas borca hesablanmış faizin cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçının ərizəsində göstərdiyi hallar əsas borca hesablanmış faiz borcunun cavabdehdən tutulması üçün əsas deyil.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşır.

24. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.

25. Şərh olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır.

26. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun

28. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

29. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rаyоn Məhkəməsinin 22 avqust 2022-ci il tаrixli, 2(033)-748/2022 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

31. Hazırkı mülki iş üzrə mübahisələndirilən məbləğ beş min manatdan az olduğuna görə iş üzrə çıxarılmış qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Zaqatala Rаyоn Məhkəməsinin 22 avqust 2022-ci il tаrixli, 2(033)-748/2022 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar