Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1333/2020 24.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki işin aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsinə dair Cavabdeh3 vəsatətinin rədd edilməsi barədə Qəbələ Rayon Məhkəməsinin xx xxx 2020-cu il tarixli, 2(025)-460/2020 nömrəli qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli 102.LN.2102.281014.00002 saylı kredit müqaviləsi üzrə 6535,83 manat əsas, 2627,03 manat faiz və 2348,18 manat cərimə olmaqla, cəmi 11511,04 manat məbləğində borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 iddia ərizəsinin aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsi barədə xx.xx.2020-ci il tarixdə poçt vasitəsilə məhkəməyə vəsatət vermişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-dən krediti o götürmüş, Cavabdeh1 və Cavabdeh2 ona zamin dayanmışlar. Bu iş üzrə əsas borclu, yəni öhdəliyi icra etməli olan şəxsdir. Bu iddiaya dair onun da cavabdeh kimi vəsatət və etiraz vermək hüququ vardır. Lakin, anlaya bilmir ki, əsas borclu şəxs o olmasına baxmayaraq iddia ərizəsi hansı səbəblə Qəbələ rayon məhkəməsinə verilmişdir. Onun isə Qəbələ rayon məhkəməsinə gedib-gəlmək kimi imkanı və vaxtı yoxdur. Ona görə də, hazırkı iş üzrə iddia ərizəsinin aidiyyatı üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsi haqqında Qərardad qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə iclasında heç bir üzrlü səbəb olmadan iştirak etməmişlər. Birinci instansiya məhkəməsi iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini və vəsatətə baxılmasını mümkün hesab etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxx 2020-cu il tarixli, 2(025)-460/2020 nömrəli qərardadı ilə (hakim Abbas Əliyev) Cavabdeh3 iddia ərizəsinin aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatəti rədd edilmişdir. Cavabdeh3 qərardaddan narazı qalaraq şikayət vermiş və şikayətini əsaslandıraraq göstərmişdir ki, ona nə məhkəmə bildirişləri və nədə ki qəbul etdiyi qərardadın surəti göndərilməyib. İş üzrə zaminə göndərilən sənədlər əsasında məhkəmənin onların iş barədə hansı addımlar atması ona məlum olur. O, məhkəməyə vəsatət verərək 2(025)-460/2020 saylı mülki işin Abşeron Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ona görə ki, həmin iş üzrə əsas borclu olan şəxs odur. Qəbələ rayonunda yaşayan Cavabdeh2, Cavabdeh1 sadəcə ona zamin dayanan şəxslərdir. Onların bu işə heç bir aidiyyatları yoxdur və onlar kredit üzrə öhdəliyə cavabdeh olan şəxslər deyillər. Bu iş üzrə əsas borclu olan şəxs odur. Onunsa Qəbələ Rayon Məhkəməsinə gedib-gəlmək imkanı yoxdur. Hesab edir ki, bu iş Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Lakin, məhkəmə vəsatəti təmin etməmişdir. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin xx xxx 2020-cu il tarixli, 2(025)-460/2020 nömrəli qərardadının ləğv olunması barədə qərardad qəbul edilməsini xahiş edir. Qəbələ Rayon Məhkəməsinin xx xxx 2020-cu il tarixli, 2(025)-460/2020 nömrəli qərardadı ilə Qəbələ Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(025)-460/2020 nömrəli qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı ASC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxx 2020-cu il tarixli, 2(025)-460/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki mülki iş aidiyyatı üzrə Qəbələ Rayon Məhkəməsinə verilmiş və mülki iş məhkəmə tərəfindən əsaslı olaraq icraata qəbul edilmişdir. Belə ki, iddia ərizəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qeydiyyatda olduqları yerin məhkəməsinə verilmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 36.2-ci maddəsinin tələbinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Həmin Məcəllənin 36.13-cü maddəsinə əsasən bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur və sözügedən normadan göründüyü kimi cavabdeh bir neçə nəfər olduqda, iddia iddiaçının seçiminə əsasən müvafiq məhkəməyə verilir. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2016-ci il tarixli və xx.xx.2017-ci il trarixli arayışlardan görünür ki, Cavabdeh2 Qəbələ rayonu Vəndam qəsəbəsində, Cavabdeh1 isə Qəbələ rayonu Laza kəndində qeydiyyatdadır. Cavabdeh3 əsas borclu, Cavabdeh2 və Cavabdeh1 isə zamin olmaları məhkəmə aidiyyatının dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi şərh olunanlara əsasən işin ərazi aidiyyatı üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsi barədə ərizəni əsassız hesab edir və təmin olunmamasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası MPM-nin 32.1-ci maddəsinə görə işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyatının dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxs məhkəmə aidiyyatı ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışsa, iddia cavabdehin qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Həmin Məcəllənin 36.13-cü maddəsinə əsasən Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə görə iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən, mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, Qəbələ Rayon Məhkəməsinin xx xxx 2020-cu il tarixli, 2(025)-460/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh3 tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxx 2020-cu il tarixli, 2(025)-460/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1333/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1333/2020
24.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver